24 yaşlı şəhidimizin atasına SON SÖZLƏRİ - Günlərdir xəbər almadığım oğlumdan mesaj gələndə... - - VİDEO
Bizi izləyin

Xüsusi

24 yaşlı şəhidimizin atasına SON SÖZLƏRİ - Günlərdir xəbər almadığım oğlumdan mesaj gələndə... - - VİDEO

Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.

Bu gün doğma Qarabağımızın hər qarışı bizim üçün Vətəndir, Azərbaycandır. Çünki torpaqlarımızın işğalı ilə barışmayan, illərlə qisas hissi ilə yaşayan minlərlə igidimiz bütöv Azərbaycan üçün Vətənin müdafiəsinə yollandı, Qarabağı illərin əsarətindən xilas etdi. Vətən savaşında şəhidlik zirvəsinə ucalan ərənlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Qarabağın azadlıq dastanını! 44 günlük haqq savaşımızda elə qəhrəman, qorxmaz, mərd oğullar şəhid oldu ki, onların həyat hekayələrini dinlədikcə, döyüş yoluna nəzər saldıqca qürur duymaya bilmirsən.

Şəhid gizir Sultan İbrahimov kimi. Sultan da Vətən savaşımızda qanı ilə tarix yazan igidlərimizdəndir. O, Zəngilan istiqamətində gedən döyüşlərdə yaralı silahdaşını savaş meydanından çıxararkən şəhidlik zirvəsini fəth edib.

Publika.az qələbəmizdə imzası olan şəhid gizir Sultan İbrahimovun döyüş yolunu təqdim edir.

Şəhidimiz 1996-cı il aprelin 24-də Salyan rayonunda anadan olub. Sultan 7-ci sinifə qədər Moskvada təhsil alıb. Daha sonra Salyanda orta məktəbi davam etdirib. Bakı Biznes və Kooperasiya Kollecinin Gömrük işi ixtisasını bitirib. Sultan 1 il imiş ki, Dövlət Sərhəd Xidmətinin Lənkəran rayon Sahil Mühafizə Dəstəsində çalışırmış. Atası deyir ki, işləri çox yaxşı idi oğlumun. Şəhidimiz müharibədən əvvəl işini DSX-nin xüsusi təyinatlılarına dəyişmək istədiyini bildirib, atasından xeyir-dua istəyib. Mikayıl ata o anları belə xatırlayır: “Səbəbini soruşdum. Dedi ki, ata, səni Qarabağa çağırsalar getməyəcəksən? Canla-başla gedərəm dedim. Sonra xeyir-dua verdim. 10 günlük təlimlərə qoşuldu. Bir həftə sonra dedi ki, məni təbrik et, artıq xüsusi təyinatlıyam”.

Müharibə başlayanda Sultan və onun yoldaşları döyüşlərə yollanır. O, atasına deyib ki, Murovda hava çox soyuqdur, yaralılar olur, köynəyimlə onların yarasını sarıdım. Mikayıl ata bundan çox qürurlanıb, Sultanla fəxr etdiyini bildirib.

Daha sonra qəhrəman şəhidimiz Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edir. Deyirmiş ki, “hər şey yaxşıdır. Ermənilərlə aramızda 150 metr məsafə var. Yaxın gedən kimi silahlarını atıb qaçırlar. Çox qorxaqdırlar”.

Atasına deyib ki, qismətimizdə nə varsa, onu da yaşamalıyıq. Allah bilən məsləhətdir. Şəhidlik zirvəsinə ucalmaq ən böyük arzusu imiş. “İnsanlar şəhid olaraq bu dünyanı dəyişəcək, onsuz da ölüm sizi haqlayacaq”, deyib atasına.

Sultan atası ilə danışanda bildirirmiş ki, ermənilər ölən əsgərlərini ayaqlarından sürüyüb aparır, biz isə şəhidlərimizi, yaralılarımızı qucağımızda aparırıq.

Mikayıl ata həmişə oğlunu dəstəkləyib, onu mübarizəyə səsləyib. Sultan və silahdaşları Xudafərin körpüsünə bayrağımızın sancılmasında böyük şücaət göstəriblər. DSX-nin rəsmisi atasına deyib ki, sərhədlərimizin bərpa olunmasında Sultanın böyük rolu olub: “Sultan çox böyük qəhrəmanlıq göstərib. Cəbrayılın azad olunmasında onun da payı var. O, Dövlət Sərhəd Xidmətinin başını uca etdi”, - polkovnik belə qeyd edib.

Şəhidimiz Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Döyüş yoldaşının sözlərinə görə, Sultan və başqa 5 nəfər Cəbrayıl istiqamətində əsas yüksəkliyi ələ keçirərək 50 ermənini məhv edib: “30 nəfər idik. Ermənilərin minomyotları qalmışdı. Sultan tək gedərək onları gətirdi və düşmənin özünə qarşı istifadə etdi. Yüksəkliyi alandan sonra içməyə su tapmadıq. Heç kəs ürək edib su gətirməyə getmirdi. Sultan bunu etdi, bizim üçün su gətirdi. O, çox ürəkli və mərd idi”.

Şəhidimiz 20 ermənini məhv edir, böyük qəhrəmanlıq göstərir. Son dəfə isə atasına mesaj yazaraq qeyd edir ki, hər şey yaxşıdır, məndən narahat olmayın, qələbəyə doğru gedirik, zəfərə az qaldı.

Mikayıl ata deyir ki, 5 gündür xəbər almadığım oğlumdan mesaj gələndə ürəyim rahatladı. Ancaq oktyabrın 23-ü zəng elədilər ki, Sultan şəhid olub.

O, qürurla yağı düşmən üzərinə yeridi, Cəbrayıl uğrunda mərdliklə vuruşdu. Müharibənin 24-cü günündə isə Zəngilanda ən ümdə arzusuna qovuşdu - Şəhidlik zirvəsinə ucaldı.

Sultan yaralı döyüş yoldaşlarını savaş meydanından çıxaran zaman snayperlə vurulur. Həmin döyüşdə silahdaşları Xudayar və Xalid də şəhid olur. Sultanın və digər şəhid dostlarının qisası alınır.

Şəhidimizin kiçik qardaşı Aqil də Vətənin müdafiəsinə yollanıb. Sultan şəhid olanda gələrək onun dəfnində iştirak edib.

Mikayıl ata deyir ki, mən də döyüşlərə getməyə hazır idim: “Sultanla fəxr edirəm ki, Allah mənə belə bir oğul qismət elədi. O, başımı ucaltdı. Sultan həm də Azərbaycanın, bu xalqın başını uca etdi. Dövlətimiz sağ olsun. Sultan kimi oğullarımızın sayəsində alnımız açıq, başımız dik gəzə bilirik”.

Sultanın arzuları da var idi. O, idman sahəsində uğur qazanmaq istəyib həmişə. “Azərbaycan və Avropa üzrə çempion olmaq istəyirdi. Rusiyada olanda da yarışlarda iştirak edib, güləşlə məşğul olub, medal və diplomlarla təltif olunub. Digər arzusu da kasıb ailənin hicablı qızı ilə evlənmək idi. Deyirdi ki, kasıb qızla evlənəcəm ki, onun yaşamadıqlarını mən yaşadım”.

Sultan maaşını yardımlara xərcləyib. Ən çox da ehtiyac sahibləri üçün dərman alarmış. İslam dininə çox bağlı idi. Bütün dini qaydalara əməl edərmiş şəhidimiz. Evdə olan son pulu belə heyvanlar üçün yemək alarmış. Heyvansevər olub Sultan. Öz yeməyini də onlarla bölüb.

Gözlərində Azərbaycan, baxışında Vətən vardı, deyir Sultanın dostları. Şəhidimizin dostu Mehman Hüseynli yazdığı şeirlərində onunla dərdləşir:

Gözümün önündən getməyən qardaş,
Adı hey dilimdən bitməyən qardaş.
Mehmanın qəlbində itməyən qardaş,
Pak ruhun röyada mənlə görüşdü.

İndi Sultan dostlarının röyalarına gəlir, onlarla görüşür...

Şəhidimizin 15 illik dostu Qismət Qasımov da Publika.az-a onunla bağlı xatirələrini danışıb. O bildirib ki, Sultanla 9 yaşından birlikdə olublar: “Həmişə məsciddə birgə namaz qılardıq. Məni tək qoymurdu, gecələr mənlə qalardı. O heç kəsin üstünə səsini qaldırmazdı, nalayiq sözlər işlətməzdi. İbadətlərini vaxtlı-vaxtında edirdi. Ailəlikcə əlləri, könülləri açıq insanlardır. Sultanın ən böyük arzusu da Kərbəlaya getmək olub”.

Sultan böyüyün-kiçiyin yerini bilən biri olub. Taksi sürücüsü deyirmiş ki, o həmişə arxada oturardı. Səbəbini soruşanda isə “birdən yaşca böyük adam gələr, ona hörmətsizlik olmasın”, deyərmiş.

Qismət Qasımov deyir ki, hətta Salyanda ərzaq satan insanlar da onun şəklini görəndə ağlayırmış: “Rayonda hamı onu tanıyırdı. Həmişə torpaqlar alındıqca zəng edirdi. Deyərdi ki, mən şəhid olmadım, yəqin nəsə günahım var. Şəhidlik ən böyük arzusu idi. Anasına deyirmiş ki, mənim üçün dua et, ucalım. Tez-tez xəstələnən idi. Məndən dərman məsləhət alardı həmişə. Dəfn edəndən sonra yuxuma gəldi, çox öskürürdü. Dedim, gedək dərman alaq. Mənə dedi ki, boş ver, mən düzələrəm, amma anam çox pis xəstədir. Həkim resept yazıb, ancaq oxuya bilmirəm, mənlə aptekə gedib alaq”.

Heç ummazdım bir gün gələr,
Məzarına gül düzməklə
Ürəyimə su səpərəm,
Məzarını qucaqlayıb.

İndi onun dostları məzarına gül düzüb, soyuq baş daşını qucaqlamaqla, anası isə oğlunun xatirələri və şəkilləri ilə təsəlli tapır.

Sultanın belə bir yazısına rast gəldim. Deyir ki, Allah güclüləri seçmir, seçdiklərinə güc verir. İndi onun və Allahın seçərək güc verdiyi yüzlərlə oğullarımızın ruhu şaddır. Çünki uğrunda savaşdıqları Qarabağımız azaddır və hər kəsə nəsib olmayan, bükülərək torpağa tapşırıldıqları o üçrəngli bayrağımız azad olunmuş Vətəndə dalğalanır. Arzusunda olduğun şəhadətin mübarək, şəhidim!

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm