Nüvə kosmik gəmiləri üçün "mikro qara qutu" hazırlandı
Bizi izləyin

Dünya

Nüvə kosmik gəmiləri üçün "mikro qara qutu" hazırlandı

Nüvə kosmik gəmiləri üçün "mikro qara qutu" hazırlandı

Çinli mühəndislər nüvə enerji qurğuları olan kosmik aparatlar üçün "mikro qara qutu" konsepsiyası hazırlayıblar. Bu qurğu qəzadan sonra qalıqların tez bir zamanda aşkarlanmasına və radioaktiv materialların mümkün sızmasının qarşısını almağa kömək etməlidir.

Publika.az xəbər verir ki, bu barədə "Interesting Engineering" (IE) məlumat yayıb.

Layihəni Nankin Aeronavtika və Astronavtika Universitetinin mütəxəssisləri təklif ediblər. Qurğu 4,5 kq ağırlığında və 16,5 x 16,8 sm ölçüsündə mühafizə olunan bir moduldan ibarətdir; o, raket dağıldıqdan sonra belə uçuş məlumatlarını qeyd etməyə və düşdüyü yerin koordinatlarını ötürməyə qadirdir.

Tədqiqatçıların məlumatına görə, "sağqalma kapsulu" Çinin "Beidou" naviqasiya sisteminin peyk mayakı və uçuş məlumat qeydiyyatçısı ilə təchiz olunub. Korpus alüminium ərintisi, alüminium şan, maqnezium ərintisi, elastik köpük və aeroqeldən ibarət çoxlaylı konstruksiya formasında hazırlanıb. Yaradıcıların bildirdiyinə görə, belə bir konstruksiya 25 969 C-yə qədər zərbə enerjisini udmaq gücündədir.

Kompüter modelləşdirilməsi sistemin toqquşma enerjisinin 90%-dən çoxunu udduğunu göstərib. Daha sonra prototip yüksəksürətli düşməni imitasiya etməklə ballistik top vasitəsilə sınaqdan keçirilib. Tədqiqat müəlliflərinin məlumatına görə, xarici korpusun zədələnməsinə baxmayaraq, daxili modul iş qabiliyyətini qoruyub saxlayıb və siqnal ötürməyə davam edib.

Tədqiqatçılar həmçinin qurğunun avtomatik açılan hava yastığı ilə təchiz edilmiş təkmilləşdirilmiş versiyasını da təklif ediblər. Modelləşdirmənin nəticələrinə görə, bu, zərbə zamanı yüklənməni əlavə olaraq 44,3% azaldır və qurğunun suya düşdükdən sonra suyun üzərində qalmasını təmin edir ki, bu da onun axtarışını və çıxarılmasını asanlaşdırır.

"Interesting Engineering" qeyd edib ki, bu cür qurğular NASA və Çin Milli Kosmik İdarəsinin layihələri də daxil olmaqla, kosmik agentliklərin uzaq kosmik missiyalarda nüvə enerji qurğularından istifadə etmək planları fonunda xüsusi aktuallıq kəsb edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm