Moskvada əcdadlarım var, Britaniyada Boris adlı... - Boris Consondan 10 sitat
Bizi izləyin

Avropa

Moskvada əcdadlarım var, Britaniyada Boris adlı... - Boris Consondan 10 sitat

Boris Conson iyulun 7-də xalqa müraciətində Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifəsini tərk etmək qərarına gəldiyini açıqladı.

Publika.az oxucuları müasir dövrün ən ekssentrik siyasətçilərindən birinin müxtəlif məsələlərə dair mövqeyinin əks olunduğu 10 sitatını oxumaqla onu yaxından tanımağa dəvət edir.

Tənqid haqqında

“Aydın oldu ki, mənim tərzim nə az, nə çox Arnold Şvartseneqqerin özü tərəfindən tənqid olunub. Dostlar, bu, mənim üçün aşağı nöqtədir: mənim ritorik qabiliyyətimi yalnız birhecalı sözlərlə danışa bilən bir avstriyalı kiborq darmadağın etdi”.

28 sentyabr 2008-ci ildə Birminqemdə Mühafizəkarlar Partiyasının illik konfransında çıxışı zamanı

Eynicinsli nikahlar haqqında

“Mən eynicinsli nikahların leqallaşdırılması haqqında uzun müddət düşündüm və qərara gəldim ki, mən bunun əleyhinəyəm, çünki bunun məntiqi davamı üç və daha çox kişi, qadın arasında nikahın, yaxud insanlar və heyvanlar arasındakı münasibətlərin leqallaşdırılması olacaq”.

2001-ci ildə çap olunan “Dostlar, seçicilər, həmvətənlər” kitabından

COVID-19 haqqında

“Mənim vəziyyətim yaxşı olmaqdan uzaq idi və mən bilirdim ki, onların “B planı” var... Hadisələrin “Stalinin ölümü” ssenarisi üzrə inkişaf edəcəyi təqdirdə strategiya. Məni oksigen balonuna qoşdular və kifayət qədər uzun müddət litrlərlə oksigen verdilər. Mən özümdən soruşmağa başladım: bununla necə bacaracam, bundan necə çıxacam? Cəmi bir neçə gün ərzində mənim vəziyyətimin bu qədər pisləşdiyinə inanmaq çətin idi”.

3 may 2020-ci ildə “The Sun”a müsahibəsindən

Çin haqqında

“Çin mədəni təsiri sıfıra bərabərdir və bunun böyümək ehtimalı yoxdur. Əslində, bütün məşhur yüksək Çin mədəniyyəti və incəsənəti sadəcə Qərb formalarının təqlididir: çinli pianoçular möhtəşəm texnikaya malikdirlər, lakin onlar Şubert və Raxmaninovu ifa edirlər. Çinli balerinalar Dyaqilyev tərəfindən işlənib hazırlanmış üslubda rəqs edirlər. Çində işləyən heç bir çinli Nobel mükafatı almayıb. Britaniyalılar dünyaya bir çox idman yarışları, o cümlədən pinq-ponq (stolüstü tennis) bəxş etsələr də Olimpiadada çinlilərin icad etdiyi bir idman növünü xatırlaya bilmirəm. Çin yazı sistemi o qədər şeytancasına mürəkkəbdir ki, onlar hətta buna uyğun klaviatura icad edə bilmirlər”.

1 sentyabr 2005-ci ildə “The Telegraph”da dərc olunan köşə yazısından

Nikah haqqında

“Qadınlara ərə getmək arzusunu geri qaytarmaq lazımdır. Bu, müasir britaniyalının zəifliyi, onun öz qadınını idarə etmək və ailə başçısı olmaq istəməməsi və ya bacarmaması problemini həll etmək demək olacaq”.

19 avqust 1995-ci ildə “Spectator” jurnalı üçün köşə yazısından

Skripal işi haqqında

“Bu, bir növ “Cinayət və cəza”nın başlanğıcına bənzəyir, o mənada ki, biz hamımız kimin günahkar olduğunu bilirik və yeganə məsələ onun özünün etiraf etməsi, yoxsa onun tutulmasıdır... Müasir Britaniya ilə Vladimir Putin hökuməti arasındakı fərq haqqında bilmək üçün sizə lazım olan hər şey budur: onlar “Noviçok”, biz isə lazer qılınclar düzəldirik”.

28 mart 2018-ci il. Rusiya diplomatlarının ölkədən çıxarılmasından sonra Londonda xarici səfirlər qarşısında çıxışı zamanı

Brexit haqqında

“Bu, məhkumun həbsxananın qapısını açıq qoyması və içəridəki insanların çöldə günəşin işıqlandırdığı torpağı görə bilməsi vəziyyətinə bənzəyir. Amma gözlənilmədən hamı çöldə onları gözləyən dəhşət haqqında mübahisə etməyə başladı. Amma əslində bu (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) əla olardı”.

6 mart 2016-cı il, BBC telekanalında Endryu Marrın şousunda

Rusiya haqqında

“İcazə verin deyim ki, mən rusofiləm, həm də buna əminəm. Mənim Moskvada əcdadlarım var. Əminəm ki, mən Böyük Britaniyanın Boris adı daşıyan ilk xarici işlər naziriyəm və xahiş edirəm şübhə etməyin ki, mən bizim əlaqələrimizi yaxşılaşdırmağa nail olmaq istəyirəm”.

22 dekabr 2017-ci ildə Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransından

İdman haqqında

“Mən tennisə vurğunam. Mən bir dəfə Boris Bekkerə (dünyanın keçmiş birinci raketkası) zəng vurdum ki, matç oynayaq, o, “yaxşı” dedi, amma heç vaxt geri zəng etmədi. Mübahisə etməyə hazıram ki, mən onu qaçmağa məcbur edərdim”.

21 mart 2005-ci ildə “The Express” nəşrinə müsahibəsindən

Aİ-nin genişlənməsi haqqında

“Napoleon, Hitler və bir çox başqaları Avropanın birləşməsi planlarını həyata keçirməyə çalışdılar, lakin hər şey faciə ilə başa çatdı. Avropa İttifaqı – bu, eyni şeyi etmək üçün daha bir cəhddir, lakin artıq digər metodlarla. Prinsipial olaraq hamıya bir problem mane olur, bu da Avropanın özünü necə təqdim etməsi barədə əsas ideyanın olmamasıdır. Hamı tərəfindən tanınacaq müstəsna səlahiyyət ola bilməz.

15 may 2016-cı il, “The Sunday Telegraph”a müsahibəsindən

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm