Nida Təhlil
Ərdoğan çantasında Putinə nə aparır? - TƏHLİL
Bu gün Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı Soçidə qonaq edəcək. Bu, iki liderin son bir ayda ikinci görüşüdür. Dünyanın qarmaqarışıq situasiyası fonunda Ərdoğan-Putin təması ciddi müzakirələrdən xəbər verir.
Türkiyə prezidentinin Azərbaycanda Bakı-Tbilisi-Qars dəmiryolunun
açılışından qayıdarkən təyyarədə jurnalistlərə “Putinlə Qarabağ
münaqişəsini müzakirə edəcəm” deməsi Soçi görüşü haqqında
fikirlərin daha çox bu münaqişə kontekstindən irəli sürülməsinə
zəmin yaratdı və bu, heç də təsadüfi deyildi. Çünki Ərdoğan Bakıda
prezident İlham Əliyevlə görüşdü və Türkiyə-Azərbaycan Yüsək
Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirildi, bu
görüşdən dərhal sonra türk liderin dediyi sözlər gündəmi Qarabağa
fokusladı. Mümkündür ki, Ərdoğan-Putin görüşündə Qarabağ məsələsi
masaya yatırılacaq və münaqişənin həlli ilə bağlı Türkiyənin
təklifləri müzakirə ediləcək. Hətta bu təklifin Putinin Qarabağa
yerləşdirmək istədiyi rus əsgərlərinin tərkibinə türk əsgərlərinin
də daxil edilməsi versiyasından ibarət olduğu görünür.
(Ərdoğanın Qarabağ həmləsi və ya Putinə təqdim ediləcək yeni “Yol xəritəsi”ni buradan oxuyun).
Təbii ki, Soçidə Ərdoğan Azərbaycan torpaqlarının işğalına son
qoyulması üçün yollar axtaracaq. Lakin Kremlin görüşlə bağlı rəsmi
açıqlamasından da görünür ki, Türkiyə prezidentini Putinlə görüşə
aparan əsas məsələ bu deyil. Qarabağ məsələsi ciddi müzakirə
mövzusu olsa belə, sadəcə olaraq görüşün detallarından biri olacaq
və o da istisna deyil ki, Putinlə Ərdoğan ən azından məsələni
müzakirəyə açıq saxlamaqla bağlı razılığa gələcəklər.
Ərdoğanın çantasında Soçiyə apardığı iki məsələ
var: ABŞ-ın Səudiyyə Ərəbistan üzərindən Yaxın
Şərqə “dönüşü”; Suriya, daha doğrusu Türkiyənin cənub
sərhədlərindəki PYD (PKK-nın Suriya qolu).
BİRİNCİ məsələ hər iki liderin uzlaşdığı nöqtədir:
Suriya və İraqda məğlub olan, yaxud belə görünən Amerika Səudiyyə
üzərindən “itirdikləri”ni geri qaytarmaq üçün hərəkətə keçir və
hazırda Livan üzərində yeni güc müharibəsinin olması ehtimalı hər
keçən gün artır. Halbuki, Şimali İraq Kürd Muxtariyyətinin
“müstəqillik” eşqi daşa dəyəndən və Türkiyənin İran və Rusiya ilə
anlaşaraq, “kürd dəhlizi” layihəsinə qarşı İdlib əməliyyatına
başlayandan sonra Amerika tərəzinin zəif gözünə düşmüşdü. Hətta
Vaşinqtonun müxtəlif həmlələrinə rəğmən, qısa zamanda
Türkiyə-İran-Rusiya üçlüyü daha sıx birləşdi. Lakin Körfəzdə
yaranan böhran ABŞ-ın geri çəkilmədiyini, yeni və daha təhlükəli
manevrlərlə qayıtdığını göstərir. Bu kontekstdə Türkiyə və Rusiya
bütün kartlarını masaya qoymalı və “saatlarını yoxlamalı”dırlar.
Hesab etmək olar ki, Ərdoğan və Putin Yaxın Şərqdə atacaqları
addımları uzlaşdırmağı müzakirə edəcəklər.
İKİNCİ məsələdə birincidən fərqli olaraq, tərəflərin
maraqları çarpazlaşır: Söhbət ABŞ-ın müəyyən qədər
sıxışdırılmasından sonra Suriyada baş verənlərdən gedir. Bu
baxımdan, Soçi görüşündə ana gündəm Suriyadır.
Türkiyənin tələbi: Amerika Şimali İraqda kürdlərin
azadlıq arzusunun puça çıxmasına göz yumdu və vaxtilə ingilislər
ata Bərzanini satdığı kimi, amerikalılar da oğul Bərzanini satdı.
Bu, Amerikanın kürd kartından imtinası deyildi, sadəcə olaraq,
hədəfə gedən yolda müəyyən dəyişiklik edildi və Bərzani qurban
verildi. ABŞ-ın kürdlərə arxa çevirməsi – yaxud bu görüntünü
yaratması ilə Şimali İraq üzərində Bağdad hökumətinin, dolayısı ilə
Türkiyə və İranın təsiri təmin edildi. Ankara yaranmış fürsətdən
istifadə edərək, Türkiyənin cənub sərhədlərində toplanan və
Vaşinqtonun Şimali İraqdan Aralıq dənizinə çıxacaq, həm də
Türkiyənin cənub sərhədini bağlayacaq “kürd dəhlizi” layihəsini
həyata keçirmək üçün dəstək verdiyi PYD-nin qarşısını kəsmək
məqsədilə hərəkətə keçdi. Ərdoğan sentyabrın 28-də Ankarada Putini
qəbul etdi və ruslarla razılaşdı, ardınca 4 oktyabrda İrana səfər
edərək, Tehranla anlaşdı. Suriyada Əsədə nəzarət edən Moskva və
Tehranla anlaşma əldə edilən kimi İdlib əməliyyatı başlandı. ABŞ-ın
PYD-yə əməli dəstək verməməsi isə Suriyadakı kürdləri “yeni maşa
olmağa hazır” vəziyyətə gətirdi və Rusiya oyun qaydalarından
çıxaraq, noyabrın 18-də Soçidə keçiriləcək Suriya konqresinə PYD-ni
də dəvət etdi. Ankaranın sərt reaksiyasından sonra Moskva bu
dəvətindən geri çəkildi, lakin bu, rusların Türkiyəyə qarşı olan
PYD kartından əl çəkdiyinə tamamilə zəmanət vermir.
Çünki Rusiya kürd faktorunu tarix boyu istifadə etməyə çalışıb.
Vaxtilə Məsud Bərzaninin atası Mustafa Bərzaninin ingilislərin
əlindən SSRİ-yə qaçması da rusların kürd planının yeni olmadığına
tarixi nümunədir. Moskva ortada qalmış PYD-ni ələ
keçirərsə: ABŞ-ın Rakka qalasını da ələ keçirə və
amerikalıların Suriyadan tamamilə çıxmasına nail ola bilər;
Suriyada qüvvələr nisbətini öz xeyrinə dəyişdirə və regional
güclərlə – Türkiyə və İranla danışıqlarda daha güclü ola bilər;
Suriyada əsas güc olmaqla Yaxın Şərqdə öz təsirini artıra bilər;
Bu, həm də ümumi təhlükələrə görə yaxınlaşmasına baxmayaraq, tarix
boyu regional maraqlarının toqquşduğu Türkiyəyə qarşı əlinin
güclənməsi deməkdir.
Türkiyə bu təhlükəni görür və kürd faktorundan heç kimin ona qarşı
istifadə etməsinə icazə vermək niyyətində deyil. Soçi görüşündə də
məhz bu məsələ ana gündəm olacaq və Ərdoğan Putinə tələbini qəti
şəkildə çatdıracaq. Lakin Ərdoğanı rus torpaqlarına aparan yeganə
səbəbin bu təhlükənin olmadığı ehtimalı daha güclüdür. Hər halda
ruslar dəvəti ləğv edərək, Ankaranın istəyini təmin etdi. Hesab
etmək olar ki, Ərdoğanla Putin Suriyada ikinci mərhələni başladacaq
yeni planı müzakirə edəcəklər.
İKİNCİ MƏRHƏLƏ: Faktiki olaraq,
Türkiyə İdlibə nəzarəti ələ keçirib, Rusiya və İran Suriyada
istədiyinə nail olur, Amerika isə oyundan kənarda qalmış
vəziyyətdədir. Bunu regional güclərin qüvvələrini birləşdirərək,
“okeanın o tayından gələni adamı” bölgədən çıxarmağa nail olmaqla
yekunlaşan birinci mərhələ adlandırmaq olar. İndi ikinci mərhələnin
başlanması vaxtıdır, xüsusilə ABŞ-ın Körfəzdə hərəkətə keçərək,
Suriya və İraqda itirdiklərini geri qaytarmaq istədiyi bir
vaxtda.
a) Rusiya Türkiyə və Əsəd rejimi arasında əlaqəni
təmin edir.
b) Suriyanın ərazi bütövlüyü çərçivəsində
Türkiyənin nəzarətindəki müxaliflərin hüquqları hansısa formada
təmin edilir: bu, yeni koalisiya hökumətinin formalaşması da ola
bilər, yaxud İdlibdə muxtariyyətin yaradılması da.
c) Bölgədə Türkiyə-Rusiya-İran-İraq-Suriya xətti
formalaşır (bu xəttə Qarabağ münaqişəsinin nizama salınması ilə
Azərbaycan və Ermənistan da qoşula bilər, bu baxımdan, Ərdoğanın
Suriya məsələnin ana gündəm olduğu görüşdə Qarabağı müzakirə etmək
fikrində olması diqqət çəkir).
Təbii ki, bunlar ehtimal edilən məsələlərdir, lakin o dəqiqdir ki,
Türkiyə-Rusiya-İran üçlüyü indi hərəkətə keçərək, Suriyada tamamilə
anlaşmasalar, sonra gec ola bilər. Bunu Ankarada da, Moskvada da,
Tehranda da yaxşı anlayırlar. Hətta Suriya bölünəcəksə, bunu məhz
regional güclər etməlidir, əks təqdirdə Amerika öz ssenarisini
tətbiq edəcək. Bütün bunları görən Ərdoğanla Putinin razılaşma
ehtimalı yüksəkdir. Çünki proseslərin inkişafı Rusiya və Türkiyənin
ayrıca hərəkət etməsinin hər iki ölkənin ziyanına olacağını
göstərir.
Və burada ayrıca müzakirə mövzusu olacaq PYD faktoru
var: Ərdoğanla Putin Suriyada yeni mərhələ üçün razılaşsa
belə, kürd amili başağrısı olacaq. Suriyada kürdlər üçün iki
ssenari həyata keçirilə bilər.
1. Rusiya və İran Türkiyəyə tam dəstək verir və
Ankara İdlib əməliyyatını genişləndirərək, PYD-nin əlindəki
əraziləri təmizləyir. İdlibə girən türk əsgərinin hər an PYD-nin
Afrin kantonuna müdaxilə edəcəyi gözlənilir. Əgər Ərdoğan və Putin
PYD ilə bağlı ilk ssenari üzrə razılaşarsa, bu, türk liderinin
Soçidən qayıtmasından sonra Afrin əməliyyatının başlanacağı
ehtimalını ön plana çıxarır.
2. Ərdoğanla Putin razılaşa və PYD-yə oyun qura
bilərlər: Rusiya ortada qalmış PYD-ni ABŞ-ın qucağına qayıtmaması
üçün ələ alır; Türkiyə rəsmi qaydada buna etiraz edir, lakin bu
etiraz rəsmiyyətdən o tərəfə keçmir.
Birinci ssenaridə;
üstün tərəf: Türkiyənin cənub
sərhədlərindəki təhlükə tamamilə təmizlənir, həmçinin, Ankaranın
Suriya masasında əli güclənir.
zəif tərəf: PYD-ni terror
təşkilatı kimi tanımayan Qərbin Türkiyəyə təzyiqləri güclənəcək.
Türkiyə bu təzyiqlərə qarşı duruş gətirmək gücündədir, lakin bu
əməliyyat PYD-nin “üzüağ” çıxmasına, yəni terrorçudan “azadlıq
mücahidi”nə çevrilməsinə şərait yarada bilər.
İkinci ssenaridə;
üstün tərəf: türk əsgəri heç bir güllə
atmır və mümkün itkilərdən uzaq qalır; Türkiyə itkisiz siyasi
qələbə qazanır; PYD-nin Rusiyanın təsiri altında olması həm də
ABŞ-ın bu kartı yenidən işə salması və Türkiyə üçün böyük təhdid
olan “kürd dəhlizi” layihəsini həyata keçirməsinin qarşısını alır;
Suriyada başlana biləcək ikinci mərhələ sürətlənir – PYD-nin
“vurulması” bütün hallarda ikinci mərhələnin daha gec başlanmasına
səbəb ola bilər, ABŞ-ın Körfəzdən hərəkətə keçməsi isə zamanın
daraldığını göstərir.
zəif tərəf: Rusiya PYD-yə nəzarəti ələ
keçirəcəyi təqdirdə, razılaşmaya görə qruplaşmadan indiki mərhələdə
ümumi regional maraqlar üçün istifadə edəcək. Lakin rusların
gələcəkdə bu kartı öz maraqlarına yönəldəcəyi, hətta Türkiyənin
regiondan sıxışdırılmasına çalışacağı ehtimalı da nəzərdən
qaçmamalıdır.
Türkiyə güman ki, bütün detalları nəzərə alaraq yola çıxır. Soçi
görüşündən sonra hadisələrin inkişaf xətti isə hansı ssenarinin
seçildiyini ehtimal etməyə imkan verə bilər. Ancaq bütün hallarda
Suriyada ikinci mərhələnin başlanması qaçılmaz görünür...
Asif Nərimanlı
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman23 Noyabr 20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial23 Noyabr 20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa23 Noyabr 19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL