“Günel Mövlud məni dilə-dişə saldı” - FOTOLAR
Bizi izləyin

Könlüm keçir

“Günel Mövlud məni dilə-dişə saldı” - FOTOLAR

“Könlün keçir”dəki budəfəki həmsöhbətim İsveçdə yaşayan soydaşımız, yazıçı, ağdamlı balası Vahid Qazidir. Ürəyi doludur...

Könlüm keçmir, könlüm qalıb...

Yaxşı ad qoymusunuz layihəyə: “Könlüm keçir...” Məşhur şeirdə deyildiyi kimi: “Könlüm keçir Qarabağdan”. Amma mənim könlüm keçmir, könlüm elə orda qalıb.

Bizə elə gəlir ki, vətəndən yalnız uca səslə danışarlar. Vətən haqqında bir az bərk danışanda pafoslu çıxır. Bir dəfə yazmışdım ki, bütün sevgilərin bir səsi var – pıçıltı! Ana balasına laylanı, bəndə Allahına duanı, aşiq məşuquna sevgisini pıçıltıyla deyir. Heç bunları qışqıra-qışqıra deyən görmüsünüzmü? Vətən də belədi. Onun haqqında bir quru budaq, bir əlçim ot kimi danışanda maraqlıdı.

Yaddaşım vətənimdi

Mənimsə vətənim yaddaşımdı. Özü də onun ilk çağı. Sonra yaddaş da yadlaşır. “Yad” və “daş” sözlərindən yaranıb. “Yol+daş”, “qar+daş”, “sir+daş” və sairə kimi. Elə bil yadla yoldaşlıq edən anlamı verir. Etibar yoxdu yaddaşa. İtirir, saxlamır çox şeyi. Amma ora ilk yazılanı heç vaxt itirmir. Yaddaşın ilk yazısıdı vətən. O, kriptomteziya – gizli yaddaşdı. Yüz il üstünə nə yazılsa da, ilki saxlayacaq. Səksən yaşlı nənəm ömrünün son günləri həyətlərindəki ağaclardan danışırdı. Hansı ağac hansından sonra gəlirdi, yerini gözüyumulu deyirdi. Bax, Qarabağ da yaddaşımın ilk yazısıdı.

Dib-dəhnəli qarabağlıyam

Ata babam Şuşanın “Çöl Qala” məhləsindəndi. Elə təzəcə bitirdiyim “Cholqala1992” romanıma o məhlənin adını qoydum. Oradakı dədə evini bolşeviklər sovetin ilk illərində almışdılar. Hər dəfə qabağından keçəndə atam dodaqaltı kimisə söyürdü. Böyüyəndə bildim ki, sovet hökumətini söyürmüş.

Ağdamlıların Şuşaya qəribə bir sevgisi var. Yaşlı adamları danışdırsan, bilməzsən hansı daha doğmadı onlara – Şuşa, yoxsa Ağdam. Bu, təkcə camaatın sıx qohumluq əlaqələriylə bağlı deyil.

Anamgil isə Ağdamın Seyidli kəndindəndilər. Böyük kənd idi, demək olar, şəhərin yarısı o kəndin torpaqlarına düşürdü. Nənəmgilin evi “Molla” məhləsindədi. “Ruhlar şəhəri” kitabında o evə ayrıca bir esse həsr eləmişəm: “Heyva qoxulu zirzəmi”.

Özüm Ağdamda, “Köhnə hamam” məhləsində böyümüşəm. El arasında “uçilişa” deyilən musiqi texnikumu, milis idarəsi bizim məhlədəydi.

Yuxularıma girmir oralar

Uzun illərdi gecələr yuxum qaçanda xəyalımı oralarda dolaşdırıram. Onda tez yuxuya gedirəm. Əvvəllər Şuşadakı “dom otdıx” deyilən istirahət evinin aşağısından keçən qala divarlarına dırmaşıb özümü o üzündə üzü Qarabağ dağları, dərələri, çöllərinə uzanan boşluğa atıb quş kimi süzürdüm. Amma indi Ağdamdakı evimizin damında üzü göyə sarı uzanıb buludlara, uzaqda dağlara, yaxında qonşu həyətlərinə baxaraq yuxuya gedirəm. Qəribədi, demək olar, hər axşam o xəyallarla yatsam da, oralar bir dəfə də yuxuma girmir.

“Bu qızı alımmı saa?”

O qədər xatirə var ki, oralardan. Oraların ən kədərli xatirələri də indi adama doğma, xoş gəlir.

Bir dəfə İsa bulağındaydıq. Neçə maşın getmişdik qohum-əqrabayla. Elə oldu ki, qayıdanda atamgil başqa iki tanışını da götürdü. Dayoğlu Elşənlə piyada gələsi olduq. Onda Şuşada “26-lar parkı” tərəfdə ev tutmuşduq, orda qalırdıq. Elşənlə deyə-gülə, zümzümə edə-edə gəlirdik. Daşaltına dönən yerdə, “Laçın astanovkası” da deyirdilər ora, “Zastav” pavilyonunun yanında bir bulaq vardı, sudan içib üzü Şuşaya dikələn yolla qalxdıq. Səhv etmirəmsə, İsa bulağından Şuşaya 3 kilometr yol idi. O vaxt bizə uzaq gəlirdi bu yol.

Nə uzadım, teleqülləni keçib üzüaşağı düşdük, sanatoriyanın yanından keçəndə bir də gördük bir sarışın qız gəlir. Elə bildik burda dincələn ruslardandı. Elə qız bizə çatmışdı ki, Elşən gözü qızda, ağzı məndə dilləndi: “Vahid, bu qızı alımmı saaa?”. Bir də gördük, qız çevrilib gülə-gülə “Hə, al” deyib keçdi. Onda 13-14 yaşım vardı, qızsa, məndən beş yaş böyük olan Elşənlə yaşıd olardı. Qızın azərbaycanlı çıxması bizi pərt eləmişdi. Elə bir az da irəliləmişdik ki, gördük parkdan, ağacların arasında üç-üç, beş-beş bir dəstə oğlan çıxır. Yalan olmasın, 20 nəfər olardı. Aralarında ən yaşlısı Elşənə yaxınlaşıb: “Nə deyirdin ə, o qıza heylə?”– dedi.

Ağdamlı uşaqlarla şuşalıların davası tez-tez düşürdü. Qızı rus bilməyimiz, üzr istəməyimiz keçmədi. Şuşalının əlinə fürsət düşmüşdü, dikbaş ağdamlılardan intiqam almaq üçün əla girəvə keçmişdi əllərinə. Bir onu eşitdim ki, Elşən qulağımın dibində qışqırdı: “Vahid, bilirsən Koroğlu nə deyib? Dayanma, qaç!” Vallah, nə təhər götürüldümsə, tozum da qalmadı. Qorxu bəzən güc aldığı kimi, güc də verir, axı. Bir az aralandığımı görüb Elşən də qaçdı. Sağ olsunlar, ta dalımızca çox qovmadılar. Yoxsa, şil-küt eləyəcəkdilər bizi.

Qarakəndəki erməni qızı

Bu hadisəni bir dəfə Günel Mövluda danışmışdım. Günelin xətrin istəyirəm, istedadlı qızdı, amma onu çox “bezdarnı” yazıb məni dilə-dişə salmışdı. Deməli, atamgilin Qarakənddə bir erməni dostu vardı. Bir gün onları qonaq çağırmışdı. Qonaqlığa hər kəs öz oğlunu da götürdü. 10 yaşım olardı. Böyüklər yeyib-içir, biz də oynayırdıq. Babat dəmlənmişdilər, dilxoşluq edirdilər. Birdən erməni ev yiyəsi ayağa durub qızını çağırdı. İki qızı vardı, böyüyü, canıyanmış, çox gözəl idi. Bayaqdan bizimlə gizlənpaç oynayırdı.

Bizi sıraya düzdülər. “Diqqətlə bax, hansını istəyirsən seç, səni verəcəm ona”,– dedi. Qız da boy sırasına düzülmüş bizləri müştəri gözüylə süzməyə başladı. Bir-bir üzümüzə baxıb keçirdi. Axır, əlini mənə uzadıb, barmağını sinəmə dirədi. Kaş atamın səsini eşidəydiniz. Kişi elə sevinmişdi, elə bil oğlu böyük bir qəhrəmanlıq eləyib. Bu sevinc onunla nəticələndi ki, atam hamını yığıb yuxarı Yemişcan kəndindəki pavilyona apardı, başqa bir qonaqlıq verdi.

Qədir Anar haqda dedi ki...

Qədir Rüstəmovu da, Anarı da ilk dəfə Şuşanın məşhur “Qala” kafesində görmüşəm. Atamla, dayımla xəngəl yeyirdik. Qədir bizi görüb gələndə, stul çəkib oturanda Anar başının dəstəsiylə kafedən getmişdi. Onda Anar Üzeyir Hacıbəyovdan bəhs edən film çəkirdi. Çəkilişlər qaldığımız “dom otdıx”un həyətində gedirdi.

Atamgilin söhbətindən onu anladım ki, Qədir Anarı incidir, çəkilişlərə gecikir, bəzən də heç gəlmirmiş. Amma Anar səbirlə onun nazıyla oynayırmış.

Qədir dayıma deyirdi ki, “ay Sabir, maa deyirlər, sən hərifsən, bərk dursan, Anardan xeyli pul alarsan”. Dayımın Qədirə ərki çatırdı, ona dedi ki, incitmə onları, qoy çəksinlər, burda səni tarixə yazırlar, pulu başqa vaxt o qədər qazanacaqsan ki. “Həə, neynək, o da düzdü”, deyə Qədir razılaşmışdı. Maraqlı adam idi, rəhmətlik.

Cıdır düzündəki daş

Cıdır düzü yay axşamları seyrangah olurdu. Adamlar geyinib-kecinib axışırdı ora. Maestro Niyazini orda görmüşəm, simfonik orkestrlə konsert verən yerdə.

Orda daşa, qayaya ad yazmaq bir dəb idi. Uşaq vaxtı mən də yazmaq istəyirdim. Bir dəfə mismarla oyub adımın baş hərfini qayaya güclə həkk eləyə bildim, arxası qaldı, anam çağırdı ki, gedirik, gəl. Sonrakı dəfələrdə ta davam edib yazmağa həvəsim olmadı. Bax, tariximizi də belə yazırıq – yarımçıq!

“Bərgüşada sözüm qaldı sinəmdə”

İldə bir dəfə Qubadlıya gedərdik. Atamın bir dostu vardı, Vəli əmi, Allah rəhmət eləsin. O qədər doğma adam idi ki, elə bilirdim, elə həqiqi əmimdi. 14 yaşım olardı, ya olmazdı. Bir səfər onların qonşuluğunda bir qıza elə aşiq olmuşdum ki, evə qayıtmaq istəmirdim. Atama nə qədər yalvarsam da, qoymadı. Qıza da kişiyana söz vermişdim ki, qalacam! İndiki ağlım olsaydı, qalmaq istəyimin əsl səbəbini atama açıq deyərdim, rəhmətlik hal əhliydi, məni başa düşər, bəlkə də, qoyardı qalım. O sevdadan “Bərgüşada sözüm qaldı sinəmdə” adlı seir də yazmışdım.

Bərgüşadın bığlı balığı

Ordakı dostum Umudu heç vaxt unutmaram. Atası kinoteartın müdiriydi. Ömrümdə ilk və son balığı onunla tutmuşam. Bərgüşad çayında qarmağıma bığlı balıq keçmişdi, deyirdilər nadir hallarda belə balıq çıxır. Hə, bax o Umuda atası pul verməyəndə lüt soyunub çıxırdı küçəyə, başlayırdı qışqırmağa: “Ay camaat, Teyyub kinonu dağıdır”. Ərköyün idi yaman.

“Qanlı” süfrə

Hələ çox irəli illərdən hər yay babamgil Seyidlidən Vəngin altında “Koladayı turşsuyu” deyirən yerdə alaçıqlar qurar, bütün yayı orda yaylanardılar. Erməni kəndlərinin arasında illər boyu yaylanmaq indi çoxuna qəribə gələr. Dağın döşündə, bulaq yanında cənnət bir yer idi. 1970-ci illərdə bir neçə dəfə məni aparıblar. Bir yay meşənin balaca talasında, uca bir yerdə uşaqlarla özümüzə “düşərgə” salmışdıq. Günümüzü çox vaxt “düşərgə”mizdə keçirir, burda oynayırdıq. Ordan alaçıqlarımız, uzanıb gedən yollar, meşələr, əkin yerləri, çay əl içi kimi görünürdü.

Şənbə-bazar günləri gur keçirdi. Şəhərdən xeyli qohum-əqrəba, dost-tanış gəlirdi. Samovar tüstülənir, ocaq qalanır, manqal közərirdi. Bir dəfə meşəbəyi erməni Şahin əlik gətirmişdi. Ceyrandan balaca, quzudan bir azca böyük əlik. Özü soydu, özü bişirdi. Həmin gündən ona da, onun kürən atına da, həmişə heyrətlə baxdığım beşatılanına da nifrət elədim. Neçə müddət idi uzaqdan, meşədəki “düşərgəmizdən” hər gün eyni vaxtda, çayın eyni yerində su içməyə gələn bir əliyi seyr edirdim. Qorxaq baxışları, titrək ayaqları vardı. Onunla indiki internet çatlardakı virtual sevgiyə bənzəyən xüsusi münasibətim yaranmışdı. Mənə elə gəlmişdi ki, atam qarışıq bir dəstə kişi həmin balaca əliyi yeyirdilər. O gecə nənəmin alaçığındakı Nikolaydanqalma dəmir çarpayıda gözüyaşlı yuxuya getdim. Sonra doğrudan da ta o əliyi görmədim, su içməyə gəlmədi.

Xalq mahnısı “Trrrrr acia, trrrrr ha ha!”

Məktəbimiz Ağdam bazarıyla üzbəüz idi. O məktəbin həyətini, sinfimizi “Ruhlar şəhəri” kitabımda təsvir eləmişəm. Onu deyim ki, kitab yarımçıqdı, “Bazar”, “Mağar” adlı bölmələri yaza bilmədim, çox şeylər qaldı yazılası, sağlıq olsun...

İlk nəğmə müəllimimizin adı Şəmsəddin idi. Sinfə zoğal çubuğuyla girirdi. Hirsləndiyi uşağa çubuğu qəzəblə qaldırsa da, ustufca çırpırdı. Gözü çəp olduğundan bilməzdik kimə vuracaq. Sənə baxıb məni, ya da o biri tərəfindəkini vura bilərdi.

Bir dəfə soruşdu ki, kim durub bir xalq mahnısı oxuyar. Dedim: “Mən”. Ona qəribə gəldi, adətən mahnını sinfin səsi olan uşaqları oxuyardı. Dedi: “Çıx qabağa”. Lövhəyə çıxıb başladım o vaxt dəbdə olan Afrik Simonun məşhur mahnısını oxumağa: “Trrrrr acia, trrrrr ha ha! Trrrrr voom bam, trrrrr ha ha! La la la la la la...”

Sinif şaqqanaq çəkdi, dalını gətirə bilmədim. Ceyhun vardı, ona baxıb “nəyə gülürsən, əəə” sözünü ona desə də, çubuğu mənə çəkdi. “Xalq mahnısıdı, ə, bu?” Amma babat tutmuşdu, yeri xeyli müddət göynədi.

Sancaq əhvalatı

1985-ci ildə müharibənin 40 illiyi ilə bağlı respublika məktəbləri arasında teatr müsabiqəsi keçirilirdi. Bizim oynadığımız tamaşa bir partizan dəstəsinin həyatından bəhs edirdi. Dəstənin başçısı mən idim. Şəhər məktəbləri arasında birinci olduq, sonra region üzrə də qalıb çıxdıq.

Məşqləri şəhər kitabxanasında edirdik. Tamaşanın bir yerini təkrar-təkrar məşq edəsi olduq, hər dəfə çaşırdım. “Bu, bizim üçün oturmağa bir bəhanə olmamalıdır” deyib oturmaq olmazdı. Mən də hər dəfə otururdum. Axırda, sən demə, Müşviq (indi Kazanda yaşayır) məndən xəbərsiz stula balaca bir sancaq keçirər. Elə sözümü deyib oturmuşdum ki, sancaq ətimə batdı. Səsim ərşə çıxdı, amma ta bir də oturmadım.

Rəşad Məcidin toy pulu

Rəşadın toyu Ağcəbədidəki evlərində oldu. Orta məktəbi bitirmişdik, ya sonuncu sinifdəydik, dəqiq yadımda deyil indi. Atam toya yazdırmağa 50 manat vermişdi. Erkəndən gəlmişdik, toy hələ başlamamışdı. Aqil Abbas qolumuzdan tutdu ki, burda yaxşı kitab mağazası var, gedək. Dostlarla getdik, xeyli kitab seçib piştaxtanın üstündə qalaqladı. Pulunu hesabladıb mənə dedi: “Çıxart pulu ver, Ağdamda kitab bahadı”. Çıxarıb düz 30 manat kitaba verdim. Üzə düşdüm, utandım, ta deyə bilmədim ki, pulum toyluqdu, kitablıq deyil. Onda Aqildən utanan vaxtlarım idi. Beləcə, pulun xeylisini kitaba verdim, bir azını da toya yazdırdım. Yaxşı kitablar idi, çoxu da Moskva nəşrləri. Heyf, onun maşınında qaldı. Aqil adama kitab qaytarar? Özü bağışlamasa, ondan kitab almaq mümkün olası iş deyil.

Axsaq xoruzun hekayəti

Ağdamda milis şöbəsiylə çəpər qonşusuyduq. Şəhərə ilk atılan mərmilərin biri həyətimizə düşmüşdü. Deyirdilər ki, ermənilər milis idarəsini nişan alıblarmış. Onda hamımız Bakıda toydaydıq. 1992-ci ilin fevral ayı idi, səhv etmirəmsə. Qayıdanda gördük ki, qonşu Səkinə xalagillə aramızdakı şifer barı dağılıb, şüşəbəndimizin şüşələri ciliklənib tökülüb. Alazan mərmisi toyuq hinimizin yanında çala yaratmışdı. Qapısı açıldığından toyuq-cücə həyət-bacaya dağılmışdı. Ölüb eləyəni yox idi, təkcə xoruzumuz yaralanmışdı, axsayırdı. Kəsəsi olduq. Tükünü təmizləyəndə gördük ki, buduna şifer qırığı batıb. Yazığın budu qap-qaraydı. O qədər qəlpənin bir elə toyuq içində tək xoruza dəyməsində bir hikmət vardı: elə bil xoruz sevdiyi toyuğu qorumaq üçün özünü qəlpə qabağına atmışdı.

İyirmi il zəngə cavab verməyən telefon

Jurnalist kimi cəbhə bölgələrinə gedir, məlumatlar toplayıb evimizin 5-54-50 nömrəli telefonundan “Ədalət” qəzetindəki makinaçıya xəbər diktə edirdim. Qəzetdə “Müxbirimiz Vahid Pərvizoğlu cəbhə xəttindən xəbər verir” sözlərini oxumaq mənə ləzzət eləyirdi. Qırmızı rəngli diyircəkli telefonumuzu Bakıdan o qədər yığmışam işğaldan sonra, cavab verməyib... İşğal olunmuş evindəki telefon nömrəsini yığasan, cavab verməyə, heç bilirsən, bu nəyə bənzəyir? Sidq ürəkdən Tanrıya yalvarasan, səsin çatmaya, duan yetməyə, bax ona.

Cəbhə müxbirliyim

Cəbhə bölgəsində Yaqub Rzayevin dəstəsiylə döyüşlərdən reportajlar hazırlayırdım. Bir dəfə döyüşə gecə getmişdik. Məni maşından düşməyə qoymadılar, elə kənarda izləyirdim.

Şuşaya 1991-ci ilin dekabrında vertalyotla uçduq. Əsgərlik dostum Əliylə Ermənilərin gülləsi vertolyotun pərinə dəymişdi. Qayıdanda Laçın yolu qayıtdıq. Şuşaya son səfərdən “Zirzəmidə gecələyən şəhər” adlı bir yazı yazdım.

Qara çamadan

Evimizdən ilk götürdüyümüz ailə albomumuz, içində bir neçə nəsil ailə arxivi olan qara çamadanımız, beş-on seçmə kitab, anamın sırğa-üzüyü, bir də atamın qədim nərdiydi. İndi orda qalanlar arasında heyfsləndiyin bir kitablardı, bir də vallar. Vallar bir neçə nəsil idi ötürülə-ötürülə gəlib çatmışdı bizə. 1898, 1905, 1910-cu illərin valları vardı arasında. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın Varşavada yazılan valları, rus romansları daha qədim idilər.

Ölənlərimizin ömrünü yaşayırıq

Dayım oğlu Anarın 17 yaşı vardı. Adını da özüm qoymuşdum. Ağıllıydı, həm də çox sakit idi. Sən demə təlatümü içindəymiş. Xromord döyüşündə şəhid oldu. Hərdən elə bilirəm, onun yarımçıq qalan ömrünü yaşayıram...

Ağdamın son günü

Ağdamın işğal olunduğunu telefonçu qadın zəngimə cavab verməyəndə duydum. Neçə gün idi döyüşlər gedirdi, ermənilər güclü hücuma keçmişdilər. O vaxt Prezident Aparatında işləyirdim. Son bir neçə gün əlaqə saxlaya bildiyim tək adam poçtdakı xanım idi. Son zəngə cavab verməyəndə, şəhərin tutulduğunu anladım. Həmin gün prezident aparatında axırıncı iş günüm oldu. Şələ-şüləmi götürüb, qapını çırpıb o gedən getdim.

Quzanlıda ağdamlı olmaq

Ağdamsız ağdamlı günləri ilk və son kərə bir neçə il qabaq yaşadım. Quzanlıda akademik Adilə Namazovanın 85 illik yubileyi keçirilirdi, onda. Uzun illər görmədiyim o qədər tanış üzlər gördüm ki. İstər rəsmi, istərsə də bədii hissəsində çox təsirli anlar oldu.

Qəriblik, vətən həsrəti dəhşətli yaşantıdı. Fərq etməz İsveçdə, Bakıda, lap belə Quzanlıda ol. Bunu yaşamayan səni anlamaz. Duyğuların heç mində birini də yazmaq mümkün deyil.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm