Məşhur əcnəbi xanım azərbaycanlı kişilərdən NƏLƏR DEDİ: Elə ki, sizinlə ünsiyyət qurdu... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Məşhur əcnəbi xanım azərbaycanlı kişilərdən NƏLƏR DEDİ: Elə ki, sizinlə ünsiyyət qurdu... - MÜSAHİBƏ

Evdə daha çox zaman keçirdiyimiz bu günlərdə darıxmamaq üçün nə edə bilərik? Məsələn, maraqlı kitablar oxumaq... Elə götürək eston yazıçısı Kersti Kivirüütün “Küləklər şəhəri” romanını...

Bir neçə gün öncə Bakı Kitab Mərkəzində təqdimatı keçirilən bu kitab mütaliəsevərlərin böyük marağı ilə qarşılandı.

Kitabın müəllifi Kersti Kivirüüt həmçinin Estoniyanın fəal ictimai xadimidir. Azərbaycana həsr olunan bu romanın dilimizə tərcüməsi isə Estoniyada ölkəmizi layiqincə təmsil edən Sənəm Əliyevaya aiddir.

Yazıçı Kivirüütün Azərbaycan sevgisinə dərin ehtiramla söhbətimizə başlayaq.

Publika.az-ın müsahibi “Küləklər şəhəri” romanının müəllifi Kersti Kivirüütdür.

- Əziz Kersti, kitabı imzalayarkən mənə xoşbəxtlik və sevgi arzuladınız. Bu iki sehrli sözə necə izah verərdiniz?

- Hər şeydən öncə bu insanların xoş ünsiyyətidir. Bilirsiniz, gənc ikən seçimlərimiz kor-koranə olur. Ətrafımızdan daha çox şey gözləyirik. Ekstravaqant, zahirən gözəl, həyəcanlı olan nə varsa diqqətimizi cəlb edir. Yaşa dolduqca, təcrübə artdıca insanın düşüncələri də dəyişir. Toxunduğun hər şeydə, hər kəsdə bir fəlsəfə axtarmağa başlayırsan. Çünki çəkdiyin acılar da səni böyüdür, gücləndirir. Gözəlliyin də, sevginin də mənəviyyatla bağlılığına əmin olursan. Məsələn, səmimi söhbət səni xoşbəxt edir.

- Kersti, sizi bu gözəl romanı yazmağa ilhamlandıran səbəbi bizimlə bölüşün.

- İxtisasca tarixçiyəm. Kitab yazmaq hobbimdir. Fikrimdə çox ideyalar vardı. Nəhayət bir hekayə üzərində dayandım. Hazır olandan sonra nəşriyyata yolladım və çox müsbət rəylə qarşılaşdım. Roman sovet hakimiyyətinin qurulması ərəfəsində Azərbaycanda baş verən hadisələrdən və o dövrdə Bakıda yaşayan əcnəbilərin həyatından, onların xüsusi maraqlarından bəhs edir. Yarımçıq qalmış işlərini həyata keçirmək üçün sonrakı illərdə yenidən Bakıya can atan insanlar burada öz cənnətlərini axtarıb tapmağa çalışırlar. Bundan başqa Qarabağ münaqişəsinə, yurdundan didərgin düşmüş məcburi köçkünlərin probleminə də toxunmuşam. Hətta Xocalıdan olan qəhrəmanımla da tanış olacaqsınız. Əsərdə Azərbaycanın müasir dövr tarixinin müəyyən taleyüklü məqamlarına da işıq tutmağa səy göstərmişəm. Həmçinin bir zamanlar Fin körfəzinə köç edən azərbaycanlılar haqda əfsanədən də bəhs olunub.

- “Küləklər şəhəri” hansı janrdadır?

- Macəra və dedektiv janrdadır. Süjeti dramatik hadisələr üzərində qurulub. Azərbaycanlı idmançı Rüfətlə eston qızı Anneliisin sevgi hekayəsinə də geniş yer vermişəm. Axı məhəbbət olmayan yerdə hansı əsərdən danışa bilərik?!

- Doğrudur. Obrazlar xəyalidir?

- Rüfət obrazı 20 il öncə Bakıda tanış olduğum, yaxın dostum Elmarın, Anneliis isə mənim prototipimdir. Buradan bir sıra şübhəli suallar doğula bilər. Amma öncədən xatırlatmaq istəyirəm ki, prototip deyəndə, real insanla qəhrəmanın tale yolu, xarakteri tam uzlaşmaq məcburiyyətində deyil. Sadəcə bir sıra cizgilərimiz eynidir.

- Etiraf edin, azərbaycanlı kişiyə aşiq olardınız?

- Ümumiyyətlə, bu yaşla bağlı məsələdir. Məsələn, 20 yaşda daha cüssəli, yaraşıqlı kişilərdən xoşlanırdım. İndi isə daha müdrik düşünən, vəzifələrini düzgün dərk edən, sakitlik, rahatlıq gətirən insana ehtiyac duyduğumu düşünürəm. Bu eqoizm deyil, sadəcə böyüməkdir. Amma istənilən yaşda Azərbaycan kişilərini zahirən çox bəyənirəm.

- Hansı atmosferdə çalışmaq sizi yaradıcılığa daha çox kökləyir?

- Qəribə də olsa, səs-küyü sevirəm. Çünki həvəskar yazıçıyam, peşəkarlığa da iddiam yoxdur. İnsanlarla ünsiyyətdə olmağı, gündəlik müşahidələri, xarakter müxtəlifliyini düşüncəmdə analiz edib yekun nəticəyə gəlirəm. Bəlkə müəllimlik ixtisasım da buna təkan verib. Qələbəliyi, insanlarla çiyin-çiyinə olmağı sevirəm.

- Kafka Amerikaya ayaq basmamışdı. Amma bütün hadisələri bu ölkədə cərəyan edən roman yazmışdı. Siz də Xınalıqda olmadan, bu əsrarəngiz məkana əsərinizdə geniş yer vermisiniz. Xınalığa real səyahət xəyalınızdakı stereotipi sarsıda bilərmi?

- Yox, əksinə... Ümumiyyətlə, kitab yazmaq yaradıcılıqdır. Əldə etdiyin informasiya ilə fantaziyanın vəhdətidir. Mənim üçün çox əyləncəli durumdur. Böyük məmnuniyyətlə səfər edərəm. Bilirəm ki, müəyyən qədər fərqli mənzərə ilə qarşılaşacam, amma istənilən halda getməyi düşünürəm.

- Gəlin, təsəvvür edək ki, Estoniya haqda roman yazmağı düşünürəm. Hansı məsələlərə üstünlük verməliyəm ki, eston xalqının ürəyinə yol tapım?

- Maraqlı sualdır. Əslində Azərbaycana gələndə dejavü yaşayıram. Çünki Estoniya ilə bir-birinə bənzəyir. Amma bəlkə də digər xalqlara qəribə gələn lətifələrimiz, yumor hissimizə önəm verə bilərsiniz. Yaraşıqlı kişilərimizdən danışa bilərsiniz. İlk baxışdan emosiyalarımızı göstərməkdən utanan xalqıq. Doğrudur, mən soyuqqanlı deyiləm, çünki nənəm rusdur. Amma bütövlükdə estonlara qapalı xalq deyə bilərik. Elə ki, sizinlə ünsiyyət qurdu, sevdi, baxın, ondan sonra sevgisinin də, emosiyalarının da qapısı üzünüzə açılacaq.

Leyla Sarabi,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm