Xüsusi
"Omikron" dünyanı necə dəyişəcək? - İdarəolunan vəziyyətdir
Tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov hesab edir ki, "omikron" ştamının gələcək fəsadlarını düzgün qiymətləndirmək üçün hələ tezdir. Professor onu da bildirib ki, yeni ştamın 50-dən çox mutasiyası var və bu, nə immunitet, nə də infeksiya qanunlarına tabedir.
Publika.az həkimlə müsahibəni təqdim edir:
- Doktor, gündəmin əsas mövzusu yenə koronavirus və onun ştamlarıdır. Bu dəfə necə bir təhlükə ilə qarşı-qarşıyayıq?
- "Omikron" ştamı ilə bağlı dünyada panik vəziyyət yaradıblar. Bunu heç də doğru saymıram. 2 həftədir ki, dünyada yeni mutasiyanın yaranmasının şahidi oluruq. Artıq Avropanın 20 ölkəsində, Kanadada, eyni zamanda Afrikanın cənub hissəsinə aid olan ölkələrdə "omikron" ştamı qeydə alınıb. 2-3 həftə ərzində alimlərin yeni ştam barədə gəldiyi ortaq bir nəticə yoxdur. Nə qədər təhlükəli, ölümcül olması və ya nə kimi kliniki simptomlarla müşahidə edilməsi məlum deyil. Cənubi Afrika həkimlərinin qənaətinə görə, kəskin simptomlara malik deyil, ağır xəstəlik törətmir, bütün xəstələrdə ayaqüstü keçirilən xəstəlik kimi müşahidə ediblər. Avropa dövlətlərindən gələn informasiyalar da eyni sözü deməyə əsas verir.
Hər halda bu, yeni bir variantdır, bizə 1-2 həftə də lazımdır ki, "omikron" ştamının vaksinə necə təsir etdiyini və müalicə effektini düzgün qiymətləndirək. Bu günə qədər apardığımız vaksinasiyanın yeni varianta qarşı effektiv olub-olmamasını öncədən söyləmək çətindir. Hələlik bilinən odur ki, yeni variant daha sürətlə yayılır. Sürətlə yayılarsa, daha çox insanı xəstələndirə bilər. Aydın məsələdir ki, nə qədər çox insan xəstələnərsə, onlar arasında ağırlaşmalar da olacaq, məntiqi olaraq ölüm hallarının artması da mümkündür. Xəstəlik nə qədər çoxdursa, ondan gələn acı nəticələr da çoxalacaq.
- Yeni ştamın Cənubi Afrikada aşkar olunması vaksinasiyanın o bölgədə aşağı olması ilə bağlıdır?
- Məni çaşdıran bir neçə məsələ var. Yeni ştamın 50-dən çox mutasiyası var. 50 mutasiyanı qazanmaq üçün təxminən 4-5 il vaxt lazımdır. Amma bir neçə gün ərzində bu qədər mutasiyanın yaranması və cəmiyyətdə peyda olması mənim üçün təəccüblü və bir o qədər də qaranlıqdır. Bu mutasiyaların da 30-32-si virusa insan hüceyrələrinə daxil olmaq imkanı verən maşa proteinlərindədir. Proteinlərdə yeni silahların yaranması maraqlıdır. Odur ki, öncədən fikir söyləyə bilmirəm.
Cənubi Afrika da dünyanın aparıcı inkişaf etmiş dövlətləri sırasındadır və vaksinasiyanın da əhatəliliyi kifayət qədərdir. Cənubi Afrikanı Ruanda, Luqanda və Sudan kimi yoxsul ölkələrin yanına qoymayın, o, çox yüksək inkişaf səviyyəsinə çatmış, Avstraliyaya bərabər bir ölkədir. Düşünmürəm ki, vaksinasiyanın səviyyəsi orada aşağı olsun. "Omikron" ştamının Cənubi Afrikada yaranmasını vaksinasiyadan irəli gələn məsələ ilə əlaqələndirə bilmərəm.
Bu qədər yüksək mutasiya və yüksək ötürücülük qabiliyyətinin birdən-birə əldə olunması mənim üçün qaranlıq və təəccüblüdür. "Delta" ştamında bu var idi, amma hardasa 20-25% idi. Alfa" ştamı ilə müqayisədə "delta"nın ötürücülüyü yüksək idi. Amma yeni variantın - "omikron"un bu səviyyədə olması suallar doğurur.
- Qaranlıq dedikdə nəyi nəzərdə tutursunuz?
- Açıq deyə bilmirəm, çünki bəzən dediklərimi şişirdib sensasiya yaratmaq istəyirlər. Dünyada immunitet və infeksiya qanunu var. Bu, təbiətin qanunudur, bizim yaratdığımız bir iş deyil. İnfeksiya cəmiyyətdə nə qədər çox sirkulyasiya edərsə, insanlarda immunitet ona qarşı bir o qədər müqavimət göstərər, virusu əzər və daha az yoluxdurucu edər. Bu, nə immunitet, nə də infeksiya qanunlarına tabe olan bir variantdır və haradasa idarəolunan vəziyyətdir...
- "Omikron" variantı pandemiyanın gedişinə təsir edəcəkmi?
- "Omikron" ştamının dünyada epidemioloji vəziyyəti ciddi şəkildə dəyişəcəyinə inanmıram, çünki cəmiyyətlərdə kifayət qədər vaksinasiya və onun effektivliyi var.
Lakin "Sinovac" vaksininin qoruyuculuğu o qədər effektiv deyil, yalnız 50% hallarda özünü doğrulda bilir. Toplum olaraq iki dozadan alınan nəticə yüngül xəstələrə qarşı effektiv ola bilər. Əsas problem odur ki, ağır xəstəliyin qarşısını almaqda "Sinovac" vaksini mükəmməl deyil. Tam səmimi deyirəm, bu vaksin 50-54% dəyişən effektə malikdir. Bu da cəmiyyətlərdə kifayət etmir. Əgər vaksinin effektivliyi 75-80% və daha mükəmməl deyilsə, kütləvi immunitetin yaranmasına da təsir edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yeni mükəmməl vaksinlər təsdiqlənərsə, təxirəsalınmaz qaydada "Sinovac" sıradan çıxacaq. Dünyada vaksin çatışmazlığını və yoxsul ölkələrin vaksin problemini nəzərə alaraq, heç olmasa "Sinovac" vaksini bu gün tətbiq olunmalıdır. Düşünürəm ki, ən mükəmməli "Pfizer" vaksinidir. Şəxsi müşahidələrim və dünyadan gələn nəticələrə əsasən, "Pfizer" 95-98% hallarda ağır xəstəlikdən qorumaq xüsusiyyətinə malikdir.
Aytən Məftun
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı