Kim deyir ki, ölünü diriltmək olmur?
Bizi izləyin

Köşə

Kim deyir ki, ölünü diriltmək olmur?

Leyla Sarabi

Leyla Sarabi

Kim deyir, ölənlə ölmək olmur? O gedənlə içindən iki can qopur. Biri yerin altında, o biri də göyün üzündə gizlənir. Gün vurur, yarpaqlar tökülür, şaxta kəsir hər yeri…Və bir yaz səhəri yerin köksündəki parçan göyə dopdolu bir boşluq göndərir. O da nərgiz ətirli bir yağışla dodağı çat, torpağa can çiləyir. Yenidən xəmirin yoğrulur. Bir də baxırsan ki, damcılara bürünüb, ürəyini isladan küçələrdə üşümədən gəzirsən. Üşüsən belə isidəcək kimsən yoxdur. Başını yerə dikib, yad izlərə ayaq basırsan ki, öz yolundan azasan. Bir anda köksündən gələn hənirtiyə diksinirsən. “Bu bədən də, nəfəs də mənə yaddır” deyib, qəhərində boğulursan ki, gözündə yaş da quruyub. Dərin daha sərtdir, ipək saçların da codlaşıb məsum arzuların kimi. Sevgilər də saxtalaşıb gözündə. Yol boyu nəzir kimi önünə atılan aciz sevgilər torpağa gömdüyün xəzinənin yanında nə qədər acizdir…

Qarşına çıxan hər qocadan ölüm qoxusu dolur burnuna. Üstünə dəli dalğa kimi şığıyan insan selini sonsuz mərhəmətin kimi öz zəhərində boğub öldürürsən.

Birdən qulağını dolduran zəhlətökən musiqi səsi dağıdır fikrini. Bu islaq küçənin bir küncünə yumaq kimi bükülmüş uşaq... Çöp kimi nazik barmaqlarının arasına sıxdığı kapron tütəkdən çıxan ağrı simfoniyası… Yorğun ağzından yerə tökülüb yağışı yuyan damcılar…

Ürəyində uçan kəpənəkləri vaxtsız öldürən qara buludlara lənət, körpəcik. Büründüyün qaranlıqlar mənim olsun, sən də ulduz olub gecəmi bəzə. Yetər ki, dırnağına daş dəyməsin.

Ummadığın anda arzun çin çıxır. Səmada bir-bir artan parlaq ulduzları acgözlüklə sayıb, anlayırsan -Gedənin getməyib, əslində sən özündən getmisən. Həyatını qara əskiyə büküb, bar verməyən ağacın dibinə əkmisən. Qara yerə ondan tez girmisən. İçində həyat adlı bir eşq cücərir:

“Kim deyir ki, ölünü diriltmək olmur? Ölənə içində can verib, yenidən yaşatmaq, onunla mehə dönüb əsmək, bulud olub hönkürmək, hətta bir damın altında yaşlanmaq da olur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm