Dünya
Marsdakı qəribə dəliklər alimləri çaşdırdı
“Curiosity” roveri Marsın səthində alimlərin hələlik izah edə bilmədiyi qeyri-adi kiçik və enli çökəkliklər aşkar edib. Bu çökəkliklər adi zərbə kraterlərinə oxşamır: onların yaxınlığında bir vaxtlar onları doldura biləcək kiçik daşlar və ya konkretisiyalar yoxdur.
Publika.az xəbər verir ki, bu kəşf barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası məlumat yayıb.
Təxminən bir santihetr ölçüsündə olan çökəkliklər Geyl kraterindəki Şarp dağının (Eol dağları) sulfatla zəngin təbəqələrini yarıb keçən Valle-Grande dərəsində tapılıb. Bu vaxta qədər rover dağın yamacı ilə təxminən min metr yüksələrək müxtəlif geoloji dövrlərdə formalaşmış çöküntüləri tədqiq edib.
Tapmacanın sirrini açmaq üçün aparat yaxın plan çəkilişi üçün “MAHLI” mikroskop-kamerasından və səthin üçölçülü modellərini qurmağa imkan verən “Mastcam” stereo-kameralarından istifadə edib. Lakin həm çökəkliklərin forması, həm də yerləşməsi hələlik məlum mexanizmlərə uyğun gəlmir.
Alimlər mümkün izahatlar arasında tanınmayan eroziya prosesini, süxurun özünün qeyri-adi xüsusiyyətlərini və ya tamamilə başqa bir şeyi qeyd edirlər. Sirrə yaxınlaşmaq üçün mütəxəssislər ətrafdakı təbəqələrin kimyəvi tərkibini daha ətraflı öyrənməyi planlaşdırırlar. Belə “geoloji tapmacalar” “Curiosity” üçün nadir hal deyil: daha əvvəl həmin Şarp dağında rover qədim su hövzələrinin quruması zamanı əmələ gələn və keçmişdə Marsda axar suyun olmasının əlamətlərindən biri hesab edilən hörümçək toruna bənzər çoxbucaqlı silsilələr tapmışdı.
Hündürlüyü təxminən beş kilometr olan Şarp dağı Geyl kraterinin mərkəzi yüksəkliyidir, onun təbəqələri isə qədim Marsın iqliminin özünəməxsus salnaməsidir: aparat yamacla yuxarı qalxaraq sanki planentin geoloji tarixinin səhifələrini vərəqləyir. Çökəkliklərin tapıldığı sulfat çöküntüləri Marsın quruduğu və suyu itirdiyi dövrdə formalaşdıqlarına görə, onlardakı hər hansı qeyri-adi strukturlar alimlər üçün xüsusilə maraqlıdır.
Hüseyn İbadlı
-
İdman23:00“Sabah” "Mançester Yunayted"ə qarşı - CANLI/YENİLƏNİR
-
Magazin222:36Dua Lipa qızılı korsetdə göz oxşadı - FOTO
-
Dünya22:24Marsdakı qəribə dəliklər alimləri çaşdırdı
-
Dünya21:00Məşhur strimer marağının qurbanı oldu - Hasarda qalan qopmuş barmağı...
-
Magazin120:36Kamilə Babayevanın arxiv görüntüləri yayıldı - VİDEO
-
MDB19:48Özbəkistanda əlifba dəyişdirildi - Neçə hərf olacaq?
-
Yaxın Şərq19:36Husilər strateji liman şəhərinə nəzarəti ələ keçirdilər - FOTO
-
İdman19:24"Sabah"ın 19 yaşlıları "Mançester Yunayted"ə böyük hesabla uduzdular


























.png)




