Məktəbdə problem: yenə rüşvətlə həll olunacaqsa, cəzanın nə faydası?
Bizi izləyin

Elm və təhsil

Məktəbdə problem: yenə rüşvətlə həll olunacaqsa, cəzanın nə faydası?

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirləri müəyyənləşdirib. Şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək inzibati tədbirlərə müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanması, psixoloqa yönləndirmə, sarı xəbərdarlıq məktubu, narıncı xəbərdarlıq və qırmızı xəbərdarlıq daxildir.

Bəs, davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirləri səmərəli çıxış yolu hesab etmək olar? Bu qaydaların effekti olacaqmı?

Mövzu ilə bağlı Publika.az-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, sinifdə nizam-intizam, davranış problemi şagirdlərin təlim nəticələrinə birbaşa təsir göstərən və məktəblərdə ən çox rast gəlinən problemlərdəndir. Ekspert hesab edir ki, nizam-intizam olmayan, davranış qaydalarına əməl edilməyən sinifdə yüksək təlim nəticələrindən danışmaq mümkünsüzdür:

“Nizam-intizam sinifdə səssizliyin hökm sürməsi demək deyil, şagirdlərin diqqətinin dərsə cəlb olunması deməkdir. Dərsi pozan, onun normal gedişinə mane olan şagirdlərin cəzalandırılması dünya təcrübəsi tələb edir. Mövcud dəyişiklik, yəni şagirdlərin cəzalandırılması onlarda məktəbə və müəllimə qarşı aqressiya yaradacaq, onları məktəb, müəllim əleyhinə birləşməyə sövq edəcək. Nəticədə şagirdlər məktəblə, müəllimlə birlikdə deyil, “əks cəbhə”də olacaqlar. Məktəb və müəllim də daim bu cəbhədə “döyüşməli” olacaq. Konflikt böyüdükcə, valideynlər də bu məsələyə qoşulacaq və nəhayət, məktəb, müəllim haqlı olsa belə, çoxluq qalib gələcək”.

Ekspert bildirib ki, şagird dərsə qulaq asmaya, nizam-intizam qaydalarına əməl etməyə bilər, lakin bu hərəkətləri onun timsalında “xuliqan” obrazı yaratmaq üçün əsas vermir:

“Səbrlə, təmkinlə, qayğı göstərərək onu ələ almaq, düzgün tərbiyələndirmək lazımdır. Hər bir şagird uğur qazana bilər, müəllimin vəzifəsi ona uğur qazanmağın yolunu göstərməkdir. Bütün insanlar kimi uşaqlar da zəhmət tələb edən, xüsusilə, öhdəsindən gəlinməsi çətin olan işi görməyə can atmırlar. Şagirdə “sən bunu bacaracaqsan” fikrini təlqin etmək onu dərsə cəlb etməyin ən yaxşı yoludur. Şagirdin səhvinə görə heç bir zaman onu lağa qoymayın, danlamayın, əksinə, onda tərifləyə biləcəyiniz xüsusiyyətlər axtarın. Əlbəttə, bu o qədər də asan deyil, lakin bunu bacarmaq lazımdır. Müəllimlik peşəsinin çətinliklərindən biri də budur. Müəllimlik 45 dəqiqə müddətdə sadəcə dərsi izah edib, soruşub, qiymətləndirməkdən ibarət deyil. Şagirdlərin xüsusiyyətlərini öyrənməyə çalışın, dərsin planını qurarkən onları nəzərə alın. Əgər şagirdlərin daxili aləminə bələd olsanız, onları tez ələ alar, dərsə maraqlandıra bilərsiniz.

Düşünürəm ki, müvafiq qurum yenə də ən mənasız və qısa yolu seçərək son dövrlər ortaya çıxan problemləri həll etmək istəyir. Təhsil dərk edilən həqiqətdir, amma deyəsən bəziləri bunu dərk etmir. Bu yolla şagirdi təhsilə cəlb etmək, bu cəza yolu ilə məktəblərdə nizam-intizam qurmaq olmaz. Bu cəza növü artıq təhdid vasitəsinə çevrilə bilər. Sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalara əsasən qurulursa, məktəbdə müəllim-şagird münasibətləri də o cür qurulmalıdır. Görünən odur ki, bəzi rəsmilərin məktəbşünaslıqdan anlayışı yoxdur”.

Təhsil eksperti Elçin Əfəndi söyləyib ki, bu qaydaların səmərəli olacağına yalnız o halda şübhə etməmək olar ki, xəbərdarlıq və uzaqlaşdırma qaydaları müvafiq korrupsiya faktına yol açmasın:

“Hansısa şagird nizam-intizam qaydalarını pozursa, onun valideyni yaxınlaşıb orada nəzarət edən komissiya ilə danışacaqsa, rüşvət qarşılığında məsələyə göz yumulacaqsa, qaydaların heç bir mənası qalmır və formal xarakter almış olur. Qəbul edilmiş yeni qaydalara riayət olunacaqsa, bu qaydalara müsbət yanaşmaq olar. Əks halda formal olaraq da qalacaq. Biz bu qaydaları tətbiq ediriksə, o zaman nəzarət mexanizmi də güclü qurulmalıdır. Valideynlər hər hansı tapşırıq və ya pul yoluna üz tutsalar belə, kənarlaşdırılan şagird məktəbə bərpa edilməməlidir. Belə olduğu halda biz bundan müsbət nəticə gözləyə bilərik.

Nəzərə alsaq ki, Azərbaycanda 4440-dan çox təhsil müəssisəsi fəaliyyət göstərir, onlarda 1 milyon 600 mindən çox şagird təhsil alır. Bu şagirdlərin hərəsi bir ailədən gəlir, fərqli dünya görüşünə və psixologiyaya sahibdir. Tərbiyə ailədən başlayır, ona görə də ilk növbədə bu məsələdə valideyn məsuliyyət daşımalıdır. Məktəb dövründə isə günün müəyyən hissəsində sinif rəhbəri, məktəb rəhbərliyi, təlim və tərbiyə işləri üzrə direktor müavini və s. şəxslər daha çox məsuliyyət daşıyır”.

Ekspert hesab edir ki, auditoriya daxilində şagird nizam-intizam qaydalarını pozursa, onlarıa işlənilən zaman neqativ hallara yol verilirsə, tapşırıqlara riayət etmir və dərs oxumağa meyli yoxdursa, ona təhsil sənədinin verilməsi düzgün deyil:

“Günümüzün reallığı ondadır ki, 10-15 il əvvəl ilə müqayisədə bu gün “iki” alan şagird sinifdən sinfə keçirilir. Bu gün bütün təhsil prosesinə zərbə vuran, məktəbin ümumi maddi-texniki təminat bazasını dağıdan şagirdlər var ki, onlar haqqında heç bir tədbir görülmür. Həmin məktəblilər sinifdən-sinfə keçirilir və məzun olub attestatlarını alırlar. Bu isə təəssüf doğurur”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm