“Yad et məni, qəmli-qəmli yad et” - Sabirin HƏYAT HEKAYƏSİ
Bizi izləyin

Xüsusi

“Yad et məni, qəmli-qəmli yad et” - Sabirin HƏYAT HEKAYƏSİ

Molla Nəsrəddin jurnalı nadir təşəkkür, tez-tez təkfir və hədə-qorxu məktubları alırdı. Bir gün bir uşaq qaça-qaça Molla Nəsrəddin redaksiyasına girib Ömər Faiqə bir zərf verdi, bir saniyə də dayanmayıb çıxıb qaça-qaça getdi. Ömər Faiq təhqir məktubu kimi açdı zərfi. O vaxt zəhərli kimyəvi maddələrlə hopdurulmuş məktublar, ya da içinə bomba yerləşdirilən bağlamalar yox idi, olsaydı yollayardılar jurnala. Məktubdan şeir çıxdı:

“Ol gün ki, sənə xaliq edər lütf bir övlad

Olsun ürəyin şad”.

Cəlil Məmmədquluzadə mahir yazıçı, Ömər Faiq isə təcrübəli jurnalist idi.

Jurnalın felyeton məqalə sarıdan elə bir problemi olmurdu, üstəlik kənardan da bu cür çoxlu yazılar gəlirdi. Amma şair tapılmırdı. Doğrudur, o dövrdə Dərbənddə Mirzə Səməndər adlı bir şair vardı. Bakı milyonçularına ilk növbədə də Hacı Zeynalabdin Tağıyevə yarınmaq məqsədi ilə Mirzə Cəlilə təhqiramiz həcv yazmışdı. Milyonçunun sözünü deyən şair çox idi, xalqın sözü ürəyində qalırdı. Xalqımız isə o dövrdə şair xalq idi, şeirlə deyilən söz daha yaxşı aydın olur, daha yaxşı yadda qalırdı.

Mirzə Cəlil jurnalın ilk nömrəsində “Lisan bəlası” Məşədi Sicimqulu yazmışdı. Məşədi Sicimqulu Əli Nəzmi idi. Şeiri çap edən redaktor Mirzə Cəlil 1927-ci ildə yazırdı ki, bu şeir şeir deyil. “Millət necə tarac olur olsun” şeirini də Mirzə Cəlilin qələmindən çıxmışdı.. Jurnalın redaktorları sevincək olub şeiri çap etdilər. Amma məktubda imza yox idi, qaça-qaça gələn uşağa görə şeirə Hop-hop imzası qoydular. “Hop-hop” tullana-tullana gəzən bir quşun adı idi.

Həmin şeir jurnalın yeddinci nömrəsində çap edildi. Çox keçməmiş həmin uşaq yenə də qaça-qaça gəldi və təzə bir zərf verdi. Yenə də ləngiməyib qaçdı, ondan bir şey xəbər almaq mümkün olmadı. Zərfdən isə “Bilməm nə görübdür bizim oğlan oxumaqdan” şeiri çıxdı. Üçüncü dəfə zərf gələndə 34 yaşlı Ömər Faiq uşağın arxasınca düşüb erməni bazarında şamaxılıların dükanına gəldi. Ömər Faiq 1901-1902-ci ildə Şamaxıda müəllim işləmişdi, taciri yaxşı tanıyırdı.

“Bu şeirləri yazan adam Mirzə Ələkbər Sabirdir. Qorxduğundan məktubları jurnalın idarəsinə yaza bilir, qorxur ki, postaxanada Hacı Məcid Əfəndinin müridlərindən olar, məktubları oxuyub Hacıya xəbər verərlər. Ona görə şeirləri bizə göndərir, bizə gələn məktublar diqqət cəlb etmir”.

Qəribə təsadüfdür, Ömər Faiq o illərdə də Şamaxıda yaşayan Sabirlə şəxsən tanış olmamışdı. Tanışlıqları belə oldu. Molla Nəsrəddin bir şair qazanmışdı. Təkcə Molla Nəsrəddinmi? Füzulinin taxtı sarsılacaqdı!

Sabir Molla Nəsrəddinlə ölən gününə qədər əməkdaşlıq edəcək, həm jurnalı şöhrətləndirəcək, həm də özü şöhrətin zirvəsinə çıxacaqdı. Bəs illərin yazıçısını, jurnalistini ikicə misrası ilə heyrətləndirmiş o şair kim idi?

Atalar… Oğullar… Ata olan oğullar

Şeir yazmağını gizləyən Sabirin atası həlim bir adam deyildi. Gəncliyində Şamaxıda inqilabi bir iş bacarmışdı. Sabirin etdiklərindən az cəsarət göstərməmişdi. Yazıq Sabir şeir yazdığını gizlədirdi amma o hamının gözü qarşısında şiəliyi atmışdı.

Gəlin, o hadisəyə Seyid Hüseynin dilindən qulaq asaq. XIX əsrin birinci yarısında Şamaxı böyük şəhər sayılırdı, quberniyanın mərkəzi idi. Şəhərdə həm sünnilər, həm də şiələr yaşayırdı. Onlar arasında daim nifaq və düşmənçilik olurdu. Sabirin babası Hacı Tahir sünniydi. Peşəsi qaratikan kötüyündən çubuq və qəlyanbaşı düzəltmək idi, çöpçülük də edirdi. Sünnilər arasında hörmətli adam sayılırdı, iki oğlu vardı, Zeynalabdin kiçiyi idi.

Böyük oğlu atanın meyarlarına görə üzüyola idi, amma kiçiyi ilə yola getmirdi. Bir işin ucundan yapışmırdı, şiələrin məşhur musiqiçisi Mahmud ağanın məclislərində iştirak edirdi. Bunun üstündə üzü danlanırdı, amma Zeynalabdin atasını daha çox əsəbləşdirəcək şeylər tapıb onları edirdi.

Bütün bu avaraçılığa dözmək olardı, oğullar o zaman da beləydilər, sözə qulaq asmazdılar. Amma Zeynalabdini ətrafında olan gənclərdən fərqləndirən bir şey eşitdi ata. Zeynalabdin şiələrin məhərrəmlik təziyələrində iştirak etmişdi. Oğlun evə gecəyarı qayıtdığı gecələrdən biriydi. Ata yatmamışdı, oğlunu gözləyirdi. Elə o gecə oğlunu evdən qovdu. Zeynalabdin atasından da tərs idi, evə qayıtmaq üçün heç bir cəhd göstərmirdi. Şəxsi təşəbbüsləri ilə atadan xahiş edənlərə atanın eyni cavabı verirdi: “Mən onu ölmüş bilirəm”.

Allah bir qapını bağlayıb, digərini açırdı. Şiələrin ən hörmətli axundu Ağa Seyidəli Ağa məclislərin birindi Zeynalabdini yanına çağırdı, ona böyük iltifat göstərdi. Zeynalabdinin atasına vurduğu zərbə isə amansız oldu. Şiəliyi qəbul etdi və bu barədə atasına xəbər göndərdi. Atası bu qədərini gözləmirdi. Amma özünə gəldi, sünnilərin hörmətli adamlarını evinə yığdı və hamının hüzurunda Zeynalabdini oğulluqdan çıxartdığını elan etdi.

Sünnilər qəmli, şiələr şad idilər. Zeynalabdinin ağır günləri bundan sonra başladı. Qohumları da onu görəndə üzlərini yana çevirdilər. Təmtək qalmışdı quberniya paytaxtında. Bu zaman bir sünni dükanı soyuldu, Zeynalabdinin hadisədən xəbəri də yox idi. İntiqam alovuyla alışıb-yanan sünnilər soyğunun şiələr tərəfindən edildiyinə adları kimi əmin idilər, amma oğru tapılmırdı. Əllərinə düşən bu imkandan Zeynalabdini cəzalandırmaq üçün istifadə etdilər, onun əleyhinə ifadə verib həbs etdirdilər. Şəhər qalabəyisi Zeynalabdinin boynuna “günah”ını qoymaq üçün ona həbsxanada ağır işgəncələr verdirdi. Yaş çubuqlarla sünnilərin “vurun, əllərinizə qurban olum” nidalarıyla şəhərin meydanında döydürdü.

Amma Zeynalabdin cəzaya mətanətlə dözdü, “etiraf” etmədi. Onu həbsdən azad etdilər. Ancaq yaş çubuqlar sünnilərin qisas alovunu söndürə bilməmişdi, imza topladılar və Zeynalabdini Bakıya sürgün elətdirdilər.

Şiələrin heysiyyatı zədələnmişdi, Zeynalabdinin başına gələnləri özləri qarşı təhqir bilirdilər. Ağa Seyidəli Ağanın yanında Zeynalabdin haqda söhbət açılmış və Ağa “O bizdəndir!” demişdi. Əllərində olan bütün imkanlardan istifadə etdilər, imza topladılar, Tiflisə teleqram vurdular nəhayət üç aylıq sürgündən sonra Zeynalabdinin sürgününə son qoydular.

Şamaxı şiələri Zeynalabdini təmtəraqla qarşıladılar. Məsciddə böyük məclis quruldu, Ağa Zeynalabdini əvvəlki günahlarından tövbə etdirib ziyarət üçün Xorasana göndərdi. Onun Xorasandan qayıdışını da bayram etdilər. Zeynalabdin üçün pul topladılar, ona baqqal dükanı açdılar və evləndirdilər. Bir müddət sonra Zeynalabdinin böyük qardaşı da şiəliyi qəbul etdi. Sabir Zeynalabdinin sonbeşiyi idi.

Son bir qeyd: Sabir sünni babasının adını özünə soyad götürmüşdü: Tahirzadə.

Sabir Ələkbər olanda

Məzhəbini dəyişən Zeynalabdin öz atasından fərqli bir ata ola bilmədi.

Oğlu Ələkbəri dərviş kimi görmək istəyir. Ona uzun ətəkli dərviş paltarı tikdirmişdi. Ələkbər dükanın qabağında Həzrəti Əli sevdasını tərənnüm edən şeirlər oxuyurdu. Məktəb yaşına çatanda Zeynalabdin Ələkbəri mollaxanaya apardı. Mollaya o dövrün məşhur cümləsini dedi: “Əti sənin, sümüyü mənim”. Ruhu da istəyəcəkdi molla. Ələkbəri isə məktəbdə “qamış qələmin kağızın üstündə cırıltı salıb xətt salması maraqlandırırdı”.

Quranı xətm etməyən şagirdlərə yazmaq qadağan idi. Yazmaq cinayət sayılırdı. Gələcəyin Sabiri bir şeylər qaralamışdı. Mollaya xəbər çatdı, heybəsini axtardılar, karandaş tapdılar. Cəza üçün maddi dəlil də vardı, əllərini falaqqaya saldılar. Üç çubuq yedi Ələkbər. Bu yazı üçün yediyi ilk kötək idi. “Mollam da döyür yazı yazanda” misrası da bu hadisənin təsviriydi.

Böyük şairin hüzurunda

Seyid Əzim o dövrdə Şamaxınının ən savadlı adamı sayılırdı. Bağdadda, Şamda oxumuşdu. Mədinədən tutmuş İstanbula qədər gəzib dolanmışdı. Sünni-şiə ixtilafının əleyhinə çıxırdı. Rusca təhsilinin şəriət tərəfindən qadağan edilmədiyini deyirdi. Şamaxı mollaları onu da sevmirdilər, maarifçi fikirlərindən qorxurdular. Lakin Seyid çox savadlı idi, dini elmlərdə mollaları cibindən çıxardardı.

Üstəlik, klassik poeziyanın son mogikanıydı, iynəli qələmi vardı, istədiyi adamı yazdığı iki beytlik həcvlə dillərə salar, biabır edərdi. Şamaxıda cəmi sinif otağı olan məktəb açmışdı. O bir otağın işığı əsrlərə çatacaqdı. Modern məktəb idi, falaqqası yox idi, uşaqlar skamyalarda otururdular. Ələkbərin uşaqlığının ən gözəl günləri bu məktəbdə keçdi. Amma bütün gözəl şeylər kimi məktəbdəki bu günlər də bitdi.

Dükandakı şair

Atası istəyirdi ki, Ələkbər də böyük qardaşı kimi dükanda ona kömək eləsin. Ələkbər məktəbə davam edirdi, amma bir gün Zeynalabdin gəlib məktəbdən uşağı götürdü. Gələcəyin böyük şairi məktəbdən çıxarılıb dükana aparılırdı. Yer göy susurdu…

Ata və oğul arasında gizli müharibə başlandı. Məktəbdən çıxarılsa da Ələkbər oxumağından qalmırdı. Dükanda da əlində fars və türk divanları vardı. Şeirlərini yazdığı və Seyidin öz əli ilə redaktə etdiyi dəftərçəni də yerə qoymurdu.

Oğlunun həvəsi atanı qəzəbləndirirdi. Üstəlik dükanda da işlər yaxşı getmirdi. Ələkbərin nəsibi söyüş və qapaz idi. Bir gün atanın qəzəbli vaxtında gözünə dəftərinə şeir yazan Ələkbər sataşdı. Ata şairin üstünə cumdu, dəftəri əlindən aldı, Ələkbər qaçıb döyülməkdən xilas oldu. Şeir dəftərini cırıq-cırıq etdi atası. Üstəlik, axşam şam zamanı yenə Ələkbəri acıladı. Ələkbər yatağında xilas haqda düşünürdü. Yəqin ağlına gəlmirdi amma o təkcə özünü yox Azərbaycanı xilas etməli idi. Missiya böyükdü.

İrana qaçıb ordakı dərvişlərə qoşulmaq istəyirdi. Azadlığını bu cür təsəvvür edirdi. Bakı yoluyla hərəkət edən bir karvana qoşulub Şamaxıdan getdi. Atası bu xəbəri eşidəndə belə dedi: “Can onun, cəhənnəm tanrının”.

Amma gecə bir at kirayələdi, Şamaxıdan bir mənzil uzaqda olan oğlunu tapıb geri qaytardı. Bu hadisədən sonra atası bir az yumşaldı. Oğlunun şeir yazmasına, şairlərlə oturub durmasına bir söz demədi. Ələkbər ustadı ilə tez-tez görüşməyə başladı. Bir gün Seyid “Ey məh, bilirəm fitnəyi dövran olacaqsan; Ey qaşi hilalım, məhi təban olacaqsan” beytini yazıb Sabirı verdi və xahiş etdi ki, bu beytə cavab yazsın. Sabir bir qəzəlı yazıb ustadına verdi. Qəzəl “Amma bilirəm səbr evi viran olacaqsan” misrası ilə bitirdi.

Seyid bu qəzələ kövrəldi, evə çatan kimi Ələkbərə bir məktubla bir yerdə hədiyyə göndərdi.

Məktubda yazırdı:

“Nuri didəm, Sabir!

Qəzəlimə yazdığın məlih və şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından haman kitabı sənə silə göndərirəm. Yadigari-ustad olmaq təriqiylə qəbul edəsiniz. Şairlikdə tərəqqi etməyinizi arzu edirəm”.

Kitab Nizaminin Xəmsəsi idi. Seyid 1888-ci ildə Sabirin böyük şair olduğunu görmədən öldü. Söz yox ki, o bir müəllim və ustad kimi tələbəsinin böyük zirvələri fəth edəcəyini duyurdu. Ustadın vəfatından illər sonra Sabir Bakıda Seyid Hüseynə ustadı ilə bağlı bir əhvalat danışacaqdı:

“-Mən, bir dəfə,-Hacı Seyid Əzimin görüşünə getdikdə gördüm ki, bütün yazdığı kitablarını, şeirlərini qarşısına töküb onlarla məşğuldur. Hər zaman zarafat edib, əylənən Ağa o gün çox bikef və kədərli idi. Səbəbini soruşdum. “Bir şair üçün, dedi-bundan böyük bədbəxtlik olmaz ki, gözünü həyata yumarkən bütün ömrünün məhsulu olan əsərlərinin müqəddaratını bilməsin. Məni kim xatircam edər ki, öldükdən sonra bu əsərlərim təb və nəşr edilib adımı tarixdə yaşadacaqdır. Mən bunların künc və bucaqlarda itib tələf olmayacağından arxayın deyiləm”.

Sabir özü də eyni qorxunu yaşayacaqdı. Amma Seyidin də Sabirin də qorxusu boşa çıxacaqdı, tarix onların adını qızıl dəftərinə həkk edəcəkdi.

Xorasan yolunda

Ələkbər Şamaxıdan çox darıxırdı. Şairliyini təkmilləşdirmək, dünyagörüşünü artırmaq istəyirdi. Atası ona Xorasana göndərməyə söz vermişdi. Bu sözü xatırladanda ata razı olmadı. Ələkbər israr etdi. Atası iki səbəbə görə razı oldu. Şiələr üçün Xorasan müqəddəs yer idi, İmam Rza orda dəfn edilmişdi, ata imamın qəzəbindən qorxurdu. 600 il bundan qabaq başqa bir şamaxı şairi Xaqani də Xorasana can atırdı:

“Nə səbəb var ki, məni Xorasana qoymurlar,

Bülbüləm, baği gülüstana məni qoymurlar”.

Ata öz gəncliyini xatırlayırdı, Xorasan ziyarətindən sonra ağlı başına gəlmişdi. Ələkbərə icazə və yol xərci verdi. İranı, Türkmənistanı bir neçə il gəzən şair iki dəfə qısa müddətə Şamaxıya qayıtdı. Aşqabadda da sabun bişirib satdığını o zaman orda onunla tanış olan Salman Mümtaz yazmışdı.

Məhərrəmlik günlərində Sabir şamaxılıların məscidində öz mərsiyələrini oxuyurdu. Elə Aşqabadda olanda məktub aldı. Atası ölmüşdü, qardaşı onu Şamaxıya çağırırdı. Anasının qardaşına diqtə etdiyi məktubdakı yanıqlı sözlərə Sabir dözmədi, Şamaxıya qayıtdı.

Hərçənd gözəl bilirdi ki, bir daha Şamaxıdan ayrıla bilməyəcək.

Ələkbərin qıza dəyən əli

Sabir necə evlənməsini Seyid Hüseynə danışıb, o da yazıb. Biz də ondan oxuyuruq. Anası uzaq qohumlarından olan Badamxanımı evlərinə gətirmişdi, fikrini onu Ələkbərə almaq idi. Qızı Ələkbər uşaq vaxtlarından tanıyırdı, ona qarşı bir şey hiss etmirdi. Lakin Badam Ələkbəri görəndə qaçırdı, onu görəndə yaşmanırdı. Bir gün evə qayıdan Ələkbər qapını açdı, qabağında Badamı gördü. Daha doğrusu Badamın gözlərini…

“Gözlərində sanki mənə qarşı bir məzəmmət vardı” demişdi. Qapıdan içəri girib qapını bağlamaq istədi şair. Badam da qapını bağlamaq istəyirdi, dəmirin üstündə əlləri qovuşdu. O gündən qızın bəzəkli paltarlarla Ələkbərin qarşısında dolanması şairin ona meylini artırırdı.

İstəyini anasına açdı, anasının oyunu baş tutmuşdu. Evləndilər, on bir uşaqları oldu.

Sabirin Həmidə xanıma dediyi kimi hər Ramazanda bir qızı olurdu, Sabirin anası tez-tez Kərbalaya gedib oğlan arzulayırdı, nəhayət oğulları doğuldu, adını Məmmədsəlim qoydular. “Uşaqların olması Ələkbərin zamanını alır, güzəranını ağırlaşdırır, onu daha artıq dərəcədə məyus edirdi”. Badam savadsız idi, Ələkbərin şeir yazması ona çatmırdı.

“Evimizdə var idi hər nə desən

Qatıq, ayran ilə qaymaq, nə yesən,

Nə bilirdik nə zəhrimardı kitab,

Biz olan evdə haçan vardı kitab”.

Bu şeir elə Badam haqdaydı. Seyid Hüseyn yazırdı: “Badamı aşiqanə bir qəzəldən, yanıqlı bi mərsiyə və sənətkəranə bir qəsidədən Sabirin evə gətirdiyi bir girvənkə yağ, bir batman un daha artıq maraqlandırır, ona daha artır “bədii” zövq verirdi”. Ələkbər qəzəldə “Seyid Əzimdən, mərsiyədə isə məruz mərsiyə şairlərindən aşağı olduğunu əzab içində hiss edir, nə qədər ağrılı olsa da poeziyanın inkişaf etdiyi Şamaxıda şöhrəti maraqlı söhbətlər və şirin zarafatlardan ibarət idi”.

Zəmanə yeni bir şairi udmağa hazırlaşırdı. Udacaqdı da. Səhhət olmasaydı…

Səhhətli günlər

Ələkbərin ən yaxın dostu Abbas Səhhət olacaqdı. “Sümüklərimi də xalqın yolunda qurban verməyə hazıram” vəsiyyətini ona edəcəkdi. Ələkbərin ölümündən sonra Səhhət yazacaqdı: “Ağlarız xatirə gəldikcə gülüşdüklərimiz”. Ələkbəri Sabirə məhz o çevirdi.

Sabir ömrü boyu verdiyi ilk və son müsahibədə (müsahibəni Salman Mümtaz almışdı) özünməxsus təvazökarlıqla “siz böyüksünüz yoxsa Abbas Səhhət?” sualına belə cavab vermişdi: “Yaşda mən, başda o”.

Səhhət Tehranda, “Mədrəsəyi Nizamiyyəyi Nəsiriyyə”də həkimlik oxumuşdu. Fransız dilini də orda öyrənmişdi. Amma İran diplomuyla Azərbaycanda işləyə bilməzdi, imtahan verməli idi. Sürətlə rus dilini öyrəndi. Fransız dili vasitəsi ilə Qərb ədəbiyyatını dərindən öyrənmişdi, Şamaxıda isə rus ədəbiyyatını mənimsəyirdi. Realnı məktəbdə müəllim kimi işləməyə başladı.

Sabirə dünya ədəbiyyatı haqda məlumat verən də o idi. Rus və fransız dillərindən şeirlər tərcümə edib Sabirə oxuyurdu. Sabir artıq qəzəl və mərsiyədən soyumuşdu.

Sabirin ürəyində və beynində böyük tufanlar qopurdu. XIX əsrin ilk illəri idi, milli mətbuat sürətlə inkişaf edirdi, çar hökuməti mətbuat üzərində sərt siyasətindən imtina edirdi. Bakıda qəzetlər çıxmağa başlayırdı. Sabir yeni şeirlər yazmağa başlayırdı. “Şərqi Rus” qəzetində çıxmağa başlayanda (1903) Sabir bir şeir yazıb Tiflisə göndərdi. Bu şeir Sabirin yeni ruhda yazdığı ilk şeir idi. Sabirin ictimai proseslərlə maraqlanmağı da bu dövrdə başladı.

Lakin mətbuatın yolları hamar deyildi, böyük arenaya çıxan Sabir ümidsizliyə düşürdü, Məhəmməd Hadinin ərəb-fars tərkibləriylə doplu şeirləri onu narahat edirdi, içində olan yeni şeir hissini heç harda tapa bilmirdi, ürəyindən keçən şeirləri heç kim yazmırdı, Hadinin şeirləri də onu açmırdı, o satirik bir şeylər yazmaq istəyirdi.

“Zamanın Molla Nəsrəddini” Molla Nəsrəddinin Sabiri yaradacağı günlərə lap az qalmışdı. “Molla Nəsrəddin” jurnalının çıxması ilə Şamaxıdakı qaragüruh da şaxə qalxdı. Seyid Hüseyn “İrşad” qəzetinin redaktorunun Şamaxıya gəlişinə şamaxılıların absurd münasibətini yazır. Şamaxılıları qəzet redaktorunun sünni ya da şiə olması maraqlandırırdı, onların nəzərincə redaktor şiələrə qonaq düşürsə şiə, sünnilərdə qalacaqdısa sünni idi. Amma redaktor şəhər bələdiyyə rəisinin evinə düşəndə şiələrin də sünnilərin də kefi pozuldu. Çünki rəis babi idi, babiləri nə şiələr, nə də sünnilər sevirdi.

Mahiyyətcə babilik islam protestantizmi idi, Mirzə Fətəli də bu barədə məqalələr yazmışdı. Babilik tacir və burjuazuya sinfinin islama münasibətini ifadə edirdi.

Seyid Hüseyn həmin redaktorun kimliyini demir, lakin Mahmud Nədim Qaragözovun xatirələrindən həmin şəxsin Qaragözovun olduğunu bilirik. Redaktorun rəisin evinə düşməsi şamaxılılarda qəzetçilərin “babi” olması barədə qətiyyətli bir rəy yaratdı. Redaktorla görüşən Sabir də “babiliyin” yaratdığı ab-havadan nəsibini aldı, zira şamaxılıların gücü rəisə yox, şairə çatırdı. Redaktor şairlə görüşündə Sabirin bu sözlərini xatirəsində qeyd edir:

“Qeyr bir yerdə birisi aşkara dinindən dönmüş olsa mənim burda gördüyüm tənə və təhqirin yüzdə birini görməz. Halbuki mən və nə də dönmək fikrindəyəm”.

Sabir özününün də dediyi çox ağır təzyiqlər altında yaşamağa başladı, hələ sabun bişirməklə dolanırdı, şeirlərini gizli imza ilə yazsa da, birbaşa Molla Nəsrəddin redaksiyasına yox Şeyxovların dükanına göndərsə də bu şübhələr dağılmır, əksinə şiddətlənirdi.

Bir gün olmalı olan oldu. Axund minbərdən Sabiri kafir elan etdi və dedi: “Ona salam vermək də haramdır”. Əsrlərdən yüksəlib Nizamini, həmşəhrisi Xaqanini, Sədini, Hafizi salamlayan şairləri yerliləri bircə salamı da çox görürdülər. Amma boykot bununla bitmədi. Axundun müridi Məhəmmədhəsən köhnə müştərisi Sabirə sabun bişirmək üçün lazımi xammal olan quyruq və piy satmaqdan imtina etdi.

Onun bu hərəkətini başqaları da təkrarladı. Sabir Şamaxıda aclığa məhkum edilmişdi. Bir gün hamamçı da onu hamama buraxmadı. Qaragüruhun intiqamı ağır oldu.

“Molla Nəsrəddin” jurnalında Şamaxı qazısı Hacı Məcid Əfəndinin köhnə və yeni hərəmi ilə necə rəftar etməsi haqda karikatura çıxmışdı. Xalq bu karikaturada Sabiri günahkar bildi. Hər nə qədər Sabir karikaturanı özü çəkmədiyini desə də qulaq asan olmadı. Sonda Hacı Məcid Əfəndinin özü işə qarışdı, Sabiri günahsız elan etdi. Bundan sonra Şamaxı ilə bağlı başqa bir karikatura çıxdı. Bu Sabirin atası Zeynalabdini şiəliyə qəbul etmiş Ağa Seyidəli ağanın karikaturası idi.

Bu karikaturanı da Sabirdən bildilər, qaragüruh ayağa qalxdı. Qızının əri də onlara qoşuldu. Sabirin üstünə silah çəkdi. Sabir qorxudan bihuş olub yerə yıxıldı, bir neçə gün xəstə yatdı. Şamaxıda yaşamaq üçün bütün imkanlar tükənmişdi.

Seyid Hüseyn arvadı Badamxanımı da Sabiri bu günlərdə tək qoyduğunu yazırdı, Badamxanın ərinin “xəriflədiyini” deyirdi.

Sabirin doğmaca anasının belə Badama “Niyə oturmusan, get ondan boşan, sən şərən azadsan, o babıdır, mən də südümü ona halal etməyəcəm” dediyini qızı Səriyyə xatirələrində yazırdı. 6 əsr bundan əvvəl böyük Azərbaycan şairi Xaqani də Şamaxını tərk edib getmişdi. Sabir də bu yolu tutacaqdı, qərar vermişdi artıq. Sabir sabun bişirməyin daşını atdı və bir məktub yazdı.

Bakı günləri

Məktubun ünvanı Sabirin sinif yoldaşı, məşhur inqilabçı Sultan Məcid Qənizadə idi:

“Daha taqətim, təb və səbrim başa gəlibdir. Qardaşlarının əlindəki Yusif kimi əsir qalmışam. Birisi şillə ilə üzümə vurur, o birisinin məhəbbət ağuşuna atılmaq istəyəndə o da yumruqla başımda vurur, bu biri tərəfə gedəndə o da yumruğu başıma zollayır. Ondan azad olub başqasıyla dost olduqda döşümdən itələyir, ağzımdan vurur, ona dal çevirəndə digəri dalımdan vurur, ağzıüstə yıxılıram. Bir daha Şamaxıda qalmağa tabım qalmayıb. Bir nəfər də havadarım və qəmxarım yoxdur, yenə Sizə ümidvar olub sizə dərd-sər verməyə cəsarət edirəm.

Acizanə xahiş edirəm, mənim burda katorqa cəzasına məhkum olub qalmağıma razı olmayasınız. Lütf və mərhəmət əlinizi mənim tərəfimdə uzadıb, məni bu cəhənnəmdən xilas edəsiniz”.

Sultan Məcid məktubu oxuyub ağladı. Firudin bəy Köçərlini də çağırdı, məktubu ona oxudu, bir yerdə çarə axtarmağa başladılar. Sultan Məcid Qori seminariyasının Azərbaycan şöbəsində inspektor idi. Firudin bəy Köçərli isə seminariyanın Azərbaycan dili müəllimi idi. Amma Sultan Məcid Bakı və Dağıstan məktəbləri inspektorluğuna keçməliydi.

Dostlar bir neçə dəqiqəyə Sabirin qurtuluş planını hazırladılar. Firudin bəy Qoridə inspektor olacaq, onun yerinə azərbaycan dili müəllimi Sabir təyin edilməliydi. Lakin plan suya düşdü, Firudin bəyi ali təhsili olmadığı üçün inspektor vəzifəsinə təyin etmədilər. Amma Sabir Bakıda imtahan verib Zaqafqaziya şeyxülislamından müəllimlik şəhadətnaməsi aldı.

Qoridə işi alınmadı, Sabir də naəlac qalıb Şamaxıya qayıtdı və orda “Ümid” adlı məktəb açıb müəllimliyə başladı. Sonralar yazıçı olan, repressiya zamanı güllələnən Hacıbaba Nəzərli Şamaxıda, “Ümid” məktəbində Sabirin tələbəsi olmuş, sonralar xatirələrini yazmışdı. Ondan oxuyuruq:

Bir gün Sabir çox qəmgin və müztərib idi. Sinfə girəndə bunu hamımız duyduq. Sinfə girəndə bunu hamımız duyduq. Onun haləti-ruhiyyəsi hamımıza təsir etməmiş deyildi. Biz fars dili dərsi keçəcəkdik. Sədinin “Gülüstan”ını açdıq. Sinif başçısı uşaqların siyahısı oxudu. Tağı Abuzəroğlu adı gələndə heç kim cavab vermədi. Sabir başçıya dedi:”Onu dəftərdən pozun, gəlməyəcək”.

Sabirin səsində dərin bir yas və ələm vardı. Əlavə etdi: “O gəlməyəcək. Onu qardaşları məktəbdən çıxarıb işə göndərmişlər. O başmaqçı şagirdliyinə gedir.

Tağı on beş yaşlı çalışqan bir şagird idi. On gün əvvəl atası ölmüşdü.

Qardaşı ziyalı şəxs olan, Sabirlə, Abbas Səhhətlə dostluq edən Hacıbaba Nəzərli hələ Sabirin tələbəsi ikən mətbuata böyük maraq göstərir, Hophop imzalı şeirləri Molla Nəsrəddindən böyük həvəslə oxuyur, özü də şeir yazmağa meyl edirdi.

Bir müddət sonra Molla Nəsrəddin jurnalından Hop-hop imzası yox oldu, onun yerinə Əbünəsr Şeybaninin eyni səpkili şeirləri görünməyə başladı. Gənc şagird və şair Şeybaninin kimliyini tapmağöı özünə dərd etmişdi. Bir gün Abbas Səhhət və Sabir onlara qonaq gəldilər, Sabir bir şeir oxudu bir həftə sonra həmin şeir jurnalda çıxanda Hacıbaba Əbunəsr Şeybaninin müəllimi Sabir olduğunu bildi.

Sabahısı gün dörd misra şeir yazıb Sabirin müəllim stoluna qoydu. Sabir stolda oturanda şeiri gördü və yavaşca oxudu:

Qorxdu, dönübən oldu

Şeybani bizim Hophop.

Axır ki, dağıdacaq

Şirvanı bizim Hophop.

Bu gündən sonra Sabir bir şair kimi Hacıbabanın üzərində işləməyə başladı. Bəli, Sabir yazdığı şeirləri şagirdlərindən belə gizlədirdi, zəmanə belə əclaf idi. Sonrada bu şagird Moskvada ali təhsil aldı, yazıçı oldu, 1938-ci ildə “xalq düşməni” kimi güllələndi. Bir müddət sonra Bakı və Dağıstan məktəblərinin inspektoru Sultan Məcid onu Balaxanı məktəbinə müəllim təyin etdi.

Bakıda müəllim işləyən Sabir mətbuatla da fəal əməkdaşlığa başladı, “Səda” qəzetini korrektoru idi, eyni zamanda “Həqiqət”, “Günəş”, “Zənbur”la əməkdaşlıq edir, “Molla Nəsrəddin”ə də yazırdı.

Axşamlar məktəbdə yaşlılar üçün pulsuz əlifba öyrədirdi. İki yerdə də xüsusi dərs verirdi. Artıq xəstəydi, Şamaxıya qayıtmalıydı. Balaxanının mazutlu havası onun sağlamlığına düşmən kəsilmişdi. Mirzə Cəlil və Həmidə xanım onu Tiflisə çağırırdı.

Tiflis günləri

Ağır xəstə idi şair, Bakıda 3 ay müalicə (1910 sentyabr-noyabr) olunsa da xeyri olmadı. Həmidə xanımın göndərdiyi pulla Tiflisə gəldi. Tarix: 1910 1 fevral. Mehmanxanaya düşsə də Ömər Faiq dərhal onu Molla Nəsrəddin redaksiyasına gətirir. Qarabağda olan Cəlil Məmmədquluzadənin kabinetində yatır.

O dövrdə jurnalın müvəqqəti redaktoru olan Məmmədəli Sidqiyə məktub yazan Cəlil Məmmədquluzadə Sabiri ən yaxşı həkimlərə göstərməyi və pul əsirgəməməyi ondan xahiş edir.

O dövrdə Molla Nəsrəddin jurnalında bir neçə uşaq vardı. Kim idi o uşaqlar:

Münəvvər: Cəlil Məmmədquluzadənin birinci arvadından olan qızı Həlimə; Əhməd Pepinov: Ömər Faiqin bacısı oğlu. 1937-ci ildə güllələndi.

Əziz Şərif: Mirzə Cəlilin, eləcə də Sabirin yaxın dostu, Qurbanəli Şərifzadənin oğlu

Əbil: Mirzə Cəlilin vəfat etmiş bacısının oğlu

Manya Dobrodeyeva: Həmidə xanımın xidmətçisinin qızı.

Bütün bu uşaqlar Molla Nəsrəddinin ikimərtəbli redaksiyasında yaşayırdılar. Cəlil Məmmədquluzadənin himayəsi ilə təhsil alan bu uşaqlar bazar günü “Molla Nəsrəddin” jurnalının bütöv şəkildə çap edilmiş səhifələrini qatlayır və üzərinə abunəçilərin ünvanlarını yazırdılar. Şeirlərini sevə-sevə oxuduqları Sabirin Tiflisə gəlməsi bu uşaqlar üçün bayram idi.

Şairin ölümünə az qaldığını böyüklərdən eşidən bu uşaqlar aradabir xəlvətə çəkilib ağlayırdılar. Sabirə qulluq etməkdən ötrü əldən-ayaqdan gedirdilər. Biri paltosunu tutur, o biri ayaqqabılarını gətirirdi. Sabir su istəyəndə beşi də mətbəxə qaçırdı. Sabir ona qarşı göstərilən bu hörmətdən sıxılırdı. Yazıq Sabir ömrünün ən gözəl günlərini yaşayırdı.

Yəqin ki, Sabiri haqqıyla anlayacaq yaşa gəlməmiş, kamala çatmamışdılar.

Amma xoşxasiyyət bir adamın ölümünə az qala bir uşağın ona bu qədər hörmət göstərməsi təbii deyildimi. Sabir xəstə olduğu üçün gecələr yaşca hamısından böyük olan Əhməd onun yanında qalırdı.

Bütün bunlar barədə bizə məlumat verən Əziz Şərif yazır ki, Sabir gecələr “Səriyyə, Səriyyə” deyib sayıqlayırmış. Səriyyə Sabirin qızı idi.

Əziz Şərif bir yeniyetmə müşahidəsi ilə yazır: “Sabirin simasında daim hüznlü bir gülüş, qəmgin bir təbəssüm oynayardı”.

Əziz Şərifin atası Qurbanəli Şərifzadə Sabirə yazdığı məktubunda Əziz Şərifin yazılarına fikir verib, oğluna məsləhət verməsini xahiş edirdi. Əziz Şərif sonralar Moskva Dövlət Universitetinin professoru olacaqdı.

Sabir Tiflisin bütün məşhur həkimlərinə göstərildi. Reseptlər yazıldı, müalicələr edildi, amma effekt vermədi. Onun üçün konsilium təyin edildi, vəziyyəti ümidsiz idi. Bəzi həkimlər son çarə kimi əməliyyatı təklif etdilər. Bir çoxu isə əməliyyatın da səmərəsiz olduğunu deyirdi. Sabir də əməliyyata qarşı idi: “Mənim qarnım sandıq deyil ki, açıb bağlayasınız”. Bir müddət xəstəxanada da yatdı, əlac olmadı. Serroz son həddində idi, ölümün nəfəsini duyurdu Sabir. Tezliklə Cəlil Məmmədquluzadə də Tiflisə qayıtdı. Onların görüşləri, söhbətləri haqda heç nə yazmayıb. Bircə müalicəsi nəticəsiz qalan şairi 1911-ci ilin martında vağzaldan Şamaxıya yola salındığını yazılıb.

Cəlil Məmmədquluzadə dostunun öləcəyini bilirdi. Sabir də Əzrayılın gəlişindən xəbərdar idi. 4 ay sonra Abbas Səhhət Molla Nəsrəddin redaksiyasına bir teleqram göndərdi: “İyulun 12-sində Sabir vəfat etdi”.

Cənazə namazını Mir Mehdi Ağa qılmalıydı, amma tərəddüd edirdi. Gənclər səslərini qaldırdılar, ara qarışdı. Mir Mehdi Ağa namazı qıldırdı.

Mirzə Cəlil üçün ölüm xəbəri gözlənilən olsa belə bir neçə gün özünə gələ bilmədi. Hətta bir müddət jurnalı bağladı. Təkcə onun yox jurnal kollektivinin də əli işə yatmırdı. O vidadan on il sonra Sabirin heykəli qoyuldu.

Mirzə Cəlili ora dəvət etməyəcəklər, dostuna heykəl qoyulduğunu qəzetlərdən oxuyacaqdı.

Böyük Azərbaycan tıxacı

Bəşər zəkasının tıxandığı dövrlər vardır. Bir düha sahibi dövrün bütün problemlərini öz baxış bucağında şərh edir. Bu zirvəyə çatmaq imkansız olduğu kimi bu düşüncələri dəyişdirmək də imkansızdır. Bunun üçün dühalar gərəkdir.

Sabirin poeziyadakı yerini danışmaq üçün əvvəlcə Sabirin əsrdaşı Marksı xatırlayacağıq. Marksın gəncliyində elm və fəlsəfə dünyası Hegelin sehrində idi. Hegel özünə qədər olan elm və fəlsəfəni ümumiləşdirib mükəmməl fəlsəfi sistem yaratmışdı. Bu sistem ona qədər olan sistemlərin ən mükəmməli idi. Marksın da daxil olduğu həyəcanlı gənclər bu sistemlə razı deyildilər, çünki Hegel sistemə qarşı mülayim idi. Prussiya monarxiyasını (Hegel bu ölkənin vətəndaşı idi) ictimai inkişafın ən yüksək mərhələsi sayırdı. Üstəlik, təlimi də idealist idi, bir mənada xristianlığın fəlsəfiləşdirilməsiydi.Hegel kainatı maddiləşmiş ideya sayırdı.

Gənclər isə materialist idilər. Hegellə bütün düşüncələri zidd idi. Marks üçün fəlsəfə gerçəyi əzilənlərin qurtuluşunu təmin edəcək ideologiyaya çevrilməliydi. Lakin o bu qurtuluşu icazəsiz beş-altı aksiya ilə gerçəkləşdirəcəyinə inanmırdı. Xilasın fəlsəfəsi yaranmalıydı. Bu fəlsəfənin də açarları Hegelin cibindəydi. Hegelin dialektikası onlara lazım idi. Buna görə də Marks sonralar məşhur olan fikrini dedi: “Hegelin dialektikası başı üstündəydi, biz onu ayaqları üstdə qoyduq”.

Hegelin sistemi mahiyyəti üzrə dəyişildi. Yeni “Hegel” artıq materialist idi, Prussiya monarxiyasını da digər bütün dövlətləri də hakim siniflərin məzlumlar üzərində istismar aləti kimi görürdü, şüur varlığın mənəviləşmiş formasına çevrilmişdi.

Bəşəriyyətin tıxacı bu cür açılmışdı.

Füzulidən sonra Azərbaycan ədəbiyyatında da bir tıxac vardı və bu tıxac mütləq açılmalıydı. Gəlin, bir anlıq Füzulidən əvvəlki şairlərimizi xatırlayaq: Xətai, Nəsimi, Nizami, Xaqani… İndi də gəlin Füzulidən sonrakıları anaq… Aşıq şeirində şəxsiyyətlər yetişmişdi, lakin yazılı ədəbiyyatda bir durğunluq vardı. 400 illik durğunluqdur bu. Və bu durğunluğu bəlkə də ilk dərk edən adam Sabir idi.

Ömrü boyu cəmi bircə müsahibə vermişdi. Salman Mümtazın götürdüyü o müsahibədən bir parçanı oxuyaq:

“Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır”.

Sabir sonra konkret hədəf də göstərmişdi: “Dörd yüz ildən bəridir Füzulinin şeirlərinin şöhrəti bütün Şərqi qaplamışdır. Hamı o şeirləri əzbərdən bilir və istədiyi zaman sevə-sevə oxuyur. Halbuki bu şeirlər başdan başa əruz bəhrlərində yazılmışdır. Sədinin, Hafizin qəzəllərinin qabağına ancaq qəzəl ilə çıxmaq olardı ki, Füzuli bunu duymuş və onların nüfuzlarını qırmışdır”.

Mən Füzulinin “Divan”ına, Füzuli qəzəllərinə başdan başa nəzirə yazmaq fikrindəyəm. Yəni o formada və o bəhrlərdə olmaq şərti ilə yeni-yeni mövzularda qəzəllər yazacağam”.

Sabir problemi də, həll yolunu da düzgün seçmişdi. Mirzə Cəlilin də yazdığına baxaq: “Füzuli “Molla Nəsrəddinin birinci nömrəsindən başlayıb bu günə qədər məcmuəmizdə iştirak etmiş və şeirlər yazmışdır. İnanmırsınız, götürün “Molla Nəsrəddin” məcmuəsinin iyirmi illiyini, tökün qarşınıza hansı şeirə baxsanız görəcəksiniz ki, orda Füzulidən bir duz var.

Bizim şairlər şeir yazanda Füzuli gəlib durur gözlərinin qabağında, deyir ki, ölsən də mənim təsirimdən çıxa bilməyəcəksən. Molladan yazmaq istəsən, yazmışam, varlıdan yazmaq istəsən, yazmışam, rüşvətxordan yazmışam, bu gün get, sabah gəldən, yəni “zavtra-zavtradan” yazmışam. Müxtəsər, hər şeyi əhatə etmişəm. Füzuli azərbaycanlıdır. Onun ədəbi məktəbi bütün şairlərin başına girib, bütün əsərlərində bir füzulu ruhu görünməkdədir. Füzuli diridir”

Mirzə Cəlil Füzulinin hər şeyi yazdığını deyəndə şübhəsiz ki, ifrata varırdı. Söz yox ki, Füzuli Mirzə Cəlil deyən mətləbləri yazmışdı. Lakin Füzulinin bu məsələlərə baxış bucağı sufi dünyagörüşündən qaynaqlanırdı və Mirzə Cəlilin təmsil etdiyi maarifçilik ideyalarına yabançıydı. Füzulinin zamanında dünyada maarifçilik hərəkatı doğulmamışdı. Mirzə Cəlilin ustad kimi qəbul etdiyi Mirzə Fətəli də Füzulini inkar etməklə Azərbaycan ədəbiyyatı tarixində ən böyük inkara imza atmışdı. Amma doğrudan da hər şairdə “Füzulidən bir duz” vardı. Sabirin “sabun”u da duza batmışdı.

Füzulinin Sabir yaradıcılığına təsiri çox böyük idi. Sabirin yaradıcılığının birinci hissəsində Füzuli mühüm yer tuturdu. Lakin onun Füzuliyə münasibəti epiqonçuluqdan, təkrarçılıqdan irəli getmirdi. Seyidin Hüseynin də yazdığı kimi Sabir o dövrdə qəzəl yazmaqdan Seyid Əzimdən, mərsiyələrində isə digər şairlərdən geri qalırdı. Lakin 1905-ci ildən sonra onun yaradıcılığında kəskin dönüş baş verdi. Bu dönüşdə də Füzuli Sabirlə bir yerdəydi.

Füzulinin aşiqanə qəzəlləri Sabirin şeirlərində satirik bir dona bürünürdü. Sabir Füzulinin forma və ifadələrindən bacarıqla istifadə edirdi. Hegeldən Marks doğulduğu kimi Füzulidən də Sabir doğulurdu. Marks Hegelin “başı üstə olan dialektikasını” ayaqları üstdə çevirdiyi kimi Sabir də Füzulinin aşiqanə qəzəllərindən maarifçilik manifestləri yaradırdı.

Misal üçün Füzilinin məşhur “Can vermə qəmi eşqə ki, eşq afəti candır” misrasını Sabir belə yazırdı: “Təhsili-ülum etmə ki, elm afəti candır”. Məcnunun atasının Məcnuna səhrada verdiyi məsləhətlər Sabirdə oğlunun elm oxuyan cahil atanın narahatçılıqlarına çevrilirdi. Füzulinin “atası” eşqdən, Sabirin “atası” isə elmdən narahat idi.

Bu cür misalların sayını artırmaq olar. Sabirin ən yaxın dostu Abbas Səhhət bu dönüş haqqında yazırdı: “Sabir köhnə şeirləri ilə yeni şeirləri arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb o uçurumdan atılmağa kimsədə cürət qalmadı”.

Sabirin ilk mətbu şeiri 1903-cü ildə “Şərqi Rus” qəzetində çıxdı. Şeir “Şərqi-Rus” qəzetinin nəşrə başlaması münasibətilə idi və heç kimin diqqətini cəlb etmədi. İki il, 1905-ci ildə şairin “Beynəlminəl” şeiri “Həyat” qəzetində çap edildi. Bu şeir dərhal rezonans doğurdu.

Bu zaman Sabirin 43 yaşı vardı. Şeir erməni-müsəlman davası haqdaydı, Sabir bu ədavəti “məlun İblisin fitnəsi” adlandırırdı. Və sonra Molla Nəsrəddin jurnalında fəaliyyəti başladı. Sabirin əsas kitabı “Hophopnamə”də şeirləri cəmi 6 ildə yazdığı şeirlərdir. Cəmi 6 ilə şair Azərbaycan ədəbiyyatını böyük bir tıxacdan xilas etmiş və ona yeni istiqamət vermişdi.

Seyid Əzim aqibətindən xilas

Belə bir şayiə gəzir: “Sabirin “Hop-hopnamə”sini ermənilər çap edib, çünki Sabirin “Harda müsəlman görürəm, qorxuram” şeirinə görə”.

Sabirin kitabının çapı üçün toplanılan ianələrin tarixini yazaq. Bələdçimiz Abbas Zamanovun “Sabir və müasirləri” kitabı olacaq. Sağlığında isə kitabını görmək Sabirə qismət olmadı. Bu barədə Seyid Hüseynin xatirələrində oxuyuruq.

Seyid Hüseyn bir gün Sabirin qolunda qovluq onun yanına gəldiyini deyir. Şair Seyid Hüseyndən xahiş edir ki, qovluqdakı şeirlərə baxsın, buşeirlərdən ibarət olan kitabın qiymətini şairə desin.

Seyid Hüseyn kitabın qiymətini 400 manatdan artıq bir məbləğ hesablayır. Amma Sabirə 300 manat deyir. Sabirin isə bu qədər pulu olmur. Bu pulu toplamaq üçün onun əqidə dostları çox əziyyət çəkəcəkdilər…

Bütün cəhdlərə baxmayaraq 1911-ci ilin 12 iyulunda şair vəfat etdi. Onun ölümü münasibəti ilə mətbuatda xeyli məqalə çap edildi. Müəlliflər bir ağızdan Sabirin kitabının çıxması zərurətindən danışırdılar.

Pul isə yox idi. Onu toplamaq üçün ianəyə başlandı. Xalqa çağırışlarda “Kaspi”, “Yeni İrşad” qəzeti fəallıq edirdi. Hətta rusdilli “Bakı” qəzeti də aksiyaya qoşulmuşdu.

Bu çağırışlara ilk səs verən bir qadın oldu. Adı Sara xanım Vəzirzadə. II Qız məktəbinin direktoru olan bu xanım məşhur dramaturq Nəcəf bəy Vəzirovun qızı idi. O öz maaşından beş manat Sabir üçün verdi.

Azərbaycanda qız məktəbinin açılmasını həmişə fəxrlə Hacı Zeynalabdinin adıyla yazırlar. Hacı əlini cibinə salmadı. Uzun müddət kassada cəmi beş manat oldu: Sara xanımın beş manatı.

Qəzetlər dalbadan çağırışlar edirdi. Bakı milyonçularından səs çıxmırdı. Çağırış məqalələrinin tonu da müxtəlif idi: Kimi sərt yazırdı, kimisə xahiş edirdi, kimisi izah. Getdikcə ton sərtləşirdi amma pul gəlmirdi. Uzun müddət bu çağırışlar cavabsız qaldı. Tezliklə məktəblər üçün 3 dərslik çap edildi. Dərslik müəllifləri öz qonararlarından 15 manat Sabirin kitabı üçün ayırdılar.

Yeddi müəllif arasında üç yazıçı vardı: Süleyman Sani Axundov, Abbas Səhhət və Abdulla Şaiq. 1911-ci il başa çatanda cəmi 20 manat pul vardı. Sabirin ildönümünə qədər kitabı çap etdirmək arzusunda idilər. 1912-ci ilin başlarında Abdulla Şaiq “Nicat” qəzetində bir məqalə yazdı. Həmin məqalədə yenə çağırış notları vardı.

Lakin məqalənin bir məqamı dövrün məşhur mollanəsrəddinçi şairi Əliqulu Qəmküsarın eyni problem ətrafındakı yazdığı məqalənin ana fikri ilə səsləşirdi. Belə ki, Şaiq “sərvət sahiblərinə” ümid olmamağı, bu cür böyük bir işin xalqın dəstəyi ilə görülməsinin vacibliyini yazırdı. Haqlı idilər.

İndi keçirik erməni puluna. Dilican (Qərbi Azərbaycanda yerləşir) o zamanlar sevimli istirahət yerlərindən biri idi. Müəllimlər adətən burda istirahət edirdilər. O zamanın böyük yaradıcılıq enerjisi, tükənməz entuziazmı ilə seçilən müəllimləri tətil vaxtı müxtəlif əsərləri tamaşaya qoyaraq özləri də oynayar, yığılan pulu xeyriyyə məqsədləri üçün istifadə edərdilər. Bu bir ənənə idi.

1920-ci ilin 20 iyulunda azərbaycanlı və erməni müəllimlər Sabirin kitabı üçün iki əsəri tamaşaya qoyub oynadılar. Tamaşaya qoyulan əsərlərin ilki erməni dramaturqu Qabriyel Sundukyanın “Axşamın səbri xeyir olar” adlı dramı idi. Dramı isə məşhur inqilabçı və müəllim Sultan Məcid Qənizadə təbdil etmişdi. Təbdil əsərin yer, insan adlarının dəyişdirilərək milliləşdirilməsidir. Bayaq da yazdıq, Sultan Məcid Sabirin sinif yoldaşı idi. Tamaşaya qoyulan ikinci dram əsəri isə Vasaq Mədətov Nəzminin “Qırt-qırt” dramı idi. Tamaşada rolları isə Azərbaycanlı müəllimlər və Tiflisdəki erməni truppasının üzvləri olan bir aktyor və bir aktrisa oynamışdı. Truppa üzvləri çıxışlarına görə qonarar da almışdılar.

Tamaşalardan sonra isə şagirdlərin ifasında Sabirin şeirlərini dinlənmişdi. Bu barədə Bakı, Tiflis və İrəvan mətbuatında çoxlu məqalələr dərc edilmişdi.Lakin heç bir qəzetdə ermənilərin xalqımızı tənqid etdiyinə görə pul verməsi haqqında bir məlumat yoxdur. Elə olsaydı belə Sabirə son dərəcə sədaqətli olan dostları bu yardımı qəbul etməzdi.

Tamaşada ianələr də toplandı. İanə verənlərin əksəri Azərbaycanlı müəllimləri idi: Qiyasbəyov, Kərbəlayev, Yeqanov, Tumanyans. Kalantarov-5 manat; Arutyunov, vəkil Xocayev, həkim Məliknubarov, Paralov, Axundov, Muradov, Dilbazov, Qiyasbəyov-3 manat və Oqanov 2 manat 50 qəpik. İanə və tamaşalardan bir yerdə 179 manat 75 qəpik toplandı. Teatr salonuna, musiqiçilərə, aktyorlara və başqa xərclər çıxılandan sonra 98 manat 19 qəpik “Kaspi” qəzetinə göndərildi.

Beləliklə, yığılan məbləğ 120 manata çatdı. Hələ çox pul lazım idi. Sabirin ildönümünə qədər kitabı çap etmək arzusu baş tutmadı. Çağırışlar isə davam edirdi. Sentyabr ayında Kaspi qəzetində bir Şamaxı dövlətlisinin yardım vədi haqqında yazıldı.

Sonrakı xəbərdə isə naşirlərin sərəncamında 200 manat olması barədə məlumat vardı. Kitab üçün isə 500 manata qədər pul lazım idi. Buna görə naşirlər Sabirin əsərlərinin bir hissəsini çap etmək qərarına gəldilər. Külliyatı çap etmək üçün pul heç cür yığılmayacaqdı. 1912-ci ildə kitab çap edildi. Kitabda Sabirin 110 satirası yerləşdirilmişdi.

Kitabın əvvəlində Mahmudbəyovun kiçik müqəddiməsi, Sabirin Abbas Səhhət tərəfindən yazılmış kiçik tərcümeyi-halı verilmişdi. Bəli, “Hop-hopnamə” məhz bu vəziyyətdə çapdan çıxıb.

Pulun kiçik bir hissəsini ermənilər verməyi doğrudur. Lakin kitabı ermənilərin çıxartdığı yalandır. Erməni xalqı zoribalayanlardan ibarət deyil, onun Hrant Matevosyanları da var. Üstəlik, Sabirin “Qorxuram” şeirinin bu ianədə rolu barədə məlumat verilmir. Mütərəqqi erməni ziyalalılarına bu cür ləkə atmaq neyçün? Molla Nəsrəddinlə eyni vaxtda Tiflisdə erməni dilində “Xatabala” jurnalı çap edilirdi.

Məzmun və üslub baxımından “Molla Nəsrəddin”i xatırladan bu jurnalın jurnalistləri ilə Cəlil Məmmədquluzadə arasında çox isti münasibətlər vardı. “Xatabala” jurnalının 1907-ci il 23 yanvar sayında ruhanilərin Cəlil Məmmədquluzadəyə hücum etdiklərini və azərbaycanlı bir qadının sinəsini gərərək onu müdafiə etdiyini göstərən bir karikatura verilmişdi. İndi biz Cəlil Məmmədquluzadəni bu karikaturaya təhqir etməliyik? Bəlkə indi yazaq ki, Cəlil Məmmədquluzadə “Ölülər”i yazdığı üçün erməni jurnalı onu müdafiə edirdi?

Urapatriotlar Sabir kimi gerçəyi xalqın üzünə deyən həqiqətpərəstləri sevməzlər. Hətta həqiqətpərəstlərin ölümündən yüz il keçsə də yalancı millət qəhrəmanları ona ləkə atmaq üçün fürsət axtararlar.

Necə demişdi böyük Nazim:

“Vatan çiftliklerinizse,

Kasalarınızın ve çek defterinizdiklerin İçindediklerse vatan

Evet, ben bir vatan hainiyim”.

Urapatriotlar üçün Sabir vətən xainidir!!!

***

Ölüm yatağında Sabir Hacı İbrahim Qasımova demişdi:

“Mən nə bədənimin əriməsinə, nə də ürəyimin şişməsinə acımıram. Lakin nigaranlığıma acıyıram. Millətdən nigaran gedirəm. Hər nə isə, olacağa çarə yox. Əlimizdən nə gəlir…” Əlindən gələni də etmişdi, gəlməyini də… Gələcək nəsillər onu unutmayacaqdı. Amma o nigarançılıq hələ də qalacaqdı.

Qan Turalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm