Dünya təhsilinə inteqrasiya mümkün olacaqmı? - “Bunun üçün baza yoxdur, əgər...”
Bizi izləyin

Elm və təhsil

Dünya təhsilinə inteqrasiya mümkün olacaqmı? - “Bunun üçün baza yoxdur, əgər...”

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Dekabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişaf Forumunda Təhsil naziri Emin Əmrullayev bildirdi ki, uğurlu iqtisadi modeli olan ölkələrdə inkişaf qısa müddətdə olmur.

Nazirin sözlərinə görə, məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin aldığı dərslərin sayı və məzmunu çox önəmlidir: “Bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tətbiq edilir. Orada öyrənmə saatlarının Azərbaycandan 20-30% çox olduğunu görürük. Biz artıq bu istiqamətlərdə işlərə başlamalıyıq ki, aradakı fərqi qısa zamanda və yüksək keyfiyyətlə qət edək. Burada təhsilin fərqli-fərqli sahələrinə diqqət edilməlidir. Məşğulluğa təsir edən əsas amillərdən biri şəxsin bacarıqlarıdır. Bacarıqların qısa zaman ərzində inkişaf etdirilməsi üçün kifayət qədər təcrübəmiz var ki, onlardan faydalanmalıyıq. Bu problemin həlli üçün çalışmalıyıq”.

12 illik təhsilə keçid 8 ildir müzakirə olunur. 2013-cü ilin oktyabrın 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti sərəncam imzaladı. Bu strategiyada 12 illik təhsil öz əksini tapmışdı. Məsələ ekspertlər və ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı, müxtəlif müzakirələr təşkil olundu. 12 illik təhsil sistemi Avropa standartlarına uyğun olsa belə, insanlar düşünürdülər ki, əlavə 1 il, əlavə vaxt itkisidir. Ancaq bəzi təhsil ictimaiyyətinin nümayəndələri əksinə, bunun şagirdlər üçün əlverişli olduğunu düşünürdülər. Təhsil nazirinin 12 illik təhsilə keçidlə bağlı işlərə dərhal başlamağın lazım olduğunu bildirməsi məsələni yenidən gündəmə gətirdi.

Bu istiqamətdə 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları ilə bağlı suallar çoxdur. Bəs, hazırda təhsil müddətinin artırılmasına həm cəmiyyət, həm də orta məktəblərimiz hazırdırmı? Xüsusilə də Azərbaycanda 12-13 illik təhsilə keçid nə qazandıracaq? Hansı ölkələrin təcrübəsi öyrənilə bilər? Ümumiyyətlə, 12-13 illik təhsil lazımdırmı?

Publika.az bütün bu suallara ekspertlərlə aydınlıq gətirməyə çalışıb.

Beynəlxalq təhsil sisteminə inteqrasiya

Təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda təhsil islahatlarının başlanmasından 15 ildən çox vaxt keçir. Bu gün də davam etməkdə olan islahatların əsas məqsədi ölkəmizin təhsilini dünyanın təhsil meridianına çıxarmaq, ən inkişaf etmiş ölkələrin təhsil ənənələri fonunda daha mükəmməl bir sistemin yaradılmasına nail olmaqdan ibarətdir: “Bu gün dünya ölkələrində 10, 11, 12, 13, hətta 14 illik ümumi təhsil müəssisələri mövcuddur. Apardığım elmi araşdırmalarda mənə məlum oldu ki, hazırda 12 illik sistemdən daha çox istifadə olunur. Azərbaycanda xeyli müddət ümumi təhsilin 10 illik sistemindən istifadə edilib. Hətta uzun illər boyu 4 illik, 9 illik məktəblər də təhsil tariximizdə mövcud olub. Hazırda isə 11 illik sistem tətbiq olunmaqdadır və 12 illik təhsilə keçilməsi planlaşdırılıb.

Keçmişə nəzər salsaq görərik ki, 12 illik ümumi təhsilə keçid “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji hədəf kimi müəyyən olunmuşdu və Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də əks olunması ilə demək olar ki, reallığa doğru ilk addımını atdı. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçmək nəzərdə tutulur”.

Ekspert xatırladıb ki, hələ “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulmuşdu. Amma pandemiya bu prosesi başa çatdırmağa mane oldu: “Hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu, bir daha öz əksini və təsdiqini tapıb. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən, hesab edirəm ki,12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən, təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji, psixoloji, habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır.

Ölkə üzrə birdəfəlik, yoxsa tədricən keçid?

K.Əsədov 12 illik təhsil layihəsinin gerçəkləşmə üsulundan da danışıb:

“Orta məktəbə baxsaq, görərik ki, hazırda V siniflər üçün nəzərdə tutulan kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra - 2019-cu ildə məktəbi bitirdilər. Amma ilk buraxılış məzunlarından biz nəzərdə tutulan nəticəni görə bilmədik. Dərsliklərin də yeni kurikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunur. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər hansısa sxem əsasında qurulması kimi məsələlərin həlli tələb olunur. 12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə hələ ki, konkret qənaətə gəlinməyib”.

Dünya təcrübəsində necədir?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucovun sözlərinə görə, bu istiqamətdə il olaraq dünya təcrübəsinə nəzər salmaq lazımdır: “Dünyada 100-dən çox ölkədə, xüsusilə təhsil tutumlu ölkələrin böyük əksəriyyətində orta təhsil 12 illikdir. Almaniyada 13 illik təhsildir. Ancaq aşağı olanlar da var. Məsələn, Sinqapurda orta təhsil 10 illikdir. Biz yetişməkdə olan nəsli nə qədər çox müddətə təhsilə cəlb etsək, daha effektiv olacaq. 12 illik təhsilə keçid vacibdir. Ancaq bunun üçün dərsliklər, proqramlar, infrastruktur yenilənməlidir. ABŞ-da orta məktəbin birinci səviyyəsi - ibtidai təhsil 5 il, daha sonra ümumi orta təhsil 3 il, tam orta təhsil 4 ildir. Ümumilikdə isə 12 illik təhsildir. Ancaq tam orta təhsil səviyyəsini bütün şagirdlər bitirə bilmirlər, hətta zərurət hiss edənlər üçün ali məktəbə daha yaxşı hazırlaşmaq məqsədilə 13-cü sinif dərsləri də təşkil olunur. Bu da təhsil alanlara seçdikləri ixtisasa uyğun fənlər üzrə daha dərin bilik əldə etmək imkanı yaradır. Finlandiya təhsilinə nəzər salaq. Orada I-VI siniflər baza orta təhsilin aşağı səviyyəsidir, VII-IX siniflər baza orta təhsilin yüksək səviyyəsi kimi qiymətləndirilir. IX illik baza təhsilini bitirdikdən sonra şagirdlər daha bir il - X sinif əlavə təhsil almaq hüququna malikdirlər. Bu, əlavə təhsil məzunlarının təhsilin növbəti pilləsinə daha yaxşı hazırlaşması məqsədilə həyata keçirilir.

Fransa təcrübəsinə baxaq. Fransada ibtidai təhsil 5 ildir. Orta təhsil isə 2 blokdan ibarətdir. Burada siniflər yuxarıdan aşağıya doğru nömrələnir. Bu ölkədə IV-III siniflərə oriyentasiya bloku deyilir, lisey təhsili adlanır. İngiltərədə orta məktəb 2 mərhələdə həyata keçirilir. 5-7 yaşlılar birinci mərhələdir. İkinci mərhələdə 7-11 yaşlı şagirdlər təhsil alırlar. İbtidai məktəbdə çox ciddi fənlər tədris olunur. Daha sonra orta məktəblərdə 11 yaşdan 16 yaşa qədər təhsil alan şagirdlər artıq şəhadətnamə almaq üçün hazırlanırlar. Əlavə mərhələdə isə şagirdlər daha çox fərqli məzmunda bir tədris keçirlər. Burada 18 yaşa qədər gənclər təhsil almaq imkanına malikdirlər”.

“Azərbaycanda 12 illik təhsil üçün baza yoxdur”

İ.Orucov bildirib ki, 12 illik təhsil biz infrastrukturu qurduğumuz, o mühiti, dərslikləri formalaşdırdığımız, məktəblərimizin şagird tutumunu qura bildiyimiz halda faydalıdır. Bir insan ömrünü nə qədər çox təhsildə keçirirsə, bir o qədər faydalıdır. Bu gün isə biz buna hazır deyilik:

“Azərbaycanda 5 yaşdan təhsilə başlamaq və təhsilin 12, hətta 13 il olması ilə bağlı təkliflər səslənir. Bunu istəmək yaxşıdır. Biz şagirdlərimizi təhsilə nə qədər çox cəlb etsək, yaxşıdır. Amma bunun üçün görək bizdə baza, dərs vəsaitləri, bu qədər şagirdi əhatə edəcək məktəblər varmı? Bunlar yoxdur. Arzu yaxşı ola bilər, amma bunun üçün bir baza da olmalıdır. Hazırda ölkədə 5 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. Burada əslində icbarilik yoxdur. Həftədə 3 dəfə məktəbə hazırlaşırlar. Ancaq 6 yaşında uşaqların məktəbə getməsi icbaridir. Valideyn mütləq şəkildə övladını məktəbə aparmalıdır. Uşaq birinci sinfə 5 yaşında başlayırsa, məktəbə hazırlıq qrupuna 4 yaşında başlamalıdır. 4 yaşında uşağın məktəbə hazırlıq qrupuna getməsi onun bu yaş qrupları üçün çox böyük yükdür, eyni zamanda travmadır. Biz yalnız hansısa ölkədə belədir deyə gözümüzü yumub bu işlərə getsək, çox ciddi fəsadlarla nəticələnəcək. Bu, uşaqların psixologiyasında çox ciddi travmalara səbəb olacaq. Təhsil tutumlu ölkələrdə uşaqlar məktəbə qədər təlim və tərbiyə müəssisə olan bağçalara gedirlər. Bizdə bağçalar hər yerdə varmı?”

“Mənfi təsirləri ola bilər”

İlqar Orucov hesab edir ki, hazırkı reallığın mənfi təsirləri ola bilər. Buna görə də istəklə reallıq üst-üstə düşməlidir: “Baza formalaşsa, ölkəmizdə hər kənddə, hər qəsəbədə bağça olsa, uşaqlar bağçada təlim-tərbiyə alsalar, onların 5 yaşında məktəbə getməsində problem olmayacaq. Amma bu, təəssüf ki, yoxdur. Bu isə 5 yaşında uşaq üçün çox çətin olacaq. Uşaq öz uşaqlığını yaşaya bilməyəcək. Nəzərə alsaq ki, bizim tədris proqramlarımız qüsurludur, xeyli çatışmazlıqlar var. Həm orta təhsil, həm də ali təhsil bazasında tədris vəsaitləri normal səviyyədə deyil. Buna görə də ilk olaraq infrastrukturu qurmaq lazımdır. Hansısa ölkədə belədir deyə, onların təcrübəsini gətirib tətbiq etmək yanlışlıq olar. Buna hazır olandan sonra bu sistemə keçmək daha uğurlu olar. 12-13-cü siniflərin olması uşaqlar üçün daha çox hazırlaşmaq imkanları yaradacaq, daha çox onlar təhsillə əhatə olunacaqlar. Ancaq hazırkı dövrdə nə məktəblər, nə pedaqoji heyət, nə məktəb infrastrukturu, nə də təhsilin məzmununu özündə əks etdirən dərsliklərimiz buna hazırdır. Bu baxımdan bu istiqamətdə düşünmək yaxşı olar. Əlbəttə ki, 12 illik təhsilə şagirdlərin fiziki vəziyyətləri o halda imkan verərdi ki, onların hamısı bağça təhsili görsünlər. Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ qoyulub. Amma o vaxtdan bu istiqamətdə işlər görülməyib. Heç bir iş görülməyibsə, ilk tətbiqetmədə böyük fəsadlar yarada bilər”.

“12 illik təhsilə keçid üçün xüsusi mütəxəssislər cəlb edilməlidir”

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərova görə, dövlət gənclərin təhsili məsələsini, təlim-tərbiyəsini nə qədər öz himayəsi altına alırsa, bu, bir o qədər yaxşıdır və alqışlanmalıdır. Ancaq 12 illik təhsilə keçidlə bağlı ciddi düşünülüb addım atılmalıdır: “Amma 12-13 illik təhsilə keçid məsələsi illərdir müzakirə olunur. Ancaq keçid üçün keçidəqədərki işləri görmək lazımdır. Azərbaycanda hazırda 12-ci sinifdə şagirdlərə tədris olunacaq tədris vəsaitləri hazırdırmı? 12-13-cü təhsil ilində lazım olacaq auditoriyalar hazırdırmı? Bu təhsil dövründə xüsusi müəllimlər olmalıdır. Həmin şagirdlərə daha dərin dərs tədris etmək üçün müəllimlər varmı və ya hazırlanırmı? Bütün bunlar olandan sonra hər şey yaxşı olar.

Dünya təcrübəsini də təhlil etmədən götürüb tətbiq etmək doğru olmaz. Tətbiq etmək üçün dövlətin strateji planında olmalıdır ki, 12-13 illik təhsilə keçid üçün hansı işlər görülməlidir. Buna uyğun olaraq da addımlar atılmalıdır. Bu prosesin başladılması üçün xüsusi mütəxəssislər cəlb edilməlidir. Ən əsası isə qeyd olunan siniflərdə təhsil alacaq şagirdlərə fənləri tədris edəcək kadrlar hazırlanmalıdır. İşlər planlı və mərhələli şəkildə qurulmalıdır ki, heç bir boşluq olmasın”.

“Tədris ilini artırmaqdansa, keyfiyyət artırılsın”

Təhsil eksperti Elçin Əfəndi isə 12 illik təhsilə keçidin tərəfdarı deyil. O bildirib ki, təhsil müddətini artırmaqdansa, keyfiyyəti yüksəltmək daha məqsədəuyğun olar:12 illik təhsilə hazırkı dövrdə o qədər də ehtiyac yoxdur. Çünki faktiki olaraq dərslər 6 yaşında başlanır. Biz 12 illik təhsili tətbiq etməklə şagirdləri əlavə dərs yükü ilə yükləyəcəyik. Bundan əlavə də onların illərini əllərindən alacağıq. Hazırkı vəziyyətdə, yəni şagirdin 6 yaşında başlayan tədrisin 11-ci sinifdə bitməsi daha məqsədəuyğundur. Dünya təcrübəsində 12-13 illik təhsili tətbiq edərək uğur qazanan ölkələrin sayı çoxdur. Həmin ölkələrdə bu təhsil sistemi uzun illik təcrübəyə əsaslanır. Ancaq təəssüflər olsun ki, biz bu prosesə yeni başlayacağıq.

12 illik təhsilə keçib xüsusi nəticəni əldə edəcəyimiz də real görünmür. Şagirdlər 11 il ərzində tədris proqramını mənimsəyə bilməyiblərsə, əlavə 1 ildə buna nail olacaqlarını düşünmürəm. 5 yaşdan xüsusi imtahan verib hazırda birinci sinfə gedən şagirdlər var. Ümumi 5 yaşdan bütün şagirdlərin tədrisə başlaması doğru olmazdı. Belə olan halda uşaqlar uşaqlıq illərini yaşamırlar. Məsələn, Finlandiyada şagirdlərə ev tapşırığı verilmir, dərsdən sonra asudə vaxtını valideynləri, dostları ilə keçirir, uşaqlığını yaşayır. Bizdə həm tədris ili artacaq, həm də dərs yükü. Bu isə şagirdlərin daha çox yüklənməsinə səbəb olacaq. Düşünürəm ki, daha çox keyfiyyəti artırmaq lazımdır. Peşəkar kadrları cəlb etməyə ehtiyac var. Təhsil ilinin artması, keyfiyyətin aşağı olması heç bir effekt verməyəcək”.

Akqabay Mıradov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm