Ərəblər kürdlərə qarşı: Türkmən əhali də hədəf alınır
Bizi izləyin

Dünya

Ərəblər kürdlərə qarşı: Türkmən əhali də hədəf alınır

İraq Kürd Regional Rəhbərliyində əhalinin sayının müəyyənləşdirilməsi üçün bir aydır davam edən siyahıyaalma prosesində “demoqrafik müdaxilə” ilə bağlı müzakirələr gedir. Hazırlıqlardan sonra 20-21 noyabr tarixlərində komendant saatı elan edilərək evdə əhalinin siyahıya alınması planlaşdırılır. Bu proseslərin gedişatında kürd partiyaları ilə mərkəzi İraq administrasiyası arasında etimadın olmaması səbəbindən səslərin sayılmasının təxirə salınması gündəmdədir.

Publika.az xəbər verir ki, bu barədə Kərkük türkmən siyasətçisi və İraq Türkmən Cəbhəsi nümayəndəsi Əhməd Muratlı “Haber Global Web Özel”ə açıqlama verib.

Onun sözlərinə görə, illərdir şəhərdəki türkmən əhali hədəf alınır və bu dəfə demoqrafik mübahisə kürdlər və ərəblər arasında gedir.

Etnik mənşə münaqişəsi

Kərkükdəki ümumi siyahıyaalma ilə bağlı şübhələri olduğunu bildirən Kürdüstan Demokratlar Partiyası (KDP) rəsmilərinə görə, İraqın digər bölgələrindən 65 mindən çox ailənin şəhərə gətirilərək siyahıya alınmaya daxil edilməsi İraq mərkəzi hökuməti tərəfindən siyasi məqsədlər üçün istifadə edilə bilər.

KDP Kərkük Ofisi səlahiyyətlilərindən Loğman Kakeyi Kərkükdə siyahıya alınacaq vətəndaşların daha sonra veriləcək bir qərarla on ildən sonra şəxsiyyətlərini Kərkükdə qeydiyyatdan keçirmələrindən narahat olduqlarını bildirib. Ancaq Kərkük statistika müdiri Mustafa Əkrəm yerli mətbuata açıqlamasında siyahıyaalmanın məqsədinin başqa olduğunu bildirərək “Siyahıyaalmanın siyasi məsələlərlə heç bir əlaqəsi yoxdur. Bu, etnik mənsubiyyətin və ya məzhəbin siyahıyaalınması deyil” deyib.

600 min ərəb məskən salıb

Kürd partiyalarının nümayəndələrinin sözlərinə görə, Bağdad rəhbərliyi şəhəri “ərəbləşdirmək” istəyir. Region administrasiyasından Fehmi Burhan bildirib ki, Kərkük və kürdlərin cəmləşdiyi ətraf şəhərlərdə 600 min ərəb yerləşdirilib. Burhan açıqlamasında “Bu siyahıyaalma bölgəmiz üçün heç bir xeyir gətirmir. Çünki tarix boyu ərəb hökumətləri kürdləri bu bölgədən çıxarmaq və ərəbləşdirmək üçün köçkünlük və zülm siyasətləri həyata keçiriblər", - deyə qeyd edib.

9 yeni məhəllə

Regiondakı kürd siyasi nümayəndələrinin əldə etdiyi məlumatlara görə, mərkəzi hökumət Kərkükdə əksəriyyəti ərəblərdən ibarət 9 yeni məhəllə yaradıb. Fehmi Burhan Kərkükdə türkmən, kürd və ərəblərin bir yerdə yaşaması lazım olduğunu bildirərkən, bölgənin ərəbləşdirilməsi ilə bağlı hesabat hazırladıqlarını da deyib.

Kürd partiyaları hesab edir ki, siyahıyaalmanın sağlam aparılması üçün İraq Konstitusiyasının Kərkükün statusu ilə bağlı 140-cı maddəsi icra edilməlidir. 140-cı maddə Ənfal qırğını zamanı Səddam Hüseyn administrasiyası tərəfindən həyata keçirilən ərəbləşdirmə siyasətini geri çevirmək üçün tədbirlər görməkdən ibarətdir.

Qeyd edək ki, bölgədə sonuncu siyahıyaalma 1957-ci ildə keçirilib və bu siyahıyaalmada şəhərdəki türkmən əhalisinin 60 faizi qeydə alınıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm