"Bu qurumun fotoqrafiyamıza iynənin ucu qədər faydası yoxdur" - Tanınmış fotoqrafla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Bu qurumun fotoqrafiyamıza iynənin ucu qədər faydası yoxdur" - Tanınmış fotoqrafla MÜSAHİBƏ

O tualet kağızının bəlli yerində (cırılması üçün) nöqtələr var ha... bizim də doğuşdan həmin nöqtələrimiz var. Bizi hardan tutursan-tut, dartanda həmin nöqtədən "cırılırıq"...

Publika.az-ın suallarını fotoqraf Səfiyar Məcnun cavablayır.

- 2 il öncə bir nəfəri ölümün ağzından almışdıq... almışdın. 1 saat sonra yenidən Yerdəki cəhənnəmə təslim etmişdik. Tez-tez bu acı təzadın baş qəhrəmanına çevrilirsən?

- Hamımız hər an ölümün ağzındayıq. Bu Allahın dəyişməyən ağız dadıdır. Bizi o ağız dadına qarışa bilmədiyimiz ləzzəti ilə yeyir. Bütün ölməyənlər Yerdəki adəti cəhənnəmə qayıtmağa məhkumdur. Ölmürüksə, qəhrəman Allahdan başqa hamımızıq. Hələ də sağ olduğum üçün özüm qəhrəman gözləyirəm.

- İtaliyalı psixoloqlar deyir, xüsusən də bu özünütəcrid günlərində divarlarla, əşyalarla danışmağınız tam normaldır. Amma əksi baş verərsə, həkimə müraciət edin. Bəs fotoqrafın əsərləri bizimlə danışırsa, "günah" kimdədir?

- Lüğətindən günah, səhv, qeyrət, xəyanət, peşmanlıq və s. sözlərini çıxarmış insan kimi deyə bilərəm ki, hamımız məsumuq. Əminəm ki, divarlar bizi o vəziyyətdən "xilas" etmək üçün pul qazanan həkimlərlə də danışır. Həkimliyin yeganə yanlışı, qazancının xəstəlik üzərindən olmasıdır. Halbuki, biz pulu sağlam olanda həkimə verməli idik. Ki, "dobrıy doktor Aybolit" bizim xəstə olmağımıza maraqlı olmasın. Sənət müstəvisində bu tamam fərqlidir. Sənətçi əsəri ilə izləyiciyə nəsə çatdırmaqda mükəlləf deyil. Çünki nəticə etibarı ilə sənət deyə bir şey yoxdur. Sənətdən anlayan insan var. Əgər əsər sənə nəsə deyirsə zatən "günahkarsan"...

- Sadaladığın duyğuları leksikonundan çıxaran insan həyatından, düşüncəsindən də uzaqlaşdırmış sayılır, zənnimcə. Bu boşluq vicdan qıtlığına münbit şərait yaratmır?

- Bu o demək deyil ki, asanlıqla yalan danışıram, günah işləyirəm, kişilik duyğularımı itirirəm. Sadəcə bu sözlərin mənə yüklədiyi ağırlıqdan xilas olmuşam. Səhv sözünü ona görə çıxarmışam ki, mənim ölçü vahidlərimə görə yanlış qarşımdakının həqiqəti ola bilər. Çünki həqiqətin əksi də həqiqətdir. Təbiətdə xəyanət deyilən bir anlayış yoxdur. Bu sözü cəmiyyət idarəçiləri öz rifahları üçün uydurublar. Mən bütün bu daşları çiynimdən atıb, boşluğu vicdanımla doldurmuşam.

- Bütün insani duyğularından yola çıxıb, qızına nə miras qoymusan?

- 2 il öncə qızıma v(n)əsiyyətnamə yazmışam. Çox uzun məktubdur. Hələ ki, özümdə saxlayıram. 18 yaşına çatanda həyatda olsam özüm, olmasam da hansısa bir məchul yolla o məktubu qızıma çatdıracam.

- Savaşı durdurmağın yeganə yolu sülhdür?

- Nitsşe deyir, müharibə həyatın qaçılmaz qanunu, sülh isə iki müharibə arasında qurulan körpüdür. Məncə, sülh, dünən (doğru hesab etdiyin qərarla) başladığın müharibənin bugünkü peşmanlığıdır. Bu gün zövqün, qaydaların dünənə nisbətən dəyişə bilər, amma bu o demək deyil ki, əvvəlki qərarın yanlış idi. Bir növ məktəb illərində çəkdirdiyin şəkli tələbəlik illərində bəyənməməyə bənzəyir. Həmçinin sülh, bağışlamaq anlayışı səmavi qaydalardır. Biz Yerdə hər şeyin tərsini, xaosdan ibarət olduğunu görürük. Deməli bağışlamaq anlayışı, sülhsevərlik bizim təbiətə aid deyil. Bütün hallarda savaş bir tərəfin qalibiyyəti ilə bitməlidir. Bəzən də düşmənçiliklə...

- Çəkdiyin portretlərdə insanların duyğularını "nü" təqdim etməyi bacaran az fotoqraflardansan. Sözün əsl mənasında "nü" industriyaya addım atmaq istəmirsən?

- Mənim yaşadığım toplumda insanlar özlərini paltarla belə bəyənmir... qalmışdı paltarsız. Nə vaxtsa "nü" çəkmək istəsəm öz bədənimi çəkəcəm. Ruha inanmadığım üçün həmin anlayışı bədənimdə görürəm.

- Toplumun bu ifrat nifrəti haradan qaynaqlanır?

- Məsələ çoxşaxəlidir. Bizim toplumun boyük hissəsi bütün orqanlarını qarşısındakında qüsur axtarmağa həsr edir. İkincisi isə ağsaqqallıq prinsiplərinin davam etməsi, “filankəs nə deyər?” və “zəng vur, xalangili təbrik et” təfəkkürlü yaşlı nəslin hələ də yaşaması, gənclərinsə yetərincə savadlı və kosmopolit olmamasıdır.Təbii ki, başlıca dərdlərdən biri də cəmiyyətimizdəki bakirəlik problemi və qadınların öz bədənlərini gec sevməyə başlamasıdır. Ümumiyyətlə qadın yaxud kişi fərq etmir, öz ayağı üstündə durmağı bacarmalıdır ki, heç kimə möhtac olmasın. İlk növbədə özümüzü sevməliyik. Yalnız bu halda qarşı tərəflə münasibətimiz də harmonik olacaq.

- Necə düşünürsən, “post-mortem” (ölümdən sonra) janrına yenidən can vermək lazımdır?

- Hacı Zeynalabdin Tağıyev Avropa gördüyünə görə Kazımın tabutu önündə şəkil çəkdirmişdi. Bunu mədəniyyət hesab edirdi. Əslində isə bu Tağıyevin düşüncəsinə yad adət idi. Bu janr bütün toplumlarda ölüb, bizim kimi toplumların qəbiristanlığında basdırılıb. Baş daşına çevrilib. Mənə görə iki yüz yaşı olan fotoqrafiya milyonlarla yaşı olan ölümün fotosunu çəkməməlidir.

- Bəs kommersiya xatirinə, duyğulardan çox uzaqda mövcud olan fotoqrafiya özü ölü sənət sayılmır? Bu ətalət ruhunu söndürmür?

- Birmənalı şəkildə ölü sənət sayılır. Ruhumu söndürdüyünü də inkar etmirəm. Uzun müddət fikirlərim məni xərçəng kimi suya, qurbağa kimi quruya, durna kimi səmaya dartdı. Sənət fotolarımla kommersiya arasında azıb qaldım. Sosial şəbəkələrdə fəal olmamağımın da əsas səbəbi budur. Ümumiyyətlə incəsənətin digər nümayəndələri kimi rəssam və fotoqraflar da məcburiyyət qarşısında qalıb, kommersiyanı seçirlər. Sənət adamının fikri məişət problemlərinə, bazarlıq qayğılarına qarışdısa, gözü də, əli də, ruhu da paslanmağa başlayır. Ailəsini dolandırmaq üçün qeyri sənətə üz tutmağa vadar olur. Rəssamlarda vəziyyət daha işıqlıdır. Çünki ən azı əsərlərini satmaq imkanları var. Peşəkar təhsil alırlar. Təəssüf ki, bizdə fotoqrafiya fakültəsi belə yoxdur.

- Səbəb nədir? Niyə bizdə günümüzün ən aktual sahələrindən sayılan fotoqrafiya, foto-jurnalizm ixtisasları tədris olunmur?

- Çünki Azərbaycan Fotoqraflar Birliyi bu məsələdə maraqlı deyil. Bu qurum heç bir yeniliyə, təkliflərə, qranta, "krant"a açıq deyil. Sanki suyu quruyub. Müasir fotoqrafiya sahəsinə iynənin ucu qədər faydaları yoxdur. Bu gün Azərbaycanda kifayət qədər foto biliyinə sahib müəllimlər var, bir-bir dünyadan köçürlər. Bəli, təcrübə bütün fotoqraflarda var. Düyməni sıxıb foto çəkməyə nə var ki?! İşin nəzəriyyəsini, kimyasını, fizikasını bilənlər barmaq sayı qədərdir. Gec olmadan oyanmaq lazımdır. Əlimizdəki resursdan doğru istifadə etmədikcə, tükənib yox olacaq. Bu gün həmin birliyin mətbuat kartına xarici ölkələrdə etimad bizim ölkəmizdən daha çoxdur. Çox təzadlı və tragikomik haldır.

- Fransız tanışım anasını itirəndən sonra hər şeydən, hər kəsdən uzaqlaşıb 2 il fasiləsiz dünyanı gəzdi. Xatırladım ki, bunun üçün lüks imkanları yox idi. Anasızlığın (?) naşı enerjisi səni nələrə təhrik edir?

- Bizi həmişə işığı yanan pəncərənin taleyi maraqlandırıb. Bütün hallarda işığı yanmayan pəncərənin taleyini qanırmışıq kimi aparmışıq özümüzü. Məsələ ilk dəfə qarşılaşdığımız (naşı) enerjidirsə biz onu unudub, yeni sevgi tapmaq üçün təbiətə borcluyuq. Suala cavab olaraq nəyə təhrik olunduğumu bilməkdirsə - bunu unuda bilmək qabiliyyətimə borcluyam. Yoxsa bu gəzməklə qurtula biləcəyimiz hiss deyil.

- Səncə, bəşəriyyətin ən böyük təhlükəsi "biz"ik?

- Bəli. Zatən ikinci variant yoxdur. Heç bir Allah, təbii fəlakət, heyvan bu qədər insan qıra bilməzdi ki, "biz" qırdıq. İkinci Dünya müharibəsinə xərclənən pulla dünyadakı bütün insanları xilas etmək olardı. Amma 72 milyon insan öldü. Deməli mizan düzgün deyil. İnsanlıq atomu parçalayacaq qədər ağıllı, ondan istifadə edə bilməyəcək qədər ağılsızdır. Allahı yaradan insanlar əvvəl onu, sonra da dünyanı məhv edəcək.

- İki misra ilə həyatını təsvir et!

- Bu dünyaya yarım gəlib tam gedəni görmədim.

Tam yaşayıb bu dünyadan kam gedəni görmədim.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm