ABŞ-ın ən nüfuzlu naxçıvanlı iş adamı bütün SİRRİNİ AÇDI: Çox yaxşı işimi atıb buraya gəldim və... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

ABŞ-ın ən nüfuzlu naxçıvanlı iş adamı bütün SİRRİNİ AÇDI: Çox yaxşı işimi atıb buraya gəldim və... - MÜSAHİBƏ

Amerikanın ən nüfuzlu gənc iş adamlarından olan həmyerlimiz Amir Allahverdi ilə bir neçə ay öncə müsahibə etmişdik. Bu dəfə Amirlə Bakıda görüşdük. Söhbət zamanı əslən naxçıvanlı olduğunu da öyrəndik.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Publika.az Amir Allahverdi ilə müsahibəni təqdim edir.

- Ulu babam Naxçıvan bəylərindən olub. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Cümhuriyyət dağılandan bir neçə il sonra sovet hakimiyyəti babamı Sibirə sürgünə göndərir. Babamın dörd həyat yoldaşı olub, biz ən kiçik xanımından olan nəticələriyik. Bütün ailə quru canını götürüb Sibirə sürgün olunur. O vaxt da xanımların üzərində ağır qızıl boyunbağılar və bilərziklər olardı. Qatarda qızıllarını tacirlərə satıb Sibir üçün çörək pulu toplayırlar. Sonra isə Sibirdən Qazaxıstanın səhralarına sürgün olunurlar. Oradan da Özbəkistana köçüb məskən salırlar.

- Amma siz Bakıda doğulmusunuz.

- Bəli, Bakıda doğulub, Daşkənddə böyümüşəm. Elə karyeram da Daşkənddən başlayıb.

- Vətənə tez-tez gəlirsiniz?

- Hava isinən kimi gəlməyə çalışıram.

- Səfərləriniz bizneslə bağlıdır?

- Qətiyyən yox. Doğrudur, tez-tez təklif alıram. Amma razılaşmıram.

- Səbəb?

- Soykökümü, vətənimi çox sevirəm, amma Amerika mentalitetində formalaşmışam. Söhbət bu gündən gedirsə, ölkəmin insanlarına istənilən yardımı etməyə hazıram. Amma biznes birliyi qurmaq üçün hələ hazır deyiləm.

- Özünüzdən tez çıxırsınız?

- Belə bir deyim var ”Mülayim insanın qəzəbindən qorx”. Ümumiyyətlə, emosional insanam, amma məni özümdən çıxarmaq məsləhət deyil. Günün 99 faizini şən əhvalda keçirirəm. Hətta başıma pis hadisə gəlsə belə pozitivliyimi itirmirəm. Əhvalımı yüksəltməyi bacarıram.

- Bu nə dərəcədə mümkündür?

- Sevdiyiniz mahnını dinləyin, gözəl film seyr edin. Dostlarınıza zəng edin, bir lətifə danışıb əhvalınızı qaldırsınlar. Dostlar niyə lazımdır? Kədərinizi paylaşıb sizi stresdən çıxarmaq üçün... Ümumiyyətlə, əhatənizə pozitiv insanlar toplayın.

- Hərtərəfli, əsl istirahət sizin üçün nədir?

- Bu insanın əhvalından aslıdır. Maldiv adalarına gedib dənizdə çimib günəşlənə də bilərsiniz, yaxud Avropanın tarixi şəhərlərinə səhayət edib yeni dünyalar kəşf edərsiniz. Yay aylarında birinciyə daha çox önəm verirəm.

- Naxçıvanda olmusunuz?

- Təəssüf ki, olmamışam. Amma bu haqda çox düşünürəm. İnsan bir gün gəldiyi torpaqlara dönmək istəyir.

- Ananızın obrazı mənim üçün çox maraqlıdır.

- Təbiətcə mülayim insandır, amma bizi çox sərt tərbiyə edib. Öhdəmizdən gələ bilməyəndə isə atamla qorxudardı. Bu, bizim üçün dünyanın sonu idi. Onun evə gələcəyi vaxtı gözləmək bəzən əbədiyyətə bərabər olurdu. Atam ikiqat sərt davranırdı. Ən əsası valideynlərimin o vaxtkı birliyinə rəğbətlə yanaşıram. Anam bir şeyə icazə vermirdisə, atam da onunla həmfikir olurdu. Bir-birini heç vaxt ələ vermirdilər. Anam isə ümumiyyətlə, atamın qərarlarına qarşı çıxmırdı.

- Əsl Qafqaz ailəsi...

- Bəli. Mən də bu üsulla razıyam. Yeni qurulan ailədə kişinin qərarı sonuncu olmalıdır. Amma qadının sənə övladlar bəxş edib həyatının böyük hissəsini ailənə sərf edirsə, zaman keçdikcə o da söz sahibi olmalıdır. Məsələn, bu gün bizim həyatımızda anamın böyük rolu var. Mən kiçik olanda, hüquqları daha məhdud idi, amma zaman keçdikcə öz nüfuzunu möhkəmləndirdi. Bilirəm ki, öz ailəmi quranda da bu qaydaya əməl edəcəm.

- Biznesdə, işdə qadın tövsiyəsi dinləyirsiniz?

- Gender ayrıseçkiliyi etmək istəmirəm. Ümumiyyətlə, insanların məsləhətini dinləyib özüm doğru bildiyim qərarı verirəm.

- Bəs qadın şərikiniz olub?

- Heç vaxt olmayıb. Nə vaxtsa olacağını da düşünmürəm.

- Səyahət etdiyiniz ölkələrdə ən çox nəyə önəm verirsiniz?

- Səyahət etməyi sevən insanam. Ayaq basdığım ölkələrdə birinci önəm verdiyim şey insanların davranışıdır. Bilirsiniz, Amerikada insanlar bir-birinə qarşı həddən artıq diqqətli və nəzakətlə yanaşırlar. Məsələn, bir nəfərlə qapıda rastlaşırsınızsa, mütləq birinci qapını açıb ona yol verməlisiniz, sonra isə o dəstəyi saxlayıb sizin keçməyinizi gözləməlidir. Bir dəfə Moskvada bir nəfərlə təsadüfən bu vəziyyətdə qarşılaşdım. Qapını açıb yol verdim ki, keçsin. Onun ardınca bəlkə yüz nəfər keçdi, bri də dayanıb mənə yol vermədi (gülürük).

Bir də mütləq adət-ənənələri ilə maraqlanıram. Məsələn, almanların dəqiqliyinə heyranam. Düz iki dəfə dünya müharibəsinə başlayıb məğlub olan dövlət bu gün dünyanın ən çox inkişaf edən ölkələri sırasındadır. Yaponiya daha konservativ cəmiyyəti ilə seçilən dövlətdir. Qapalı, bir o qədər də dünya inkişafına açıq insanlar yaşayır. Yaponlar olmasaydı, dünya texnologiyasının yüksək inkişafından danışa bilməzdik.

- Uğurlu biznesin sirri var?

- Amerikanın varlı təbəqəsinin bir adəti var. Övladlarına yalnız ən vacib həyati önəmi olan əşyalarla dolu çanta verib dünya səyahətinə yollayırlar. Bir il ərzində bütün dünyanı gəzib çox böyük təcrübə toplayırlar. Bu müddətdə olduqca sadə həyat sürürlər. Pullarını belə deyək, həyatda qalmağa xərcləyirlər. Hostellərdə yatıb, adi kafelərdə yemək yeyirlər. Geri dönəndən sonra isə hər biri çox uğurlu iş adamına çevrilirlər. Çünki biznesə, ümumilikdə həyata artıq başqa yöndən yanaşmağa başlayırlar. Ətrafımda onlarla iş adamı var ki, övladlarını bu yolla həyata hazırlayıblar. Düşünürəm ki, gələcəkdə oğlum olsa, mən də bu addımı atacam. Amma qızımı yollamağa ürəyim yol verməz.

- Əminəm ki, Amerikanın qüdrəti bununla bitmir...

- Bilirsiniz, Amerika güc deməkdir. Sanki dünyanın gücü, nəhəngliyi bu ölkədə toplanıb. Həyatda hansı uğura imza atsam da, hər zaman sadə olmağa çalışıram. Hətta çox sevdiyim bir sitat var, hər zaman onu təkrarlayıram: “Nə qədər təvazökar olsan, bir o qədər də yüksələcəksən. Özünü hamıdan üstün gördükcə isə alçalacaqsan”. Odur ki, özümü çərçivəyə salmağı bacarıram. Bəzən davranışlarıma kənardan baxanda, qəribə bir məqama fikir verirəm. İstər Avropa ölkələri olsun, istərsə də digər qitələr, aeroportda Amerika pasposrtumu çıxardanda, özümü çox güclü hiss edirəm. Bir anda ayağımdan tutub özümü yerə endirirəm ki, oyan! Sən heç kimdən üstün deyilsən!

- Həyatda ən böyük müəlliminiz, kumiriniz kimdir?

- Dünyada elə bir insan yoxdur ki, mən onunla şəkil çəkdirmək istəyim, pərəstiş edim. İstədiyim məlumatı bir kitabdan, internet portallarından əldə edib özüm üçün faydalı hissəsini mənimsəyirəm. Hörmət etdiyim, tövsiyələrini dinlədiyim insanlar var, amma kumirim, həyat müəllimim yoxdur.

- Onda öz fəlsəfəniz var...

- İdmançıların fəlsəfəsinə dərin maraq bəsləyirəm. Doğrudur, özüm peşəkar idmançı deyiləm, amma onların həyat prinsiplərinə heyranam. Çox məşhur olsalar da, adətən adi şərtlər altında yaşayırlar. Heç vaxt məqsədlərindən dönmürlər, ruhdan düşüb kənara çəkilmirlər. Sona qədər mübarizə aparırlar.

- Həyatlarını riskə atırlar...

- Bəli, hətta həyatlarını riskə atırlar. Aleksandr Dadaşov adlı yaxın tanışım br müddət əvvəl elə rinqdə dünyasını dəyişdi. Bütün travmalara, zədələrə rəğmən döyüşü davam etdirdi. Milliyətcə ləzgi idi. Özü də ən güclü idmançılardan sayılırdı. Sonadək döyüşdü və dünyasını dəyişdi. Belə xarakterli insanlar çoxdur. Ümumiyyətlə, idman qəddar dünyadır. Publikaya isə daha çox həyəcan, ehtiras lazımdır. Onlar çox vaxt insan həyatına oyuncaq kimi baxırlar. Bu yolda isə idmançılar əziyyət çəkir, bəzən həyatlarını itirirlər. Amma geri çəkilmirlər.

- İnanclısınız?

- Bizi yaradan Ali qüvvəyə inanıram. Təhrifə uğramayan heç bir din sizi pis əmələ səsləyə bilməz. İdeal insan deyiləm, amma inanclıyam.

- İdeal insan yoxdur axı... Bəs ən riskli addımınız hansıdır.

- Özbəkistandakı çox yaxşı işimi, karyeramı qoyub Amerikaya köçməyim və sıfırdan başlamağım...

- Uğurun yolu xoş təsadüflərdən keçir?

- Əlbəttə, həyatda qarşımıza çıxan elə insanlar, həyat şərtləri var ki, zamanında əldən verməsək, uğura bir addım da yaxınlaşırıq.

- Mütaliəni sevirsiniz?

- Əvvələr daha çox kitab oxuyurdum. Hətta sizə mütaliəyə başlamağımdan danışım. Biz uşaq olanda "Dendi" oyunları vardı. Bu oyunu çox sevirdim, qiyməti 60 dollar idi. Əmim qarşıma şərt qoydu ki, 30 kitab oxu, hər kitaba görə sənə 2 dollar verəcəm. Özü də oxumaq xatirinə deyil, tam dərk edərək, bitirdiyim kitablar haqda əmimə məlumat verərək oxumalı idim.

- Hazırda Norveç həbsxanalarında məhbusların cəzasını azaltmaq üçün də bu üsuldan istifadə olunur.

- Maraqlıdır. Bilmirdim. Mən hər gün 100 səhifə oxuyub əmimə söyləməli idim. Təsəvvür edin ki, bir oyuna olan məhəbbətim məni mütaliəyə alışdırdı və dünya görüşümü zənginləşdirdi.

- Söhbətimizi pozitiv bitirək...

- Bir dəfə sosial hesabımda yazdım ki, hər səhər təbəssümlə oyanıram. İnsanlar çox təəccübləndilər. Amma bu, həqiqətən belədir. Ömrümüz onsuz da qısadır. Özümü müsbət enerjiyə kökləyirəm, sinirdən uzaq qaçıram. Şüuraltımıza bu düşüncəni yeritsək, həyatımız da daha xoş keçəcək.

Leyla Sarabi,

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm