Nəzakət Teymurova: “Avropa Oyunları Azərbaycanın mövqeyini möhkəmləndirəcək”- MÜSAHİBƏ
Bizi izləyin

Bakı 2015

Nəzakət Teymurova: “Avropa Oyunları Azərbaycanın mövqeyini möhkəmləndirəcək”- MÜSAHİBƏ

Ölkəmizdə keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunlarına sayılı günlər qaldı. Azərbaycan bu möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Artıq “Bakı 2015” Avropa Oyunları çərçivəsində paytaxtda start götürən Alov Festivalı bütün bölgələri əhatə etməkdədir. Odlar yurdu Azərbaycan bayram təntənəsini yaşayır.

Xalq artisti Nəzakət Teymurova Azərbaycanda keçirilən Avropa Oyunları barədə Publika.az-a müsahibə verib.

- Nəzakət xanım, bir sənətkar kimi ölkəmizdə keçiriləcək Avropa Oyunlarını necə dəyərləndirirsiniz? Bu möhtəşəm tədbirdən gözləntiləriniz nədir?

- Dünyada bu beynəlxalq tədbirin ilk dəfə məhz Azərbaycanda keçirilməsi, əlbəttə ki, qürurvericidir. Mən deyərdim ki, “Bakı 2015” Avropa Oyunları böyük bir tarixi hadisədir. Çünki zaman keçdikcə və növbəti ölkələrdə bu tədbir keçirildikcə Azərbaycanın adı hallanacaq. Hər kəs bu nüfuzlu tədbirin ilk dəfə Azərbaycanda keçirildiyini yada salacaq. Mən bir vətəndaş olaraq bu tədbirin keçirilməsindən fəxarət hissi duyuram. Bu təbir Azərbaycanın dünyada tutduğu mövqeyini daha da möhkəmləndirəcək, dünya dövlətləri sırasında müsbət imicimiz formalaşacaq. Çünki hər birimiz bilirik ki, bu gün erməni lobbisi beynəlxalq aləmdə ölkəmizi, xalqımızı gözdən, nüfuzdan salmaq üçün hər cür qara piara əl atır. Amma dünyanın 50-dən artıq ölkəsinin nümayəndələrinin Azərbaycana gəlişi, onlara açılan qapı bir daha ölkəmizin və xalqımızın sülhməramlı olduğunu dünyaya sübut edəcək. Məncə, bundan gözəl təbliğat vasitəsi ola bilməz. Bu mənada, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün bir fürsətdir.

- Gənclərimizin vətənpərvərlik ruhunun artmasında, sizcə, bu tədbir hansı əhəmiyyət daşıyacaq?

- Bugünkü gənclik bir daha başa düşəcək ki, dünya dövlətlərinin Azərbaycanda bayraqlarının dalğalanması Vətənimizin adının beynəlxalq aləmdə çəkilməsi deməkdir. Eyni zamanda gənclər öz idman bacarıqlarını ortaya qoyub 50 ölkənin idmançıları ilə yaraşacaqlar. Hər biri qalib olmaq uğrunda mübarizə aparacaqlar. Hər bir kəsin qalibiyyəti Azərbaycanın qalibiyyəti deməkdir. Bu mənada yeni nəslin Vətən, torpaq sevgisi daha da alovlanacaq.

- Avropa Oyunları ərəfəsində bir sənətkar olaraq insanlara nə çağırış edərdiniz?

- Avropa Oyunları zamanı həm də ölkəmizin turizm potensialı inkişaf edəcək və bu oyunları izləmək üçün Azərbaycana çoxlu sayda turistlər gələcək. Mən burdan insanlara səslənərək demək istəyirəm ki, əcnəbi turistlərlə elə davransınlar ki, onlar xalqımızdan, ölkəmizdən xoş təəssüratlarla ayrılsınlar. Əlbəttə, biz qonaqpərvər xalqıq və hər zaman qapımızı qonaqların üzünə gülərüzlə açmışıq. Bu dəfə də dədə-babalarımızın illər boyu qoruyub saxladığı ənənəyə sadiq qalmalıyıq. Digər tərəfdən, Avropa Oyunları yalnız bir idman yarışması demək deyil. Bu tədbir zamanı mili mədəniyyətimiz, mətbəximiz də nümayiş olunacaq. Milli xörəklərimizdən dadan əcnəbilər, yəqin ki, uzun müddət bu təamlardan danışacaqlar. Ölkəmizə gələn turistlərlə xoş davranmalı, yüksək mədəniyyət nümayiş etdirməliyik ki, bizdən xoş təəssüratla ayrılsınlar.

- Maraqlıdır, özünüz idmana maraq göstərirsinizmi?

- İdmanı çox sevirəm və düşünürəm ki, sağlam olmaq istəyən hər bir insan idmana maraq göstərməli, ən azı, bir idman növü ilə məşğul olmalıdır. İdman bədənin tərbiyəsi deməkdir.

Mən son vaxtlar qaçışla məşğul oluram. Bu, mənim həm də formada qalmağıma kömək edir.

- Harda qaçırsınız?

- Elə öz həyətimizdə. Əslində mən çox istərdim ki, idmanın bir neçə növü ilə məşğul olum, işin çoxluğu buna imkan vermir.

- Bəs uşaqlıqda hansısa idman növü ilə məşğul olmusunuz?

- Orta məktəbdə oxuyanda, qardaşım futbol, mən isə voleybol oynamağı xoşlayırdıq. Hətta doğulduğum Ağdamda orta məktəblər arasında keçirilən idman yarışlarında iştirak edirdim. Daha sonra bu yarışlar rayonlararası keçirilirdi və mən hər zaman qalib olurdum. Hətta anam mənim voleybol oynamağıma bir az narazılıq edirdi. Deyirdi ki, qız uşağısan, voleybol oynamaq oğlan işidir. Voleybol yarışlarında qazandığım mükafatları saxlayırdım. Amma Ağdamdan çıxandan sonra o qarışıqlıqda it-bata düşdü.

- Artıq bəllidir ki, Avropa Oyunları zamanı voleybol üzrə yarışan idmançılara azarkeşlik edəcəksiniz?

- Həm də voleybol üzrə yarışan idmançılara və eyni zamanda tennis, həndbol üzrə yarışan idmançılara azarkeşlik edəcəyəm. Atıcılıq üzrə dünya çempionu Zemfira Məhdiəddinovanın uğurlarına hər zaman sevinmişəm. Bu dəfə də bilirəm ki, o xanım bizim atıcıları yarışa hazırlayır. Yadımdan çıxmışdı, mən eyni zamanda güləş oyunlarını izləməyi sevirəm. Güləşçilərin yarışı həmişə həyəcan və maraqla qarşılanır. Sözsüz ki, bu idman yarışıdır və ən güclü olan qalib adını qazanacaq. Çox arzulayardım ki, öz idmançılarımız da qalib olsunlar, fərq eləməz qızıl, ya gümüş medal alsınlar.

- Bəs bu möhtəşəm yarışları daha yaxından izləmək istəyirsinizmi?

- Düşünürəm ki, bu şansı qaçırmaq olmaz. Mütləq iştirak edəcəyəm. Onu da deyim ki, bu yalnız idman yarışı demək deyil. Həm də böyük bir bayram təntənəsidir. Dünyada ilk dəfə baş tutan və sorağı bütün ölkələrə yayılan bu nüfuzlu tədbirdə bayram əhval-ruhiyyəsini izləmək və o hissləri daha yaxından yaşamaq məncə, hər bir azərbaycanlı üçün böyük bir zövqdür. Əgər bu tədbiri izləmək üçün dünyadan turistlər ölkəmizə gələcəksə, biz bir vətəndaş olaraq bu fürsəti niyə əldən verək ki? Onu da deyim ki, mən bu tədbiri tək yox, qızımla birgə izləyəcəyəm. Hər kəsi bu tədbirə qatılmağa çağırıram. Bəzən hansısa bir əcnəbi müğənninin konsertinə bundan da artıq pul verib bilet alırıq, amma nədən Avropa Oyunlarına bilet alıb getməyək?! Televiziya vasitəsi ilə Azərbaycanın bütün bölgələrini əhatə edən Alov Festivalını izlədim. Milli geyimlərdə olan oğlan və qızlarımızın əli ilə bütün Azərbaycanda gəzdirilən məşəl lkəmizin Odlar yurdu kimi tanınmasında böyük rol oynayacaq. Bu hər bir azərbaycanlı üçün fəxarət hissi deməkdir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm