• USD 1,7000 0,00% EUR 1,8970 +0,04%
    • GBP 2,1628 -0,09% RUB 0,0264 +0,38%

Keçmişlə gələcəyin vəhdəti - Azərbaycanın dünyada tayı-bərabəri olmayan MƏHSULU/REPORTAJ

  • Xüsusi
  • 6 May 2019 14:00
  • 943 Baxış
Keçmişlə gələcəyin vəhdəti - Azərbaycanın dünyada tayı-bərabəri olmayan MƏHSULU/REPORTAJ

“Biri varmış, biri yoxmuş... Əzəmətli dağların döşündə, yaşıl yamacların ağuşunda bağlı-bağatlı bir şəhər var imiş. Bu şəhər nəinki yerləşdiyi ölkədə, hətta dünyada da öz sənətkarlıq məhsulları ilə məşhur imiş. Qadınların ağlını başından alan zərgərlik inciləri, ən keyfiyyətli qab-qacaqlar, ən incə əl işləməli mebellər, rəngarəng, ancaq beş adamın gücü ilə yerdən qalxan xalçalar... Xalçalar... Xüsusilə də ipək xalçalar. Çünki bu şəhəri dünyaya tanıtdıran ən çox ipək xalçaları olubmuş. Məhz bu təbii, orijinal xalçaların eşqinə tacirlər bir-birilə bəhsə girərmiş. Dəbdəbənin məkanı İngiltərə krallığından, modanın paytaxtı Fransadan saraylarını ən gözəl xalçalarla bəzəmək istəyən varlılar buraya axın edərmiş. Avropalılar bu xalçaların yumşaqlığından, təbiiliyindən, dəqiqliklə toxunmuş naxışlarından, təbii boyalardan hazırlanmış iplərindən ağızdolusu danışar, öz heyranlıqlarını gizlətməzlərmiş. Şahlar, krallar məhz bu xalçalardan qızlarına cehizlik göndərərmişlər. Bunun sayəsində şəhərin ticarəti canlanar, xalçaların həvəsi ilə başqa əşyalar da satılarmış.

Şəhərdən yonqar qoxusu, dəmirdöyən çəkiclərin səsi, bazarlarından alış-veriş həyəcanı əskik olmazmış. Bütün sakinlər güzəranını belə keçirərmiş. Beləcə hər kəs bolluq içində, şad-xürrəm öz həyatını yaşayarmış. Şəhərin yeganə qəmgin sakinləri isə oğul sahibi olan analar imiş. Çünki şəhərin bütün oğlan uşaqları ta kiçik yaşlarından xalça fabriklərinə göndərilərmiş. Onlar fabrikin ən əsas işçiləri sayılırmış. Çünki ipək xalçaların yeganə usta toxuyucları məhz oğlan uşaqları imiş... İpək xalça ən çətin toxunan və ən diqqət tələb edən xalça növüdür. Bu xalçanı toxuyarkən səhv etmək materialı ziyana vermək deməkdir. İpək xalçanı qırxdıqdan sonra yerdə qalan materialla yenidən toxumaq mümkündür. Bunu isə yalnız barmaqları kiçik olan insanlar edə bilərdilər. Oğlan uşaqları da iti görmə qabiliyyəti və nazik, güclü barmaqları sayəsində bu işin öhdəsindən gələ bilirmişlər... Şəhərin ipək xalçalarının bu qədər məşhur olmasının arxasında dayanan o məşum sirr məhz bu imiş.

Bir gün bu xoşbəxt şəhərin üzərinə qara buludlar çökür. Qonşu ölkə müharibə elan edir. Şəhərin bütün əli silah tuta bilənləri yaraqlanıb müharibəyə gedirlər. Şəhərin yeganə dolanışıq yeri olan sənətkarlıq qadınlara tapşırılır. Xalça fabrikləri də onlar kimi. Şəhərin əvvəlki şanı itməsin deyə, başqa məhsullar da satılsın deyə qadınlar ən çox ipək xalçalar toxumağa başlayırlar. Lakin heç bir şey artıq əvvəlki firavanlığı geri qaytarmır. Beləcə o məşhur, dillər əzbəri olan ipək xalçalar da tarixə qovuşur.

Bu əhvalatı uşaqlıqda babama gündə, ən az, bir dəfə danışdırırdım. Firavan şəhərin hekayəsinin ürəkdağlayan sonluğu məni hər dəfə eyni qəhərlə kövrəldirdi. Özlüyümdə söz vermişdim ki, bir gün o şəhəri tapacaq və oradakı ipək xalçaların qırıntılarını da olsa, öz gözümlə görəcəyəm. Gözlərimi yumub şəhərin həmin dövrlərini xəyal edəcək, qiyabi də olsa, o xoşbəxt günlərin sevincini ürəyimdə yaşayacağam.

Və budur... Mən o şəhəri tapdım - Qubanı... Əsrlər sonra. İndi bu şəhərdə nə yonqar qoxusu, nə dəmirdöyən çəkiclərin səsi, nə də bazar alış-verişlərinin həyəcanı var... Bir ümid, burada xalça toxunulan yer olub-olmadığını soraqlaşdım. Küçədə çöməlib oturan çal papaqlı, tənbəki tüstülədən, gözləri keçən əsrdə qalmış bir babadan böyük bir şövqlə “əlbəttə” cavabını aldım. Şəhəri addım-addım dolaşıb həmin binanı tapdım.

Qırmızı üzlü, yastı, simmetrik quruluşuna xüsusilə diqqət yetirilərək tikilmiş səliqəli bina. Girişin üstündə “Azərxalça ASC” yazısı var. Üstü-başı tarix qoxan o babanın ürək dolusu “əlbəttə” sözünü indi dərk etdim. Dövlət əsrlərin ənənəsini tarixə qovuşmağa, keçmişin toz-torpaqlı səhifələrində yox olmağa icazə verməyib. İçəri daxil olduq. Geniş, fərah salon bizi qarşıladı. Təmizlikdən döşəmədə öz əksimi görürəm. Gülərüz, gözündən nur yağan bir qadın bizi öz otağına dəvət etdi. Nəzakət xanım Novruzova. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Quba filialının direktoru. Bu nurani xanıma adamın direktor deməyi də gəlmir (Çünki bizim şüurumuzda direktor obrazı hökmlü, zəhmli bir diktatordur).

Nəzakət xanımdan bu tarix qoxulu məkanın yaranma illərini soruşuram:

“Müəssisəmiz ilyarımdır ki, fəaliyyət göstərir. 2017-ci ilin 7 dekabr tarixindən xidmətə açılıb. Açılışda cənab prezidentimiz və onun xanımı da iştirak edib. Az müddətdir işləməyimizə baxmayaraq, bir çox nailiyyətlər əldə etmişik. Bilmədiklərimizi də öyrənmişik. İstəyirik ki, möhtəşəm, keyfiyyətli xalçalar ərsəyə gətirək. Xaricdə Azərbaycan xalçalarını, xüsusilə də Quba xalçalarını yüksək səviyyədə tanıtdıraq, sevdirək”.

Lap əhvalatın başlanğıcındakı kimi...

Nəzakət xanımdan öyrənirik ki, burada hazırda 85 zəhmətkeş çalışır. Bu qızıl əllərə sahib insanların hamısı qadındır.

Lap əhvalatın sonundakı kimi...

Nəzakət xanım onu da vurğulayır ki, müəssisədə pulsuz öyrənmə kursları təşkil olunub:

“Son iki gündə dörd nəfər kursumuza müraciət edib. Xalça toxumaq istəyənləri əvvəlcə bu kurslarda öyrədirik. Daha sonra onları işçi kimi qəbul edib, xalçalarımızı etibar edirik. Kursların müddəti öyrənmək istəyənin qabiliyyətindən və həvəsindən asılıdır. Ola bilir ki, bir xanım bir həftəyə işi mənimsəyir. Amma elə olur ki, bu proses iyirmi gün çəkir. Xalçaçılıq elə bir məşğuliyyətdir ki, onu duymaq lazımdır. Ona həvəs və səbr göstərməsən, alınmır. Xalça çiçək kimidir. Onu sevməsən, əzizləməsən, pöhrələnməz, barı olmaz.

Bu əsnada öyrənirik ki, Nəzakət xanımın anası da toxucu olub:

“Gözümü açandan evdə xalça toxumaq görmüşəm. Görə-görə həvəskarı olmuşam. Naxışlarına, rəngarəngliyinə vurulmuşam. Beləcə xalçaçılıq sevgim Mədəniyyət və İncəsənət Universitetinin Xalçaçılıq-Rəssam Fakültəsinə qədər uzanıb gedib. Bu sahədə altı illik ali savadım var. Məndə toxuculuqla rəssamlıq paralel gedir. Çeşnilərim var, portretlə məşğul olmuşam. Toxuculuq və rəssamlıq bir-birilə sıx bağlıdır. Birindən xəbərdar olmadan digərini professional şəkildə bacarmaq mümkünsüzdür”.

Müəssisədə bir toxucu bir ay ərzində bir kvadrat metr xalça toxuya bilir. Lakin Nəzakət xanım burada toxucunun iş qabiliyyəti faktorunu xüsusi vurğulayır:

“Toxucudan toxucuya fərq var. Birinin əli asta, birininki cəld olur. Cəld işləyə bilənlər bir ay ərzində qoyulan normadan da çox işləyir. Asta işləyənlər isə təcrübə topladıqca daha yaxşı nəticə göstərirlər. Ancaq bir məsələ də var ki, toxucular hər gün eyni şəkildə iş görə bilmirlər. İnsanıq. Hamının ailəsi var. Hamı problem yaşayır. Bu sıxıntılar iş prosesində özünü biruzə verir. Birinin sıxıntısı olanda o dəqiqə hiss olunur. Hətta olur ki, səhv də toxuyurlar. Biz ona təmkinlə yanaşırıq. Xanımlarımızı başa düşməyə çalışırıq. Sabahı gün gələndə bir də görürsən ki, daha həvəsli, daha şövqlə işləyir. Dünənkinin əvəzini də çıxır”.

Bu müqəddəs tarixi ənənələri layiqincə qoruyub saxlayan və yaşadan məkanda 18 yaşdan yuxarı hər kəs öz bacarığını yoxlaya və günün sonunda öz əməyinin bəhrəsinə sevinə bilər. Müəssisənin direktoru belə deyir:

Bəzi xanımlar evdə anasının, nənəsinin toxumağından həvəsə gəlib işləmək istəyir. Bəziləri isə elə hazır xalçaların naxışlarına, güllərinə vurulub özü də elə bir xalça toxumaq eşqilə bizə müraciət edir. Biz də onları səbrlə qarşılayırıq. Ustadın yanında oturdub işi öyrədir, daha sonra müstəqil işləməsinə şərait yaradırıq.

İki il bundan öncə Qubada xalçaçılığa maraq tamamilə ölmüşdü. Xalça deyəndə hamı uzaq qaçırdı. Ancaq bu müəssisə açılandan sonra xalçaçılıq yenidən canlanmağa başladı. Çünki müəssisəmiz təkcə xalça həvəskarlarına toxumağı öyrətmir, həm də professional işçi prinsipi ilə yanaşır. Yəni bizdə maaş sistemi var. Ayın sonunda hər kəs öz toxuduğu qarşılığında maaşını alır. Bu, Quba şəhərində bir ilkdir. Əvvəllər xalça toxunub kəsilib tam hazır olandan sonra onun dəyəri ödənirdi. Lakin hazırda elə deyil. Hər ayın sonunda toxucunun gördüyü iş ölçülərək hesablanır və maaş kartına yatırılır. Bu, bizim böyük üstünlüyümüzdür. Çünki burada ailə başçılarını itirən xanımlarımız işləyir. Onlar ailənin tək qazanc mənbəyidir. Buna görə də onlara maaş sistemi çox əlverişlidir. Bizim toxucularımızın arasında ali savadlı qadınlar da var. Lakin onlar peşələrini həvəs göstərdikləri məşğuliyyətlərinə qurban verərək bu sahəyə gəliblər”.

“Azərxalça”nın missiyası təkcə bununla yekunlaşmır. Müəssisənin rəssamları unudulmaqda olan əsl Azərbaycan xalçalarının yenidən ərsəyə gəlməsi üçün onların qalıqlarını birləşdirir, çeşnilərini yaradırlar. Hazır olduqdan sonra isə xalçaçılar həmin tarixi gözəlliklərə öz qızıl əlləri ilə can verirlər. Nəzakət xanım deyir ki, köhnə sxemlər əsasında yeni xalça formaları yaradılır:

“Çünki yenilik olmasa, irəli getmək mümkün olmaz. Keçmişlə gələcək paralel şəkildə aparılmasa, nailiyyət əldə olunmaz. Həm dəbə, həm tarixi ənənələrə uyğun xalçalara ərsəyə gətiririk. Vallah, bizim qədim xalçalarımız o qədər əsrarəngizdir ki, onlara nə isə əlavə etməyə ehtiyac da qalmır”.

Elə burada öyrənirik ki, xalçaların ipləri də tamamilə təbii və yerli məhsullardır. “Azərxalça”nın bölgələrdə yerləşən iyirmi müəssisəsinin hamısı Azərbaycanın yerli yunundan, təbii boyaq maddələrindən hazırlanan iplər əsasında işləyir. Buna görə də məhsullara tam zəmanət verilir. Rəngi solmur, qarışmır. İpləri toxunduğu şuxluqda qalır. Xalça ustasının özündən bir xalçanın ömrünün nə qədər olduğunu soruşuram:

“Bir xalçanın ömrünə ömür çatmaz. Bir az da səliqəli işlənən xalçaya insan ömrü çatmaz ki, onun sonunu görsün. Elə bunun nəticəsidir ki, xaricdən gələn qonaqlar, turistlər bu qədər keyfiyyətli məhsulların necə ərsəyə gəlməsini, toxuma prosesini maraq edirlər. Xalça almazdan əvvəl toxuma salonu ilə tanış olurlar. Prosesi maraqla izləyirlər. Daha sonra istədikləri məhsulu alırlar. Beləliklə, alıcılarda inam da yaranır”.

Nəzakət xanım bir neçə dəqiqə susur. Başını aşağı salır və gözləri ilə gülümsəməyə başlayır:

“Bilirsiniz, mən xanımlarımızı belə işgüzar, həvəsli görəndə fərəhlənirəm. Həvəsləri günü-gündən artır. Aralarında gəzəndə gözucu baxıram. Görürəm ki, toxuduqları naxışlara arada sığal da çəkirlər. Bu, mənə də ləzzət verir. Adamın ürəyinə yağ kimi yayılır...”

Nəhayət, o möhtəşəm gözoxşayan xalçaların dünyaya gəldiyi salondayam.

Hər ilməni vuranda çıxan tıqqıltı səsi, qayçıların xırçıltısı, aradabir qopan gülüş səsləri, havanı dolaşan gizli pıçıltılar, rəngbərəng sapların yorğun-yorğun aşağıya doğru süzülməsi, yorğun baxışların ilmələrin üzərindəki qətiyyətli və sevgi dolu izi... Bütün detalları ilə salon məni valeh edir.

Onlarla qadın cərgə-cərgə düzülüb xalça toxuyurlar. Yaxınlaşıb nə isə soruşmaq istəyirəm. Amma burada toxucular sözlərlə deyil, ilmələr söhbət edir. Dodaqlarından çox, barmaqları, gözləri, ilmələri, baxışları danışır. Bu sehri pozmaqdan tezliklə imtina edirəm...

Babamın danışdığı əhvalatı xatırlayıram. Sanki toxucular xalçanı deyil, keçmişin parçalanmış qalıqlarını toplayıb ilmələyirlər. Sanki şəhərin, ipək xalçaların, tarixin əzəməti ilmə-ilmə toplanıb yenidən cana gəlir. Bu savaşın məqsədi dağıtmaq deyil, yaşatmaqdır. Bu savaşın iştirakçıları bütün çətinlikləri sinə gərmiş qadınlardır. Bu savaşın silahları xəncərlər deyil, iplərdir, qayçılardır. Bu insanlar sülhə qovuşmaq üçün çalışmırlar. Onlar parçalayaraq deyil, bir araya gətirərək, qurub-yaradaraq mübarizə aparırlar.

Onlar sülh içində savaşa bilməyi kəşf ediblər - bəşəriyyətin bütün dövrlərində axtardığı, amma heç vaxt əldə edə bilmədiyi şeyi...

Zümrüd Kərimova,

Foto: Elnur Muxtar

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR