Hacəttəpənin azərbaycanlı həkimi: "Vaxtında təcili tibbi yardıma müraciət edilməsə..."
Bizi izləyin

Xüsusi

Hacəttəpənin azərbaycanlı həkimi: "Vaxtında təcili tibbi yardıma müraciət edilməsə..."

Son günlər ölkədə davam edən pandemiya təlaşı ilə bağlı suallarımızı Türkiyənin Hacəttəpə Universiteti xəstəxanasının anesteziya və reanimasiya şöbəsinin həkimi Turanə Rəsulovaya ünvanladıq.

Publika.az xeyli vaxtdır Türkiyədə fəaliyyət göstərən Turanə Rəsulova ilə müsahibəni təqdim edir.

- Doktor, ölkəmizdə koronavirusa yoluxma rekord həddədir. Səbəb nədir?

- Bu suala cavab vermək üçün öncə virusun yoluxuculuq xüsusiyyətinə nəzər salmaq lazımdır. Hər yoluxan şəxs virusu 3 nəfərə ötürür, və bu yolla xəstələrin sayı durmadan artır. Yəni silsilə şəkilli yoluxma xəstə sayını artır. Məsələn Afrikada təcrübəsində görürük ki, 98 gün ərzində 100 min nəfər virusa yoluxdu. Növbəti 18 gün ərzində isə xəstələrin sayı 200 min oldu. Yəni yoluxma sayı artdıqca, yoluxma sayı da qısa müddətdə pik həddə çatır. Epidemioloji durum pisləşir.

- Bu risk vardısa, niyə karantin şərtləri yumşaldıldı?

- Karantin tədbirlərinin yumşaldılması nəzarət altında olan dövlətlərə tövsiyə edilir. Hökümətlər də buna özləri qərar verir. Azərbaycanda da Operativ Qərargah epidemioloji vəziyyəti analiz edib, yumşalma tədbirləri həyata keçirdi. Bura xüsusilə iqtisadi, psixoloji səbəblər də daxildir. Lakin karantinin yumşaldılma tədbirləri o halda fayda verir ki, aidiyyati qurumlar tərəfindən qəbul olunmuş qanunlara əhali tərəfindən şübhəsiz riayət olunsun. İnsanlar yeni reallıqla yaşamağa öyrəşməsələr, virusu epidemioloji nəzarət altına almaq mümkün deyil. Azərbaycanda yoluxanların sayının artma səbəbi əhalinin yeni reallığa əməl etməməsi səbəbindən baş verdi.

- Turanə xanım, bir sıra saytlarda xəbər yayıldı ki, ÜST koronavirus pandemiyasının mövcudluğunu təkzib edir. Bu xəbərə aydınlıq gətirməyinizi istəyirəm.

- 11 mart 2020-ci il tarixində ÜST dünyada pandemiya dövrü elan etdi. Hətta bu tarixdən əvvələ nəzər salsaq belə təşkilatın dünya əhalisinə etdiyi xəbərdarlıqdan agahıq. Virus ilkin mərhələdə Çində olduğu dövrdə ÜST-ün qlobal direktoru Doktor Tedros çıxışlarında vurğulayırdı ki, hələ ki pandemiyaya hazırlaşmaq üçün imkan pəncərəmiz var. Həmçinin çox böyük təhlükənin yaxınlaşdığını vurğuladı. 31 dekabrdan bu günədək ÜST pandemiya haqda mütəmadi məlumatlar çatdırır, media brifinqlər yayımlayır. Bütün suallar cavablandırılır. Odur ki təşkilatın belə bir elan vermək ehtimalı yoxdur. ÜST bu günədək dövlətləri həm tibbi, həm də texniki cəhətdən dəstəkləyir. Doktor Tedros çıxışlarından birində deyirdi ki, test almaq, sosial məsafəyə, karantin şərtlərinə əməl etmək təkbaşına gerçəkləşdirilməməlidir. Bütün bunları birgə etməliyik ki, pandemiya ilə savaşdan qalib çıxaq. Həmçinin ÜST dilindən, irqindən, inancından asılı olmayaraq, hər kəsi virusla, yeni reallıqla yaşamağa və qlobal düşmənlə savaşmağa çağırıb. Doktor Tedrosun hələ yoluxmanın yüzdə 99-nun Çində, yalnız 167 nəfər xəstənin kənarda olduğu dövrdə dediyi bir şey vardı. Dünya ölkələri bu virusu bir nömrəli düşmən elan etmədikcə, dərslərimizdən heç nə öyrənməyəcəyik. Həkim kimi onu qeyd etmək istəyirəm ki, hökumətimiz bu prinsipə uyğun savaşır. Lakin iş bununla bitmir. Burada hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Səfərbər olmadığımız müddətcə, yüksək nəticə əldə etmək, virusu yenmək mümkünsüzdür. İnsanların savadlı şəkildə bütün tələblərə əməl etdikləri dövlətlər bu yolda öndədirlər. Bura aiddir- əl gigienası, maskadan istifadə və siosial məsafə. Bu sadə şərtlərə əməl etməsək, vəziyyət həddən artıq kritikləşə bilər.

- Həftə sonları evdə özünü təcridin faydamıza olduğunu düşünmək istərdim.

- Bəzi ölkələr birinci dalğanı pik şəklində yaşadılar. İndi vəziyyət nisbətən sabitləşir. Bəzi ölkələr pikə yaxınlaşır, bir qismi isə virusun pik həddindədirlər. Xüsusən də Amerika qitəsindəki xəstələnmə və ölüm halları hazırda daha çoxdur. Bir çox dövlətlərdə düzgün tədbirləri gördü. Dıgərlərində səhiyyə sistemi çöküb, yenidən stabilləşdi. Azərbaycanda isə görünən budur ki, pik həddi hələ yaşamamışıq. Epidemioloji vəziyyətdə pisləşmə göstərildiyi üçün həftəsonları küçəyə çıxmaq qadağası qoyulub.

- Son günlər yoluxan şəxslərin xəstəxanaya yerləşdirilmək yerinə evdə müalicə olunması ilə bağlı da məlumat alırıq. Hətta bəzi hallarda təcili tibbi yardım da vaxtında mənzil başına gedə bilmir.

- Bir çox ölkələrin təcrübələrinə əsaslansaq, görərik ki, yüngül qızdırma, halsızlıq, əzələ-sümük ağrısı simptomları görülən xəstələr, təcrid olunub, evdə müalicə alırdılar. Hətta test nəticəsi pozitiv çıxıb, heç bir simptom müşahidə olunmayan xəstələrin müalicə müddətini də həkimlər kənardan nəzarətdə saxlayırdılar. Azərbaycanda ilk gündən koronavirusa yoluxan xəstələri xüsusi xəstəxanalarda müalicə edirdilər. Lakin palatalar dolduqca, yüngül simptomlu xəstələrin evdə izolə edilməklə müalicə olunması gözlənilən hal idi. Təbii ki, hazırda atıla biləcək ən ideal addım bütün xəstələri xəstəxanalara yerləşdirməkdir. Lakin dünya təcrübəsinə də əsaslansaq, özünü təcrid üsulu ilə həkim nəzarətində müalicə mümkündür. Azərbaycan da bu mərhələyə keçid edəcək. Lakin bu məqamda soydaşlarıma həkim tövsiyəsi vermək istəyirəm. Halsızlıq, qızdırmadan əziyyət çəkənlər qorxudan təcili tibbi yardıma xəbərdarlıq etmirlər ki, test nəticəsi pozitiv çıxdığı təqdirdə xəstəxanaya yerləşdiriləcəklər. Durum kritikləşmədən həkimə müraciət edin! İnsanlar anlamalıdırlar ki, dövlət onlar üçün çalışır. Nə qədər geciksəniz, tez sağalmaq şansınız da bir o qədər çətinləşir. Evdə müalicə olunsanız belə, peşəkar həkimlər sizə düzgün müalicə yazacaqlar. Qısası, cüzi narahatlıq hiss etdiyiniz halda 103 xidmətinə zəng edin. Tələb edin ki, sizə yardım etsinlər.

- Əhali virusun özündən sonra qoya biləcəyi fəsadlara görə də psixoloji sarsıntı keçirir...

- Koronavirusun törətdiyi vəziyyətdən çox şey asılıdır. Xəfif öskürəkdən tutmuş, ağır pnevmoniya, ağciyəri zədələmək xüsusiyyətinə malikdir. Odur ki, bəzi xəstələr sağalandan sonra virus orqanizmlərində iz qoyur. Bu həmin xəstənin yaşından, orqanizmin konstitusiyasından, virusa qarşı immun cavab reaksiyasından, molekulyar səviyyəli səbəblərdən, xroniki xəstəliklərə görə qəbul etdiyi dərmanların təsirindən və bir çox digər faktordan asılıdır. Bəzi hallarda pnevmoniya iz qoyacaq, ağ ciyərin funkionallığını zəiflədəcək, digərlərində ümumiyyətlə təsirsiz ötüşəcək. Dünya səhiyyə mütəxəssisləri uzun müddətli müşahidələr, analizlər aparandan sonra dəqiq nəticəyə gəlmək mümkün olacaq.

- Doktor, necə düşünürsünüz, isti yay mövsümünün həftəsonları evə qapanmalarımızın sayı artacaq?

- Səhiyyə sistemləri öz imkanlarını analiz edir, gündəlik xəstələnmə sayları müqaisə olunur. Xəstəxana, yataq sayını müəyyənləşdirir, və gələcəyə yönəlmiş nəticə əldə edir, qərarlar qəbul edir. Hər dəfə insanları evlərində təcrid edəndən 4-5 gün sonra ümumi yoluxaların sayı yenidən nəzərdən keçirilir. Yoluxma sayları azalıb, kontrol altına tam alınanadək vəziyyət yenidən normallaşacaq. Bu müşahidə əsasında veriləcək qərardır. Hətta yoluxma sayı pikə doğru qalxsa, karantin şərtləri daha da sərtləşdirilə bilər. Bu proses mərhələli şəkildə həyata keçiriləcək, və insanlar yeni reallığa alışacaq.

- Xəstələrin kimliyi haqda məlumat peşə etikanıza ziddir. Amma ümumi vəziyyət haqda bizə məlumat verin lütfən. Xəstələrlə ünsiyyətdə olursunuz?

- Anestezioloq-reanimatoloq olaraq reanimasiyaya yerləşdirilən xəstələrlə ünsiyyətdə oluram. Bu şöbəyə yerləşdirilən xəstələr stasionarda müalicəsinin mümkün olmadığı, ağır tənəffüs çatışmazlığı olanlardır. Onların vəziyyəti ağır olur, intensiv terapiya və süni tənəffüsə ehtiyac duyulur. Bəzi xəstələrin müalicəyə müsbət cavab verdiyini görürüksə, stasionar şöbəyə köçürdüb, iki test edirik. Hər ikisinin nəticəsi neqativdirsə, evə yola salırıq. Lakin bəzi xəstələrdə vəziyyət kritik olaraq qalır. Sizi əmin edirəm, reanimasiya ortamını cəmi bir dəfə görən insan, bir daha oraya düşmək istəməz. Kənardan da çox ağır görünür, amma özünüzü həmin xəstələrin yerinə qoyun. Təzyiqlə gələn havanı qəbul etmək də asan deyil.

- İntim aksesuarımıza çevrilən maska ilə necə davranaq?

-Maskanın çənə altına aparılması, əllə toxunmaq yanlışdır. Maskanın çöl hissəsi çirklidir. Ora ən çirkli sahə kimi yanaşmaq lazımdır. Əl vurandan sonra mütləq dezinfeksiya etməliyik. Çünki bu vasitə virusla kontaktda baryer rolunu oynayır. Maskanı əlimizlə üzümüzə qaldırıb, yenidən çənəyə endirəndə, virusu üz, ağız burun nahiyəsinə yaymış oluruq. Bununla da daha kəskin nəticə əldə edirik. Maskanı istifadə edəndən sonta qulaq hissəsindən çıxarıb, zibil qutusuna atın, cibinizə qoymayın. Qapalı məkanlarda sosial məsafə gözləyib, təbii havalandırma sistemində oturmaq olar. Kondisioner deyil, təbii havalandırma dövriyyəsi ilə nəfəs almaq lazımdır. Takisdə, ictimai nəqliyyatda, qapalı məkanlarda təbii hava ilə nəfəs almaq doğrudur. Açıq məkanlarda insanlar arasında məsafə 2-3 metrdən artıqdırsa, maskadan istifadə etməyə bilərsiniz.

- Sonda bizə pozitiv bir şey deyin. Razılaşın ki, həkimin ən dəyərli resepti xoş sözüdür.

- Tarixə nəzər salsaq görürük ki, karantin şərtləri hələ çox keçmiş zamanlardan tətbiq olunmağa başlanıb. Bu yolla xəstəliklərin yayılmasının qarşısı alınıb. Məsələn Şekspir “Makbet” kimi nəhəng pyesi karantin dövründə yaradıb. Yaxud elə İsaak Nyuton fizikaya aid bir çox nəzəriyyəsini, hətta yerin cazibə qüvvəsini təcrid olub, özü ilə təkbətək qalanda, kəşf edib. Evdə qalmaq insanın yaradıcılıq potensialını da artırır. Çünki bu dövr hobbilərə, maraqlara yeni nəfəs vermək, həm də vətəndaş borcunu yerinə yetirmək üçün gözəl fürsətdir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm