Milyonlarla insanın ölümünün qarşısını alan adam - 46 yaşlı qəhrəmanın ACI TALEYİ
Bizi izləyin

Xüsusi

Milyonlarla insanın ölümünün qarşısını alan adam - 46 yaşlı qəhrəmanın ACI TALEYİ

Son günlər hamı türk seriallarını qatlayıb qoyub dolaba. Çünki dünya “Çernobıl” izləyir. Reytinqləri qıran bu serial Britaniya kinematoqraflarının əməyinin bəhrəsidir. Təbii ki, ekran əsəri haqda müxtəlif fikirlər dolaşır. Sevən kim, təsirinə düşüb günlərlə sosial hesabında statuslar paylaşan kim, hadisələrin qeyri-etik şəkildə cərəyan etdiyini bildirən kim və s. və ilaxır. Amma gəlin, etiraf edək ki, serialın müəllifləri başlıca istəklərinə nail oldular. Bütün dünya həmin qəzanı yenidən yad etdi. Faciənin qurbanlarının ağrı-acısını duydu.

Publika.az Çernobıl hadisələrinin əsas qurbanlarından biri 46 yaşında dünyasını dəyişən Anatoli Sitnikovun həyat hekayəsini təqdim edir.

Anatoli Sitnikov xanımı Elvira və iki qızı ilə birgə Amurun sahilində yerləşən Komsomolsk bölgəsində yaşayışırdı. 1963-cü ildən etibarən Gəmiqayırma zavodunda çalışmağa başlayır. 1975-ci ildə ona artıq yüksək vəzifə verilir. Anatoli 1970-ci ildən başlayaraq atom qurğularını idarə etməyi öyrənərkən atom energetikasına aşiq olur. Formullar, sənədlər haqda əldə etdiyi bütün məlumatları arvadı ilə bölüşməyə başlayır.

Gəmiqayırma zavodu atom dünyasına vurulan dəyərli işçisini itirmək istəmirdi. Bu məqamda işə Anatolinin həyat yoldaşı Elvira qarışır. Onun cəhdlərindən sonra müdiriyyət ərinin istefa ərizəsini imzalayır. Qızları tez-tez xəstələndiyindən həkim iqlimi dəyişməyi məsləhət görür. Ailə Pripryatiyə köçür.

Sitnikov işinə elə aludə olmuşdu ki, bədii ədəbiyyat, təbiətdə istirahət, televizor izləmək onun üçün zaman israfı idi. Pulunu yalnız işi ilə bağlı olan ədəbiyyata xərcləyir, ailəsinə çox az zaman ayırırdı. Ərinin iş sevdası Elviranı qıcıqlandırmağa başlayır, tez-tez irad bildirirdi. Anatoli isə arvadı onu anlamadığı üçün məyus olurdu.

Anatoli Andreyeviç Çernobıl Atom Elektrik Stansiyasının baş mühəndisinin müavini idi.

O, daim işini düşünürdü. İşdə vəziyyət yaxşı olmayanda evə ruhsuz dönər, hətta gecənin bir aləmində arvadını oyadıb yataq otağındakı xəyali qurğulara məsuliyyətsiz nəzarət üstündə danlayırdı. Səhər oyananda isə heç nə xatırlamırdı. O, çox məsuliyyətli insan idi. Bütün sənədləri dəfələrlə nəzərdən keçirdər, işini qüsursuz görməyə çalışırdı. 1986-cı il, 26 aprel tarixində Sitnikovların ev telefonuna zəng gəlir. Telefonun digər ucundakı robot 4-cü blokda problem yaşandığını bildirir. Sitnikov iş avtobusunu gözləmədən stansiyaya doğru yola düzəlir. Əslində 4-cü blok onun rəhbərliyinə tabe deyildi. Amma getməyə də bilməzdi.

Elvira Petrovna da stansiyada işləyirdi. Lakin həmin gün onun növbəsi deyildi. Odur ki, ərinin gecə stansiyaya yollanmasında qəribə hal sezmədi. Həm də bu durum çox təkrarlandığından Elvira üçün adiləşmişdi. Səhər Elvira Petrovnanı qonşunun həyəcan zəngi oyadıb, dəhşətli qəzadan xəbər verir. Elvira Stansiyaya dəfələrlə zəng vurandan sonra Anatoli telefona cavab verir. Vəziyyəti kritik olduğundan tibbi məntəqəyə getməyə belə halı yox idi. Elvira ərini yalnız Moskvaya köçürülən zaman görə bilir. Halı özündə olmayan Anatoliyə nəvazişlə irad bildirirərək, 4-cü blokdakı partlayışa görə niyə özünü riskə atdığını soruşur.

Güclə danışan mühəndis arvadına cavab verir ki, blokları heç kim onun kimi yaxşı tanımır. Həmçinin işçiləri oradan çıxartmaq üçün yardım etdiyini deyir. Həmçinin əlavə edir ki, yanğını dayandıra bilməsəydilər, digər bloklar da yanıb kül ola bilərdi. Bu isə milyonlarla insanın ölümü ilə nəticələnərdi. Anatolinin vəziyyəti çox ağır idi. O bilirdi ki, bu şüalanmanın nəticəsidir. Elvira isə hələ də ərinin tüstüdən zəhərləndiyinə inanmaq istəyirdi.

Stansiyadakı yanğını dayandırmaq uzun müddət və zəhmət tələb edirdi.

Elvira Petrovna balaca çemodanını və kiçik qızını da götürüb Moskvaya gedir. Pripryatidə artıq evakuasiya başlamışdı. Elvira Moskvada Energetika İnstitutunda oxuyan böyük qızının yataqxanadakı otağına sığınır. Daha sonra Moskva xəstəxanasının yataqxanasında otaq alır, hətta iş də tapmağa nail olur.
Moskva xəstəxanasında yatan ərinə və digər stansiya işçilərinə qulluq edir, məktublarını, qəzetlərini çatdırırdı.

Bir müddət sonra müalicə kömək etməyən Anatolinin halı pisləşir. Həmin gecə inadla arvadının evə getməsini tələb edir. Hətta izah edir ki, onun özünə də dincəlmək lazımdır ki, ərinə və məsləkdaşlarına yardım edə bilsin. Həm də xahiş edir ki, bir gün o olmasa, iş yoldaşlarının qeydinə əvvəlki kimi qalsın. 1986-cı il 31 may tarixində Anatoli gözlərini əbədi yumur. Cənab Sitnikovu ilk likvidatorlar kimi Mitinsk qəbristanlığında sink tabutda basdırırlar.

Elvira üçün həyat mənasını itirsə də qızları üçün yaşamağa məcbur idi. Ərini basdıran dul qadın yenidən onun dostlarının yanına gəlib yardıma, qayğıya davam edir. Stansiyanın bəxstsiz işçiləri anlayırdılar ki, bunu acısı soyumamış qadından tələb etmək doğru deyil. Amma Elvira qürurla bildirir ki, bu, ərinin son vəsiyyətidir.

Elvira Çernobıldan gələn zərərçəkmişlərin adını bilməsə belə həyata sarılmağa əl verirdi. Ailələrinin, doğmalarının onları gözlədiyini təkrarlayırdı.

ЧАЭС сегодня. / Фото: www.ecoliga.ua

Bir müddət sonra Elvira gücünün tükəndiyini hiss edir. Hətta psixiatrik dispanserdə müalicə alır. Amma övlad sevgisi bütün dərdləri qırıb keçir.

Hazırda Elvira Sitnikova 77 yaşındadır. Acısı keçməyib, keyləşib. Ərinin xatirəsinə sadiq qalıb övladlarını istədiyi zirvəyə çatdırıb.

Bu gün Anatoli Sitnikov adlı dünya qəhrəmanının nəticəsi də var.

Təəssüf ki, oxuduğunuz bu acı tale Çernobıl qəzasının tökülən yarpaqlarından sadəcə biridir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm