Xüsusi
ABŞ Universitetinin azərbaycanlı politoloqu: “Paşinyan İlham Əliyevə yalvarıb-yaxardı ki...”
Şimali Karolina Universitetinin Konfliktologiya Fakültəsinin direktoru, Amerika-Azərbaycan Alimlər Birliyinin Prezidenti Əli Əsgərovun Publika.az-a müsahibəsini təqdim edirik:
- Əli bəy, ordumuzun qazandığı uğurlar sizə hansı duyğuları yaşatdı?
- Hər bir Azərbaycan vətəndaşı ordusunun qazandığı qələbələrlə qürur duyur. Ətrafımda olan insanların bir çoxu göz yaşlarını saxlaya bilmir. Kövrək insan olmasam da, ürəyim riqqətə gəlir, fəxr hissi keçirirəm. İllərdir bu anı gözləyirdim. Dağlıq Qarabağ münaqişəsi gözümün önündə yaşanıb, bu münaqişənin başlanması şüurlu vaxtıma düşüb. 80-ci illərdə meydanlarda yatıb-durmuşam, bütün tarixini bilirəm. Təbii ki, müəyyən çevrələrdə yazılarım və məqalələrimlə mübarizə aparmışam, konfranslarda bu mövzuda çıxış etmişəm. Həmişə Azərbaycanı zəfərə və müharibəyə səsləmişəm. Çünki inanmırdım ki, ermənilər torpaqlarımızı sülh yolu ilə geri qaytarsın. Bu, imkansız istək idi. Düşmən qüvvə bizə hansı vasitələri tətbiq etmişdisə, biz də həmin üsulla onları torpaqlarımızdan çıxartmalıydıq. Bu, ermənilərə verilən ən layiqli cavabdır, onlar aqressor və qəsbkardır, haqq-ədalət bizim tərəfimizdədir. Fəxr edirəm ki, Milli Ordumuz bu gün onlara haqqı olan dərsi verir.
- Bu qələbələr Ermənistanın geri çəkilməsinə təsir göstərəcəkmi, yoxsa erməni xalqı öz övladlarını döyüşmək üçün Azərbaycan torpağına göndərməyə davam edəcək?
- Erməni hökuməti axmaqdır. Xalqı qınamaq və təhqir etmək istəmirəm, amma bu gün əhali acizdir. Əgər xalq aciz olmasaydı, övladlarını Dağlıq Qarabağa göndərməkdən çoxdan imtina edərdi. Ermənilər övladlarının bu döyüşlərdə həlak olmasını istəmir. Onlar Azərbaycanın haqlı olduğunu bilir. Dağlıq Qarabağ münaqişəsində yalnız milliyyətçi və daşnakların mövqeyi dəyişməz olaraq qalır. Müəyyən bir yumşaq təbəqə də var ki, onların konkret bir mövqeyi olduğunu demək çətindir.
Övladlarını işğal olunmuş ərazilərimizdə döyüşməyə erməni xalqı deyil, erməni hökuməti göndərir. Ümumiyyətlə, xalq erməni hökumətinə təsir göstərmək gücünə malik deyil. Yalnız bir dəfə təsir göstərib "Məxməri inqilab" etdilər, indi də yəqin çox peşmandırlar ki, Nikol Paşinyanı (Ermənistanın hazırkı baş naziri - red.) hakimiyyətə gətirdilər.
- Rusiyanın bu məsələdə neytral mövqeyi və Ermənistanın maraqlarını açıq şəkildə müdafiə etməməsini necə dəyərləndirirsiniz?
- Rusiyanı təbrik edirəm. Bu, olduqca müsbət hadisədir.
- Sizcə, Rusiya niyə susur?
- Başlıca səbəbi odur ki, Rusiya Paşinyanı istəmir. Paşinyan Rusiya ilə deyil, Qərblə müttəfiqlik etməyə çalışırdı, amma onu da üz-gözünə bulaşdırdı. Ümumiyyətlə, bundan əvvəl də Rusiya Qərblə müttəfiq olmaq istəyən digər ölkələrlə düşmən olmuşdu. Ukraynada "Narıncı inqilab"ı xatırlayın. Onlar üzlərini Qərbə çevirdikcə Rusiya ilə münasibətlər kəskinləşdi. Nəticədə, Rusiya Krımı işğal etdi, Donbasda müharibə törətdi.
Eyni hadisə 2008-ci ildə Gürcüstanda da baş verdi. Rusiya Cənubi Osetiya ilə Abxaziyanın müstəqilliyini tanımaqla Gürcüstanı cəzalandırdı. Sözsüz ki, Ermənistanın bənzər hərəkətini Rusiya qəbul etməzdi.
İkinci məsələ odur ki, bilmədiyimiz müəyyən məqamlar var. Gizli diplomatiyanın detallarının Rusiya və Türkiyə, yoxsa Azərbaycan və Rusiya arasında aparıldığını bilmirik.
Üçüncü səbəb isə odur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə hazırda açıq müdaxilə etmək istəmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının şərtləri buna imkan vermir. Saziş bağlanıb ki, Ermənistan ərazisində hər hansı xarici aqressiya meydana gələrsə, Rusiya müdaxilə edəcək. Bu döyüşlər isə Ermənistan ərazisində getmir. Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edir. Ermənistan bir çox şəhərlərimizə raket və bombalar atmaqla Azərbaycanın təxribata çəkməyə çalışır ki, biz də eyni reaksiyanı verək - Ermənistan sərhədlərindəki torpaqları atəşə tutaq. Yalnız bundan sonra Rusiyanı verdiyi şərtləri yerinə yetirməyə çağıra bilər. Gördüyünüz kimi, Azərbaycan bu təxribatlara getmir, onlara heç bir əsas vermir.
- Bir çox ekspertlər hesab edir ki, bu qələbə eyni zamanda Paşinyanın siyasi sonluğu olacaq. Sizcə, uzun illər ona rəhbərlik edən quldur kriminal rejimdən birdəfəlik xilas olmaq üçün erməni xalqı hansı addımları atacaq?
- Ermənistanın əvvəlki hökumət başçıları ilə müqayisədə Paşinyan daha yaxşıdır. Şübhəsiz ki, o, bizim düşmənimizdir. Paşinyan hakimiyyətə səmimi duyğularla gəlmişdi, prezidentimizə də yalvarıb-yaxardı ki, ona vaxt versin. Amma o, daxili və xarici siyasi qüvvələrin, o cümlədən, diasporun təsirinə tab gətirə bilmədi. Paşinyan istefa verib hakimiyyətdən üzüsulu getməli idi ki, bu, onun üçün ən yaxşı qərar olardı. Amma o istefaya getmədi. Hakimiyyətdə qalmağı və onların dediklərini yerinə yetirməyi seçdi. Paşinyan zəif siyasətçidir, intellektual səviyyəsi çox yüksək sayılmaz, emosional baxımdan da güclü deyil. Rusiyanın televiziya kanalına çıxışında da bu aydın sezilirdi, sözün əsl mənasında sarsılmışdı. Prezident İlham Əliyevin məntiqli, tutarlı, peşəkar və səlis cavablarının fonunda Nikol Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən zəif olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərirdi. İlham Əliyevin çıxışını isə diplomatiya məharətinin zirvəsi kimi səciyyələndirmək olar. Bu, hər iki siyasətçinin bədən dilindən də aydın görünürdü.
Sözsüz ki, Azərbaycanın qalib gəlməsi Paşinyanın siyasi sonluğu deməkdir, lakin onun yerinə daha yaxşı bir “-yan” gələ biləcəyinə də inanmıram. Əslində, Paşinyanın qalması xeyrimizədir. Bundan sonra Ermənistan hakimiyyətinə kimin gəlməsindən asılı olmayaraq, ölkədə, onsuz da, çaxnaşma düşəcək. Əsgərlərin ölməsi, Azərbaycanın öz torpaqlarını geri alması, ordunun dağılması, daxili pərakəndəlik, eyni zamanda, hərbi texnikanın sıradan çıxması ölkədə gərginliyin artmasına səbəb olacaq. Sabitliyin pozulmasını gizlədə bilməyəcəklər, Ermənistanda xalq ayağa qalxacaq və iğtişaşlar başlayacaq. Cəmiyyətin bir hissəsi “nə işimiz var idi Azərbaycan torlaqlarında?” deyəcək. Bu təbəqə getdikcə böyüyəcək. Bunu əvvəl də qəbul edən ermənilər var idi, sadəcə açıq şəkildə deməyə qorxurdular.
- Prezident İlham Əliyevin xalqa son müraciəti haqqında nə deyə bilərsiniz?
- İlham Əliyevin həm Rusiya, "Əl-Cəzirə", "Əl-Ərəbiə" telekanallarına verdiyi müsahibələri, həm də xalqımıza müraciətləri onu göstərir ki, Heydər Əliyevə layiqli siyasətçidir. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu bu gün uğurla, qürurla davam etdirir. Sözün əsl mənasında, qüdrətli ölkə başçısıdır. İlham Əliyev həm də çox gözəl natiqliq qabiliyyətinə malikdir. Qazandığımız qələbələr münasibətilə onu təbrik edirəm. İnşallah, o, Azərbaycan tarixinə Qarabağı azad etmiş bir lider kimi düşəcək.
- Azərbaycan xalqının iradəsi və birliyi Amerikada da hiss olunurmu?
- Bəli, bu birlik Amerikada yaşayan azərbaycanlılar və diaspor arasında da açıq şəkildə sezilir. Buradakı müxtəlif Azərbaycan təşkilatları birlik və bərabərlik mesajları yayır. Ermənistan səfirliyinin binasının, ATƏT-in həmsdərlərinin səfirliklərinin, BMT və ya Konqresin qarşısında keçiriləcək mitinqlər barədə böyük ruh yüksəkliyi və inamla müzakirələr aparırıq. Azərbaycan əsgərlərinə yardım kampaniyası həyata keçiririk. Amerikada yaşayan Azərbaycan övladları da o birliyi öz aralarında nümayiş etdirirlər.
- Ermənistanın Tərtər, Bərdə, Gəncə və digər rayonlardakı yaşayış məntəqələri və dinc sakinlərimizə atəş açması beynəlxalq arenada nüfuzunun zədələnməsinə təsir göstərirmi?
- Səsimizi dünyaya çatdıra bilsək, buna nail ola bilərik. Onsuz da, Ermənistanın imici aşağıdır. Hər halda, çəkilən görüntüləri dünya mətbuatına rəsmi şəkildə çatdırmaq və gerçək üzləri tanıtdırmaq lazımdır. Bu işlə, əsasən, səfirliklər məşğul olur. Bir də qeyri-rəsmi formada təbliğat aparmaq lazımdır. Xaricdə yaşayan azərbaycanlılar sosial şəbəkələrdə məlumatlar, məqalələr yayır və sair.
Artıq dünya ölkələri də görür ki, Ermənistan aqressordur, hərbi güc hesabına Dağlıq Qarabağı ələ keçirib. Beynəlxalq hüquq güc istifadə edərək hər hansı torpağa haqq iddiasını rədd edir.
- Qalan ərazilər müqavilə əsasında qaytarıla bilər?
- Erməni hökuməti o qədər ağıllı deyil. Ağıllı olsaydılar, elə bu gün o müqaviləni imzalayardılar. Ordumuz hələ bir qədər də irəli getməlidir ki, təslim olmağa razı olsunlar. Dağlıq Qarabağ xaric, bütün rayonları işğaldan azad etsək, bəlkə də təslim ola bilərlər. Ermənistan indi çabalayır, Fransadan müəyyən dəstək gözləyirlər. Biz bunlara qulaqlarımızı bağlamalıyıq. Prezident özü də dedi ki, münaqişənin digər həlli yollarının müzakirəsi məqsədilə onunla danışmaq istəyən hər kəsə telefonu qapalıdır. “Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, Paşinyan zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın”,- o, dünənki çıxışında əlavə etdi. Odur ki, biz dayanmamalıyıq. Məsələnin bir həlli var - erməni ordusu Azərbaycan torpaqlarını tərk etməlidir.
- Demək olarmı ki, bu müharibə həm də yeni bir mədəniyyətin başlanğıcı olacaq?
- Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yeni bir siyasi mədəniyyətin yaranmasına təkan verəcək. Bu da öz növbəsində ölkənin elmi mədəni inkişafı, Azərbaycanın daha demokratik ölkəyə çevrilməsinin təməlini qoyacaq. Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ idi. Yeni Azərbaycan dünyaya gözünü açmazdan əvvəl problemi dünyaya gəldi. Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başladı, Azərbaycan 1991-ci ildə müstəqillik qazandı. Təsəvvür edin ki, körpə doğulmamış problemləri meydana çıxdı. Biz 30 ildir ki, bu problemlə yaşayırıq. Bu problem resurslarımızı əlimizdən aldı, ruhdan saldı, minlərlə köçkünümüz öz yurd-yuvasından didərgin düşdü, körpələr çadırlarda dünyaya gəldi və çadırlarda böyüdü. Bütün bunlar olduqca ciddi problemlər idi. Bu problemin həllindən sonra Azərbaycanı müdhiş bir inkişaf yolu gözləyir. Azərbaycan hər mənada elə sürətli inkişaf edəcək ki, nəinki qonşularımız, digər ölkələr də bizə qibtə edəcək.
Aytən Məftun
-
Magazin204:44
Türkiyəli milyarderin aktrisa gəlini dar libasda pozalar verdi - FOTO/VİDEO
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO
-
Sosial02:42
"Temu"dan şikayət DURMADAN ARTIR - Aldanmamaq üçün nələrə diqqət etməliyik? / VİDEO
-
Hadisə01:41
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü - Yaralılar var / FOTO
-
Sosial00:45
Vəzifəli şəxs işdən çıxarıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Subayları romantik görüş gözləyir
-
Magazin100:00
Qalmaqallı görüntülərindən DANIŞDI: "Yanımdakı bəy ərəb deyil..." - VİDEO