Bundan sonra dərsliklərə BU XƏRİTƏLƏR salınmalıdır - TƏKLİF
Bizi izləyin

Elm və təhsil

Bundan sonra dərsliklərə BU XƏRİTƏLƏR salınmalıdır - TƏKLİF

Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi gündəmdədir. Bu prosesin aparılmasının Ermənistan tərəfindən gecikdirilməsi isə bölgədə gərginliyə səbəb olur. Sərhədlərin müəyyənləşməsi ilə həm də Azərbaycanın tarixi torpaqlarını özündə ehtiva edən yeni xəritə işlənib hazırlanacaq. Bəs, hazırda Azərbaycan məktəblərində tədris olunan tarix və coğrafiya dərsliklərində hansı xəritələrdən istifadə olunur?

Mövzu ilə bağlı Publika.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində istifadə edilən dərsliklərdə xəritələr üç istiqamətdə öz əksini tapıb:

“Birincisi, tarixi xəritələrdir. Burada söhbət Azərbaycanın hələ müstəqilliyini qazanmadığı dövrdən gedir. Məsələn, ölkəmizin eradan əvvəl IX əsr Manna tarixi ilə bağlı, və yaxud da Albaniya, Atropatena dövrünə aid olan xəritələr yer alır. Bu zaman mütləq şəkildə tarixi mənbələrdən, rəsmi olaraq təsdiq olunan və özünün pasportunu almış xəritələrdən istifadə olunur. İkinci istifadə olunan xəritələr birmənalı olaraq 1918-ci ildəki, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövründəki əraziləri əks etdirən xəritələrdir ki, bu da tarix dərsliklərində istifadə olunur. Üçüncüsü isə, Azərbaycanın 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etdiyi tarixdən rəsmi olaraq Azərbaycan bayrağının hüquqi baxımdan dalğalandığı ərazilərdir. Bu, tarix və Azərbaycan coğrafiyası dərsliklərində istifadə olunan xəritələrdir. Orta məktəblərdə rəsmi şəkildə milli ensiklopediyada və milli atlasda istifadə olunan və təsdiq olunmuş xəritələrdən istifadə olunur. Eyni zamanda, tarixşünaslıqda rəsmi mənbə kimi qəbul edilən tarixi xəritələrdən də istifadə olunur”.

Ekspertin sözlərinə görə, sərhədlərin müəyyənləşməsindən sonra müəyyən olunan konkret məsələlər orta ümumtəhsil məktəblərində öz əksini tapacaq: “Məsələn, bizim indiyədək Gürcüstanla sərhədlərimiz tam olaraq müəyyənləşib başa çatmayıb. İranla bağlı da bu durum mövcuddur. Ermənistanla demarkasiya və delimitasiya işləri aparılmalıdır. Bundan sonra tərtib olunacaq yeni xəritə dərsliklərə salınmalıdır”.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, biz həm tarix, həm də coğrafiya dərsliklərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid və ölkəmizin ərazisini tam ehtiva edən xəritələrə yer verməliyik. Ekspertin sözlərinə görə, hətta bu proses bir qədər gecikib: “Təəssüflər olsun ki, hazırda biz nə iqtisadi, nə də fiziki coğrafiya dərsliklərində bunu görürük. Bu kitablarda yalnız 1991-ci ildən sonrakı xəritə yer alıb. Düşünürəm ki, bu yanlışdır. Hazırda da Ermənistan-Azərbaycan sərhədinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur. Sərhədlərin demarkasiyası və delimitasiyası prosesi başa çatandan sonra yeni tərtib olunacaq xəritə həm tarix, həm də coğrafiya dərslərinə salınacaq. Bu proses yekunlaşana qədər biz Ermənistanla sərhəddə yerləşən və bizə məxsus olan ərazilərin də əks olunduğu xəritələri dərsliklərə salmalıyıq. İlkin olaraq, AXC dövründəki bölgüyə əsaslanan xəritəyə söykənə bilərik. Hətta deyərdim ki, bunun üçün gecikmişik”.

E.Əfəndi əlavə edib ki, hazırda həm tarix, həm də coğrafiya dərsliklərində yer alan xəritələr Azərbaycanın eramızdan əvvəlki dövründən bu günəqədərki müddətini əhatə edir: “Yəni orada indiyədək ölkəmizin ərazisində mövcud olan dövlətlər də öz əksini tapıb. Bu, əsasən tarix dərlsiklərində belədir. Azərbaycanın həm fiziki, həm də iqtisadi coğrafiyası dərsliklərində isə faktiki olaraq müstəqilliyimizin bərpa olunmasından sonrakı xəritələr yer alır. Bu da 1991-ci ildən bu günə qədər olan dövrü əhatə edir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm