İnquşetiyada nəsli kəsilmiş Ön Asiya bəbirinin izləri tapıldı
Bizi izləyin

Ekologiya

İnquşetiyada nəsli kəsilmiş Ön Asiya bəbirinin izləri tapıldı

İnquşetiyada, “Erzi” Dövlət Təbiət Qoruğunda bu regionda nəsli kəsilmiş sayılan Ön Asiya bəbirinin izləri tapılıb.

Bu barədə məlumatı İnquşetiya hökumətinin mətbuat xidməti yayıb.

Qoruğun direktoru Əhməd Merjoyevin sözlərinə görə, bütün məlumatlar Rusiya Təbiət Nazirliyinə göndərilib. İdarədə İnquşetiyanın Ön Asiya bəbirinin reproduksiyası üzrə federal proqrama daxil edilməsi məsələsi nəzərdən keçirilir. Şimali Qafqaz regionu ərazisi bu yırtıcının tarixi arealıdır.

Qoruğun əməkdaşları respublikanın “Qırmızı kitabı”nın yeni nəşrinə daxil edilməsi üçün tövsiyə olunan flora və fauna növlərinin siyahısını da tərtib ediblər. Son il ərzində mühafizə olunan təbiət ərazisində 575 onurğasız heyvan və mindən çox borulu bitki növü qeydə alınıb. Əvvəllər İnquşetiya ərazisində müşahidə olunmayan 50 növdən çox sporlu bitki növü üzə çıxarılıb.

“Erzi” qoruğu respublikanın Sunjen və Ceyrax dağlıq rayonlarında iki sahədən ibarətdir. İnquş dilində onun adı “oryol” deməkdir. Terek çayının Assa və Armxi qolları qoruğun ərazisindən axır.

Dünyada Ön Asiya bəbiri (latın dilində adı - Panthera pardus ciscaucasica) təqribən min fərddir. Bu heyvanlar subalp çəmənliklərdə və enliyarpaqlı meşələrdə yaşayır. Bir neçə ölkədə, əsasən Xəzəryanı regionda – Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkiyə və digər dövlətlərdə bu heyvanın kiçik populyasiyaları qeydə alınıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının “Qırmızı kitabı”na, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına daxil edilmiş nadir bəbir növlərinin tarixi arealının qorunub saxlanılması məqsədi ilə bu yırtıcı heyvanların məskunlaşdığı yerlərdə (Hirkan və Zəngəzur milli parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi qorunan təbiət əraziləri yaradılıb. Nazirlik 2000-ci ildən Dünya Təbiəti Mühafizə Fondu ilə əməkdaşlıq çərçivəsində ölkənin ən nadir fauna növlərindən birinin – Qafqaz bəbirinin mühafizəsi üzrə iş aparır. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə nazirlik tərəfindən bəbirlərin mühafizəsinə dair yeni Milli Fəaliyyət və Strategiya Planı təsdiq edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) Beynəlxalq Ekologiya Şirkətinin təşəbbüskarı Leyla Əliyevanın nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) mühafizəsi üzrə “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verir (Azərtac).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm