Nida Xəbər
Moskvada ermənilərə meydan oxudu, müəmmalı şəkildə qətlə yetirildi: Əjdər Xanbabayev
Azərbaycanın tanınmış ziyalısı, ictimai-siyasi xadim və kitab fədaisi Əjdər Rza oğlu Xanbabayevin bu gün 95 yaşı tamam olacaqdı.
Publika.az xəbər verir ki, onunla bağlı xatirələrini bölüşən sabiq deputat Əlövsət Ağalarov Əjdər Xanbabayevin həyatını, ictimai fəaliyyətini və Azərbaycan milli hərəkatındakı rolunu xüsusi qeyd edib:
“Namərd gülləsinə tuş gəlməsəydi, bu gün 95 illik yubileyini keçirəcəkdik… Əjdər Rza oğlu Xanbabayev Azərbaycanın tanıdığım ən işıqlı ziyalılarından idi: pozitiv, həyatsevər, övladcanlı - Afət və Nərgiz adlı iki gül parçası kimi qızı vardı, onlarla nəfəs alırdı: “Onlarsız bir gün də yaşaya bilmərəm”, - deyərdi. Etibarlı dostları vardı (çünki özü çox etibarlı, sədaqətli, qayğıkeş insan idi), sevdiyi peşəsi - kitab dünyası vardı. Şərq ədəbiyyatını, klassik dünya şedevrlərini müntəzəm olaraq mütaliə edərdi, farsı, rusu gözəl bildiyindən həmin əsərləri orijinaldan oxuyurdu.
Ötən əsrin sonlarında mənfur qonşularımız Qərbi Azərbaycandan soydaşlarımızı zorla, vəhşicəsinə qovanda, xalqımızın meydanlara tökülərək SSRİ rəhbərliyinə etiraz aksiyalarının ilk günlərindən Əjdər müəllim maddi və mənəvi dəstəyini əsirgəmirdi. Bu xeyirxah əməllərinin hamısının şahidiyəm. Azərnəşrdəki kabinetinə kimlər gəlmirdi - hərəkatın şəriksiz lideri Əbülfəz Əliyev (Elçibəy), Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Sabir Rüstəmxanlı, Xəlil Rza, Vurğun Əyyub, Aydın Məmmədov, Yusif Səmədoğlu, Rüstəm Behrudi, Hatəmi…
Tale elə gətirdi ki, qısa bir dövrdə həm kolleqa olduq, həm də bir neçə il direktorum oldu, bir binada yaşadıq, dost olduq. Özü də əsl dost! Təsəvvür edin, mən onun tabeçiliyində işləyirəm, səhərlər zəng vurar, “Düş, gedək”, - deyər, mən bir az gec durduğumu deyib, “Siz gedin, mən beş-on dəqiqəyə çıxaram”, - dediyimə baxmayaraq, düşəndə təəccüblə görərdim ki, həyətdə var-gəl edir… “Ay Əjdər müəllim, gedəydiniz də, özüm gələrdim”. Doğma bir təbəssümlə: “Heç nə olmaz, uzaqbaşı 5-10 dəqiqə gecikərik”. Öz maşını ilə beləcə məni də işə aparıb gətirərdi. Səmimi, gülərüz, qayğıkeş İnsan, əsl İnsan ha, bax belə olardı! Bir neçə dəfə səfərlərdə olmuşuq, gözəl yol yoldaşlığı vardı. Kimsənin qəlbinə toxunmaz, hamıyla mehriban, hamının qayğısına qalan! Həmişə də evdən xüsusi hazırlatdığı çeşid-çeşid yeməklər götürər, işlərimizi qurtarandan sonra yığardı öz otel otağına, yemək süfrəsi arxasında şirin, dadlı-duzlu söhbətlər gecəyarısınadək davam edərdi…
Bir dəfə - 1989-cu ilin iyul ayının 4-də Moskvada millətlərarası bir konfransda birlikdə iştirak edirdik. Gorbagor Z. Balayanla Poqosyan bizim qabağımızdakı sırada əyləşmişdilər. Mən A. Volskinin keçmiş Dağlıq Qarabağla bağlı dediyi yalanlara etiraz edib yerdən kəskin, tutarlı cavab verdim və bildirdim ki, mən o sənin deputat təyin olunduğun Kəlbəcər rayonundanam. O erməni iti Balayan dönüb dedi ki: “Ne toropites, skoro Kelbadjar toje budet nashim”. Əjdər müəllim kimi təmkinli adam necə qışqırdı: “Molçi, separatist, pridet vremya, ot vas v Karabaxe ni odin şenok ne ostanetsya!” Səs-küy qalxdı, iclası 2 saatlığa təxirə saldılar. Axşam rəhmətlik mənim otağıma zəng vurdu ki, tez “Vremya”ya bax, bizi göstərirlər.
1990-cı ilin Qanlı Yanvar şəhidlərinin dəfnindən 3 gün keçmiş səhər işə gedəndə yolda mənə dedi ki, biz bir az unutqan xalqıq, başımıza gətirilən müsibətləri çox tez unuduruq, bu qırğın barədə yazılan yazıları, efirlərdə səslənən materialları toplayaq, bir kitab buraxaq. O dövr çox təhlükəli dövr idi - Bakıda komendant saatı, fövqəladə vəziyyət, rus ordusu şəhərdə… Dərhal işə başladıq və qısa müddətdə “Baku. Çyornıy Yanvar 1990” kitabı (əvvəlcə rus dilində, sonra Azərbaycan dilində) ərsəyə gəldi və rəhmətlik Elmira Qafarovanın maşını ilə aeroporta göndərdik, Elmira xanım aparıb SSRİ Ali Sovetinin sessiyasında paylatdırdı.
Əjdər müəllim Vətəni pafosla yox, Vətən kimi sevirdi, milləti kiminsə xatirinə yox, millətin oğlu kimi sevirdi, kitabı Kitaba görə sevirdi. İlk dəfə Quranı tərcümə elətdirib nəşr etmək istəyirdik ki, tərcümə hazır olmamış, ömrü yarıda kəsildi, daha doğrusu, namərdlər tərəfindən kəsildi… Onda özümə söz verdim ki, ruhunuz rahat olsun, bu müqəddəs işi yarımçıq qoymayacağam və sözümə də əməl etdim: 1991-ci ildə Kiyevdə yüz min tirajla çap etdirib Bakıya gətirdim. Gələn kimi bir nüsxə götürüb məzarının üstünə apardım. Sinə daşının üstünə qoyub arzusunun yerinə yetirildiyini çatdırmaq istədim. Ruhu şad olsun. Təəssüflər ki, belə ziyalılar həm çox az olur, həm də çox gec-gec yetişir.
Çox təəssüflər olsun ki, bu cür işıqlı insana namərdlər konyunktura səbəbindən xain gülləsi açdılar. Heydər Əliyevin Moskvadan Bakıya gəlişinin qabağını almaq üçün… Amma xainlər, namərdlər bilmədilər ki, tarixin təkərini döndərmək mümkün deyil. Sadəcə, səfəri bir az gecikdirməyə nail oldular. Heydər Əliyev gəldi və həm Əjdər müəllimin qatillərini, həm də sifarişçilərini ifşa etdirib tarixin zibilliyinə atdırdı. Əjdər Xanbabayev kimi kişinin qanı bata bilməzdi! Çünki o kişi haqqdan doğulmuşdu, haqq dünyasında da ən şərəfli yerlərdən birində əbədiyyən yaşayacaqdır, necə ki, qədirbilən dostlarının, yaxınlarının və ələlxüsus da ciyərparçası Afət Əjdər qızı Xanbabayevanın qəlbində!
Ruhun şad olsun, əziz ustad, unudulmaz dost, görkəmli ictimai-siyasi xadim və kitab fədaisi!”
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq







.jpg)






.jpg)

















.jpg)


.jpg)