Xüsusi
Keçmiş nazir inanılmaz SİRLƏRİ AÇDI: 100 min dollar rüşvət gətirdi ki, “Tarqovı”da... - MÜSAHİBƏ
O, 1 il Əbülfəz Elçibəyin, 4 il isə Heydər Əliyevin dövründə rabitə naziri işləyib. Elə biz müsahibə üçün vədələşdiyimiz məkana çatanda da iclas keçirirdi. İclası yarıda saxlayıb, müsahibə etdik, söhbətimizdən sonra yenə də iclasa rəhbərlik etmək üçün bizimlə sağollaşdı.
Budəfəki həmsöhbətimiz keçmiş rabitə naziri Siruz Abbasbəylidir. Doğulduğu Təbrizdən, Elçibəy və Heydər Əliyevlə bağlı xatirələrindən, cəbhəçilərin ona qarşı mitinqlərindən, Ulu öndərin onu öz yerinə İsveçrəyə göndərməsindən, bir sözlə, çox şeydən danışdıq.
Keçmiş nazirin Publika.az-a müsahibəsini təqdim edirik:
- Siruz bəy, hazırda musiqi yaradıcılığınız nə yerdədir? Yeni musiqilər, mahnılar yazırsınızmı?
- Mənim mahnımın sözlərinin müəllifi bu yaxınlarda dünyasını dəyişən İsmayıl Dadaşovdur. Bu yaxınlarda koronavirusdan rəhmətə getdi. İli hələ çıxmayıb. Xalq artisti Nisə Qasımovanın ifa etdiyi “Son zəng” mahnısının da bəstəsi mənə, sözləri İsmayıl müəllimə aiddir. İki yeni bəstəm var, amma onları da axıra çatdırmamışam. Çünki işlərim çoxdur. Mahnıların, yeni bəstələrin üzərində işləməyə vaxt qalmır. Xalq artisti İlhamə Quliyevanın oxuduğu “İlhamlı Azərbaycan” mahnısı da mənim bəstəmdir. Səməd Səmədov həmin musiqini öz üslubunda çox gözəl ifa etmişdi. Bütün kanallarda həmin ifanı yayımladılar. Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə xanım mənə zəng etdi. S.Səmədovun xatirəsinə bir mahnı yazmağımı istədi. Sözlərini bizim bir dostumuz qələmə alıb. Mən həmin mahnının üzərində işlədim, hazırladım. Ancaq yarımçıq qaldı. Yəni aranjeman etmək lazımdır. Səməd Səmədov mənim çox yaxın dostum olub. Bütün xeyir işlərimizdə iştirak edib. Bu mahnının üzərində həvəslə işlədik. Sonuncu bəstəm onun xatirəsinə həsr olunan musiqidir. Hələ ki, saxlamışıq, qalıb... Ona qədər bir neçə lirik musiqi bəstələmişəm. Hələ ki, işlərimin çoxluğuna görə onlara vaxt ayıra bilmirəm.
- Hazırda kimlərlə işləyirsiniz? Bəstələdiyiniz mahnıları hansı müğənnilərə verirsiniz?
- Sözün düzü, hazırda heç kimlə işləmirəm. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasına sədr seçiləndən sonra heç nəyə vaxtım qalmır. Üstəlik, bu, ictimai işdir. Mən icra etdiyim bütün vəzifələrin hamısında həddindən artıq məsuliyyətli olmuşam. O vaxt boş vaxtlarım çox olduğu üçün musiqi ilə də məşğul ola bilirdim. Bağ evində qalırdım, işdən gedəndən sonra musiqi və bəstələrimlə baş-başa qalırdım. Keçən ilin iyul ayında İctimai Şura yarandı. Məni də sədr seçdilər. Demək olar ki, bütün boş vaxtımı bu işə sərf edirəm.
- İctimai Şurada nə işlə məşğulsunuz? Hansı yeni layihələr üzərində işləyirsiniz?
- Hazırda Azərbaycanda, respublikamızda ekoloji təmiz nəqliyyatın problemləri və onun həlli yolları üzərində işləyirik. Bayaqkı iclasda da İctimai Şuranın üzvləri iştirak edirdilər. Hazırda fəal müşavirə gedir. Müsahibədən sonra da biz müşavirəmizə davam edəcəyik. Fikir vermisinizsə, hazırda şəhərdə velosipedlər üçün yollar çəkilir. Biz bu məsələni dekabr ayının əvvəllərindən qaldırmışıq. May ayında biz bu məsələ ilə bağlı müşavirə keçirəcəyik. Əslində, bu ayın 20-dən sonraya planlaşdırılmışdı. Amma bizimlə işləyəcək qurumlar tam hazır olmadıqları üçün vaxtı bir qədər uzatmaq qərarına gəldik. Biz Azərbaycanda ekoloji təmiz nəqliyyatın problemlərini həll etməyə çalışırıq. Elektromobillər, samakatlar, velosipedlər...
- Ümumiyyətlə, Azərbaycanda nazirlərin, yüksək rütbəli məmurların işə velosipedlə gedib-gəlişinə necə baxırsınız? Bizdə də nə vaxtsa bu nüans kütləvi hal alacaqmı?
- Mən buna çox gözəl baxıram. Misal üçün, bizim nazirlərin bir-ikisi işə velosipedlə gedib-gəlir. Məsələn, Mədət Quliyevi misal gətirə bilərəm. O, işə gedib-gəlməsə də, hər zaman velosipedlə hərəkət edir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad müəllim də velosiped vurğunudur. O da velosipeddən istifadə edir. Mənə belə gəlir ki, bu gün velosipedlə işə gedib-gəlmək qəbuledilməzdir (gülür). Əlbəttə, yavaş-yavaş bu da olacaq. Çünki idmandır. İdman paltarında uzaq məsafəyə mümkün olmasa da, yaxın məsafəyə gedib-gəlmək mümkündür. Hətta işə idman paltarında gedib, öz kabinetində paltarını da dəyişmək mümkündür. Əgər mən bu gün yüksək vəzifədə olsaydım, böyük məmnuniyyətlə velosipedlə işə gedib-gələrdim.
- Təbrizdə doğulmusunuz. Sonuncu dəfə Təbrizdə nə zaman olmusunuz? Sizin üçün Təbriz nə deməkdir?
- Doğrudur, mən Təbrizdə doğulmuşam. Atam uzun müddət SSRİ-nin İrandakı səfirliyində işləyib. Daha doğrusu, atam İran Respublikasında bir neçə vəzifədə çalışıb. İran Sovneftdə vəzifədə olub. Bundan başqa, İran Sovet Bankında işləyib. Ondan sonra səfirlikdə çalışıb. Nəhayət, Təbrizdəki SSRİ konsulluğunda işləyib. Mən Təbrizdə doğulmuşam və orada birinci sinfə getmişəm. Mənim Təbrizdə doğulmağımın tarixi belədir. 1953-cü ildə Stalinin səhhəti ilə bağlı səfirliklərin bir çoxunu geri çağırdılar. O cümlədən, atam da geri – Azərbaycana gəldi. Biz bir müddət Gəncədə yaşadıq. Ondan sonra mən Bakıya köçdüm. Yəni bütün əmək fəaliyyətim Bakı ilə bağlı olub. Atam Ordubaddandır. Mənim ata babam Naxçıvan bölgəsinin axundu idi. Bu gün də ata babam Axund Musanı köhnə kişilər yaxşı tanıyır. Anam isə İçərişəhərdəndir. Anamın pasportunda doğum yeri Badi-Kubə şəhəri göstərilir. O vaxt İçərişəhərə belə deyirdilər. Çox az adamda bu cür pasport var, daha doğrusu, yaş kağızı... Hətta yaş kağızının üzərində “şiri-xurşid” də əks olunub. Çox maraqlıdır.
- Ümumiyyətlə, Azərbaycanın bir gün bütöv olacağına inanırsınızmı?
- 1983-cü ilə qədər Təbrizdə olmamışdım. 1983-cü ildən sonra bəlkə də Təbrizə 15 dəfə səfərim gerçəkləşib. Pandemiyadan sonra oraya ayaq basmamışam. Amma ondan əvvəl dalbadal bir neçə dəfə Təbrizə getmişəm. Hətta orada çox maraqlı videoçəkilişlər etmişəm. Axşamlar təbrizlilər yığışıb Azərbaycan mahnıları oxuyurlar. Təbriz camaatının əksəriyyəti Azərbaycan dilində danışır. Çox şirin ləhcələri var. İstər-istəməz dünya dəyişir. Fars əyalətlərini deyə bilmərəm, amma Təbriz, Ərdəbil və azərbaycanlıların daha çox yaşadığı bölgələrin özləri bu məsələni qaldıracaqlar. Mən belə düşünürəm. Mən o günü görəcəyimə inanmıram. Amma siz görəcəksiniz inşAllah.
- Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidentisiniz. Rəhbərlik etdiyiniz filial son illərdə nə kimi işlər görüb?
- Pandemiya ilə əlaqədar olaraq 2 ildən çoxdur ki, mən Moskvaya gedə bilmirəm. Aprelin 27-də Moskvada rəqəmsal festivalla bağlı çox böyük sərgi olacaq. Bu, Moskvanın Ekspo Sərgi Salonunda baş tutacaq. Demək olar ki, biz son 2 ildə iştirak etməmişik, iş görməmişik. Yollar bağlı olduğu üçün gedə bilməmişəm. Sonuncu dəfə 2 il bundan əvvəl Azərbaycanda tədbirimiz olub. Akademiyanın prezidenti Anastasiya xanım müavini və 5 nəfərlik akademiklə birgə Bakıya təşrif buyurmuşdular. O vaxt internetlə əlaqədar Nəqliyyat və Rabitə Nazirliyində çox gözəl, geniş tədbir keçirdik. Daha sonra onları Qəbələyə, Lahıca apardıq. Azərbaycanın bəzi bölgələri ilə tanış etdik. Proqramımız böyük idi, intəhası yarımçıq qaldı. İndi də vəziyyət bir qədər gərginləşib, mürəkkəbləşib. O mənada ki, gedib-gəlmək çətindir. Moskvaya gediş-gəliş bileti hazırda 1500 manatdır. Akademiyanın da hazırda belə bir imkanı yoxdur. Bəlkə də nazirlik kömək edəcək, amma hələ ki, dayanmışıq.
- Bakı Rabitə Texnikumunu bitirmisiniz. Nazir təyin olunanda universitet diplomunuz var idi, yoxsa bütün karyeranız elə həmin texnikum diplomunun üzərində inkişaf edib?
- Yox, mən iki institut bitirmişəm. Əlbəttə, diplomum var idi. 1966-cı ildə Odessada Dəniz Mühəndisləri İnstitutunun Elektrik mühəndisi fakültəsinə daxil olmuşam. Buranı bitirəndən sonra ATS-də çalışdım. İkinci ixtisasım da Politexnik İnstitutunun rabitə fakültəsi olub. 1992-ci ildə nazir təyin olunanda mən 2 institut bitirmişdim. Uşaqlıqdan texnika ilə məşğul olmuşam. Elə o vaxtdan texnikaya marağım var.
- Bildiyimizə görə, sizin nazir vəzifəsindən azad olunmağınızda Ramiz Mehdiyevin “əməyi” böyük olub...
- Yox, yox... Nazir postundan azad olunmağımda nə kiminsə “əməyi”, nə də mənfi cəhətdən rolu olub. İşdən azad olunmağımın tam başqa bir tarixçəsi var. Bunu mən heç vaxt açmamışam. Hələlik açmaq fikrim də yoxdur. Hətta mətbuatda da mənim haqqımda bircə kəlmə artıq-əskik söz deməyiblər. Bu günə kimə xalqın, millətin içərisində başıuca, alnıaçıq gəzməkdəyəm. Hətta ötən ilin dekabrın 6-da cənab Prezident məni “Əmək” ordeni ilə mükafatlandırdı. Çox sağ olsun, bunun özü mənim üçün böyük stimuldur.
- Nazir postundan gedəndən sonra sizə kim və nəyə görə “Volvo” bağışlamışdı?
- Nazir vəzifəsindən azad edildikdən sonra mən boş otura bilmirdim. O zaman mənə “Pepsi-Kola” zavodunu tikməyi təklif etdilər. Ərəbistandan gəlmişdilər. 22 aya tikilməsi planlaşdırılan zavodu cəmi 11 aya tikib təhvil verdim. Ona görə də zavodun direktoru mənə “Volvo” avtomobili bağışladı. Bundan sonra Rabitə və İnformasiya Texnologiyaları İctimai Birliyi yaratdım. Onun rəhbəri oldum. Bu günə qədər həmin ictimai birlik işləyir. Sonralar Türkiyədə, Moldovada və Rusiyada kommersiya istiqamətlərində çalışdım və yenidən Bakıya qayıtdım.
- Ümummilli lider Heydər Əliyevlə də birgə çalışmısınız. Hansı yaddaqalan xatirələriniz olub?
- Mən Heydər Əliyevlə 1993-1997-ci illərdə işləmişəm. Onunla bağlı xatirələrim qurtaran deyil. Heydər Əliyev kimi şəxsiyyətlər 100 ildə bir dəfə dünyaya gəlirlər. Bunu mən deməmişəm, minlərlə ağıllı adam bu cür söyləyib. Həddindən artıq dahi insan idi və səmimi, düzgün danışığı sevirdi. Onunla söhbət əsnasında bir balaca yalan danışdınsa, dərhal həmin anı tuturdu. Ona yalan danışmaq mümkün deyildi. Bir xatirəni danışım: İsveçrəyə özü getməli idi. O vaxt ölkədə vəziyyət o qədər də əhvalaçan deyildi, ona görə də məni göndərdi. Allah rəhmət eləsin, məni yanına çağırdı. Orada biznes müşavirəsi idi, bütün dünya oraya yığılırdı. Dedi ki, oraya özü getməli idi, amma bəzi səbəblərə görə öz yerinə məni göndərəcək. Bildirdi ki, get, 20-25 nəfərin adını yaz gətir. Həmin vaxt mənimlə İsveçrəyə gedəcək və həmin şərtlərə cavab verəcək şəxsləri çox az tanıyırdım. Fikirləşdim ki, kimlərin adını yazım... O vaxt Ali Sovetin sədri Rəsul Quliyev idi. Onun yanına yollandım. Dedim ki, Rəsul müəllim, prezidentin qəbulunda idim, məni İsveçrəyə müşavirəyə göndərir. Mənimlə gedəcək beş-on adamın adını deməyini ondan xahiş etdim. O da mənə bir neçə adamın adını sadaladı, mən də yazdım. Siyahıda təxminən 10 nəfərin adı var idi. Daha sonra xarici işlər naziri Həsən Həsənovun yanına getdim. Mərkəzi Komitədə işləyərkən mən 6 il onun köməkçisi olmuşdum. O, yanında köməkçi saxlamırdı, şöbənin hamısı ilə işləyirdi. Ondan da xahiş etdim, 10 nəfərin də adını o mənə verdi. Sonra həmin siyahını çap etdirib Heydər Əliyevin yanına gəldim. Axşamüstü idi, hardasa saat 8-9 arası olardı. Siyahını stolun üzərinə qoydum, baxdı. Qələmi götürüb həmin adların qarşısında “quş” qoymağa başladı. Bunu Həsən Həsənov deyib, bunu da, o birini də, bunu Rəsul Quliyev deyib, bunu da... Beləcə siyahını gözdən keçirdi. Həmin siyahıdakı adların hansını Rəsul Quliyev, hansını Həsən Həsənov demişdisə, hamısını dəqiqliklə qeyd etdi. Onların da bəzilərini siyahıdan çıxardı, bəziləri qaldı. Bir nəfəri də özü dedi və onu da siyahıya əlavə etdik. Bundan sonra İsveçrəyə, müşavirəyə yollandıq. Həmin siyahıda baş nazirin müavini, nazirlər və komitə sədrləri də var idi. Çox yüksək səviyyəli bir heyət qurulmuşdu.
- Bəs prezident Elçibəylə necə yola gedirdiniz?
- Mən Elçibəyi həqiqətən də kristal bir insan kimi tanımışam. Ona hər zaman hörmət etmişəm. O, qırxı çıxmamış insan kimi təmiz idi. Həqiqətən də belə idi. Mən nə cəbhəçi, nə də müsavatçı olmuşam. Kommunist olmuşam və Mərkəzi Komitədə işləmişəm. Heç vaxt cəbhəçilərlə və digərləri ilə münasibətim olmayıb. Elçibəy məni mütəxəssis kimi dəvət etmişdi. Söhbət zamanı Elçibəy mənə dedi ki, bəy, Rabitə Nazirliyində vəziyyət çox pisdir. Soruşdu ki, cəmi bir neçə aya orada qayda-qanun yarada bilərsənmi? Mən də cavab verdim ki, yarada bilərəm, ancaq mənə kömək edəsiniz. Bildirdim ki, mən nə cəbhəçiyəm, nə də hər hansı partiyanın üzvüyəm və mən bilirəm ki, Xalq Cəbhəsinin ən güclü qanadı Rabitə Nazirliyindədir. Doğrudan da belə idi. On nəfərin adını çəkə bilərəm ki, onların hamısı Xalq Cəbhəsinin liderləri sayılırdı. Prezident Elçibəy söylədi ki, bəy, o bizim işimizdir, sən get və rabitəni qaydasına sal. Dedim ki, baş üstə!
- Sizdən sonra nazir olan şəxs deyəsən Xalq Cəbhəsi dövründə sizə qarşı mitinqlər təşkil edib cəbhəçiləri üstünüzə qaldırırmış. O hadisə necə olmuşdu?
- İki gün idi ki, işləyirdim, mitinqlər başladı. Həmin siz dediyiniz yoldaşlar mitinqləri təşkil etmişdilər. Sonra elə həmin cəbhəçilərin özləri xahiş etdilər ki, bizi bağışlayın. Biz sizi belə bilmirdik... Problem çox idi, onlar rüşvətə qarşı da mübarizə aparırdılar. Mənə qarşı “istefa!”- deyə qışqırırdılar. Hətta evdə də mənə dedilər ki, onlar səni istəmirlərsə, işdən çıx. Mitinq gedə-gedə mən onların qarşısına çıxdım, soruşdum ki, nə qışqır-bağır salmısınız, nə istəyirsiniz?! Danışmağa imkan vermədilər. Axırda dedim ki, sizin böyüyünüz Elçibəydir, məni də nazir vəzifəsinə o təyin edib. Dedilər ki, yox, sən getməlisən. Maşına minib Prezident Aparatına gəldim. Birbaşa prezidentin yanına getdim. Dedim ki, siz mənə söz vermişdiniz ki, kömək edəcəksiniz, amma məni işləməyə qoymurlar. Bir kəlmə deyən kimi düyməni basdı, səhv etmirəmsə, Pənah Hüseynova bununla bağlı göstərişlərini verdi. Dedi ki, bəy, get, biz qayda-qanun yaradacağıq. Mən nazirliyin qarşısına çatanda gördüm ki, bir nəfər adam da yoxdur. Hamısı qaçıb getmişdi. Mühafizəçi polislərdən soruşdum ki, mitinq keçirənlər necə oldu, onlar da cavab verdilər ki, üç-dörd nəfər silahlı adam gəlmişdi. Hay-küy saldılar, bir-iki dəfə güllə atan kimi hamısı dağılıb getdilər. Bundan sonra hər şey öz qaydasına düşdü. Mənim işimdən də razı qaldılar. Onlar qısa müddətdə hakimiyyətdə qaldılar. Amma Heydər Əliyevin hakimiyyətə gəlməsi hər şeyi öz yoluna qoydu.
- Niyə indiki nazirlər vəzifəyə “ağ” gəlib “qara” gedirlər? Bu tendensiya insanlarda ikrah hissi doğurmurmu? Sizcə, təmiz məmur necə olmalıdır?
- Bilirsiniz, mən uzun illər vəzifədə işləmişəm. Hərdən öz-özümə düşünürəm ki, uzun illər vəzifədə işləmişəm. Niyə onu, bunu, filan şeyi eləmədim. Sonra da düşünürəm ki, yaxşı ki, eləmədim, başqaları kimi düşünmədim. O vaxt “Tarqovı”da “Vətən” kinoteatrı ilə üzbəüz bir danışıq məntəqəsi var idi. Biz tələbə olanda oradan rayonlarla əlaqə saxlayırdıq. Onun önü həmişə dolu olardı. Mən nazir işləyəndə bir nəfər gəldi. 1993-94-cü illər idi. 100 min dollar gətirmişdi. Dedi ki, həmin otağı mənə ver. Oradakı bütün müəssisələrin hamısı – ATS-lərdən başqa – nazirliyin yox, icra hakimiyyətlərinin balansındadır. Bu gün də belədir. Yəni oranı boşaltmaq o qədər də problem deyildi. O vaxtın 100 min dolları bu günün 1 milyon dolları deməkdir. Mən həmin adama dedim ki, bir də buraya gəlməyin. Dedim ki, məndən başqa minlərlə, on minlərlə tələbə öz evləri ilə danışır. Mən onu niyə oradan çıxarım ki?! Məndən sonra hamısı satıldı. İndi mərkəzdə bir dənə danışıq məntəqəsi, bir dənə poçt qalmayıb. Bu gün “Vətən” kinoteatrının qarşısındakı “priqovor”un aylıq arendası 20 mindir. Otur evdə, ayağını da ayağının üstünə qoy, ayda 20 minin gəlsin. Belə imkanlar çox olub, amma heç birinə yaxın durmamışam. Özümü tərifləmirəm, həqiqəti danışıram. İndi yaşadığım ev də 40 il bundan əvvəl yaşadığım evdir. Rəşid Behbudov 3, 4-cü mərtəbədə yaşayıram. Bizim nəslimizdə elə şey olmayıb. Nə atam, nə də anam tərəfdə... Bu gün vəzifədən gedən nazirlərin hamısına bir vedrə bağlayırlar. Qəzetdə, jurnallarda da bu haqda yazılıb. Bəs mənə niyə vedrə bağlaya bilmirlər?! Çünki etməmişəm. Mənim Bilgəhdə 50 sota yaxın bir bağım var idi. O vaxt bir yəhudi atama onu çox ucuz qiymətə satmışdı. Elə durum yarandı ki, vəziyyət bir az gərginləşdi və mən o bağı satası oldum. İki günün içərisində o bağı 35 min dollara satdım. İki aydan sonra o bağın qiyməti 3 milyon oldu. Təsəvvür edin, 50 sot idi. İndi 6-10 sot almaq olur. O isə köhnə bağ idi, 50 sot idi. Həyətində ən azından 40-50 ədəd əncir ağacı var idi. Digər meyvə ağacları da həmçinin... Qışda, dekabr ayında mən qumun altından üzüm çıxarırdım. Hər tərəfi qum idi. Dənizə yaxın yerdə yerləşirdi. Əlimdə saxlaya bilmədim, pul lazım oldu satdım.
- İndi necə dolanırsınız? Ailəniz, uşaqlarınız işlə təmin olunubmu?
- Oğlum hazırda Beynəlxalq Bankın Nəqliyyat filialının direktorudur. Ayda imza atıb təmiz maaşını alır. Oğluma da, qızıma da demişəm ki, sizə bir tikə haram çörək yedirməmişəm, siz də öz balalarınıza haram tikə yedirtməyin. Biz belə dolanmışıq.
- Qarabağı azad etdik. Qələbə qazandıq. Necə düşünürsünüz, bundan sonra ermənilərlə birgə yaşaya biləcəyikmi?
- Bizim yaddaşımız zəif deyil, amma barışığa, yadırğamağa meyilli millətik. Azərbaycandan çıxandan sonra nə azərbaycanlılıq, nə də ermənilik var. Mənim çoxlu tanışlarım var ki, Moskvada ermənilərlə oturub yeyib-içirlər, kefdədirlər. Əlbəttə, günah ermənidədir. Onlar çox çirkin millətdirlər. Özləri qaçıb getməsələr, biz onlarla birgə yaşayacağıq. Elə azərbaycanlılar var ki, ömürlərinin axırına kimi onlarla barışmayacaq. Şəxsən mən də onlardan biriyəm.
Foto: Ceyhun Rəhimov
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO