Xüsusi
Elə bilirdim ki, çoxlu pulum olanda... - Amerikanın ən nüfuzlu azərbaycanlı iş adamı ilə MÜSAHİBƏ
Onu heç nə ilə təəccübləndirmək mümkün deyil. Özünün də dediyi kimi, ən bahalı hotellərdə də, quru yerdə də yatıb. Biznesini sıfırlayıb yenidən daha böyük uğurlara imza atıb. Müsahibim Amerikanın ən nüfuzlu gənc iş adamlarından biri, Bakıda doğulan Amir Allahverdidir. Amirin qurduğu sərmayə və İT-nin bir qolunu təşkil edən şirkətləri bu gün dünyanın ən qabaqcıl brendləri ilə rəqabət aparır. Amir həmçinin, sağlam həyat tərzinə üstünlük verir. Fit görkəmi ilə idmançılar üçün də nümunədir.
- Amir, demək olar ki, eyni dövrün uşaqlarıyıq. Məncə, çox gözəl illər idi...
- Çox qəribədir. İnsan uşaq olanda böyümək istəyir. Böyüyəndə də uşaqlığına geri qayıtmaq üçün hər şeyini verməyə hazır olur. O vaxtlar indiki bolluq yox idi, amma biz yenə də xoşbəxt idik. Bir-birimizə sms yazmırdıq, saatlarla internet qarşısında vaxtımızı öldürmürdük. Pəncərələrimizə yaxınlaşıb qışqırırdıq ki, Bəhram, həyətə düş, oynayaq. Anamız çörək almağa göndərəndə isə, evə qayıda-qayıda yarısını yeyib bitirirdik. Yadınızdadır, “Turbo”, “Love is” saqqızları?
- Əlbəttə.
- O saqqızlardan çıxan yapışqanları toplayırdım. Xüsusən də maşın şəkillərini... Əminəm ki, bunu hamımız edirdik (gülürük).
- Və o maşın yapışqanları yığan uşaq bu gün dünyanın ən nüfuzlu İT şirkətinin sahibidir.
- Bəli. Bu şirkət qardaşımla qurduğumuz biznesin bir qoludur. Məlumatın sürətli ötürülməsi üçün SSD drayvlar istehsal edirik. Bu işdə yeganə rəqibimiz "Samsung" şirkətidir.
- Amerikaya köçmək qərarınız nə ilə bağlı idi?
- Atam hökmlü insandır. Bir gün dedi ki, sən Amerikaya getməlisən. Hətta orada ömürlük yaşayacağımı, bəlkə heç vaxt geri qayıtmayacağımı da gözə aldı. Qətiyyən getmək istəmirdim, amma təyyarənin uçmağına cəmi 3 saat qalmış əşyalarımı yığıb aeroporta gəldim. Mühacir həyatı çox çətindir. Quru yerdə yatdığım günlər də olub. Amma əminəm ki, hər kəs sıfırdan başlayıb istənilən biznesdə uğur qazana bilər.
- Müsahibələrinizin birində atanızla bağlı alışmadığımız xatirənizi bölüşmüsünüz. Bəlkə bizim oxucularımıza da danışaq bu haqda?
- Mən dərslərini yaxşı oxuyub, evdən çıxmayan sakit uşaq deyildim. Günüm dostlarımla küçələrdə keçirdi. Bu isə valideynlərimi təngə gətirirdi. Bir dəfə gecə evə qayıtdım. Atam mənimlə çox ciddi söhbət elədi. Dedi ki, bu gündən sonra maddi cəhətdən məni təmin etməyəcək və artıq evdə yediyim yeməyə görə də pul ödəməli olacam. Çox qəribə hisslər keçirdim, amma işimi qurmaq üçün bu, mənə stimul verdi.
- Gənc, kifayət qədər də uğurlu biznesmensiniz. Bəlkə zirvələri fəth etməyin yolunu bizə də öyrədəsiniz?
- Sıfırdan başlamaqdan heç vaxt qorxmayın. Bir müddət başqa sahələrdə işləyib pul qazanmaq bahasına olsa belə xəyallarınızdakı iş üçün sərmayə yığın. Əlinizdə olanlarla kifayətlənməyin, rahatlaşmayın. Bilirsiniz də, zirvəyə qalxanadək, nəfəsiniz də kəsiləcək, ayaqlarınız da büdrəyəcək, soyuqdan əlləriniz də donacaq. Amma zirvənin ləzzəti hər şeyi unutduracaq.
- İdmançıların prodüserliyi ilə də məşğulsunuz. Kimlərlə çalışırsınız?
- Taleyinə biganə qalmadığım idmançıların prodüserliyini üzərimə götürüb onlara kömək edirəm. İndi Rusiyanın qaydasız döyüşçülərinin assosiasiyası idmançılarının Amerikada tanıdılması üçün bizə müraciət edib. Mən istənilən işə başlayanda yalnız maksimal uğuru gözə alıram. Odur hələ ki, idmançıları da, özümü də bu yolda sınayıram. Çünki hər iki tərəfdən 100 faiz əmin olmalıyam. Hazırda isə UFC, Bellator kimi turnirlərdə iştirak edirəm. Bu biznesin inkişafı üçün bütün vacib şərtlərlə tanış oluram.
- Özünüzü növbəti uğurlara necə ruhlandırırsınız. Ümumiyyətlə, bir az motivasiya üsullarınızdan danışın...
- Uğur əldə edən insanlarla görüşürəm, onların müsahibələrini dinləyirəm. Ətrafıma məndən daha yaxşı, daha uğurlu, hətta əldə etdiklərindən də artığına nail olmaq istəyən insanları toplayıram. Həmçinin özüm də nümunə olmağa çalışıram. Olimpiya və dünya çempionları ilə birgə məşq edirəm. Bu güclü insanlar uduzmağı sevmirlər, yalnız irəli addımlayırlar.
- Mənəvi gücünüz qədər fiziki hazırlığınız da diqqətimi çəkdi. Elə bu yaxınlarda Amerika mediasında yayılan videonuzla hətta hərbçilərə meydan oxudunuz...
- Bəli, sağlam həyat tərzi sürürəm. Həmin videoda isə 24 kq yüklə 10 dəfə dartındım. Bu, Amerikanın hərbi hava qüvvələrinin əsgərlərinin maksimal normatividir.
- Cibimiz boşaldıqca, ətrafımız da boş qalır. Oxşar vəziyyətə düşmüsünüz?
- Yaradana şükür olsun ki, belə duruma düşməmişəm. Biznes elə sahədir ki, enişini-yoxuşunu öncədən müəyyən edə bilmirsən. Dəfələrlə hər şeyi sıfırlayıb yenidən başlamışam. Yaxın dostlarım barmaqla sayılacaq qədərdir, amma heç vaxt mənə xəyanət etməyiblər.
- Bəs hansı cəhətlərimiz bizi uğura aparır?
- Güclü iradə, inadkarlıq, məsuliyyət, ən əsası öz səhvlərini görmək bacarığı. Özünüzü nə qədər tənqid etsəniz, bir o qədər sürətlə uğura addımlayacaqsınız.
- Əsl sevgini pulla almaq mümkündür?
- Təbii ki, yox. Əvvəl düşünürdüm ki, çoxlu pul qazanacam, sonra evlənmək asanlaşacaq. Amma indi anlayıram ki, yanılmışam. Təsəvvür edin ki, sevdiyiniz insanla bütün çətinlikləri birgə keçəndən sonra rahat həyatı dadırsınız. Kasıblıqla sınanmış sevgi daha möhkəm olur.
- Sizcə dünyamızda hər kəs eyni hüquqa sahib olmalıdır?
- Amerikada belə bir deyim var: “Bir insanın hüquqlarının bitdiyi nöqtədə digərinin hüquqları başlayır".
- Bəs necə düşünürsünüz, ətrafımızdakı hər kəsə yardım etməyə məcburuq?
- Düşünürəm ki, bəli. İmkanınız varsa, yaxşılıq etməkdən çəkinməyin. Amma sadəcə pul verməyin, qazanmağın yollarını da öyrədin. Bu, onun sizdən asılılığının qarşısını alacaq, özü də həyatda nəyəsə nail ola biləcək.
- Amir Allahverdi üçün gözəllik idealı var?
- Bəli... Anam... O, mənim üçün gözəllik idealıdır.
Leyla Sarabi
Fotolar: Sergey Buzovski
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik görüş sizi sevindirə bilər
-
Magazin117 Noyabr 23:48
“İlhamə Quliyevanın 380 mini və seyfdə qızılları qaldı”
-
Cənubi Qafqaz17 Noyabr 23:24
Ermənistanda İSTEFA DALĞASI - Bir gündə dörd nazir postunu tərk etdi
-
Yaxın Şərq17 Noyabr 22:48
İsrailin iki şəhəri PUA-larla VURULDU
-
Magazin117 Noyabr 21:48
Vüsalə bahalı avtomobilini nümayiş etdirdi - VİDEO
-
Magazin117 Noyabr 20:36
Cennifer Lopez Mətanət Əsədovaya ətir göndərib? - VİDEO
-
Səhiyyə17 Noyabr 20:24
Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ - Geri dönməz dəyişikliklərə səbəb olur
-
İdman17 Noyabr 19:48
Fatih Terim Rəşada “Sadıq” dedi, o isə belə cavab verdi - VİDEO