Ekologiya
Bakı üçün böyük təhlükə: bu ərazilər çökəcək, yüzlərlə insan... - Alimlərdən QORXUNC XƏBƏRDARLIQ
Bakıda son günlər bir-birinin ardınca sürüşmə sahələrində aktivlik, bəzi yollarda çökmə prosesi müşahidə edilir. Oktyabrın 12-dən Badamdar qəsəbəsində 20-ci sahəyə gedən yolun kənarındakı yamacda baş verən sürüşmə zonasında hər gün aktivlik qeydə alınır. Bir neçə gün öncə Buxta küçəsində bir ev çökdü, təxminən həmin saatlarda Bibiheybət qəbristanlığında istinad divarında uçqun baş verdi. Paytaxtın digər aktiv sürüşmə zonalarında da vəziyyət gərgindir.
Paytaxtda sürüşmə sahələri əsasən yaz və payız aylarında yağıntılarla əlaqədar olaraq çox aktivləşir. Bu il yaz aylarında təkcə Buxta küçəsində sürüşmə səbəbindən 22 ailə ərazidən köçürüldü. Ərazidə təhlükə davam etsə də, insanlar həmin yerlərdə yaşayırlar. Oxşar hallar Zığ massivində də illərdir müşahidə edilir. Evlər tikilərkən yamacların kəsilməsi, kanalizasiya sisteminin qurulmaması və bərkidilmə işlərinin kifayət qədər olmaması həmin ərazilərdə sürüşmə sahələrini aktivləşdirir.
Landşaftşünas Şəbnəm Karslı Bakıdakı sürüşmə sahələrinin təhlükəli həddə çatdığını bildirib. Onun sözlərinə görə, artıq torpaq sürüşə-sürüşə altı yeyilib:
“Azərbaycanda, konkret olaraq, Bakıda, Abşeron yarmadasında əhalinin yaşadığı yerin altı ovulur. Bir gün görəcəyik ki, 200-500 insanın yaşadığı bir ərazi çöküb. Bunun effekti yerin üstündə yaşayan insan üçün 9-10 bal gücündə zəlzələ qüvvətindədir. Problemin mahiyyəti insanlara çox kiçik gələ bilər, torpaqdır sürüşür, divardır aşır, istinad divarı edərik, drenaj şəbəkəsi qurarıq, ağac əkərik, torpağı gücləndirərik. Bu addımlar kifayət deyil. Torpağın üstündə yaşayanlar nəyin üstündə yaşadıqlarının fərqində deyillər”.
Ş.Karslı ərazidə monitorinq apara bilmədiyindən Bakıdakı sürüşmə sahələrindəki bu vəziyyətin nə zaman dəhşətli çökmə ilə nəticələnəcəyi barədə konkret fikir deyə bilməyəcəyini vurğulayıb.
Bu məqsədlə biz də suallarımıza sürüşmə sahələrində mütəmadi monitorinq aparan mütəxəssislərdən cavab almağa çalışdıq.
Həqiqətən Bakı çökə bilərmi?
AMEA Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sitarə Tarixazər Publika.az-a bildirib ki, son vaxtlar sürüşmələrin aktivləşməsinin 80 faiz səbəbi insanların fəaliyyəti ilə bağlıdır.
“Ədəbiyyatda qeyd olunan məlumatlara görə, Bakıda ilk sürüşmə 1847-ci ildə Bayıl yamacında qeydə alınıb. Sürüşmənin baş verməsi üçün Bakıda bütün amillər var. Paytaxtda torpağın litoloji tərkibi gilli və əhəng daşllı süxurlardır. Bundan başqa, qrunt sularının səviyyəsi, yamacların meyilliliyi, seysmoloji aktivlik və havaların rütubətli keçməsi sürüşməyə təkan verir. Bakıda yeni-yeni binalar tikilir, onların çox zaman qanunsuz olduğu deyilir. Bu barədə heç nə deyə bilmərəm. Lakin müşahidələr göstərir ki, həmin binaların əksəriyyətində kanalizasiya sistemi çəkilmir, ya da sovet dövründən qalan xətlərə birləşdirilir. Bu zaman da xətlər təlabatı tam ödəyə bilmir və su yerin altına sızır. Bununla da qurunt sularının səviyyəsi qalxır. Yol çəkilərkən yamacları kəsirlər, lakin bərkitmirlər. Nəticədə bu cür vəziyyət yaranır. Dünən Badamdarda olmuşam ərazidə sürüşmə aktiv fazadadır, Bayılda qəbiristanlıq yaxınlığındakı prosesin sürüşmə olduğu tam aydındır. Binalar tikildikcə yamaclara təsir artır. Sakinlərdən soruşanda evlərini ötən əsrin 80-90-cı illərində tikdiklərini deyirlər. Yamacların kəsilib bərkidilməməsinin nəticəsi indi üzə çıxır”.
S.Tarixazər bildirir ki, evləri tikəndə yamacları bərkitsəydilər, drenaj sistemi qurulsaydı, ağaclar əkilsəydi, sürüşmə hallarının qarşısını almaq olardı. Lakin bu işlər əvvəldən görülməyib.
“İndi Badamdarda qrunt sularının səviyyəsini azaltmaq üçün quyular qazılır, lakin hesab edirəm ki, bu effektli üsul deyil. Bunun xeyri olacaq, ancaq proses davam edir. Belə olan halda mütləq insanlar ərazidən köçürülməlidir. Geoloq Budaq Budaqov hər zaman deyirdi ki, sürüşmə olan yamaclarda ev tikmək olar, lakin əvvəldən bərkitmə işləri aparılmalıdır. Bizdə isə əvvəl tikirik, sonra da nəticəni görürük. Abşerona aid təhlükəli sürüşmə zonalarının xəritəsini də hazırlamışıq. Bakının Baş Planına əsasən 2030-cu ilə qədər Bakı Ələtə qədər böyüyəcək. Əvvəldən tədbir görülməsə bu böyümə zamanı aparılan tikinti işləri ərazidə sürüşmə sahələrini aktivləşdirəcək”, - deyə alim bildirir.
O, hazırda paytaxtın ən aktiv sürüşmə zonaları və onları gözləyən təhlükəni də açıqlayıb:
“Hazırda Bayıl, Badamdar, Zığ yamacı, Yeni Günəşli, Əhmədli, Masazırda “Qır gölü”nün ətrafı ən təhlükəli zonalar hesab edilir. Sadaladığımız ərazilərdəki digər tikililər də təhlükə altındadır. Məsələn, Badamdarda sürüşmə baş verən ərazidə yolun digər tərəfindəki tikililərdə çatlar yaranıb. Ərtafdakı kafe, restoranlar da həmin zonada yerləşdiyindən onlar üçün də təhlükə var. Demək olmaz ki, konkret həmin tikililərdə nə zaman çökmə müşahidə edilə bilər, lakin proses başlayıb və davam edir. Lakin bu çökmə proseslərini bütövlüklə Bakıya aid etmək olmaz. Sadaladığımız ərazilər üçün təhlükə var. Ona görə də həmin ərazilərdə yaşayan insanların köçürülməsinə ehtiyac var. Binalarda çatlar yaranıb və artıq insanları ərazidən çıxartmaq lazımdır, çünki artıq təhlükəli zonadır. Gec-tez həmin ərazilərdəki tikililər hamısı sürüşəcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Publika.az-a açıqlamasında sürüşmə sahələrində mütəmadi aparılan monitorinqlərinin nəticəsinə əsasən sürüşmələrin insan amili ilə əlaqələndirir:
“Dünyada sürüşmə sahələrinin 80 faizi insan faktoru, antropogen amillərlə bağlıdır. Yəni əhalinin sayı artıqda, yaşayış massivləri və dolayısı ilə təbiətə müdaxilə artır. Azərbaycanda da sürüşmə sahələrinin aktivləşməsinin əsas səbəbi də insan amilinin təsiri ilə bağlıdır. Düzdür, yeni tikililər salınarkən beton konstruksiyalar qurulur, lakin laylar kəsildiyindən qrunt sularının istiqaməti də dəyişir.
Məsələn, Badamdarda baş verən sürüşmə hadisəsi insan amili ilə bağlıdır. Yamacın yuxarı hissəsindəki evlərin əskəriyyətinin kanalizasiya sistemi yoxdur, bütün sular birbaşa əraziyə axıdılır, aşağı və yuxarı hissə arasında hündürlük fərqi 70 metrdən çoxdur, yamacda maililik olduğundan sürüşmə baş verir”.
Ə.Qaralov deyir ki, sürüşmə sahəsində ev tikilə bilər, ancaq torpağın quruluşu nəzərə alınmalıdır:
“Tikinti aparılmamışdan həmin ərazidə kommunikasiya şəbəkəsi qurulsa daha yaxşı olar. Ərazinin sürüşmə sahəsi olub-olmadığı müəyyən edilməlidir ki, layihə işləri ona uyğun aparılsın. Çünki sürüşmə sahəsində ev tikmək olar, lakin bu, sürüşmə ərazisinə uyğun olmalıdır. Hazırda sürüşmə müşahidə olunan ərazilərdə mütləq kanalizasiya sistemi qurulmalıdır. Bir neçə ay sonra ərazidə hər şey stabilləşə bilər. Lakin bir neçə il sonra yenidən aktivlik müşahidə ediləcək. Məsələn, Badamdar ərazisində sonuncu dəfə sürüşmə 2012-ci ildə baş vermişdi. Sistem olmazsa, həmin ərazilərdə enerji toplanacaq və təkrar sürüşmə baş verəcək”.
Gülxar Şərif
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI