Rafael İsgəndərovun qızı Türkiyədə çıxan kitabından danışdı: “Adına ilişirdilər ki...” - FOTO
Bizi izləyin

Xüsusi

Rafael İsgəndərovun qızı Türkiyədə çıxan kitabından danışdı: “Adına ilişirdilər ki...” - FOTO

Xəbər veridyimiz kimi, sevilən komediya ustası, "Bu şəhərdə" komandasının aktyoru Rafael İsgəndərovun qızı Gülarə İsgəndərovanın Türkiyədə ikinci romanı çap edilib.

Yazıçı "Ay balam" kitabı ilə bağlı Publika.az-a müsahibə verib.

- Gülarə xanım, iqtisadiyyat üzrə təhsil alsanız da, yazıçılıqla məşğul olursunuz. İqtisadiyyat yaradacılığa keçid necə baş verdi? Necə oldu ki, ədəbiyyata maraq oyandı və yazmağa başladınız?

- İqtisadiyyat üzrə təhsil alsam da, bir çox sahələrlə maraqlanıram. 2011-ci ildə məktəbi bitirdikdən sonra mütaliəyə ciddi həvəs oyandı. Əsasən türk dilində kitablar oxuyurdum. Nədənsə türk dilində oxumaq mənə daha rahatdır. Gördüm ki, içimdə yığılıb qalmış hisslərin hər hansı yolla ifadə olunmasına ehtiyac duyuram. Beyimdə ssenarilər qurur, gözümdə səhnələr canlandırırdım. Beləliklə yazmağa başladım və gördüm ki, yaxşı alınır. Yazdıqlarımı Türkiyənin ədəbiyyat proqramlarında yayımladıqdan sonra oxucuyuların sayı artdı, tələbat var idi. Hər gün yazırdılar ki, hekayələrin ardı gəlsin. Bu da məni yazmağa daha da həvəsləndirirdi. Artıq 2 kitabım nəşr olunub. Hazırda başqa bir əsər üzərində çalışıram.

- Sabah “Ay Balam” kitabının imza günü baş tutacaq. Bəlkə kitabın mövsuzu haqqında bir qədər məlumat verərdiniz?

- Azərbaycanlı oğlanla türk qızının sevgi hekayəsindən bəhs edir. Hekayədə hadisələr İstanbul və Bakıda cərəyan edir. Çox romantik məhəbbət hekayəsidir, ancaq bu qədərini deyə bilərəm.

- Kitablarınızın ikisi də Türkiyədə buraxılıb və türk dilində yazılıb. Niyə Türk dilində yazmağa ehtiyac hiss etdiniz?

- Türk dilində yazdığımdan kitabın Türkiyədə də buraxılmasına qərar verdim. Hər iki ölkədə yazıçı kimi tanınmaq mənim üçün böyük bir uğur olardı. Ədəbiyyat proqramının vasitəsilə hekayəmi Türkiyənin kitab çap evlərinə yolladım. 2016-ci ildə doqquz nəşriyyat evindən cavab gəldi və bildirdilər ki, romanımı kitab şəklində çap etmək istəyirlər. Mən də qəbul etdim. Türkcə yazmağımın əsas səbəbi kitabın orada nəşr olunması ilə bağlı oldu. Yeri gəlmişkən, yaxın zamanlarda romanlarımı azərbaycan dilinə tərcümə edilib satışa çıxarılacaq.

- Kitabın Azərbaycanda satışı hansı səviyyədədir?

- Yalan deməyəcəm, satış səviyyəsi burada könül açan deyil, çünki kitab Türkiyədə satışdadır. Kitabı Bakıda bir-iki mağazadan əldə etmək mümkündür. İnanıram ki, öz dilimizə tərcümələr etdirdikdən sonra satışı yüksək olacaq.

Türkiyədə isə kitab düşündüyümdən daha çox satılıb. “Gülüm” adlı ilk kitabımı əvvəlcə min tirajla çıxarmışdıq, ondan sadəcə 140-ı qalıb. İkinci – “Ay balam” romanı yaxınlarda çap edilməsinə baxmayaraq, artıq 600-dən çoxu satılıb.

- Xanımlarımızın mütaliəyə olan marağını necə qiymətləndirərdiniz?

- Nəinki xanımlar, bəylərimiz də mütaliəyə az vaxt ayrırır. Azərbaycanda kitab satışının az olması oxuyucu sayının zəif olması ilə əlaqəlidir. İstərdim ki, vətəndaşlarımız kitaba daha çox həvəs göstərsin, özünü inkişaf etdirsin və bunu öz övladlarına aşılasınlar. Hazırkı dövrdə cəmiyyətimiz başını boş məşğuliyyətlərlə qatmağa daha meyllidir. Bunu sosial şəbəkələrdən də aydın görürük. Təəssüf edirəm ki, Türkiyə və digər MDB ölkələri ilə müqayisədə bizdə kitaba maraq çox zəifdir. Bu amili nəzərə alaraq romanımı Türkiyədə çap etdirməyə üstünlük verdim.

- Hər yazıçı cəmiyyətdə gördüyü nöqsanları öz əsərlərində ifadə etməklə cəmiyyətə faydalı olmağa çalışır. Bu kitabınız oxucuyuculara nə vəd edir?

- Romantik janrda yazıram, roman oxuyuculara saf sevgi vəd edir. Bir-birinə təmiz hisslərlə bağlanan cütlüklərə az-az rast gəlirik, münasibətlərdə yalan və xəyanət çoxalmağa doğru gedir, boşanmaların da sayı artıb. Həssas və yaradıcı insan kimi cəmiyyətdə gördüyün qüsurlar məni narahat edir. Odur ki, əsərlərimdə təmiz hisslərin tərənnümünə və təbliğinə geniş yer ayrıram.

- Əsasən hansı mövzulara müraciət edirsiniz?

- Romantik janrda yazsam da, hekayənin dinamik olması üçün qalmaqallara da yer verir və hər kəsi sevgisi uğrunda mübarizə aparmağa dəvət edirəm.

- Kitab həm Türkiyədə çap olunub, həm də qardaş ölkədə satışdadır. Bəs imzanız orada tanınırmı?

- İmzam yeni-yeni tanınmağa başlayır, hesablamalara görə, 1235 evdə mənim kitabım oxunub. Məni təkcə kitabın satışının yüksək olması sevindirmir. Ölkəmi təmsil etməkdən çox sevinir və qürur duyuram. Yeri gəlmişkən, kitablarımda milli adət-ənənələrimizdən, mədəniyyətimizdən, qədim tariximizdən də bəhs edirəm. Bu, mənim vətəndaşlıq borcumdur.

- Yazıçı üçün hər hansı əsərinin tənqid edilməsi qaçılmazdır. Kitablarınızla bağlı irad və təkliflər irəli sürənlər olub? Və buna münasibətiniz necədir?

- Türk oxuyuculardan bu vaxta qədər heç bir irad görməmişəm, əksinə sosial şəbəkə vasitəsilə xoş sözlərini çatdırır və kitabımı bəyəndiklərini yazırlar. Ölkəmizdə də oxuyanlar olub, onlar da mənfi rəy bildirməyib.

“Ay balam” nədir deyə adətən ikinci kitabımın adına ilişirlər. Bu ad mənim seçimim deyil, kitab çap evinin hədiyyəsi olduğundan dolayı onların istəyini nəzərə alaraq qəbul etmişəm. Əslində kitabın adı “Yanımdakı eşq” olacaqdı, çap evindən dedilər ki, “Ay Balam” ifadəsi Türkiyədə çox məşhurdur və bu faktor kitabın satışının yaxşı olmasına təsir edəcək. Əvvəlcə tərəddüd etdim, ancaq qəbul etdim. Kitab çıxdıqdan sonra onların dediyi kimi oldu, adından dolayı kitaba maraq artdı. Hazırda kitabın satışı çox gözəl irəliləyir.

- Məşhurların övladlar bir çox hallarda valideynlərinin məşhurluğundan istifadə edir. Siz sevilən aktyor Rafael İsgəndərovun qızısınız. Amma bunu çox az adam bilir.

- Qardaşım da, mən də diqqət mərkəzində olmağı sevmirik. İlk kitabım çap olunduqdan və toyumun şəkilləri yayıldıqdan sonra məni tanıdılar. Qardaşım isə incəsənətlə məşğuldur deyə populyarlıq qazanıb. Ümumiyyətlə, atamızın adı və nüfuzundan istifadə etməyi xoşlamamışıq.

- Maraqlıdır ki, atanız sizi dəstəkləyirmi? Rafael bəyin kitablarınızı oxuduqdan sonra sizə sözü nə oldu?

- Əlbəttə dəstəkdir. Düzü desəm, atam kitabı oxumayıb, çünki türk dilində mütaliə ilə məşğul olmaq onun üçün çətindir. Söz verib ki, azərbaycan dilinə tərcüməsi çıxan kimi oxuyacaq.

- Rafael bəydən söz düşmüşkən, istərdim ki, onunla münasibətlərinizdən də bəhs edəsiniz. Necə ata və babadır?

- Uşaqlıqdan bəri atamla dostuq. Qızım ilk nəvəsidir deyə ona qarşı daha həssasdır.

- Yaradıcılıq planlarınızda nələr var?

- Əsas məqsədim odur ki, bir yazıçı kimi ölkəmi layiqli şəkildə təmsil edim. Tək yazıçılıqla kifayətlənmək fikrində deyiləm, ali təhsilim üzrə çalışmağı da düşünürəm.

- Türkiyədə satılan kitablardan qonorar əldə etmisiniz?

- Türkiyədən hələ qonorar almamışam. İlk kitabın satışından əldə edilən məbləğin heç bir faizi yazaçıya gəlib çıxmır. İkinci kitab 1000 tirajla çıxır. Əgər ikinci kitabın növbəti 1000 tirajı buraxılarsa, o zaman satılan kitabların faizini göndərirlər. Bunun baş verməsi yaxın zamanda gözlənilir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm