Ulucay Akifin kitabı təqdim olundu - FOTO
Bizi izləyin

Art

Ulucay Akifin kitabı təqdim olundu - FOTO

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Kulis.az internet dərgisinin baş redaktoru, gənc şair Ulucay Akifin “Gizlənqaç” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şairlər, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxışında şair haqqında danışarkən bildirib ki, Ulucay Akifin yaradıcılığında zaman keçdikcə fərq özünü daha aydın göstərir:

“Beş il əvvəl biz burada Ulucayın birinci kitabının təqdimatını etmişik. Bu beş ildə çox şey dəyişib. Əlbəttə, iki kitab arasında müəyyən fərqlər var. Ulucayın mütəmadi yaradıcılıqla, ədəbi jurnalistika ilə bağlı fəaliyyətini yüksək qiymətləndirirəm. Bu yaxınlarda artıq baş redaktor oldu, ona bu fəaliyyətində uğurlar arzu edirəm. Hərdən özünə də deyirəm ki, artıq üsyankar müxbir statuslar yazanda nəzərə al ki, baş redaktorsan. Yeni şeirlər kitabının işıq üzü görməsi münasibətiylə onu təbrik edir və yaradıcılıq uğurları arzu edirəm”.

Göz yaşından gülüşə, sevincə doğru gələn yol görürük

Tanınmış dəbi tənqidçi Əsəd Cahangirin sözlərinə görə, müəllifin fəlsəfi şeir dili altında minalar basdırılmış torpağı xatırladır, sən gedirsən və qəfildən sözlər mina kimi partlayır.

“Ulucayın ilk kitabı “Günəşə atılan güllələr” adlanırdı, əlimizdə olan ikinci kitabı isə “Gizlənqaç” adlanır. Bu kitabların adını müqayisə edəndə biz tragediyadan komediyaya doğru, göz yaşından gülüşə doğru sevincə doğru gələn yol görürük. Bədii təfəkkürün inkişafının bütün dünya ədəbiyyatında yolu budur. Ən əvvəl tragediya yaranıb, ondan sonra komediya. Ulucay təbii ki, bu kitabda bizimlə “Ulucay Akif dialektində” danışır. Onun bütün fəlsəfi şeir dili məna altında minalar basdırılmış torpağı xatırladır, sən gedirsən və qəfildən sözlər mina kimi partlayır. Burdan müxtəlif mənalar çıxır, kod işarələrlə zəngindir. Məsələn, Allah, sevgi, ayrılıq, dostluq və vətən nədir anlayışlarını hər birimiz fərqli şəkildə dərk edirik. Ulucayın kitabı isə bütün bu sualların hamısına verilən poetik cavablardan ibarətdir. Gizli misralar sanki şairlə “gizlənqaç” oynayır, şair isə onların mənalarını tapıb üzə çıxarır. Bu kitab oxuyanda zərrə qədər yorulmadım. Hesab edirəm ki, istər nəsr, istərsə də şeir olsun, müəllifin birinci uğuru ondadır ki, oxunur. Nə üçün yorulmadım? Çünki hər misrada özünəməxsus bir bədii kəşf gördüm və bu orijinallıq mənə maraqlı idi. Kitab bilmədiyim və naməlum olan bir dünyanın qapısını mənə açdı, o dünyanın adı Ulucayın poetik dünyasıdır.

İkinci məsələ Ulucayın şeirlərinin materiyasıdır. Elə şair var ki, şierlərinin materiyası külək kimidir, onu hiss edirsən, üzünə dəyir, barmaqlarına toxunur, amma nə qədər istəsən də, tuta bilmirsən, barmaqlarının arasından sürüşüb gedir. Ulcay Akifin poetik materiyası hiss olunan, amma ələ gəlməyən materiyadır. Onun şeir dünyasına daxil olanda özünü başdan-başa o materiyanın içində hiss edirsən, onunla nəfəs alır, təmasda olursan, amma onu görə bilmirsən. Ulucay Akifin peziyasını izaha çətin gəlir. Şair burda heç nəyi izah etmir”.

Tənqidçi qeyd edib ki, Ulucay Akifin daha bir maraqlı tərəfi intellektualizmidir. Burda Füzuli ilə, Nizami ilə, Puşkinlə, eyni zamanda şərq və qərb ədəbiyyatı ilə, həm də sufizm fəlsəfəsi ilə dialoq gördüm. Klassik sufi formulunu Ulucay Akif modern şeirlə sərbəst şeirdə ifadə edib. Ulucay Akifin yaradıcılığını muncuqları özündə birləşdirən sapa bənzətsək, görərik ki, sufi poeziyasından gələn eşq fəlsəfəsidir”.

Türkçülük meyli onun poeziyasında öz əksini tapıb

Əsəd Cahangir qeyd edib ki, Ulucay Akif həm də atası, şair Akif Səmədin yaradıcılığından ilham alır:

“Akif Səməd muasir poeziyamızda sufi poeziyasının ən fundamental nümayəndələrindən biri idi. Ulucayın atası klassik əruz vəznində yazmırdı, amma aşıq şeiri formasında sufi poeziyasının birincilərindən idi. Bu, təbiidir və qanla gəlir. Həm də oxumaq və intellektlə gəlir. Elmsiz şeir əsassız divardır, gərək şair şeir elmini bilə, ümumən digər elmlərdən də məlumatlı olmalıdır. Ulucay Akifin şeirləri üçün müasir dövrümüzlə səsləşən orijinal cəhətlərdən biri də müasir Türkiyə musiqisi və poeziyasından gələn notlardır. Şeirlərini oxuyanda elə bildim ki, hansısa məşhur bir türk pop ustasının mahsına qulaq asıram, onun melodiyalarını eşitdim, ritmini gördüm. Bu da təbiidir, çünki bizim müstəqillikdən sonra siyasi, hərbi və iqtisadi həyatımızın əsas meyllərindən biri Türkiyə ilə sıxlaşmağımızdır. Xüsusilə son Qarabağ hadisələrində biz bunun bütün ciddiyəti ilə nəticələrini də gördük. Eyni proses bədii təfəkkürümüzdə də gedir. Kulturoloji cəhətdən də Türkiyə ilə yaxınlaşırıq, böyük türk ədəbiyyatına, sözünə və Turan düşüncəsinə qayıdırıq. Çox xoşdur ki, bu ideya və düşüncə Ulucayın Akifin poeziyasında şüar şəkilində deyil, turançılıq da, türkçülük də yeddi köynək dərin bir qatdan gedir. Hiss edənlər görür ki, türkçülük meyli onun poeziyasında öz əksini tapıb”.

Təpədən dırnağa atan kimi şairsən

Yazıçı-jurnalist Aqil Abbas bildirib ki, Ulucay Akifin çox maraqlı poeziyası var və ona uğurlar arzu edib: “Bəzi şeirləri məni kövrəltdi. Sənin şeirlərinə bütün qapılar açıqdır. Səni sevirik, çünki sən təpədən dırnağa atan kimi şairsən. Sevinirəm ki, sən Akifin adını doğrultdun və bundan sonra da doğruldacaqsan”.

Şeirlərinin içində ən çox qəribə bir nisgil var

Tanınmış tənqidçi, “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri Elnarə Akimova qeyd edib ki, Ulucayın Akifin şeirlərində çox sərbəst davranış var, eyni zamanda həmin yazı təcrübəsi zövq, ədəbi davranış və ədəbi əxlaq məsələsi kimi hasil olunur:

“Ulucayın şeirlərində bütün mövzulara müraciət var, amma şeirlərinin içində ən çox qəribə bir nisgil var. Bu nisgil uşaqlıq xatirələri, təklik qorxusu, anaya müraciət, Tanrı ilə söhbət və bir çox məqamlarla bağlı olur. Bu mövzularda Ulucay sanki bəzən unutmaq istədiyi, bəzən unutmaq istəmədiyi hissləri ilğım kimi şeirlərindən keçirir. Onun bəzən seçdiyi mövzu bədii formanın mənqiti ilə uzlaşmır, yaşantılarla əsaslandırılmır. Buna baxmayaraq, onun şeirlərindən ən müsbət cəhətlərdən biri də odur ki, müasir ədəbi poeziyamızda hökmran olan dekadan çalarını ötüb keçməkdədir və özü ilə pozitivi gətirməkdədir. Bu, Ulucayın şeirlərinin ən müsbət cəhətidir.

Həyatımız onsuz da müəyyən çətinliklər, məhdudiyyətlər və qaranlıqlarla doludur. Ədəbiyyat oxucuya işığı göstərən bir vasitə olmalıdır. Çox sevinirəm ki, kitabının təqdimatına toplaşdığımız Ulucay dünya ədəbiyyatında yerini müəyyənləşdirən Azərbaycan poeziyasının nümayəndələri sırasındadır”.

Həyatımda yazmaqdan mənalı heç nə görmürəm

Ulucay Akif təəssüratlarını bizimlə bölüşüb və bildirib ki, bu kitabda təxminən son 5 ildə yazdığı şeirlər toplanıb: “Bu kitabın yazılma səbəbi, yəqin ki, yazıçı ehtiyacıdır. Həyatımda yazmaqdan mənalı heç nə görmədiyim üçün yazmışam, xüsusi bir iddiam yoxdur, yazmaq mənə zövq verir və xoşbəxt edir deyə bu kitabı çap etdirmişəm. Kitabda sevgi də, vətən də, fəlsəfi şeirlər də yer alıb. Daha çox əhval və duyğu yüklü şeirlərdir, amma mümkün qədər qəlbimə gələn sözləri yazmışam, heç vaxt nəyisə şişirtməyə çalışmamışam”.

Sonra şair Baba Vəziroğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və digər qonaqlar çıxış ediblər.

Qeyd edək ki, redaktoru tanınmış şair Salam Sarvan olan kitabda müəllifin son beş ildə yazdığı şeirlər toplanıb. Kitab “Radius” MMC nəşriyyatında çap olunub.

Aytən Məftun

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm