Musa Qasımlı: “Azərbaycan xalqı XX əsrdə ilk dəfə millətə çevrildi”
Bizi izləyin

Qırmızı.az

Musa Qasımlı: “Azərbaycan xalqı XX əsrdə ilk dəfə millətə çevrildi”

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 98 il ötür. 1918-ci ilin 28 mayında elan edilmiş demokratik cümhuriyyət yalnız şərqin ilk dünyəvi dövləti deyil, həm də əsrlərlə istiqlalı uğrunda savaşmış bir xalqının azadlıq qələbəsi idi.

Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı Publika.az-a Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən söhbət açır:

“Sibirdə zülm çəkən yüzlərlə ərəb, fars, əfqan Azərbaycanın vətəndaşı olmaqdan ötrü konsulluğa müraciət etdilər”

Musa Qasımlı bildirir ki, 1918-ci ilin 28 mayında Azərbaycan xalqını təmsil edən Milli Şuranın müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında dövlət müstəqilliyini elan etməsi tarixindən zaman etibarilə nə qədər çox uzaqlaşırıqsa, onun təkcə xalqımız və müsəlman Şərqi deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığı daha aydın şəkildə özünü göstərir, cümhuriyyət irsinə təkrar müraciət olunur və çoxlu suallara olan cavabları yenidən oxumaq və ibrət almaq lazım gəlir: “28 May - Azərbaycan xalqının tarixinin şərəfli səhifələrindən biridir. Çümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş anlam daşıyırdı.

Müsəlman dünyasına respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin “Dan Ulduzu” oldu. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülmü altında inləyən xalqların olmaması eyni zamanda cümhuriyyətin təsiridir”.

O, qeyd edir ki, Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi, onların ürəyində ümid çırağı yandırdı: “Əbəs deyil ki, cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaqdan ötrü İrkutskdakı konsulluğa müraciət etdilər.

Cümhuriyyətin elan edilməsi göydəndüşmə olmadı. Məlumdur ki, çarizmin Azərbaycanın şimalını işğal edib ilhaq edənə qədərki müəyyən dövrdə xalqımızın zəngin dövlətçilik ənənələri mövcud idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycanın ərazisi və xalqı iki yerə bölündü”.

“Yadellilərin gəlməsi demoqrafik şəraiti dəyişdirmirdi”

Rəsmi məlumatlara görə, cümhuriyyət elan edilənədək Sibir sürgünlərində təqribən 5 min nəfər azərbaycanlı olub: “İmperiya ərazisində aparılan islahatların başlıca məqsədi çarizmin ümumi müstəmləkəçilik mənafelərini təmin etmək, ucqarların mərkəzə daha sıx bağlanması idi. Azərbaycanda demoqrafik şəraiti dəyişdirməkdən ötrü qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqələrinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmirdi”.

Musa Qasımlı qeyd edir ki, 1917-ci ilin fevralında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Oktyabrda isə bolşeviklərin hakimiyyətə gəlməsi tamamilə yeni bir şərait yaratdı: “Noyabrın əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin ilin aprelin 22-də Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı”.

“Fraksiya Azərbaycan xalqının tarixi istəyi yerinə yetirdi”

Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəlib: “Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura - Parlament dururdu. Azərbaycan parlamentli respublika idi.

Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq dövlət millətinə çevrildi. Əgər Azərbaycanın şimal əraziləri Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, 1918-ci ildə bəzi itkilərlə onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı”.

Cümhuriyyətin elan edildikdən dərhal sonra milli hökumət yaradıldı, nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi: “İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinetlərə Nəsib bəy Usubbəyli başçılıq etdi.

Hökumət Tiflisdən müvəqqəti paytaxt olan Gəncəyə köçdü. Başlıca məqsəd ölkənin paytaxtı olan Bakı şəhərini yadellilərdən azad etmək idi. Azərbaycan ordusu quruldu. Yardıma gələn türk hərbçilərindən və azərbaycanlılardan ibarət Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad etdi. Azərbaycan hökuməti azərbaycanlıların tarixi, siyasi, mədəni, iqtisadi, mənəvi, təbii paytaxtına köçdü”.

“Himn və bayraq qəbul edildi, xüsusi xidmət orqanları yaradıldı”

Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başlayır. Musa Qasımlı xatırladır ki, Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara alıb: “Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində Azərbaycan Parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi.

Dövlət atributları – himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

Mürəkkəb və çətin bir şərait mövcud olduğundan aparılan islahatların ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülmüş bir sıra xalqlar dövlət müstəqilliyini tanımır, onu Rusiyanın tərkib hissəsi hesab edirdilər. Erməni təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun, ərazilərin işğalının və kütləvi soyqırımların dayandırılması başlıca problemlərdən idi. Beynəlxalq şərait də müstəqil Azərbaycan üçün əlverişsiz idi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelində bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Osmanlı dövləti Cümhuriyyətin yaradılmasında mühüm xarici amil rolunu oynamışdı. Azərbaycan xalqı monarxiyadan yardım alıb respublika qurmuşdu”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm