Kardiff qalasında Pakistan bayrağı qalmaqala səbəb oldu - Britaniyada siyasi qarşıdurma
Bizi izləyin

Dünya

Kardiff qalasında Pakistan bayrağı qalmaqala səbəb oldu - Britaniyada siyasi qarşıdurma

Kardiff qalasında Pakistan bayrağı qalmaqala səbəb oldu - Britaniyada siyasi qarşıdurma

Böyük Britaniyanın Uels bölgəsində yerləşən tarixi Kardiff qalası üzərində Pakistan bayrağının qaldırılması ölkədə siyasi mübahisəyə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.

Pakistan bayrağı avqustun 9-u və 14-də Pakistanın Müstəqillik Günü ilə bağlı tədbirlər çərçivəsində Kardiff qalası üzərində dalğalandırılıb. Kardiff Şəhər Şurasının rəhbəri Kris Uiver bildirib ki, bu, şəhərdə müxtəlif icmaların cəmiyyətə verdiyi töhfələri tanımaq məqsədi daşıyan uzunmüddətli ənənədir. Onun sözlərinə görə, avqustun 15-də Hindistanın Müstəqillik Günü də eyni qaydada qeyd olunub.

Lakin Reform UK partiyasının nümayəndəsi Robert Cenrik bu praktikaya qarşı çıxıb. O, Britaniyanın tarixi binaları üzərində xarici ölkələrin bayraqlarının asılmasından narazı olduğunu bildirib və bunu “Britaniya mədəniyyətini sıxışdırmaq cəhdi” adlandırıb.

Cenrik qeyd edib ki, Reform UK hakimiyyətə gələrsə, Kardiff qalası üzərində yalnız Uels əjdahası və Britaniya bayrağı dalğalanacaq. O, sonradan partiyasının mövqeyinin irqi məsələ ilə deyil, milli kimliklə bağlı olduğunu bildirərək irqi qarşıdurmanı qızışdırmaq ittihamlarını rədd edib.

Uels mühafizəkarlarının nümayəndəsi Nataşa Əsgər isə bu cür tədbirlərin mədəniyyətin “ələ keçirilməsi” ilə heç bir əlaqəsinin olmadığını deyib. O, Hindistan, Pakistan və Polşa icmalarına həsr olunan tədbirlərdə dəfələrlə iştirak etdiyini və bu mərasimləri hörmət və inteqrasiyaya töhfə kimi qiymətləndirdiyini bildirib.

Əsgər Reform UK-ni qəsdən irqi qarşıdurma yaratmağa çalışmaqda ittiham edib. Plaid Cymru partiyasının Vestminsterdəki lideri Liz Savill Roberts də Cenriki tənqid edərək başqa ölkənin bayrağının Uels kimliyinə təhlükə yaratmadığını vurğulayıb.

Mübahisə fonunda sosial şəbəkələrdə hadisə ilə bağlı yanlış məlumatlar da yayılıb. Belə ki, Reform UK tərəfdarlarının bəziləri 2024-cü ildə çəkilmiş Pakistan bayrağının Kardiff qalası üzərindəki fotosunu 2026-cı ilin görüntüsü kimi təqdim ediblər. Bununla belə, Pakistan bayrağının 2026-cı ilin avqustunda da həqiqətən qala üzərində qaldırıldığı bildirilir.

Kardiff Şəhər Şurası isə həmin vaxt qala üzərində Uels və Britaniya bayraqlarının da olduğunu açıqlayıb. Şura rəhbərinin sözlərinə görə, bu cür mərasimlər şəhərdə müxtəlif milli və beynəlxalq əlamətdar günlərin qeyd olunması ilə bağlı uzunillik ənənənin bir hissəsidir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm