Önümüzdə yol xəritəsi, yanımızda mütəxəssis - ARIQLAMANIN əsas şərti
Bizi izləyin

Önümüzdə yol xəritəsi, yanımızda mütəxəssis - ARIQLAMANIN əsas şərti

Türkiyənin məşhur neyroloqu, televiziya proqramlarının ulduzu Deniz Egece ilə yay mövsümündə artıq çəki problemindən danışdıq.

Publika.az-ın qonağı Deniz Egecedir.

- Hocam, deyirsiniz ki, təhtəlşüurumuzu proqramlaşdırmaqla hər şeyə nail ola bilərik?

- Şüuraltımıza yerləşdirilən yanlış qəliblərdən qurtulmaq o qədər asandır ki... Baxın, beynimiz həyatımızın özüdür. Yəni, biz beynimizi doğru proqramlaşdıraraq nəinki arıqlaya, hətta dünyanı fəth edə bilərik. İnsan oğlu əsrlər boyu arıqlamaq üçün ağır pəhrizlər, dərmanlar, plastik əməliyyatlar, müxtəlif bitki çayları və sadalamadığım minlərlə üsulları sınaqdan keçirdib. Elə mən özüm fəaliyyətim boyu yüzlərlə insanın artıq çəkidən qurtulma üsullarına şahid olmuşam.

- Bu qədər təcrübə toplamısınız, deməli, sizi ilhamlandıran əsas mənbə insandır?

- Əlbəttə. Artıq beynimizi və özümüzü dinləmək zamanıdır. Tutaq ki, sizə peşəkar diyetoloq arıqlamağın ən doğru üsullarını tövsiyə edir. Amma şüuraltınız yanlış məlumatlandırılıbsa, heç bir müalicə üsulunun faydası olmayacaq. Şüuraltımızı doğru yönləndirmək isə xüsusi qabiliyyət və elmdir.

- Sizin də əsas tədqiqatınız bu elm sahəsidir?

- Doğrudur. Bizim açarımız zehnimizdir. Üzərindəki artıq yükü artmaq istədiyimiz bədənimizin də, qurtula bilmədiyimiz çəkimizin də qaynağı şüuraltımızda gizlənir. Bu problemi aradan qaldıracaq yeganə vasitə zehnimizdir. Çünki bədənimizə beynimiz hökm edir.

- Demək, beynimizi daha çox sevib bəsləməliyik...

- Beynimiz 1,4 kiloqram ağırlığında sadəcə ət parçası deyil. O, bizim möcüzəvi silahımızdır. Mənim dərslərimdə tələbələrə bu silahdan istifadə qaydalarını öyrədirik. Unutmayın, artıq kilodan azad olarkən siz bunu bədəninizdən öncə beyninizdə etməlisiniz. Yəni bu çətin yola beynimizlə çıxıb, onunla əngəlləri aşıb, zəfər qazandıqdan sonra, beynimizlə də xoşbəxt oluruq. Bu da zehnimizin doğru proqramlaşdırılmasından sonra baş verir.

- Bundan öncəki söhbətimizdə demişdiniz ki, nəinki arıqlamaq, digər məqsədlər də şüuraltı doğru yönləndirilməyibsə, nəticə qısamüddətli olacaq.

- Məhz buna görə də şüuraltı düzgün formalaşdırılmalıdır. Şüuraltına gələn hər məlumat, düşüncə bir toxumdur. Şüuraltımız yeni qazandığı informasiyanın doğru və ya yanlış olduğunu anlamır. Sadəcə həmin düşüncədən qidalanır. Çünki şüuraltımızın yaxşı-pis, doğru-səhv kimi qavramaq bacarığı yoxdur.

- Bəlkə misal çəkək?

- Uşaqlıqdan beynimizə yeridilən mif barədə danışaq: boşqabımızda qalan yemək ardımızca ağlayacaq və o biri dünyada bizi cəzalandıracaq. İllər ötür, mədəmiz dolub-boşalır. Yenə də boşqabımızdakı yeməyi bitirmək üçün özümüzü qurban veririk. Artıq yeməyi atmağın israfçılıq olduğunu düşünürük. Halbuki boşqabımıza və mədəmizə sığışdıra bilmədiyimiz qidanı küçə heyvanları ilə də bölüşə bilərik. Axı yer üzündə enerjisini qidadan alan tək canlı biz deyilik. Çünki heyvanlar da bir-birini ovladıqdan sonra sadəcə doyduğu qədər yeyib, qalanını meşənin digər sakinlərinə saxlayır...

- "Vəhşi dünyanın ədalət formulu". Hocam, yay mövsümündə ideal çəkini daha çox arzulayırıq. Qışa doğru isə bədənimizi artıq kalorilərlə "bəsləyirik".

- Arıqlamaq müddətdir, ideal kilomuza qovuşmaq isə hədəf. İndi ətraflı izah edəcəm. Baxın, arıqlayarkən bütün acılara qatlaşırıq. Yağlarımızı əridirik, hər yola əl atırıq ki, çəkimiz sürətli azalsın. Amma əsas məqsəd ideal bədənə qovuşub, bunu həyat tərzinə çevirməkdir. Hədəfimizə çatmaq üçün isə önümüzdə yol xəritəsi, yanımızda mütəxəssis olmalıdır. Çünki illərdir insanlar yağ əridərək, mədə kiçiltmə əməliyyatına girərək, onu qıfıllayaraq qısa müddətdə arıqlamağa nail olurlar. Amma bu üsullar uzunmüddətli deyil. Hər gün qaynadılmış kələm, yaxud yerkökü yesəniz, piyləriniz əlbəttə əriyəcək.... Sadəcə bir müddətlik... Ömrünüzün sonunadək kələm yeyib, hər il mədə kəsdirə bilməzsiniz. Bəli, hamısının ortaq cəhəti piy əritməkdir. Bizim məqsədimiz beynin və bədənin harmoniya içərisində ideal çəkiyə qovuşmağıdır. Öncə şüuraltımızı bizim üçün ən uyğun düşüncəyə inandırmalıyıq. Onun qəbul etdiyi formul isə bizi hədəfimizə çatdırır. Mənim də "Neyro Arıqlama" təlimlərimin əsas məqsədi budur.

(ardı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm