Xüsusi
Norveçdən Şuşaya Böyük Qayıdış - FOTO
Zəfər Günü münasibətilə Osloda keçirilən rəsmi qəbulda "The Great Return-Şuşa" (Böyük Qayıdış Şuşa) layihəsinə start verilib. Şervin Nəcəfpurun sədri olduğu "CAN" Azərbaycan diaspor təşkilatçılığı ilə Norveçdə təşkil olunan tədbir bir çox maraqlı anlarla yadda qalıb.
Şervin Nəcəfpur Növreçdə bu günə qədər görülən işlər və gələcək planlarını Publika.az-a bölüşüb.
- Şervin xanım, təsisçisi olduğunuz "CAN" diaspor təşkilatı ölkəmizi Norveçdə təmsil etməyə davam edir. Zəfər günü ilə bağlı Osloda "The Great Return-Şuşa" (Böyük Qayıdış Şuşa) layihəsinə start verildi. Layihə haqqında danışmağınızı istərdim.
- Böyük qürur hissi ilə ana vətənimizi doğulduğum gözəl vətənim Norveçdə layiqincə tanıtmağa davam edirəm. 2018-ci ildən bəri bir çox ilklərə imza atmışıq. Bu gün də bu sahədə ciddi uğurlar qazanmağa davam edirik. "CAN" artıq Norveçdəki siyasi, QHT və ictimai sektorda kifayət qədər tanınır. Görünən odur ki, üç ölkə - Azərbaycan, Türkiyə və Norveç arasında güclü dostluq və mədəni əlaqələr yaranır. Bu köprüləri möhkəmləşdirmək üçün sağlam addımlar atırıq.
Hər bir azərbaycanlı kimi, Şuşa İlini təntənətli şəkildə qeyd etmək istədik. Oslo mərkəzində baş tutan layihənin açılış mərasimində akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, yerli siyasətçilər və müxtəlif siyasi partiya habelə, akademik və ictimai dairələrin nümayəndələri iştirak ediblər. Zəfər bayramını görkəmli simalarla birlikdə qeyd etdik. Dedim ki, özümüz çalıb, özümüz eşitmirik, tədbirlərimizdə həmyerlilərimizlə yanaşı, xarici qonaqlar da iştirak edir. Bunu Norveçlə dostluq münasibətimizin rəmzi adlandırmaq olar.
Tədbirimiz ilk olaraq Norveçdə qala gecəsi ilə başladı, daha sonra Şuşaya səfərimiz baş tutacaq. Hər kəs çox həyəcanlıdır.
- Layihə çərçivəsində hansı işlər görüləcək, ümumiyyətlə gözləntiləriniz nələrdi?
- Norveçli videoqraf, fotoqraf və blogerlərlə birlikdə Şuşada çəkilişlər aparmağı planlaşdırırıq. Məqsədimiz odur ki, norveç, ingilis və türk dilində qısa informativ videoları çəkib sosial mediada paylaşaq.
Növbəti il Norveçdə daha bir tədbir təşkil olunacaq. Bu tədbirdə qonaqlarımız öz dili ilə yerli ictimaiyyətə təəssüratlarını və gördüklərini bölüşəcəklər. Bunu həm konfrans, həm də sərgi şəklində təşkil etməyi planlaşdırırıq.
Bilirsiniz ki, "CAN" təşkilatı bir çox fərqli qurumlarla əməkdaşlıq edir, əlimizdə materiallarımız çox olanda, bunları tərəfdaşlarımıza təqdim etmək və ortaq layihələr həyata keçirmək şansımız daha çox olur. Mesajlarımızı daha geniş auditoriyaya çatdırmaq üçün biz bütün bu fürsətlərdən istifadə edəcəyik.
- "CAN" təşkilatı artıq bir neçə ildir ki, Norveçdə bir sıra işlərə imza atır. Təşkilatın yaranmasından əvvəl və sonra Norveçin Azərbaycana münasibətini necə qiymətləndirmək olar?
- Tək sözlə daha da möhtəşəm! Həyata keçirdiyimiz layihələrin nəticəsini çox tez görürük və bu barədə çox xoş sözlər eşidirik. Norveçdə doğulub boya-başa çatdığımız üçün daha güclü münasibətlər qura bilirik, çox sevindiricidir ki, illərin lobbiçiliyi öz bəhrəsini göstərir. Məsələn, Norveçin Keçmiş Baş Naziri Erna Solberqin məni hər görəndə, Azərbaycan deməsi özü böyük bir uğurdur. Artıq bizi həm tanıyır, həm eşidir, həm də tədbirlərimizin aktiv iştirakçısına çevriliblər. Şuşa ilə bağlı təşkil olunan tədbirdə nümayiş etdirdiyimiz video çarxlardan sonra bir çox qonaqlarımız bizimlə birlikdə Şuşaya səfər etmək istədiyini dedi. İndi bu təklif üzərində işləyirik.
- Norveçdə Azərbaycanın təbliği ilə məşğul olarkən hansısa çətinliklərlə üzləşmisiniz?
- Diasporamız göstərildiyi kimi güclü deyil. Bunu artıq etiraf etməliyik, iş görən insanları tək-tək küsdürüb uzaqlaşdırırlar. Cənab Prezidentimiz hər daim insan kapitalı barədə çıxışlar edir, Azərbaycan Diasporası isə hazır insan kapitalıdır, lakin bundan yaxşı istifadə edə bilmirik.
Norveçin qərəzli və radikal fikirlərini sındırmaq üçün çox vaxt sərf edirik, insanların fikirlərini bir gündə dəyişdirmək mümkünsüzdür, buna baxmayaraq, 5 il ərzində çox uzun yol qət etmişik. Qərəzli münasibəti aradan qaldırmaq üçün tez-tez görüşlər təşkil edir və bu görüşlərdə Azərbaycan həqiqətlərini çatdırmağa çalışırıq. Çox gözəl münasibətlər yaratmışıq, artıq bizi dinləyirlər.
Mətbuatda Azərbaycanın əleyhinə olan neqativ xəbərləri də heç vaxt cavabsız qoymuruq. Dərhal öz fikirlərimizi və ya etirazlarımızı bildirir, həm də əlimizdə olan sübutları ortaya qoyuruq. Azərbaycana qarşı qərəzli fikirlər yavaş-yavaş azalır, insanlar ölkəmizə daha tolerant yanaşırlar, sözsüz ki, bu da ikitərəfli münasibətlərin güclənməsinə səbəb olur. Əməkdaşlığımız müxtəlif sahələrdə inkişaf edir, insanlar Azərbaycanla yaxından tanış olmaq istəyirlər. Hesab edirəm ki, bu ölkəmiz üçün böyük bir qazancdır.
- Ölkəmizin nüfuzunu artırmaq və beynəlxaq aləmdə tanıtmaq üçün xaricdə yaşayan azərbaycanlılara nə tövsiyə edərdiniz?
- Yaşadığınız ölkənin dilini və mədəniyyətini yaxşı öyrənin, böyük hörmətlə yanaşın, bu, ən əsas qaydadır. Həyatda hər şey qarşılıqlıdır, Azərbaycana qarşı daha tolerant yanaşma tələb edirsinizsə, siz də onların mədəniyyəti ilə maraqlanmalısınız.
"CAN" iki ölkə arasında mədəni köprülər qurmağa çalışır, odur ki, bütün layihələrimizdə Norveç mədəniyyətinə də müraciət edirik. Tədbirimizdə iştirak edən Azərbaycanın və beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli öz ifası ilə mərasim iştirakçılarına unudulmaz anlar yaşatdı. Ayan Məmmədli Azərbaycan klasik bəstələri ilə yanaşı, Norveçin məşhur bəstəkarı Edvard Griegin "Peer Gynt" əsərini ifa etdi ki, belə bir jest norveçli qonaqların lap ürəyincə oldu, hamı onu ayaqda alqışladı.
Aytən Məftun
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar