• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

Ermənistan parlamenti Qarabağı Azərbaycana qaytara bilər, Paşinyan isə... - SENSASİYALI SÖZLƏR

  • Xüsusi
  • 11 Dekabr 2018 09:00
  • 6 674 Baxış
Ermənistan parlamenti Qarabağı Azərbaycana qaytara bilər, Paşinyan isə... - SENSASİYALI SÖZLƏR

Ötən gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Pşainyanın “Mənim addımım” bloku ciddi fərqlə rəqiblərini üstələdi və parlamentdə üstünlüyü təmin etmə şansı əldə etdi. Digər rəqiblərin sırada çıxması Paşinyanın yaradacağı hökumətin fövqəladə və geniş səlahiyyətlər əldə etməsinə gətirib çıxaracaq.

Nikol Paşinyanın hökuməti formalaşdırdıqdan sonra hansı addımları atacağı Ermənistanın və onun havadarlarının gündəm məsələsidir.

Mövzu ilə bağlı Publika.az-ın suallarını politoloq Natiq Miri cavabalandırdı.

- Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərində seçici fəallığı aşağı səviyyədə qeydə alınıb. Bunun səbəbləri nələrdir?

- Seçkilərdə səsvermə hüququ olan əhalinin heç 50 faizi iştirak etməyib. Təxminən, 48 faiz fəallıq qeydə alınıb. Bu nəticə də toplumun hazırda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana olan ümidlərinin qırılmasını gözlər önünə sərir. Xalq öz liderini ya hakimiyyətdə, ya da dar ağacında görməkdə maraqlı olub. Paşinyan hakimiyyətə gələndə erməni toplumu düşünürdü ki, qısa müddətdə yağ-bal içində yaşayacaq. Ancaq Paşinyan qısa müddətdə bununla bağlı verdiyi vədləri reallaşdırmaq imkanlarına malik deyil. Ayrıca, oturuşmamış, həm də müəyyən legitimlik problemi olan, çalın-çarpaz bir qarşıdurmanın yaşandığı hökumətin başına gəlmişdi. Bu baxımdan, qısa müddət ərzində erməni xalqında inamsızlıq yarandı. Ona görə də seçicilərin əksəriyyəti prosesdə iştirak etmədi. 48 faiz göstərici Paşinyan ciddi siqnaldır. Onun xəbərdarlığıdır ki, əgər yaxın gələcəkdə Paşinyan Ermənistanın iqtisadiyyatını qaydaya salmaq üçün cəhdlər göstərməsə, ciddi maliyyə islahatları aparmasa və ölkənin gələcək perspektivinin önü açılmasa, onda o, çox sürətlə ictimaiyyətə uduzacaq. Mənə elə gəlir ki, xalqın Paşinyana verdiyi ilk mesaj bundan ibarətdir.

- Paşinyan parlamenti qurduqdan sonra hansı addımları atacaq və Dağlıq Qarabağ münaqişəsi onun gündəmində yer alırmı?

- Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyası Daşnaksütyun Partiyası ilə birgə 4-6 faiz civarında səs toplaması göstərir ki, Ermənistanda Qarabağ klanının heç siyasi, iqtisadi rolu yoxdur. Bu fakt Qarabağ klanının ciddi şəkildə zəifləməsi, Rusiya amilinin Ermənistanda qeyri-ciddi hal alması nəticəsini ortaya qoyur. Digər bir nəticə isə ondan ibarətdir ki, Nikol Paşinyan təkbaşına hökumət formalaşdırmaqdan başqa, parlamentdə də çoxluğu təmin edəcək. Bu da o anlama gəlir ki, bundan sonra Paşinyan konstitusion qanun olan seçki sistemini parlamentdə çox rahat şəkildə dəyişə biləcək və bir çox strateji-siyasi qərarları parlamentdən keçirəcək. Ermənistanda konstitusiya dəyişdiyi üçün bütün qərarlar birbaşa prezidentin səlahiyyətləri çərçivəsində təkbaşına qəbul edilmir. Bütün məsuliyyət isə parlamentin üzərindədir. Bu da Paşinyan hökumətinə şərait yaradır ki, Ermənistanın prioritet məsələsi olan Dağlıq Qarabağ münaqişəsi parlamentin müzakirəsinə geniş şəkildə verilə və hətta, Azərbaycanın işğal olunmuş bir neçə rayonunun azad edilməsi qərarı parlamentdə qəbul edilə bilər. Həmçinin parlamentdəki çoxluq Paşinyana imkan verəcək ki, Dağlıq Qarabağın geri qaytarılması ilə bağlı qərarın məsuliyyəti tək onun üzərinə düşməsin. Yəni Paşinyan rahatlıqla bu qərarın məsuliyyətindən qaça bilər. Reallığı isə Paşinyanın formalaşdıracağı hökumətin işə başlamasından sonra görəcəyik. Əgər həqiqətən də, Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli, səmimi qərar veriləcəksə, bu, Ermənistanın iqtisadi baxımdan inkişafının təminatı olacaq. Bu inkişaf da erməni xalqı tərəfindən müsbət qarşılanacaq.

- Ermənistanın xarici siyasəti ilə bağlı hansı addımların atılacağı gözlənilir?

- Düşünürəm ki, Ermənistan Rusiya ilə bağlı qısa müddət ərzində strateji qərarlar verməyəcək. Çünki hələlik, Ermənistanda hökumətin və parlamentin tamamilə formalaşması üçün Paşinyan dünya gücləri arasında manevr imkanlarını saxlamaq istəyəcək. Yəni Qərb və Rusiya arasında birmənalı seçim edilməyəcək ki, hər iki tərəfdən atəş altında qalmasın. Düşünürəm ki, Rusiya da Paşinyan hökumətinə qarşı ciddi sanksiyalar irəli sürməyəcək. Çünki Rusiya maraqlıdır ki, Ermənistan onun orbiti daxilində qalsın. Ona görə də mərkəzdənqaçma qüvvəsini gücləndirməmək üçün bir müddət Ermənistana zaman tanıyacaq. Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi seçkilərdə ortaya çıxdı. Rusiya bundan sonra İrəvanda alternativ qüvvələr yaratmaq həmləsini edəcək. Bunun üçünsə rəsmi Moskvaya zaman lazımdır. Kimsə düşünürsə ki, Rusiya Paşinyanı cəzalandıracaq – bu, tələsik bir proqnozdur. Çünki Ermənistan Rusiyadan narazı olarsa, mərkəzdənqaçma prosesi güclənə və Qərbə istiqamət götürülə bilər.

- Qarabağ klanı erməni xalqını 11 dekabrdan etibarən küçə iğtişaşlarına səsləyib. Bu, Ermənistanda vətəndaş müharibəsinin başlanacağının siqnalıdır?

- Düşünmürəm ki, erməni ictimaiyyəti Qarabağ klanına ciddi dəstək verəcək. Ola bilsin ki, Dağlıq Qarabağdan İrəvana müəyyən qədər qüvvə cəlb olunacaq. Lakin bununla ciddi bir qarşıdurma yaratmaq mümkün olmayacaq. Çünki Qərb, xüsusilə, ABŞ dərhal Mərkəzi Seçki Komissiyasının nəticələrə dair hesabatını tanıyacaq və qarşıdurmaların qarşısını almaq üçün hərəkətə keçəcək. Yalnız Rusiya ciddi dəstəyilə Ermənistanda qarşıdurma yarana bilər. Bu da Rusiyanın özü üçün gələcəkdə müəyyən təhlükələrə səbəb ola bilər. Əgər etirazlar ünvanına çatmasa, onda Ermənistan sürətlə Rusiyanın vassallığından çıxar. Ermənistan bu qarşıdurmadan məhz vassallıqdan çıxmaq üçün bəhanə kimi istifadə edə bilər. Bu, Rusiya üçün riskli məsələdir. Qarşıdurmaları Qarabağ klanı təkbaşına yaratmaq istəyəcəksə, toplum tərəfindən dəstəklənəcəklərini düşünmürəm.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR