Xüsusi
Çalışqanlıq alışqanlığa çevrilirsə, uğur qazanırsan - Aynur Xəlilova
Aynur Xəlilova Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvüdür. Ölkəmizin tanınmış gənc modelyerlərindəndir və “Made in Azerbaijan” adı altında ərsəyə gətirdiyi məhsulları xaricə ixrac etmək niyyətindədir. Onunla söhbətimiz zamanı gördüyü işlər, gələcək planları, AQSİA-nın fəaliyyəti ilə bağlı müxtəlif məsələlərə aydınlıq gətirdik.
DOSYE: Aynur Xəlilova Azərbaycan Dövlət Tibb Universitetinin Tibbi-biologiya fakültəsini bitirib. İxtisasca genetik olsa da, 7 ildən artıqdır moda sahəsində fəaliyyət göstərir və “By Aynur Khalilova” milli brendinin təsisçisi və kreativ direktorudur. Eyni zamanda yeni qurulan “Dəbli” şirkətinin təsisçisi və kreativ direktorudur. “Xeyirli əllər” Xeyriyyə Cəmiyyətinin sədridir.
– Son dövrlər Azərbaycanda moda sənayesi sürətlə inkişaf edir və xüsusən gənclər arasında populyarlıq qazanır. Necə oldu ki, bu sahəyə gəldiniz?
– Əslində mənim moda sənətinə marağım hələ uşaq yaşlarından formalaşıb. Ən böyük arzum modelyer olmaq idi. Lakin buna baxmayaraq, valideynlərimin təkidi ilə IV ixtisas qrupuna hazırlaşdım və Azərbaycan Dövlət Universitetinin Tibbi-biologiya fakültəsinə daxil oldum. İxtisasca genetik olsam da, modelyer olmaq istəyim məni bir an belə rahat buraxmırdı. Günün birində qəti qərar verdim və öz gələcək fəaliyyət sahəmi seçdim. Bilirdim ki, bu asan olmayacaq. Çünki bir sahəni dərindən bilmədən, A-dan Z-yə qədər məlumatlı olmadan uğur qazanmaq mümkün deyil. Məhz elə bu səbəbdən ilk növbədə moda təhsili almağa başladım. Hətta dərzilik təhsili də aldım ki, işimə tam hakim olum. Gecə-gündüz yoruldum demədən, usanmadan öz üzərimdə işlədim və artıq 7 ildir ki, bu sahədəyəm.
– Sahə yeni olsa da, kifayət qədər rəqabət var. Bu rəqabət şəraitində fərqlənmək, etimad qazanmaq nə qədər asan oldu?
– Əvvəlcə, biz fəaliyyətə moda evi formatında start verdik. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, qısa müddətə populyarlıq qazanmağa, sevilməyə müvəffəq olduq. Çünki mənim bir dizayner olaraq xüsusi tərzim var və bu tərz sadəlikdən yanadır. Sadəlik tərzini öz fəaliyyətimizdə hər zaman davam etdirdik. Misal üçün ziyafət geyimlərini yüksək zövq və tərtibatla yanaşı sadə formada hazırlayırıq. Peşəkar komandamız var və biz hər bir alıcıya fərdi yanaşırıq. Yəni adi bir sifarişi hazırlayarkən komanda olaraq bir araya gəlir, fikir mübadiləsi aparır və daha kreativ məhsul ortaya qoymağa çalışırıq. Məhz bu fəaliyyət bizi sevdirdi və bu gün artıq ikinci şirkəti – “Dəbli” şirkətini alıcıların ixtiyarına vermişik. Çox yaxın günlərdə iş xanımlarının əlinin çata biləcəyi daha keyfiyyətli, eyni zamanda sərfəli geyim məhsullarını təqdim edəcəyik.
– Baxmayaraq ki, son illər Azərbaycanda geyim sənayesi inkişaf edir, hələ də xanımlarımız və bəylərimiz xaricdə istehsal olunan məhsullara üstünlük verirlər…
– Tam səmimi deyəcəm, bizim yeni qurduğumuz şirkət, nəinki dünyanın aparıcı brendləri ilə ayaqlaşa bilir, hətta deyərdim ki, bir çox kriteriyalara görə, onlardan daha üstündür. Biz müasir trendləri vaxtaşırı izləyir və öz fəaliyyətimizi buna uyğunlaşdıraraq qururuq. Düzdür, 5 il öncəyə qədər xanımlarımız xarici məhsullara daha çox üstünlük verirdi. Lakin hazırda vəziyyət sizin dediyiniz kimi deyil. Çünki bu müddətdə Azərbaycanda moda sənayesi sürətlə inkişaf etdi və xanımlarımız yerli moda şirkətlərinə üstünlük verməyə başladılar. Artıq hər kəs qəbul edir ki, keyfiyyətli və sərfəli məhsulu almaq üçün xarici bazara deyil, yerli moda şirkətlərinə etibar etmək lazımdır. Heç şübhəsiz bu amil bizi ruhlandırır və öz fəaliyyətimizdə yeniliklər etməyə sövq edir. Bizim istehsal etdiyimiz məhsullar uzun müddətli istifadəyə yararlıdır və sonradan hər hansı deformasiyaya məruz qalmır.
– Brend şirkətlər artıq həm də məktəb rolunu oynayırlar. Hazırda nə qədər heyətlə bu işi görürsünüz və gələcəkdə “moda məktəbi” təsis etmək niyyətiniz varmı?
– Hazırda 40 nəfər işçi heyətimiz var. Biz həm kolleksiyanı dizayn edirik, həm də tikişi həyata keçiririk. Bu ənənəvi tikiş deyil, yalnız “Dəbli”yə məxsusdur. Həmçinin bizim bazar araşdırması aparan marketoloqlarımız var. Onlar dünyada və Azərbaycanda trendləri, yenilikləri izləyirlər. Bilirsiniz ki, koronavirus pandemiyası onlayn ticarətin fəaliyyətində yeni mərhələ oldu. Düzdür, buna qədər də onlayn ticarətin satışda həcmi artırdı. Lakin COVİD-19-un yayılması və bununla əlaqədar məhdudlaşdırma tədbirləri bu satış növünə xüsusi maraq, şərait yaratdı. Biz də bu prosesdən kənarda deyilik və onlayn satış platformasına xüsusi üstünlük veririk. Müştərilərdən daxil olan təklifləri onlayn formada onlarla dəyərləndirir və evə qədər rahat çatdırmanı təmin edirik. “Made in Azerbaijan” brendi altında ərsəyə gətirdiyimiz məhsulları xaricdə satışa çıxarmaq niyyətindəyik. Bu istiqamətdə çox ciddi işlər gedir. “Hörümçək toru” kimi biz bu layihəmizi A-dan Z-yə qədər planlamışıq. Bizim iddiamız dünya moda satışının cəmi bir faizidir. Hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı yönündə həyata keçirilən islahatlar fonunda bu olduqca zəruridir. Qarşıdakı illərdə “moda məktəbi”ni yaratmaq, “Dəbli”ni istedadlı modelyerlər yetişdirən bir məktəbə çevirmək niyyətimiz var.
– AQSİA-dakı fəaliyyətiniz də maraqlıdır… Quruma gəlişiniz barədə danışardınız…
– Mən özüm feministəm və şəraitdən asılı olmayaraq, qadınların önə çıxmasında xüsusi maraqlıyam. Bu səbəbdən əlimdən nə gəlirsə həm qadınlara, həm də qadın platformalarına dəstək olmağa çalışıram. Birmənalı qənaətim ondan ibarətdir ki, qadın güclüdürsə, gələcək güclüdür deməkdir. Bu məqamda bildirim ki, “Xeyirli əllər” Xeyriyyə Cəmiyyətinin sədriyəm. Bu cəmiyyətdə 70-dən artıq xanım birləşib. Xüsusən tənha qadınlara dəstək istiqamətində fəaliyyət göstəririk. Açıq etiraf etmək lazımdır ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ölkəmizin ən güclü qadın təşkilatıdır. Bunun əsas səbəbi AQSİA rəhbərliyinin, o cümlədən sədrimiz Səkinə Babayevanın yüksək təşkilatçılıq qabiliyyəti, rəhbərlikdə təmsil olunan digər şəxslərin öz işinin peşəkarı olmasıdır. Bu gün AQSİA çərçivəsində qadınlar arasında həmrəyliyə nail olunması, onların birgə fəaliyyətinin təşkili istiqamətində çox uğurlu fəaliyyət modeli ortaya qoymuşuq. Mənim bu assosiasiyaya gəlişim isə AQSİA-nın İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Mətanət Ağamirlinin sayəsində baş tutub və Mətanət xanıma təşəkkür edirəm ki, məni belə bir gözəl, igüzar qadın platforması ilə tanış edib.
– AQSİA-nın fəaliyyətində nəzərəçarpan məqamlardan biri işgüzar xanımlar arasında birgə fəaliyyətin təşkilidir. Sizin bu işə töfhəniz nədən ibarət olacaq?
– AQSİA-da təmsil olunmaq hər bir xanım üçün faydalı və uğurludur. Çünki bu qurumda müxtəlif sahələrdən olan işgüzar xanımlar toplaşıb. Biz öz fəaliyyətimizi kordinasiyalı şəkildə həyata keçiririk. Yəni AQSİA-da hər bir xanım digər xanıma dəstək göstərir. Assosiasiyanın fəaliyyəti təkcə bu qurumda təmsil olunan xanımların yox, bütövlükdə Azərbaycan qadınlarının mənafeyinə uyğundur. Çünki bayaq qeyd etdiyim kimi, AQSİA bu gün Azərbaycanda ən uğurlu və yeganə iqtisadi qadın platformasıdır. Bu birlik platforması cəmiyyətin daha həssas qrupuna dəstək olmaq, özünütənzimlə mexanizmləri yaratmaqdan, qadınların öz potensiallarını realizə etməsinə yardımdan ibarətdir. Fürsətdən istifadə edərək, bizim fəaliyyətimizə öz dəstəyini əsirgəməyən, qadınlara hər zaman dayaq olan Azərbaycan dövlətinə, ölkəmizdə qadınlarla bağlı həyata keçirilən siyasətə uğurla imza atan Cənab Prezident İlham Əliyevə təşəkkür etmək istərdim. Dövlətin dəstəyi ilə AQSİA yaranıb və nəinki qadın sahibkarlığının, ümumilikdə qadınların inkişafına verilən böyük töhfədir. Xüsusən mənim kimi gənclərin inkişafı, gələcək nəslin biznes mühitinə gəlişi, gələcəkdə sahibkarlıq fəaliyyətinə üstünlük verilməsi üçün stimullaşdırıcı faktor rolunda oynayır.
– Bildiyimiz qədər ailəlisiniz, 3 uşaq anasısınız. Həm ailəyə, həm də işə necə zaman çatdırırsınız və gənclərə, elə yaşıdlarınıza da tövsiyyəniz nə olardı?
– Düzdür, həm ailəni idarə etmək, həm həyat yoldaşı və övladlarına diqqət ayırmaq, həm də gərgin izgüzar şəraitdə fəaliyyət göstərmək çətindir, ancaq mümkündür. Baxmayaraq ki, biznes sahəsindəyəm və kifayət qədər iddialıyam, amma ailə mənim üçün ən vacib dəyərdir. Düşünürəm ki, heç bir fəaliyyət ailədən öndə dayana bilməz və ən əsası ailədir. O ki qaldı uğur qazanmaq üçün nə etmək lazımdır sualınıza, insan ilk növbədə qərar verməyi və verdiyi qərarı həyata keçirmək üçün səy göstərməyi bacarmalıdır. Yəni, hər şey insanın özündən başlayır. Bunun üçün şüuraltı səviyyədə zəmin hazırlamalı, eqo kənara qoyulmalı, informasiyalara açıq olmalı, öyrənməli, öyrənməli və yenə də öyrənməlisən. Zəhmət də çox vacibdir və işgüzar yola çıxan hər kəs arı kimi çalışqan olmalıdır. Çalışqanlıq alışqanlığa çevrilirsə, artıq uğurun əhəmiyyətli hissəsini qazanmış olursan. Biznesdə ən vacib amillərdən biri düzgün zamanda düzgün adama və düzgün sahəyə yatırım etməkdir. Əgər bütün bu komponentlər formalaşıbsa, mütləqdir ki, gec və ya tez uğur əldə ediləcək. Yəni bu yolda heç kim sənə mane ola və qarşını kəsə bilməyəcək.
Azər Niftiyev, SOSİUM.az
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI