Norveç XİN-in Baş məsləhətçisi ilə görüşə hazırlaşan diaspor nümayəndəsi: “İllərdir ki, erməni yalanları ilə tanış olublar”
Bizi izləyin

Xüsusi

Norveç XİN-in Baş məsləhətçisi ilə görüşə hazırlaşan diaspor nümayəndəsi: “İllərdir ki, erməni yalanları ilə tanış olublar”

Norveçdəki “Can Azərbaycan” diaspor təşkilatının sədri, kral ailəsi üçün geyimlər hazırlayan məşhur modelyer və “Shervin Najafpur” moda evinin təsisçisi Şervin Nəcəfpur koronavirus pandemiyasının həyatına və karyerasına təsirindən söz açıb.

Publika.az-a müsahibəsində Norveç XİN-in Baş məsləhətçisi ilə onlayn görüş keçirməyə hazırlaşdığını deyən Ş.Nəcəfpur Dağlıq Qarabağ məsələsində Norveçin rəsmi mövqeyini Azərbaycanın xeyrinə dəyişdirməyə çalışacağını bildirib.

- Şervin xanım, “Milli mirasımızın mənşəyi” (Land of our origin) adlı kolleksiyanız yaxın günlərdə Antalyada nümayiş olundu, lakin pandemiyadan dolayı dəfilədə iştirak edə bilmədiniz. Şəxsi kolleksiyanı onlayn izləmək necə idi?

- Kolleksiyamın bəyənilməsi və bir daha nümayiş olunması məni çox ruhlandırdı. Bu dəfə moda həvəskarları Antalya şəhərinin yeni çimərliyi “Fosforlu Beach Club”un sehrli atmosferində “Milli mirasımızın mənşəyi” ilə tanış ola bildi. Şəxsən orda olmağı çox istəyərdim, ancaq bütün qaydalara ehtiyat edərək evdə qaldım və dəfiləni onlayn izlədim. Bu, karyeramda həm maraqlı, həm də qəribə bir ilk olsa da, heç nə bizim sağlamlığımızdan daha vacib deyil. Qeyd edim ki, dəfilə virusun yayılma intensivliyi nəzərə alınaraq bir sıra qaydalar çərçivəsində Türkiyədə keçirilən ilk moda nümayişlərindəndir.

- Kolleksiyanı xüsusi edən detallar haqqında danışa bilərsiniz? Türkiyədə markaya olan maraq hansı səviyyədədir?

- Dünyaca şöhrətli moda evləri hər zaman çalışır ki, öz milli miraslarını dünyaya tanıtdırsınlar. Öz imkanlarım daxilində zəngin tariximizi və mədəniyyətimizi milli motivlərimizdən ilhamlanaraq doğulduğum ölkəni və türk dünyasını birləşdirən o qızıl nüansı ortaya qoymağa çalışıram. Fikrimcə, bizim millətləri birləşdirən mədəniyyətlərimizdəki eyniliklərdir. “Milli mirasımızın mənşəyi” ilə inanıram ki, buna nail ola bildim.

Bilirsiniz ki, hazırda dünyada “Atiye” adlı bir türk serialı dəbdədir. Hadisələr Göbəklitəpənin qədim məbədinin ətrafında cərəyan edir, artıq 1 ilə yaxındır ki, qayaüstü rəsmlər hər kəsin diqqət mərkəzindədir. Bu, mənim üçün böyük bir avantaj oldu, çünki geyimlərimin üzərindəki cizgilər kimsəyə qəribə gəlmədi. Beləliklə Qobustandakı qayaüstü rəsmlər vasitəsilə dünyaya öz mesajımı çatdıra bildim. Bu motivlər moda həvəskarları tərəfindən yaxşı qarşılandı.

Türkiyədə moda həvəskarları orijinal ideyaları, xüsusi ilə türk mədəniyyətini özündə əks etdirən geyimləri və brendləri isti qarşılayırlar. Onlar sənət əsərlərinə yüksək qiymət verir, Türkiyədə mənim kimi modelyerlərə və brendlərə də maraq yüksək səviyyədədir. Antalya Türkiyənin çox tanınmış turizm bölgəsidir. “Antalya Fashion Week” gündən-günə böyüyən və çox geniş kütləyə sahib olan moda həftəsidir. Onun sayəsində səsimi son iki ildir daha geniş auditoriyaya çatdıra bilirəm, aldığım müsbət rəylərdən dolayı Antalyada moda həftələrinə daha çox diqqət ayırıram.

- Kolleksiyanızdakı geyimlər mavi, qırmızı, bəyaz və yaşıl rənglərdən ibarət idi. Sizin üçün bu rənglərin anlamı nədir? Niyə bu dörd rəngə daha çox müraciət edirsiniz? Azərbaycan bayrağının rənglərini canlandırmanız təsadüf idi?

- Bəyaz əvəzedilməz rəngimdir, həmçinin istənilən dildə və mədəniyyətdə ana rəngdir, sülhün, dostluğun və xeyirxahlığın rəmzidir. Qırmızı çox emosional rəngdir, istiliyi, sevgi və gücü ifadə edir. Mavi dərinlik, etibar, sədaqət və imanı, yaşıl isə həyatın yenilənməsini, təbiət, enerji, harmoniya və maliyyəni simvollaşdırır.

Dərin mənalarından ziyadə müqəddəs bayrağımızın rəngləridir, təsadüf deyil... Azərbaycan bayrağını görəndə həmişə içimdə bir arzu baş qaldırır ki, kaş tezliklə bu üçrəngli bayrağımız bütün işğal altında olan torpaqlarımızda dalğalanardı. Məhz bu səbəblərdən yeni kolleksiyanın hazırlanmasında bu rənglərə üstünlük verdim.

- Pandemiya fonunda yayı necə keçirdiniz? Gələcək fəaliyyətinizlə bağlı hansı planlarınız var?

- Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Daxili turizm Norveçdə çox artdı, təəssüflər olsun ki, yoluxmaların da sayı artdı. Dünyanı kəşf etməyi sevən biri olsam da, hələlik bütün səyahətlərdən imtina etdim.

İşə gedib-gəldim, istirahət günlərimi qaydalara uyğun təbiətdə keçirdim, ən əsası Norveçdəki diaspor fəaliyyətimizi artırdım. Hazırda dünya pandemiya ilə savaşır, hamımız öz vəzifəmizə düşəni edərək, həmrəylik və bir-birimizə göstərdiyimiz qayğı sayəsində bir çox insanın həyatını təhlükədən qoruya bilərik.

Koronavirus pandemiyası “Shervin Najafpur” brendinə təsirsiz ötüşmədi. Hələ də bütün layihələrimi təxirə salmışam, səbirsizliklə yenidən əvvəlki rejimə qayıtmağı gözləyirəm, bu qeyri-müəyyən durumdan dolayı həyatı bir az axarına buraxmışam.

- Pandemiyadan sonra moda-geyim sənayesində nələr baş verəcək? Proqnozlaşdırılan dəyişikliklər özünü doğrultdu?

- Norveçdə hər kəs daha çox qənaət etməyə çalışır. Bu qeyri-müəyyən durum şopinq davranışımızı dəyişdirib. Sabah nələr baş verəcəyini bilmədiyimizdən daha çox diqqət edirik. Bilirsiniz ki, Norveçdə də bir çox insan işsiz qaldı. Dövlət yardım göstərir, dəstək olur, lakin neft qiymətinin düşməsi Norveç kronuna çox təsir etdi. Rəsmi statistikalara görə, ərzaq qiymətləri 10-25% qalxdığı üçün orijinal qiymətli geyimlərin satışı azalıb. Fevral ayından bu günə kimi bir çox mağazalarda böyük markalar daxil olmaqla 70% endirimlər davam edir. Bu endirimlərin fonunda belə satışların statistikası yüksək deyil. Bir çox mağazalar və məşhur brendlər iflas etməyə dəvam edir. İnsanlar artıq sadəcə ehtiyacları olduğu geyimləri və məhsulları alır. Əlverişli, idman və rahat geyimlərin satışı, alışı artıb. Hesab edirəm ki, rahat geyimlər hələ uzun müddət trend olacaq.

- Hazırda Norveçdə karantin qaydaları və pandemik durum hansı vəziyyətdədir?

- Təəssüf ki, Xalq Sağlamlığı İnstitutunun və Səhiyyə nazirinin son rəsmi açıqlamasına görə, Norveç 2 həftə sonra “qırmızı ölkə” elan oluna bilər. Yoluxmalar əhalinin sayına görə şiddətli artdı, ikinci dalğanın yaxın günlərdə baş verəcəyi proqnozlaşdırılır. Norveç hökuməti öz vətəndaşlarına tövsiyə edir ki, məcbur olmadıqları halda evdə qalmağa davam etsinlər. Tədbirlər xüsusi ilə Osloda infeksiyanın inkişafının qarşısını almağa yönəldilib, ictimai nəqliyyatda maska taxmaq tövsiyə olunur. Dövlət və xüsusi sektorlarda işləyənlərin mümkün olduğu qədər ev ofisinə davam etmələrinə çağırış olunur.

- Bu müddətdə həyatınızda nələr dəyişib? Azərbaycana gəlməyi planlaşdırırsınızmı?

- Davranışlarım və həyat tərzim çox dəyişib. Onsuz da allergiyalarım olduğu üçün gigiyenik qaydalara diqqət edirdim, indi daha ciddi rejimə salmışam özümü.

Ən böyük dəyişiklik səyahət etmək azadlığımın bir müddətlik təxirə salınmasıdır. Azərbaycan və Türkiyə üçün çox darıxmışam, amma, necə deyərlər, sayılı gün tez keçər. İlin sonuna qədər səyahət planını təxirə salmışam, dünyada vəziyyət stabilləşənə kimi və məcbur olmadığım müddət xaricə səfər etmək niyyətim yoxdur.

- Bildiyim qədər, növbəti həftə Norveç XİN-in Baş məsləhətçisi ilə rəsmi görüşünüz olacaq. Bu görüşdə hansı məsələlərin müzakirəsi nəzərdə tutulub? Sizcə, Dağlıq Qarabağ məsələsində rəsmi Norveç mövqeyini Azərbaycanın xeyrinə dəyişəcəkmi?

- Ərazi bütövlüyümüzün bərpa olunmasını arzulayırıqsa, həqiqəti dünyaya çatdırmaq üçün səylərimizi davam etdirməliyik. CAN təşkilatının sədri kimi daima çalışıram ki, yaşadığım ölkənin hökumətinin diqqətini cəlb edim, mütəmadi olaraq məktublar və bəyanatlar ünvanlayıram. Tez-tez rəsmi nümayəndələrlə görüşlər keçirirəm, daima Qarabağ məsələsini dilə gətirirəm, ətrafımdakı hər kəsi maarifələndirməyə çalışıram. Gördüyümüz bütün bu işlər könüllü atılan addımlardır. Burada doğulub boya-başa çatmağımın ən böyük avantajı odur ki, norveçlilərin mentalitetinə uyğun strateji addımlar ata bilirəm. Son iki ildir ki, CAN təşkilatının fəaliyyəti öz bəhrəsini verir. Yaxınlarda Norveçin Baş naziri Erna Solberq ilə görüşüb ona “Milli mirasımızın mənşəyini kəşf et” layihəmizdən hədiyyə təqdim etdim. Onunla maraqlı söhbətimiz baş tutdu. Bir çox ilklərə imza atmışıq və atmağa da davam edəcəyik.

Norveç 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü seçilib. İstəyirik ki, Norveç hakimiyyətindən Ermənistan və Azərbaycan arasında sülh və əmin-amanlığın qurulması üçün fəaliyyət aparılsın, nəticədə baş verən hadisələrə düzgün qiymət verilsin.

Bu görüşü həyəcanla gözləyirəm, böyük məsuliyyətdir. Azərbaycanın sülhsevər siyasəti haqqında çıxışım olacaq, sözsüz ki, Qarabağ həqiqətlərinin çatdırılmasına daha çox yer ayıracam. İllərdir ki, erməni yalanları ilə tanış olublar, əsl gerçəkləri gün işığına çıxarmaq üçün bu görüş xüsusi əhəmiyyət kəsb edir. Güman edirəm ki, görüşdən sonra biganə qalmağa davam etməzlər, Azərbaycanın xeyrinə kiçik bir addım atmağa çalışarlar. Hər halda belə bir rəsmi görüşün baş tutması bizim üçün böyük bir uğurdur.

- Görüşün ölkəmiz üçün nə kimi əhəmiyyəti olacaq?

- Hər bir azərbaycanlı harada doğulmasından asılı olmayaraq, Azərbaycanı təmsil edən elçidir! Biz daima diqqət mərkəzindəyik, çalışmalıyıq ki, öz vətənimizi layiqli şəkildə təmsil edək, gördüyümüz bütün işlərdə Azərbaycanımızı və azərbaycançılıq ideyasını təbliğ edək. İnanıram ki, bu görüş cənab Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışına kiçik bir dəstək olacaq və Norveçdəki diaspor adına isə böyük bir uğur daha olacaq. Diaspor və lobbiçilik fəaliyyətimizi gücləndirərək vətənimiz Azərbaycanın milli mənafelərini ləyaqətlə müdafiə edirik.

- Sizə bu məsuliyyətli işdə uğur və sarsılmaz inam arzu edirəm.

- Təşəkkür edirəm.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm