Dünya
Uşaqların təhsil hüququnu valideyn laqeydliyindən qorumaq: Məktəb dövlətin rəsmi təsisatıdır
“Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsi hər bir vətəndaşın dini etiqad azadlığını tam təmin edir. Bununla yanaşı, Konstitusiyanın 18-ci maddəsinə əsasən, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Məktəblərdə dini simvollarla bağlı məsələlərin tənzimlənməsində bu iki fundamental prinsip bir-birini inkar edən deyil, bir-birini tamamlayan hüquqi normalar kimi uzlaşdırılmalıdır”.
Bunu Publika.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib.
Onun sözlərinə görə, dünyəvilik prinsipi dövlətin dinə, insanların dini inam və etiqadlarına qarşı olması deyil, təhsil mühitinin istənilən dini ideologiyanın təsirindən uzaq, neytral və elmi əsaslarla qurulması deməkdir:
“Buna görə də, təhsil müəssisələrində ümumi qaydaların müəyyənləşdirilməsi dini etiqadın məhdudlaşdırılması deyil, ümumi ictimai nizamın və dünyəvi mühitin qorunması məqsədi daşıyır.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 14.10-cu maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Vahid məktəbli formasının tətbiqi heç bir halda dini ayrı-seçkilik və diskriminasiya hesab edilə bilməz. Çünki bu qaydalar konkret bir dini inancı hədəf almır, fərq qoymadan bütün şagirdlərə şamil olunur.
Vahid geyimin əsas fəlsəfəsi sosial-iqtisadi bərabərliyi təmin etmək, uşaqları zahiri görünüşə görə qruplaşmaqdan qorumaq və tam neytral akademik mühit yaratmaqdır. Şagirdin dərsə daxili nizam-intizam qaydalarına zidd geyimdə gəlməsinə icazə verilməməsi dini baxışlara müdaxilə deyil, birbaşa "Ümumi təhsil haqqında" Qanunun və Nazirlər Kabinetinin müvafiq qərarlarının icrasının təmin edilməsidir”.

Ekspert vurğulayıb ki, şagirdin təhsil müəssisəsinin geyim normalarına riayət etməməsi səbəbindən dərsə buraxılmaması təhsil hüququnun pozulması kontekstində deyil, hüquq və vəzifələrin vəhdəti müstəvisində qiymətləndirilməlidir:
“Konstitusiyanın 42-ci maddəsi hər bir vətəndaşın təhsil hüququnu təsbit etsə də, bu hüquq dövlətin müəyyən etdiyi qaydalara riayət etmək öhdəliyini də özü ilə bərabər ortaya qoyur. Təhsil qanunvericiliyinə görə, şagirdlərin və valideynlərin təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına qeyd-şərtsiz əməl etmək vəzifəsi var. Belə hallarda məktəb rəhbərliyi şagirdi prosesdən tamamilə kənarlaşdırmaq və ya onun təhsildən yayınmasına laqeyd qalmaq yolunu seçməməlidir. Rəhbərlik mütləq şəkildə qanunvericiliyin tələblərini əsas tutmalı, valideynlərlə fərdi maarifləndirmə işləri aparmalı, məktəb psixoloqunu prosesə cəlb edərək uşağın psixoloji gərginlik yaşamasının qarşısını almalıdır.
Cəmiyyətdə bəzi valideynlər tərəfindən səsləndirilən "uşaq mənimdir, istəklərim təmin edilməsə onu məktəbə göndərmirəm" yanaşması hüquqi baxımdan tamamilə yolverilməzdir və qanunla birbaşa qadağan olunur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin rəsmi bəndinə əsasən, ölkədə ümumi orta təhsil icbaridir. Uşaq valideynin subyektiv ambisiyalarının aləti, onun mülkiyyəti və ya şəxsi əşyası deyil, dövlətin gələcək vətəndaşı və müstəqil hüquqi subyektdir. Valideyn heç bir halda övladının fundamental dünyəvi hüquqlarını öz iradəsi ilə məhdudlaşdıra bilməz. Uşağın icbari təhsildən əsassız şəkildə yayındırılması valideyn üçün dərhal konkret hüquqi məsuliyyət formalaşdırır”.
İlqar Orucov bu məsələ ilə bağlı hüquqi çərçivəni və dövlətin uşaqların hüquqlarının qorunmasındakı rolunu da şərh edib:
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi vəzifələrinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə valideynlərə rəsmi xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək cərimə tətbiq olunur. Əgər bu laqeydlik daha ağır fəsadlara səbəb olarsa, məsuliyyət dərəcəsi kəskinləşərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-ci maddəsi (Yetkinlik yaşına çatmayanı hüquqa zidd əməllərə cəlb etmə) çərçivəsində cinayət məsuliyyətinə keçir və şəxsin müəyyən müddətə azadlıqdan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması və ya əlindən alınması (Ailə Məcəlləsinin 64-cü maddəsi) ilə nəticələnir.
Azyaşlıların mənəvi tərbiyəsi ilə onların fərdi inkişaf azadlığı və dünyəvi təhsil prinsipləri arasında balans dövlətin ali nəzarəti altındadır. BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının 14-cü maddəsinə əsasən, uşağın din və vicdan azadlığına hörmət bəslənilir, valideynlərin istiqamətləndirmə hüququ isə yalnız uşağın yaş qrupuna və inkişaf səviyyəsinə adekvat yanaşmalarla məhdudlaşdırılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsində də açıq şəkildə təsbit olunduğu kimi, "Valideynlik hüquqları uşaqların mənafelərinə zidd olaraq həyata keçirilə bilməz".
Dövlət uşaqların təhsil hüququnu hətta valideynin öz laqeydliyindən qorumaq üçün tam müdaxilə səlahiyyətinə malikdir. Məktəb dövlətin rəsmi təsisatıdır və burada dövlətin müəyyən etdiyi qaydalara qeyd-şərtsiz riayət etmək uşağın gələcəkdə qanunun aliliyini dərk edən, tolerant, multikultural və birgəyaşayış mədəniyyətinə sahib sağlam bir şəxsiyyət kimi cəmiyyətə qazandırılması üçün zəruridir”.
Müəllif: Roza Şəfiyeva
-
Nida Xəbər 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto






























.jpg)




