Dünyanın ən varlı ölkəsini dəhşətə gətirən azərbaycanlı - İNANILMAZ FAKTLAR/VİDEO
Bizi izləyin

Xüsusi

Dünyanın ən varlı ölkəsini dəhşətə gətirən azərbaycanlı - İNANILMAZ FAKTLAR/VİDEO

Artıq bahar gəlir… Qış gedişini nə qədər gizlətməyə çalışsa da, soyuq donunun altından yaşıl bahar yarpaqları boylanır. Artıq nəfəsimiz bahar qoxur, amma 27 il öncə buz bağlayan ürəyimiz ərimir. Bəli, Xocalı hər ilin bir günü deyil, hər dəqiqə xatırlamağımız gərəkən 27 yaşlı zülmətdir. Bu zülməti dünyaya çatdıran ən təsirli tədbirlərin biri bu il İsveçrədə baş tutan kvest oldu. Kvestin təşkilatçısı və müəllifi isə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovdur. Qasım bəy artıq 14 ildir ki, Avropanın cənnəti İsveçrədə yaşayır.

Publika.az-ın həmsöhbəti Avropanın ən unikal ölkəsi ilə bağlı maraqlı məqamların da üstünü açdı.

Картинки по запросу qASIM nƏSİROV

- Hitlerin də yan keçdiyi fantastik ölkə haqda bizə məlumat verməyinizi istəyirəm…

- Qısa bir müsahibədə İsveçrəni oxuculara hərtərəfli təqdim etmək çox çətindir, amma çalışacam. İsveçrə həqiqətən gözəl ölkədir. Bütün Avropa ölkələri tərəfindən neytral dövlət kimi qəbul olunub. Öz bank sistemi, texnoloji təkamülünə görə dünyada çox tanınır. Olduqca zəngin insanlar yaşayır, amma isveçrəlilərə baxanda bunu demək mümkün deyil. Çox təvazökar xalqdır. Hər ikinci isveçrəlinin bank hesabında 1 milyon frankdan (təxminən 1 milyon 700 min manat) çox pulu var. Heç vaxt özlərini önə atıb, bahalı əşyaları ilə öyünməyə çalşmırlar. Ölkənin şəhərlərində gəzərkən çox çətin anlaya bilərsiniz ki, kim varlıdır, kim yox… Azərbaycan və postsovet ölkələrindən fərqli olaraq, İsveçrədə mənəvi zənginliyə daha çox önəm verirlər. Bu da onların əsas özəlliyidir.

- Yenidən təhsil almaq şansım olsaydı, İsveçrəni seçərdim. Sizcə yanılıram?

- İsveçrənin təhsil sistemi çox güclüdür. Əsasən ali təhsil deyil, peşə texniki təhsilinə daha çox önəm verilir. Belə deyim, gənclərin 80 faizi peşə təhsili alıb işə başlayırlar. Bizdən fərqli olaraq yalnız 20 faiz ali təhsil ardınca gedir. İllər boyu oxuyur, öyrənir, nəzəri biliyini təcrübədən keçirdir. Yəni sırf diplom xatirinə deyil, cəmiyyətə fayda vermək üçün təhsil almaq lazımdır. Hətta peşə təhsilini seçənlər də uzun müddət usta, müəllim yanında təcrübə keçirlər.

- Bütün məhsulların ən keyfiyyətlisi bu ölkənin istehsalıdır. Ən keyfiyyətli dərmanların da İsveç malı olduğu aşkar faktdır...

- Bəli, İsveçrənin tibbini tanımayan yoxdur. Tibbi sığorta isə icbari və kifayət qədər bahalıdır. Amma xəstəliyiniz aşkarlanan zaman həkimə müraciət edib, tibb sistemindən bəhrələnə bilərsiniz. Dərmanları da keyfiyyətli olduğu üçün kifayət qədər bahalıdır.

- Dediniz hər ikinci isveçrəlini milyonçu saymaq olar. Bir az azərbaycanlısayaq sual: maraqlıdır orta statistik isveçrəlinin maaşı nə qədərdir?

- İsveçrədə kiminsə maaşını soruşmaq mədəniyyətsizlik sayılır. Bu qəbul olunmuş tabudur. Heç kim digərindən aylıq gəlirinin məbləğini soruşa bilməz. Belə deyək, orta əmək haqqı 3-4 min frankdır. Amma bu məbləğə bir sıra dövlət vergisi daxildir. Kafe, yaxud restoranda çalışan ofisiantın maaşı təxmini 3500 frankdır, üstəlik əlavə gəliri də olur. Mühəndis, həkim yaxud bank işçisinin maaşı 8 min frankdan yüksək ola bilər. İsveçrədə 26 kanton var. Kanton bölgə deməkdir. Hər kantonun da öz qanunvericiliyi, vergi sistemi var. Bir çox yerlərdə vergi sistemi bərabərdir, amma digərlərində müxtəliflik müşahidə olunur. Belə deyək, kantondan kantona fərq var. Həmçinin İsveçrə insanı öz haqlarını yaxşı bilir. İşçilər müdirin qərarını gözləməyə məcbur deyillər. Azad qərar vermək, öhdəliyinə qoyulan ağır işlərdən imtina etmək hüququ var. Çünki ölkənin sistemi birbaşa demokratiyadır. Hər xırda məsələ üçün də xalq səs verir. Bura hər hansı bir qanunun qəbul, yaxud ləğv edilməsi və digər siyasi, ictimai hadisələr aiddir. Hətta deyim ki, iki həftədən bir səsvermə olur. Yəni demokratiya anlayışı İsveçrədə büsbütün mövcuddur. Çünki bütün qanunlar insanların rifahının yüksəlməsinə xidmət edir.

Швейцария. 20 интересных фактов сдеÐ

- Mən İsveçrənin fantastik təbiətinə də heyranam. Bu ölkə sanki Avropanın ən gözəl övladıdır...

- Doğrudur. İsveçrəlilərin ilk vəzifəsi təbiətin qeydinə qalmaqdır. Ağacların, heyvanların, quşların qorunmasına çox böyük önəm verilir. Hətta heç kim öz istəyi ilə həyətindəki ağacı da kəsə bilməz. Mütləq dövlətə izahat yazmalıdır ki, bu ciddi addımı atmaqda məqsədi nədir. Ağacın kəsiləcəyinə qərar verilərsə, həmin şəxs bir neçə yeni ağac əkməlidir.

- Bəs "Alisanın möcüzələr diyarı"nda bədheybətlər varmı? Yəni kriminal hadisələr baş verir?

- Nə qədər ideal məmləkət olsa da, əhalisi Avropa mentalitetinə mənsubdur. Bəli, siz bir neçə günlük ölkəyə gəzməyə gəlmisinizsə, cənnət təsiri bağışlayar. Amma insan oğlu hər yerdə eynidir. Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, İsveçrədə də ağır cinayətlər baş verir, amma çox az... Digər ölkələrə nisbətən kriminalistika daha azdır, lakin var. Cinayətin kim tərəfindən törədilməsinin isveçrəli üçün fərqi yoxdur. İstənilən ölkədə çox vaxt əhali problemini, kriminalistikanı gəlmələrin üzərinə atmaq istəyir. Hamı öz eybini aşkar göstərməkdən çəkinir. Amma hər iki tərəfdən cinayətkarlara rast gəlinir. İsveçrəli olmaq saf və sakit olmaq demək deyil. İnsanı insan edən onun qüsurlarıdır. Həmçinin cinayətin milliyəti olmur.

- Madam ki, mühacirlərdən danışdıq, gəlin, bu mövzuya aydınlıq gətirək. Bildiyimə görə, bu ölkədə gəlmələrin sayı azdır, amma yəqin ki, müharibə şəraitində yaşayan dövlətlərdən gələn qaçqınlara rast gəlinir.

- İsveçrə mühacirlərini iki kateqoriyaya ayırmaq olar. Birinci Avropa Birliyindən iş, yaxud evlilik üçün gələnlərdir. İkinci qrup isə qaçqınlardır. Onlarsa dünyanın siyasi təsviri dəyişdikcə dinc ölkələrə üz tutanlardır. Elə ötən il 18 min qaçqın İsveçrəyə pənah gətirib. Birinci yerdə Suriya, ikinci yerdə Əfqanıstandır. Siyahını uzatmaq olar, amma əsas bu xalqlardır. Ölkələrindəki diktatura rejiminə, demokratiyanın əzilidiyinə, işsizliyin artdığına görə İsveçrəyə üz tuturlar.

- Bəs onların həyat səviyyəsi necədir?

- İsveçrə dövləti çalışır ki, qaçqınlar küçədə qalmasın, yaşayacağı evi və çörək pulu qazanacağı işi olsun. Onlara dil öyrədilir. Yəni vəziyyət digər Avropa ölkələrinə nisbətən daha yaxşıdır. Yeni qanunlar İsveçrəyə gələn qaçqınların sənədləşmə işlərini tezləşdirilib, şərtlər daha yumşaldılıb. İstənilən halda İsveçrə konstitusiyası insanlara dərisinin rənginə, dilinə, dininə görə ayrıseçkilik qoyulmamağa səsləyir. Hər bir ölkə vətəndaşı da buna əməl edir.

- Bu utopik ölkənin heç mənfi tərəfləri yoxdurmu? Ən azı sizin uzlaşa bilmədiyiniz məqamlar var?

- Qəbul edə bilməyəcəyim həddə neqativ hal yoxdur. Həm də özüm inteqrasiyaya açıq və xalqların mentalitetini olduğu kimi qəbul edən insanam. Amma bir neçə məqamı bölüşə bilərəm. Dünya siyasətinə heç qarışmırlar. Ya məlumatsızlıqdan, yaxud da sadəcə etinasızlıqdan bu barədə fikir bildirməyi sevmirlər. Bir də isveçrəlilər cənub xalqlarından fərqli olaraq, tanımadıqları insanları çətin qəbul edirlər. Mütləq tanımalı, zaman keçirməlidirlər. Bir müddət sonra isə davamlı ünsiyyət qurub-qurmayacaqlarına qərar verirlər. Bəlkə də bu, neqativ hal deyil. Amma mən ünsiyyətə çox açıq olduğum üçün bu mühafizəkarlıqla uzlaşmaq çətinlik yaradır.

- Bəlkə də bu cəhətlərinə görədir ki, İsveçrənin vətəndaşı olmaq üçün mütləq 12 il ölkə ərazisində yaşamaq lazımdır…

- Bəli, 12 il yaşamaq şərtdir, amma son illər bu tələblər bir az yumşalıb. İnteqrasiyaya çox böyük müjdələr vermiş insanlar 8 ildən sonra da vətəndaşlıq ala bilirlər. Doğrudur, bu çox çətindir, amma mümkünsüz də deyil.

- Qasım bəy, ölkəmizin qanlı yaralarının Avropa cəmiyyətinə çatdırılmasında illərdir böyük işlər görürsünüz. Bu il hazırladığınız kvest də olduqca təsirli idi…

- Ümumiyyətlə, Xocalı qətliamına aid anım mərasimləri xarici ölkələrdə hər il keçirilir. Bu tədbirlərin əsas məqsədi Xocalı dərdimizi dünyaya çatdırmaq və Azərbaycanın bəlasına ədalət tələb etməkdir. Məsələn, biz İsveçrədə tədbir təşkil ediriksə, bir meydanda toplaşıb öz dilimizdə bir neçə cümlə söyləyir, bayrağımızı dalğalandırdıqdan sonra evlərimizə dağılışırıqsa, etiraf edək ki, vəzifəmiz yarımçıq qalır. Eyni şeyi evdə oturaraq da əcnəbi dost-tanışlarımıza yaya bilərik. Əgər biz yaşadığımız ölkənin vətəndaşlarına faciəmizi anlatmaq istəyiriksə, o insanların dilində, anlayacağı mentalitetdə, qavrayacağı şəkildə təbliğ etməliyik. Ona görə də çalışıram hər il İsveçrədə Xocalı tədbirlərini fərqli və anlaşıqlı şəkildə təbliğ edim. Əsas odur ki, isveçrəlilər çatdırmaq istədiyimizi mənimsəsinlər. Məsələn, ilk dəfə qara şarların üzərinə “Xocalı 1992” yazıb isveçrəlilərə payladıq. Bəlli bir məqamda hər kəs şarları havaya buraxdı. Bu addım çox böyük əks-səda doğurmuşdu. Bir başqa il isə qara şamlar hazırlatdıq, şəhərin mərkəzində masa qoyuldu, küçədən keçən isveçrəlilər həmin şamları yerə qoyub yandırdılar. Xatırladım ki, şamların sayı 613 idi. Xocalı qurbanlarının sayı qədər…

- Bu il isə hər kəsin qəlbinə toxunan kvest hazırladınız. Ümumiyyətlə, kvest sözünün anlamı nədir?

- Kvest də teatr kimi aktyorların oyunundan ibarətdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 1997-ci ildə yaratdığı bir kvest var. Bu tətbiqi pedaqoji kvest adlanır. Doğrudur, həmin kvestin məzmunu fərqli idi, mənsə bəzi dəyişiklik edib, Xocalıya uyğunlaşdırdım. Kvestin teatrdan fərqi odur ki, iştirakçılar başlarına nə gələcəyini, hansı məqamda nə baş verəcəyini bilmirlər, həmçinin aktyorlar istənilən şəxslər ola bilər. İsveçrənin iki böyük gimnaziyasında öncə bu ideyanın təbliği ilə məşğul oldum. 15-17 yaşlı yeniyetmələrə öncə iştirak haqda qərar vermək üçün zaman tanıdım. Onlar razılaşandan sonra isə video və foto çəkiliş üçün valideynlərindən rəsmi icazə aldım. Əlavə 4 nəfər də cəlb etdim, həmçinin özüm də aktyor kimi qatıldım. Erməni əsgərləri, həkim, polis və s. Kvest başlamazdan əvvəl bütün tələbələrə Xocalıdan qaçan gerçək insanların adlarını payladıq. Onlar bu adlarla kvestə qatıldılar. Hadisə dinc sakinlərin yaşadığı evlərin bombardman edilməsi nöqtəsindən başlayır. Erməni əsgərləri qəsəbəni mühasirəyə alıb insanları əsir götürürlər. Əsirlikdə onları çox incidirlər. Əsirlər bütün dəyərli əşyalarını qaçaqçılara verirlər ki, buradan qurtulsunlar. Yol boyu mina sahəsindən keçirlər, ayaqlarını itirənlər, ölənlər olur. Min bir zülmlə Azərbaycan tərəfə keçirlər. Əsgərlər onları qaçqın düşərgələrinə yerləşdirib, qida və tibbi yardımla təmin edirlər.

Kvest bitdikdən sonra tələbələr bir otağa dəvət edildilər. Kvestdən öncə seçdikləri adların gerçək hekayələri ilə tanış oldular. Uşaqları çox böyük dəhşət bürüdü. Heç təsəvvür belə etməzdilər ki, canlandırdıqları obrazlar həqiqətən bu məşəqqətlərin 10 qat artığını yaşayıblar. Bəziləri bütün ailə üzvlərini itirib, digərləri vəhşicəsinə qətl edilib. Onların gözündəki şoku sizə izah edə bilmirəm. Sonra isə “Xocalı üçün ədalət” klipini izlədilər. Bu janr gənclərə yaxın olduğu üçün həmin kompozisiyanı seçmişdik. Həm kövrəldilər, həm üzüldülər, həm də klip hafizələrinə yazıldı. Sonda hazırladığım slayd şouya da baxdılar. Amma onu da bildirim ki, İsveçrədə qəddarcasına öldürülən körpə, yaxud böyük şəkilləri, videoları yayımlamaq qadağandır. Bu həssaslığı nəzərə alıb, vəhşət şəkilləri göstərmədim. Çünki avropalı insanların psixikası ilə belə qəddar şəkildə oynamaq olmaz. Doğrudur, biz bu zülmləri görməyə alışmışıq, amma onlar üçün yad mənzərə idi.

Ümid edək, inanaq ki, bu gün dünya baxmağa belə cəsarət etmədiyi bu vəhşət qarşısında susmayacaq. İstər isveçrəli olsun, istərsə də qeyri millətin nümayəndəsi o qanlı gecənin qısasını almaqda səfərbər olacaq. Ümid edək ki, ermənilərin özləri belə bir gün əliqanlı əcdadlarını lənətləyəcək.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm