İngiltərə baronessasını heyran qoyan azərbaycanlı – Camal Əliyev kimdir?
Bizi izləyin

Bilgi.az

İngiltərə baronessasını heyran qoyan azərbaycanlı – Camal Əliyev kimdir?

Publika.azTeleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Camal Əliyev Avropanın ən tanınmış violonçel ifaçılarından biridir. O, 1993-cü il sentyabrın 2-də Bakıda musiqiçi ailəsində anadan olub. Camal Azərbaycanın məşhur skripkaçılarından biri Azad Əliyevin qardaşı nəvəsidir. İlk müəllimi babası - Azərbaycanın əməkdar artisti Qara Əliyev olub. Babasından 10 il violonçel çalmağı öyrənib. Ulu babası Həmzə Əliyev isə Azərbaycanda tar məktəbinin banilərindən biridir. Camal Əliyevin anası da violonçel ifaçısıdır.

Kiçik yaşlarında ailəsi ilə birlikdə atasının işləri ilə əlaqədar Türkiyənin Ankara şəhərinə köçüb. Beş yaşında burada skripka dərslərinə başlayıb. İlk mükafatını doqquz yaşında Türkiyənin Trakya Universitetində keçirilən gənclərin beynəlxalq violonçel müsabiqəsində qazanıb.

Valideynlərinin tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Fransaya gedib. Avropaya gəlişi uğurlu alınıb. Belə ki, 2004-cü ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən V “Antonio Caniqro” beynəlxalq müsabiqəsinin qalibi olub və məşhur “Assembly Hall” da konsert vermək hüququ qazanıb.

2005-ci ildə isə Parisdə məşhur violonçelist Mstivlav Rostropoviçdən dərs alıb. Rostropoviçdən cəmi bir il violonçelin sirlərini öyrənib. Bunun səbəbi isə həmin vaxt məşhur ifaçının xəstə olması olub. Təsadüfi deyil ki, bundan iki il sonra Rostropoviç vəfat edib. Amma bu qısa müddətdə öz istedadı ilə Avropanın bu məşhur musiqiçisinin diqqətini çəkməyi bacarmışdı. Rostropoviç onu “məndən sonra ən yaxşı violonçel ifaçısı” adlandırıb. Daha sonra sonra Rostropoviçin tövsiyəsi ilə Londonda Yəhudi Menuhin adına musiqi məktəbində təqaüdlə təhsil alıb. Buradakı yüksək nəticələrinə görə məktəb onun təhsil haqqını öz üzərinə götürmüşdü.

Məktəbi bitirdikdən sonra London Kral Musiqi Kollecinə qəbul olunub. Buranı bitirərək təhsilini davam etdirmək üçün yenidən Türkiyəyə qayıdıb. Burada Bilkənd Universitetinin Musiqi fakültəsinə qəbul olunub. Türkiyədə təhsil aldığı dövrdə Türkiyənin Prezident, Bilkənt və “Borusan” simfonik orkestrlərinin konsertlərində iştirak edib. 2005-ci ildə Türkiyə Böyük Millət Məclisinin “Fəxri qonağı” olub.

Türkiyədə təhsil aldığı illərdə bu ölkənin məşhur bəstəkarı və ifaçısı Fazil Sayla konsertlərdə çıxış edib. Onunla birlikdə İstanbul, İzmir, Bursa, Əskişəhir və Mərsin simfonik orkestrləri ilə Hayd və Şostakoviçin əsərlərini səsləndirib.

Camal Əliyev 2007-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilən Çaykovski adına beynəlxalq müsabiqə çərçivəsində baş tutan konsertdə müsabiqənin münsiflər heyətinin rəhbəri Natalya Şaxovskayanın diqqətini çəkib. O, azərbaycanlını Moskva Konservatoriyasına öz sinfində oxumağa dəvət etsə də, Camal Yehudi Menuhin məktəbini seçib. Londonda təhsil aldığı illərdə İngiltərə, Fransa və İsveçrədə bir çox konsertlərdə və beynəlxalq festivallarda iştirak edib.

2012-ci ildə Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

2014-2015-ci illərdə ardıcıl iki dəfə Kral Musiqi Kollecinin violonçel müsabiqəsinin, o cümlədən, “Kroydon” konsert müsabiqəsinin qalibi olub. O illərdə həmçinin, C.Kolman, Ceyms Qilkrist və Con Tomlinson kimi musiqiçilərlə birlikdə çıxış edib.

2017-ci ildə Londonda “Royal Albert Hall”da dünyanın ən böyük klassik musiqi festivalı sayılan BBC Proms-da BBC-nin Konsert Orkestri ilə məşhur kino musiqisi bəstəkarı Con Uilyamsın 85-ci ildönümü üçün çıxış edərək solo debütü edib. Festival çərçivəsində BBC Konsert Orkestri ilə birlikdə 8 min nəfərlik “Royal Albert Hall”da səhnəyə çıxan Camal Əliyev hər il mütəmadi solo konsertlər verir. Bu konsertlər BBC Radio və Televiziyasında canlı yayımlanır. Elə həmin il “Sir Karl Cenkins” musiqi mükafatını qazanıb və pianoçu Anna Fyodorova ilə birlikdə debüt “Russian Masters” CD-ni buraxaraq dinləyici auditoriyasını bir qədər də genişləndirib. CD Britaniyada rəğbətlə qarşılanıb.

“Royal Albert Hall”dakı ilk konserti İngiltərənin “Teleqraf”, “Qramofon” kimi nüfuzlu nəşrlərdən müsbət rəylər alıb.

Camal Əliyev 2017-ci ildə “Prince's Prize” musiqi şirkətinin, 2016-cı ildə İstbörn Festivalının, 2015-ci ildə “Kroydon” və “Bromsqrouv”, 2014-cü ildə “Müriel Teylor” və 2004-cü ildə “V.Antonio Yaniqro” beynəlxalq müsabiqələrinin mükafatlarını qazanıb. Eyni zamanda, 2016-cı ildə Rumıniyada keçirilən “Enesku” müsabiqəsində Kronberq Akademiyasının mükafatını qazanıb, Fransada Pablo Kasals müsabiqəsində isə fəxri ada layiq görülüb.

Tanınmış ifaçının Azərbaycanda konserti baş tutmasa da, Moskvada Azərbaycan Konservatoriyasının 100 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə iştirak edib. Bakıda solo konsert vermək gələcək planlarından biridir.

“Mən bir neçə dəfə Bakıda olmuşam. Həmişə doğma şəhərimin gözəlliyinə heyran olmuşam. Azərbaycandan konsertlərimi səbirsizliklə gözləyən çox insan var. Buna görə də bir gün Bakıya gələndə, mütləq itirilmiş illərin əvəzini çıxmağa çalışacağam”, - Camal Əliyev deyib.

İfa etdiyi “Ayrılıq” melodiyasını İkinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgərlərinə həsr edib. O, Azərbaycan ordusunun düşmən üzərində qələbə qazandığı ili - 2020-ni “Azərbaycan xalqının ən xoşbəxt ili” adlandırıb.

2018-ci il martın 3-də İngiltərədə Bolton Simfonik Orkestri ilə birlikdə çıxış edib. Konsertdə rus bəstəkarlarının əsərlərini səsləndirib. Eyni zamanda, həmin il yanvarın 15-də Londonda Müqəddəs Ceyms kilsəsində konsert proqramı ilə çıxış edib. Londonun Müqəddəs Barnaba kilsəsində ifa etdiyi Şubertin “Ave Maria” əsəri isə Avropa və dünyada böyük maraqla qarşılanıb.

Camal bir il sonra Şotlandiyanın İst-Lotian şəhərində keçirilən Lammermur Festivalına qatılıb. Həmin ilin martın 16-17-də İngiltərənin Nyuport şəhərində “Isle of Wight” simfonik orkestri ilə birlikdə çıxış edib.

2020-ci il fevralın 28-də violonçel ifaçısı Biqarda (“Biggar Music Society”) konsert verib. Konsertdə Bethoven, Y.Brams, Çaykovski, D.Popper, V.Lyutoslavski və Raxmaninovun əsərlərini səsləndirib. Həmin ilin iyulun 6-da isə Uelsdə keçirilən Qauer festivalında çıxış edib.

Beləliklə, Camal Əliyevin konsert platformasında “Wigmore Hall” (London), “Royal Albert Hall” (London), “Atheneum” (Buxarest), “Kronberg” (Buxarest) “Forbidden City Concert Hall” (Pekin), “Prezident Konsert Zalı” (Ankara), “Raxmaninov Hall” (Moskva), “Arts Parliament House” (Sinqapur) və “Merkin Concert Hall” (Nyu-York) yer alır. Solo çıxışları arasında Kral Filarmonik Orkestri, Kral Simfonik Orkestri, BBC Orkestri və Şotlandiya Simfonik Orkestri, CBSO, Sibir Tomsk Simfonik Orkestri, Venesuelada Simon Bolivar Simfonik Orkestri, Hollandiya, Bilkənd və İstanbul, eləcə də Türkiyə Prezidentinin simfonik orkestrləri var.

Camal Əliyev 2021-ci ilin martında dünyada yaşı 30-dan aşağı olan 30 ən qabaqcıl musiqiçidən biri seçilib. O, Britaniyadakı “Classical Fm” tərəfindən bütün musiqi alətləri üzrə dünyada 30 aparıcı gənc musiqiçi arasından seçilən iki violonçel ifaçısından biri olub.

2017-ci ildən İngiltərənin YCAT (Young Classical Artist Trust) agentliyinin solistidir. İndiyədək bütün konsertləri də bu agentliyin dəstəyi ilə keçirilib. 2019-cu ildə isə ABŞ-ın məşhur CAG (Concert Artists Guild) agentliyi ilə müqavilə bağlayıb.

İngilis mətbuatına görə, Camal Əliyev öz nəslinin ən çox axtarılan violonçel ifaçılarından biridir.

Böyük Britaniya parlamentinin Lordlar Palatasında baronessa Emma Nikolsonun təşəbbüsü ilə onunla görüşüb. Camalın Londondakı bütün konsertlərinə gələn baronessa onun ən böyük pərəstişkarlarından biridir. Hətta bir dəfə “Wigmor Hall”dakı konsertində iştirak edə bilmədiyi üçün ona üzr məktubu da yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm