“O dəhşətli səhnəni görəndə və düşünəndə ki, mən də o palatada yatacam...” - Koronaya yoluxan həkimlə ŞOK MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

“O dəhşətli səhnəni görəndə və düşünəndə ki, mən də o palatada yatacam...” - Koronaya yoluxan həkimlə ŞOK MÜSAHİBƏ

Dünyanın bütün ölkələrinin savaşdığı müharibə - Koronavirus!

Ön cəbhədə görünməz düşmənlə mübarizə aparanlar isə tibb işçiləridir. Təəssüflə qeyd etməliyik ki, bu gün virusa yoluxan insanların sayının artımı fonunda infeksiyaya yoluxan həkimlərin də sayı artıb. Onlardan biri də 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Nicat Əzimlidir. O, COVID-19 pandemiyası ilə əlaqədar olaraq Mərkəzi Neftçilər Xəstəxanasına ezam olunub və bu müddətdə virusa yoluxub.

Nicat Əzimli virusa necə yoluxması, ölkəmizdə pandemiya ilə əlaqədar mövcud durum və hər kəsi maraqlandıran məqamlarla bağlı Publika.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Doktor, Mərkəzi Neftçilər Xəstəxanasında viruslu xəstələrlə işləyirdiniz, yoxsa başqa şöbədə idiniz?

- Mərkəzi Neftçilər Xəstəxanasında COVID-19 xəstələrinin intensiv terapiya blokunda işləyirdim. Yəni, həmin şöbədə vəziyyəti ağır olan xəstələrlə işləmişəm.

- Koronavirusun dünyada və Azərbaycanda yayıldığı ilk vaxtlar ona necə yanaşırdınız? İlkin təəssüratlarınız necə idi?

- Mən 3 ildir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə infeksionist işləyirəm. Ölkədə infeksion mərkəz ora olduğu üçün COVID-19 şübhəli pasiyentlərlə özüm məşğul olmuşam. Virusun ölkədə yayıldığı gündən, mart ayının əvvəlindən gələn xəstələrlə ünsiyyətdə olmuşam. İlk gündən təəssüratım xəstəliyin ciddi olmasını anlamağımdır. Çünki yoluxuculuğu çox yüksəkdir. Bu infeksion xəstəlik üçün çox təhlükəlidir. Bunun geniş yayılacağını, əvvəlcə epidemiya, sonra isə pandemiya halını alacağını bilirdim və bir infeksionist olaraq riski öncədən görürdüm. Biz artıq ilk gündən müşahidə etməyə başlamışdıq ki, gələn xəstələrdə proses daha çox yuxarı tənəffüs yollarında yox, aşağı tənəffüs yollarında gedir. Yəni, əsas ağciyərlərə təsir edirdi. Bu da respirator xəstəliklər üçün çox təhlükəli bir haldır. Bu, artıq vəziyyətin nə qədər ciddi olduğunu göstərirdi.

- Necə hiss etdiniz ki, virusa yoluxmusunuz? Sizdə xəstəliyin hansı əlamətləri var idi?

- Məndə ilk olaraq zəiflik əlamətləri və əzələ ağrıları oldu. Xüsusilə aşağı ətraflarımda, dizdən aşağı hissədə - ayaqlarımda çox şiddətli ağrılar olmağa başladı. Daha sonra boğaz ağrısı və burun tutulması oldu. Ardınca hərarətim yüksəldi və 37.3 dərəcəyə qalxdı. Bir neçə gün sonra isə hərarətim çox yüksəldi və 38.5 dərəcə oldu. Ən son hiss etdiyim əlamət tənginəfəslik oldu. Nəfəs darlığı müşahidə edirdim və anladım ki, artıq vəziyyət çox ciddidir. Hər halda müayinə ilə də bildik ki, virusa yoluxmuşam.

- Yəqin ki, bir həkim olaraq yoluxana qədər yüzlərlə virusa yoluxmuş şəxsləri görmüşdünüz. Test nəticənizin pozitiv olduğunu öyrənəndə hansı hissləri keçirdiniz?

- Nəticə pozitiv olanda heç təəccüblənmədim. Çünki çox yüksək virus yükü olan xəstələrlə birbaşa təmasda işləmişəm. Virusa yoluxmağım gözlənilən idi. Düzdür, insana qəribə bir hiss verir ki, özün də artıq müalicə etdiyin xəstələrin yerindəsən və onların yatdığı xəstəxana palatalarında sən də yatacaqsan. İlk o otağa daxil olanda qəribə bir hiss gəldi ki, bu xəstələrdə ağırlaşmalar olur və bəzən o palataya daxil olan xəstələr oradan reanimasiyaya da gedə bilir. Qorxu və tərəddüd hissi yaşadım. Amma ən çox rentgen nəticələrini görəndə narahat oldum. Düzdür, ağciyərlərimdə çox böyük sahəni əhatə etməsə də, iltihab əlamətləri var idi və toxuma zədələnmişdi. Bu arta bilərdi və ağciyərlərdə belə dəyişikliklər ikincil infeksiyaların qoşulmasına, vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Burada heç vaxt proqnoz vermək olmur. Yaxşı oldu ki, vaxtında üzərinə düşdüm. Həkim olmağım burada çox böyük rol oynadı. Yaşımın da gənc olması sayəsində baş verə biləcək ağırlaşmaların qarşısı alındı.

- Ailəniz nə deyirdi? Yaxınlarınızın, dostlarınızın reaksiyası necə oldu? Bəzi vətəndaşlar var ki, virusa yoluxub sağalıblar, amma hələ də onları ətrafı təcrid edir...

- Ailəm ilk gündən mənəvi cəhətdən yanımda olub. Azərbaycanda virus yayılmağa başlayan gündən ailəmdən ayrı qalmışam. Hoteldən işə, işdən hotelə getmişəm. İnsanlarla əlaqəm kəsildi və sanki təcrid olundum. Ailə üzvlərimi yoluxduracaq risk də yox idi. Virusa yoluxduğumu eşidəndə ailəm çox narahat oldu. Ancaq bizim cəmiyyətdə infeksion xəstəlik keçirmiş insanlara sanki damğa vururlar və onlardan qaçırlar. Bu düzgün yanaşma deyil. Əgər həkim qərar veribsə ki, bu insan artıq sağlamdır və cəmiyyət içinə çıxa bilər, o cəmiyyət də bunu düşüncəli şəkildə qəbul etməlidir. Nə qədər qaçsaq da, bu infeksiya bütün dünyada yayılıb və pandemiya halını alıb. Hər gün bununla qarşılaşırıq. Sadəcə olaraq özümüzü qorumalı və tədbirlərə əməl etməliyik. Virusdan sağalan insanlara psixoloji təzyiq göstərmək düzgün deyil.

- Təmasda olduğunuz insanlar karantinə alındı?

- Xeyr. İş şəraitində bir-birimizi yoluxdurma ehtimalımız çox aşağıdır. Çünki hər kəs qoruyucu geyimdə olur. Ancaq mənimlə eyni saatda işləyən həmkarlarımdan da testlər götürüldü. Onların heç birində yoluxma aşkarlanmadı. İşdən kənar da heç kəslə təmasda olmuram.

- Hazırda həm fiziki, həm də psixoloji olaraq özünüzü necə hiss edirsiniz? Müalicəniz necə aparılır?

- Xəstəlik aşkarlanan ilk gündən başlayaraq 12 gün müddətində çalışdığım Mərkəzi Neftçilər Xəstəxanasında stasionar müalicə aldım. Xəstəxanada müalicəm bitəndən sonra klinik yaxşılaşma olduğu halda ev şəraitində müalicəyə göndərildim. Bu da xəstəxanadakı müalicənin davamıdır. Hazırda əlavə müalicəyə ehtiyac görülmür. Sadəcə test nəticəmin neqativ olmasını gözləyirəm ki, işimə qayıdım.

- TƏBİB və ya Səhiyyə Nazirliyi sizlə maraqlanırmı?

- Xəstəxanada öz işlədiyim kollektiv tərəfindən müalicə gördüyüm üçün elə onlar da mənlə maraqlanırlar.

- Həkimsiniz və özünüz çox şeyi bilirsiniz, amma elə vətəndaşlar var ki, onlar da evdə müalicə olunur. Bəzilərinin vəziyyəti ağırlaşır, əksəriyyəti qaydanı düzgün bilmir. Ümumiyyətlə evdə müalicə necə aparılmalıdır?

- İstər ev, istərsə də xəstəxanada müalicə həkim nəzarəti ilə aparılmalıdır. Bir çoxlarının vəziyyətinin ağırlaşmasının səbəbi həkim nəzarətinin olmamasıdır. Bəziləri isə həkimə müraciəti gecikdirir. Bir çoxları qohum-əqrəba məsləhəti ilə və yaxud internetdə araşdırmaları ilə ev şəraitində özlərini müalicə etməyə çalışır. Amma nəzər almaq lazımdır ki, hər bir xəstəyə həkim tərəfindən fərdi yanaşma olmalıdır. Onun yanaşı xəstəlikləri, yaşı və digər vacib faktorlar nəzərə alınır, onun əsasında müalicə kursu tərtib olunur. Ev şəraitində aparılan qeyri-professional və gecikdirilmiş müalicələr bir çox hallarda xəstələrin vəziyyətinin ağırlaşmasına, ağır vəziyyətdə xəstəxanaya gəlməsinə səbəb olur. Belə halda isə gecikmiş müalicə effekt verməyə bilir. Öz təcrübəmdən də görürəm ki, ölüm hallarının əsas səbəbi məhz budur. Həkimə gec müraciət edən xəstələr daha çox həyatını itirir. Adətən yüngül qızdırma, burun tutulması, boğazda qıcıqlanma və yüngül öskürək kimi əlamətləri müşahidə edən xəstə özündə qrip və digər bütün ehtimalları axtarır. Yalnız koronavirusu axtarmır. Bu psixoloji bir haldır və qorxu buna səbəb olur. Bunu çox vaxt soyuqdəymə əlamətləri ilə əlaqələndirir. Bu yanaşma səbəbindən xəstə evdə gözləyir və vəziyyəti pisləşir. O hala gəlib çatır ki, artıq tənəffüs ala bilmir, boğulur və xəstəxanaya gətirirlər. Hətta elə hallar olur ki, xəstə xəstəxanaya çatmamış ya maşında, ya da qapının girişində dünyasını dəyişir. Mən bunların şahidi olmuşam. Özündə bu əlamətləri görən hər kəs həkimə müraciət etməlidir.

- Xəstəxanada olduğunuz müddətdə həmkarlarınız sizə necə münasibət göstərirdi? Yəqin ki, həkim olduğunuzu bilirdilər...

- Bu müddətdə aylardır çiyin-çiyinə mübarizə apardığımız həmkarlarımın nəzarətində olmuşam. Hər biri məni tanıyırdı.Təkcə həkimlər yox, tibb bacıları və digər işçilər də məni tanıyırdı. Onlar mənə göstərdikləri qayğını digər insanlara da göstərirdilər. Xəstələr arasında heç bir fərq qoyulmurdu.

- Sosial şəbəkədə bəzi insanlar virusun bir oyun olduğuna dair fikirlər səsləndirir. Sizcə, bu inamsızlıq nədən qaynaqlanır? İnamsız yanaşanlara sözünüz varmı?

- Mən də sosial şəbəkələrdə bu barədə oxuyuram. Virusa inamsız yanaşma var. Ancaq son vaxtlar bu bir qədər azalıb. Çünki virus artıq gəlib həmin şəxslərin ya özlərinin, ya da qohumlarının qapısını döyüb. Bu inamsızlıq azalacaq. Amma yaxşı olardı ki, insanlar bu mövzuda daha çox maariflənsinlər və doğru informasiyaya meyl etsinlər. Artıq hər kəs bu qədər böyük qlobal bir problemin, pandemiyanın oyun olmadığını anlamalıdır. Cəmiyyət arasında olan bu inamsızlıq sindromunu qidalandıran bir çox nüfuzlu mənbələrin və məşhur şəxslərin “virus yoxdur”, “bu bir siyasətdir” kimi çıxışlar etməsidir. İnsanlar da belə dezinformasiyalarla rastlaşırlar. Amma maariflənsələr, bu tip paylaşımlara inanmazlar və hər şeyin əsaslı olduğunu görəcəklər.

- Sizə pandemiya dövründə ön cəbhənin əsgərləri də deyirlər. Amma son vaxtlar həkimlərin də virusa yoluxma sayı artdı. Tibb işçiləri özlərini necə qorumalıdır?

- Əlimizə silah alıb döyüşməsək də, görünməz düşmənlə mübarizədəyik. Yoluxma riskini, nə qədər xroniki xəstəliklərimiz olmasa da yoluxarsaq yüz faiz yaxşı olacağıq deyə bir proqnozumuzun olmadığını bilirik. Bunu bilə-bilə xəstələrin müalicəsində yaxından iştirak edirik. Bu bizim peşə borcumuzdur. Son günlər yoluxan həkimlərin sayı xəstə sayına düz mütənasib olan situasiyadadır. İnsanlar başa düşməlidirlər ki, həkimlərin yükü ağırdır, onların həyatı risk altındadır. Bu yükü azaltmaq hər kəsin vətəndaşlıq borcudur. Hamı bəsit təhlükəsizlik qaydalarına riayət etməlidir. Tibb işçiləri bütün qaydaları bilir. Həkimlər bütün qoruyucu vasitələrdən istifadə etməli və səhlənkarlığa yol verməməlidir. Heç kəs bu xəstəlikdən sığortalanmayıb.

- Yəqin ki, vəziyyəti ağır olan xəstələri iş zamanı görürdünüz. Özlərini necə aparırdılar. Nəfəs darlığı deyirlər dəhşət formada yaşanır. Heç xəstə ilə ünsiyyətdə oldunuzmu? Yəni, daha çox harada və necə yoluxublar?

- Bir çox hallarda xəstə heç harda yoluxduğunu özü də bilmir. Bəzilərində isə ailəlikcə yoluxma olur. Bir ailənin 2-3 üzvü eyni vaxtda xəstəxanaya daxil olur. Təmasda olduğum xəstələrin əksəriyyəti ağır xəstələr idi və onlarda kəskin nəfəs darlığı müşahidə olunurdu. O xəstələr çox ağır vəziyyətdə olurlar və heç kəslə ünsiyyət qura bilmirlər. Tənəffüs çatışmazlığı olan halda onları çox danışdırmırıq. Bir çoxları süni tənəffüs aparatından istifadə zamanı CPAP maskaları taxır və çox əziyyət çəkir. Bu əziyyətli səhnələri görən həkim olaraq deyə bilərəm ki, orada olmağı heç kəs arzulamaz. Bu heç də asan müalicə proseduru deyil və insanlar bu duruma düşməmək üçün əlindən gələni etməlidir, özünü və ətrafını qorumalıdır.

- Belə fikirlər var ki, virusdan xüsusi qorunmağa ehtiyac yoxdur, əvvəl-axır hamı yoluxmalı, immunitet yaranmalıdır. Sizin yanaşmanız necədir?

- Təbii ki, bu, infeksion xəstəlikdir və yoluxuculuq qabiliyyəti çox yüksəkdir. Nə qədər bunun qarşısını almağa çalışsaq da, yayılmağa davam edir. Virus hər kəsə çata bilər. Bütün dünyada bu xəstəliyə qarşı mübarizə təkcə xəstələrin müalicəsindən ibarət deyil. Bunun üçün elmi işlər aparılır. Peyvənd axtarılır. Bu virusun müalicəsində istifadə olunacaq antivirus preparatlarının axtarışı davam edir. İlk növbədə yoluxmamağa can atmalıdırlar. Bu xəstəlik aşağı tənəffüs yollarında daha çox problem yaradır və çox təhlükəlidir. Hər birimiz bu xəstəliyə yoluxarsaq, bunu qrip kimi keçirməmə ehtimalımız da yüksəkdir. Yəni, ağır pnevmaniya kimi ölümcül formada keçirə bilərik. İlk növbədə bundan qorunmalıyıq. İkincisi, xüsusi karantin rejiminin tətbiq olunmasının əsas məqsədi infeksiyaya yoluxmanın sayını azaldaraq səhiyyə sisteminin yüklənməsinin qarşısını almaqdır. Ən əsası isə hazırda xəstəxanada müalicə alan xəstələrin müalicəsi düzgün şəkildə aparılsın və çarpayı sayı buna imkan versin. Təbii ki, bu axtarışlar bir nəticə verəcək. Müəyyən peyvənd və ya dərman ixtira ounduğu təqdirdə, müalicə və profilaktika dövrü başlayacaq. Bundan sonra sərt karantin rejiminə ehtiyac olmayacaq. Nə qədər ki, karantin tədbirlərinə əməl etmədən xəstəxanalarımızı yükləyiriksə, müalicənin də keyfiyyəti aşağı düşəcək. Hər kəs yoluxacaqsa da, bu hər kəsin müalicə olunacağı təqdirdə olmalıdır.

Qorunma tədbirlərinə əməl etməsək, qısa müddət ərzində bu xəstəlik Azərbaycanda elə bir hal ala bilər ki, nəinki xəstəxanalarda yerlər dolar, hətta xəstə olmayan bir ev qalmaz. Bu çox çətin bir durumdur. İnsanlar müalicədən məhrum qalacaqlar. Bu reallığı biz görürük. Ola bilər ki, səhiyyədən anlayışı olmayan bir insan bunu dərk etməsin. Ancaq bu durum xeyli insanın ölümünə səbəb ola bilər. Biz birlikdə bu halın qarşısını almalıyıq.

- Deyirlər vaksin tapılıb. Yəni, müxtəlif ölkələr bununla bağlı fikirlər səsləndirir. Sizcə vaksin nə zaman sınaqdan keçiriləcək?

- Hazırda sübuta yetirilmiş effektiv vaksin yoxdur. Düşünürəm ki, yaxın müddətdə vaksin aşkarlanarsa, onu ixtira edən Nobel mükafatına layiqdir. Təbii ki, hazırda bir neçə ölkə bunu sınaqdan keçirir. Əgər onların tam effektivliyi sübuta yetirilərsə, geniş kütlədə istifadə olunacaq. Bu böyük bir elmi ixtira olacaq.

- Doktor, bu xəstəlikdən sağalan insanın orqanizmində hansısa fəsadlar qalırmı?

- Xəstəliyin keçirilmə dərəcəsi orta-ağır və ağır olarsa, orqanizmdə müəyyən dəyişikliklər və geri dönüşü olmayan proseslər ola bilər. Bu, başda ağciyər olmaqla bütün orqanizmdə ola bilər. Müalicə erkən aparılarsa, bu halın da qarşısını almaq olar.

- Pandemiya bitdiyi zaman etmək istədiyiniz ilk iş nədir? Yəqin ki, işiniz üçün darıxmısınız...

- Pandemiya bitdiyi zaman ilk etmək istədiyim şey xarici ölkələrdə tibbi təcrübə proqramlarında iştirak etməkdir. Bir çox elmi araşdırmalar etmək istəyirəm. Daha çox öz üzərimdə işləməyi düşünürəm. İşim üçün darıxmışam deməzdim. Deyərdim ki, hazırda daha çox işimlə məşğul oluram.

- İşinizə geri dönməyi düşünürsünüzmü?

- İşimə mütləq şəkildə geri dönməyi planlaşdırıram. Çünki hazırda bizə çox ehtiyac var. Bizim olmamağımız bir çox xəstənin həkim diqqətindən kənarda qalması deməkdir. Xüsusilə də biz həkim-infeksionistlərə bu gün çox böyük ehtiyac var. Özüm də gənc həkiməm. Düşünürəm ki, mənim kimi gənc həkimlərin bəziləri işdən kənardır. Onlara səslənirəm ki, gəlsinlər, bir yerdə ön cəbhədə dayanaq və virusa qarşı birlikdə mübarizə aparaq. Yaşlı həkimlərin əksəriyyəti ağır xəstələrlə təmasda olur. Onların bəzilərinin xroniki xəstəlikləri var və virusa yoluxurlar. Bir çoxunun yaşı risk qrupundadır. Biz onları qorumaq üçün daha çox çalışmalıyıq.

- Çox sağ olun, həkim! Tezliklə sağlamlığınıza qovuşmağı və yenidən işinizə dönməyi arzu edirəm.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm