"Polislərlə insanlar bir-birinə qaz balonu atırdılar" - Luvr muzeyində əsərləri sərgilənən AZƏRBAYCANLI
Bizi izləyin

Xüsusi

"Polislərlə insanlar bir-birinə qaz balonu atırdılar" - Luvr muzeyində əsərləri sərgilənən AZƏRBAYCANLI

Bu günlərdə 215 Azərbaycan vətəndaşı çarter reyslə vətənə təxliyə olunub. Geri dönənlər arasında Fransada yaşayıb fəaliyyət göstərən fotoqraf Maya Bağırova da var.

Publika.az-ın müsahibi Luvr muzeyində əsərləri sərgilənən yeganə azərbaycanlı fotoqraf Maya Bağırovadır.

- Maya, vətənə xoş gəlmisən.

- Çox sağol. Fransada karantin şərtləri yüngülləşdirilən ərəfədə qərar verdim ki, ölkəmə qayıtmaq istəyirəm. Parisdə yerləşən konsulluğumuza, cənab Vüqar Əliyevə minnətdarlığımı bildirirəm. Öncə Berlinə, oradan Bakıya gəldik. 10 gün ərzində Pullman oteldə karantində saxlandıq. Bizim qeydimizə qalan hər kəsə təşəkkür borcluyam.

- Fransadakı karantin günlərini fotolarından izlədim. Amma dilindən də eşitmək istəyirəm.

- 3 ay təcrid olunduq. Küçəyə icazəsiz çıxanlar 300 avro məbləğində cərimə olunurdular. Ərzaq alanlar isə onlayn anket doldurmaq məcburiyyətində idilər. Bu sadaladıqlarım mətbuat nümayəndələrinə aid edilmirdi. Ona görə press kartımla tez-tez Paris küçələrinə çıxırdım. Fransanın çox nüfuzlu fotoqraflar assosiasiyasının yeganə azərbaycanlı üzvü olduğum üçün press kartım və mətbuat toxunulmazlığım var. Fürsətdən yararlanıb, boş paytaxt küçələrinin fotolarını çəkirdim.

- Bu boşluqda nəyin fərqinə vardın?

- Çox gözəl və rəngarəng idi. Həmişə düşünürdüm ki, Paris boz şəhərdir. Karantin dövründə əksinin şahidi oldum. İnsanlarsız, susqun şəhər möhtəşəm görünürdü. Sakinlər pəncərədən Parisə həsrətlə baxırdılar. Ümumiyyətlə, fransızların canında dəhşətli virus qorxusu var. Hətta küçədə bir az yaxınlaşan kimi tələb edirlər ki, sosial məsafəni qoruyasan. Maskanı çıxarmırdılar. Şəhərin ən azad sakinləri qu quşları və piyada yolunda gəzən qazlar idi.

- Şübhəsiz, bu münbit şərait fotoqraf ruhu üçün əvəzsizdir...

- Bu cür nəhəng turistik şəhəri ömrümdə ilk dəfə boş görürdüm. Təbii ki, yaradıcılıq duyğusu güc gəlirdi. Tənhalığın xoşbəxtliyidir bu. Fransız xalqının çox çətin xasiyyəti var. Kənardan nə qədər gülərüz görünsələr də, sərtdirlər. Karantinin növbəti günü idi. Fotoaparatımla birgə küçəyə çıxmışdım. Luvrun kənarı ilə gəzişirdim. Şəhərdə hərbçilər dövrə vurur və tək-tük kədərli insanlar harasa tələsirlər. Bir qadın da başını aşağı salıb addımlayırdı. Birdən boz küçədə Günəş göründü. Qadın əllərini qaldırıb göyə baxdı. Gözlərini yumub, yoluna davam etdi. Bu çox səmimi xoşbəxtlik duyğusu, azad uçuş idi. Sanki insanlar azadlıqlarının, Günəş boyda sevinclərinin qədrini bir daha bildilər. Demək, bu dəyərlərə qiymət vermək üçün mütləq evə qapanmalı imişik. Bu gün Parisdə hamı robot kimi yaşayır. Sanki hər şeyi avtomatik edirik. Ətrafımızdakı gözəlliklərin fərqinə varmırıq. Və bəlkə də bu karantin beynimizdəki hansısa insani funksiyanı yenidən işə saldı.

- Etiraf edək ki, fransızlar bütün viruslarla cəmi bir dərmanın köməyilə mübarizə aparan sağlam millətdir.

- Elədir, amma Parisdə koronavirusa yoluxmaq təhlükəli idi. Çünki təcili yardım tərəfindən kömək yox dərəcəsinə çatmışdı. Sadəcə deyirdilər, xəstəxanalar doludur. Dərman içib, evdə qalın. Bir də düşünürəm ki, psixoloji hazırlıq vacib şərtdir. Adətən həftədə bir dəfə qrip olurdum. Koronavirusdan sonra özümü elə sərt proqramlaşdırmışam ki, bədən qorxudan virusları qovur. (gülürük)

- Maya, Parisin ən yaxşı ali məktəblərindən birində fotojurnalizm ixtisası üzrə təhsil alan yeganə azərbaycanlısan. Təcrübəni azərbaycanlı həmkarlarınla bölüşmək istəyirsən?

- İndiki dövrün ən aktual peşələrindən biri fotojurnalizmdir. Parisdə bu ixtisas üzrə təhsil aldım. Ümumiyyətlə, uşaqlıqdan Fransanı ikinci vətənim saymışam. Azərbaycanda uşaqlığım, dənizim, səhərlər məni yuxudan oyadan küləyim var. Parisdə isə sonsuz azadlığım... Sərt karantin günlərində belə küçəyə çıxmaq, yaradıcılığımla məşğul olmaq imkanı qazandım. Təəssüf ki, Bakıda fotoqrafiya sahəsi biznes sözünün sinonimi sayılır. Bunun əksini sübut etmək istəyirəm. Yeniyetmələr üçün kurslar yaradıb, fotoqrafiyadan dərs vermək arzusundayam. Ümid edirəm, arzum gerçəkləşər.

- Çox gözəl ideyadır. Ümumiyyətlə, düşünürəm ki, qadının hadisələrə baxışı, təsviri iki qat həssasdır.

- Hardasa doğru təxmindir. Kişi fotoqraflar hadisəyə, obyektə daha konkret yanaşırlar. Qadın isə dərinliyinədək hiss etdiyini çatdırmağa çalışır. Məsələn, Parisdə təhsil alanda qarşımıza mövzu qoyulurdu. Əks cinsdən olan tələbə yoldaşlarım tez çəkib, əl işlərini təqdim edirdilər. Mənə isə bəzən iki həftə zaman tələb olunurdu. Bütün duyğularımı çəkdiyim fotoda tapmadan, əl çəkmirdim. Amma bu, o demək deyil ki, fotoqraf qadınların hamısı məsələyə eyni dərinliklə yanaşmalıdırlar. Ümumiyyətlə, fotojurnalistika konkret faktların standart təsvirindən ibarətdir. Bəzən bu formatdan kənara çıxmaq qəti qadağan edilir.

- Amma istənilən hadisəni, sosial problemi işıqlandıran fotoqraflar arasında cəmi biri elə möhtəşəm kadrı yaxalayır ki, həmin foto sosial şəbəkələrdə də sürətlə yayılır.

- Əlbəttə, üçüncü gözü olan fotoqaflar çox azdır. Əslində fotonu çəkəndə janrın fərqinə varmıram, varmaq istəmirəm. Heç çəkdiyim tərzə ad vermək niyyətim də yoxdur. Bu, sadəcə mənim hisslərimdir.

- Maya, son vaxtlar bütün fotoqraflardan dəqiq cavab almaq istədiyim sual-tutaq ki, küçədə, ümumi məkanda diqqətimi çəkən məqam yaşanır və mən qarşımdakı yad şəxs(lər)in fotosunu çəkirəm. Bu hərəkət foto etikasına nə dərəcədə uyğundur?

- Küçədə 20 nəfərdən çox adam varsa, cinayət sayılmır, foto etikasına da xələl gəlmir. Lakin bu rəqəmdən az şəxs kadra düşürsə, hər birindən yazılı şəkildə razılıq alınmalıdır. İstənilən halda 18 yaşa çatmamış şəxslərin valideynlərindən icazəsiz fotosunu çəkirsənsə, cinayətdir.

- Gender bərabərliyi qorunmayan əsas sahələrdən biri də fotoqrafiyadır. Fəaliyyətin boyu belə ziddiyyətlə qarşılaşmısan?

- Bəli, qadın fotoqrafların sayı daha azdır. Amma sırf qadın olduğum üçün hüquqlarım tapdanmayıb. Sadəcə, bir hadisə baş vermişdi. Parisdə universitetdə oxuyanda, bizi ilk dəfə manifestasiyaya apardılar. Polislərlə insanlar bir-birinin üstünə qaz balonları atır, düşmən kimi savaşırlar. Sanki müharibə idi. Mənim kimi sakit ölkədən gəlmiş bir insan üçün bu vəhşi münasibət qorxulu idi. Nəfəsimə qaz dolmuşdu. Dəhşət içərisində müəllimlərimə zəng etdim ki, gəlin, məni buradan aparın. Tez gəldilər, sakitləşdirib izah etdilər ki, Fransada həyat belədir, qorxulu heç nə yoxdur. Yavaş-yavaş alışmağa başladım. Artıq kaska və eynək taxıb, özümə güvənimi bərpa edib, manifestasiyaya yollandım. Bu dəfə də müəllimim icazə vermədi ki, yanımdan kənara çəkilmə. Min bir hiylə ilə razı salıb uzaqlaşdım. Amma ən son manifestasiyada ciyərimə o qədər qaz dolmuşdu ki, nəfəsim kəsilirdi. Çox çətinliklə ayıltdılar məni. Yəni demək istəyirəm ki, qadın olduğum üçün hüququm pozulmayıb. Ümumi götürsək, dünya fotoqrafiyasında hər bir sahənin öz peşəkarları var. Və yeni gələnlərə rahat işləməyə imkan yaratmırlar. Bu barədə çətinlik yaşanır.

- Yaxşı fotoqraf olmaq üçün bahalı avadanlıq mütləqdir?

- Əsla. Adi telefonla da gözəl əsər yaratmaq mümkündür. Yetər ki, istəyin, ideyaların olsun. Bəzən fotoqraf ideya qıtlığı yaşaya bilər. Bu da normaldır. Quyuya düşmədən, qaranlıqdan çıxmaq mükün deyil.

- Fotolarında rənglərdən çox istifadə etmirsən.

- Ağ-qara fotoları çox sevirəm. Amma Fransada artıq rəngli fotolara üstünlük verirlər deyə, bu üsluba da müraciət edirəm. Ümumiyyətlə, rənglərin vəhdətini düzgün seçən sənət adamlarına heyranam. Məsələn, ispan rejissor Pedro Almodovarda bu, mükəmməl alınır. Dediyim tandem ağ-qara təsvirlərə də aiddir. Məsələn, adi qırmızı rəngin də ağ-qara fotolarda öz çaları olur. Bu çalarları zövqlə, sevgi ilə uyğunlaşdırmaq lazımdır. Ümumiyyətlə, fotoqraf olmaq çətin deyil. Yetər ki, işindən zövq alıb, kadra həyat verməyi bacarasan.

- Tarixdə iz qoymaq üçün yaradıcı insan hər şeyə, aclığa, səfalətə hazır olmalıdır.

- Hesab edirəm ki, müasir insan sənəti üçün canından, rahatlığından keçmir. Hətta bir peşədə uğursuzluğa düçar oldusa, özünü başqa sahədə sınayır. İnsanlar maddi mənafeləri üçün sənətdən imtina edib, kommersiyaya üz tuturlar. Odur ki, dövrümüzdə dərin yaradıcılıqdan danışmaq mümkünsüzdür.

Leyla Sarabi

Müsahibə fotoları: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm