Gecikmə imtahan nəticələrinə necə təsir göstərəcək? - Ekspertlər AÇIQLADI
Bizi izləyin

Elm və təhsil

Gecikmə imtahan nəticələrinə necə təsir göstərəcək? - Ekspertlər AÇIQLADI

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib. Bildirilir ki, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. DİM imtahanları 23-24 iyuldan başlayaraq keçirməyə başlayacaq.

Əslində, ötən illər bu dövrdə bütün imtahanlar yekunlaşırdı. Pandemiya ilə əlaqədar olaraq hazırda qəbul imtahanları nəinki yekunlaşmayıb, heç birinci mərhələsi belə tam başa çatmayıb. Hələ də imtahanların keçirilməsi davam edir.

Bəs bu, abituriyentlərin imtahan nəticələrinə necə təsir edəcək? Uzun müddət ərzində imtahanların keçirilməməsi psixoloji gərginlik yaradırmı?

Bu barədə Publika.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov deyib ki, hazırda bir neçə aydır, hətta pandemiya başlayandan bəri abituriyentlər stress içərisindədirlər: “Yəni, onlar əvvəlki aylarda müəllimləri ilə görüşə bilmədikləri üçün gərginlik keçirirdilər. İndi isə imtahanlara girə bilmədikləri üçün stress yaşayırlar. Mövzuları, test tapşırıqlarını bitiriblər və eyni bir mövzunu yenidən təkrar-təkrar oxumağın mənasız olduğunu düşünürlər. Bu mənada imtahanların təxirə salınması onların psixoloji hazırlığına mənfi təsir göstərir və onlarda imtahanlarda lazım olacaq həyəcan və adrenalin itir. Buna görə də abituriyentlərin vəziyyəti heç də yaxşı deyil. Əlbəttə, bu, subyektiv olaraq abituriyentdən abituriyentə dəyişir”.

Təhsil eksperti bildirib ki, psixoloji mənada ailəsindən, peşəkarlardan dəstək alan və yaxud öz-özünü psixoloji sağlam saxlaya bilən abituriyentlər bu işin öhdəsindən layiqincə gələcəklər:

“Burada əziyyət çəkən, problem yaşayan abituriyentlər də var. Onların arasında buraxılış imtahanında hələ də iştirak etməyən və ya buraxılış imtahanında iştirak edib 400 ballıq olan blok imtahanında iştirak etməyənlər var. Bakı və rayonlarında demək olar ki, buraxılış imtahanlarının böyük bir hissəsi keçirilməyib. Buna görə də abituriyentləri çətin bir imtahan prosesi gözləyir. Abituriyentlərə bu mənada uğurlar arzulayırıq. Ancaq burada psixoloji olaraq gərginlik və narahatlıq var. Bu narahatlıqların imtahan nəticələrinə təsiri olacaq. Çünki eyni həyəcanla imtahanlara girə bilmədikləri üçün o narahatlıqların təsirsiz ötüşməsi mümkün deyil”.

Psixoloq Vəfa Əkbərin fikrincə, istənilən vəziyyətdə insan nəyisə təyin olunan vaxtından artıq gözləyirsə, o şəxsin motivasiyası da tez ölür:

“Bir müddət sonra isə artıq motivasiyası ölən şəxsin həvəsi də tükənir. Bu da həmin insanın frustrasiyaya düşməsi, yəni məqsədlərinə gedən yolda maneənin çıxması ilə nəticələnir. Bu isə abituriyentləri apatik, yəni vecsiz edir. Bu gün abituriyentlərin hazırlaşması, vəziyyətə daha ciddi yanaşması çox aşağı səviyyədədir. Çünki onlar artıq təyin olunan bir vaxtda hədəflərini dəqiqləşdirmirlər. Bu şəxslər o vaxtın nə zaman olacağını da bilmirlər.

V.Əkbər qeyd edib ki, vaxtın bu qədər uzadılması abituryentlərin psixoloji olaraq gərilməsi, dərslərdən tam soyuması və inamın itməsi ilə nəticələnir: “Çünki onlar tarixin hər an dəyişəcəyindən narahatdırlar. Vaxtı uzadaraq, bir insan bu işin 10 gün sonra icra olunacağını bilirsə, bütün enerjisini də 10 gün müddətində parçalayır. O müddət qeyri-müəyyəndirsə, o zaman o şəxs özünə əziyyət vermir və vaxtın təyin olunmasını gözləyir. Hazırda vəziyyət ciddidir və abituriyentlər imtahanlara daha gərgin, apatik və qeyri-ciddi yanaşırlar”.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək. İmtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm