Estoniyada Nizami Gəncəvi günləri - FOTO
Bizi izləyin

Art

Estoniyada Nizami Gəncəvi günləri - FOTO

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Tartu Universiteti və Estoniya Azərbaycan Evinin təşkilatçılığı ilə 17-19 noyabr tarixlərində Estoniyada Nizami Gəncəvi günləri baş tutub.

Publika.az xəbər verir ki, Fondun maliyyələşdirdiyi layihənin ideya müəllifi və rəhbəri Estoniyada yaşayan həmyerlimiz Sənəm Əliyeva olub.

Layihə çərçivəsində Azərbaycan Fəlsəfə və Sosiologiya Akademiyasının yaradıcısı və rəhbəri, fəlsəfə elmləri doktoru Mail Yaqubun Avropanın öncül universitetlərindən olan Tartu Universitetində "Nizami Gəncəvi yaradıcılığında ədalət bəhsi" mövzusunda seminarı baş tutub, seminar sonra müzakirələrlə davam etdirilib.

Seminarın dinləyiciləri arasında Tartu Universitetinin müəllim və tələbə heyəti də olub. Universitetin Fəlsəfə və Semiotika İnstitutunun direktoru, Estoniya fəlsəfə sahəsinin ən tanınmış simalarından olan professor Bruno Mölder seminarı açıq elan edərək bu kimi tədbirlərin həm də xalqlar və dövlətlər arasında münasibətlərin genişlənməsində mühüm olduğunu vurğulayıb.

Daha sonra söz Mail Yaquba verilib. Alim dinləyicilərə ingilis dilində Nizami Gəncəvinin yaradıcılığından, onun əsərlərində humanizm ideyalarından və ədalət bəhsindən ibarət ətraflı mühazirə ilə çıxış edib və dinləyicilərin müxtəlif suallarına cavab verib. Dinləyicilərdən biri Nastya Ravenla Nizami Gəncəvinin hələ 12-ci əsrdə bu qədər dərin humanist ideyalarını qələmə almasından heyrətləndiyini bildirib.

Tanınmış yazıçı Kersti Kivirüüt öz fikirlərini belə ifadə edib: "Mənim üçün ən dəyərli məqam özünü ilk növbədə islam mütəfəkkiri kimi tanıdan Nizami Gəncəvinin şüurunda humanizmin qavrayışı və dərinliyi idi. Həm də Avropanın Səlib yürüşləri zamanı ən yüksək həddə çatdığı bir vaxtda. Gəncəvinin təsvir etdiyi humanizm Avropada əsrlər sonra, İntibah dövründə yayılmağa başladı. Şərq təlimləri haqqında nə qədər az məlumatlı olduğumuzu və onlardan nə qədər ilham ala biləcəyimizi də özümüzə etiraf etdik. Bütün təşkilatçılara bir daha təşəkkür edirik!"

2 saata qədər davam edən seminar professor Bruno Mölderin təşəkkür çıxışı və hər iki tərəfin bir-birinə təqdim etdiyi kitab və kiçik suvenirlərlə başa çatıb.

Noyabrın 19-da isə Tallin şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və bu şəhərdə fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə eyniadlı seminar Azərbaycan Evində baş tutub.

Tədbiri giriş sözü ilə layihənin rəhbəri Sənəm Əliyeva açaraq bu il Azərbaycanda "Nizami Gəncəvi İli"nin olduğunu və bu silsilə tədbirlərin məhz ona həsr edildiyini vurğulayıb.

Sonra söz Azərbaycan Respublikasının Estoniya Respublikasındakı səfiri Anar Məhərrəmova verilib. Səfir tədbirdə açılış nitqi ilə çıxış edərək Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan olunduğunu bildirib. Anar Məhərrəmov həmçinin il ərzində ölkədə və ölkə hüdudlarından kənarda bir çox tədbirlərin keçirildiyini, bu cür silsilə tədbirlərin davamı olaraq Estoniyada baş tutan, Nizami Gəncəvinin irsinin öyrənilməsinə həsr olunan elmi seminarın əhəmiyyətini vurğulayıb.

Eyni zamanda bu seminarın keçirilməsinin Estoniya ictimaiyyətində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında daha müfəssəl məlumat əldə etməyə imkan yaratdığını qeyd edib.

Mail Yaqub öz mühazirəsindən sonra iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Tədbir azərbaycanlı gənclərin konsert proqramı və Azərbaycan milli mətbəxinin təqdimatı ilə davam edib.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm