Elm və təhsil
Gecikən qanun: Qəbul edilsə, problemlər həll olunacaq?

“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və bir neçə dəfə iclaslarda müzakirəyə çıxarılıb. Amma hələ də qəbulu yubanır. Parlamentin payız sessiyasında bu qanunun qəbulunun prioritet məsələlərdən biri olması gözlənilir. Layihə Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına da daxil edilmişdi. Lakin layihənin müzakirəyə çıxarılması alınmadı. Layihə işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, lakin plenar iclasda müzakirəsi gerçəkləşməyib. Layihə artıq beşinci sessiyadır ki, işlər planına salınır, amma plenar iclasın müzakirəsinə çıxarılmır.
Qeyd edək ki, ölkəmizdə “Təhsil haqqında” qanun qəbul olunub. İndi isə ayrıca “Ali təhsil haqqında” qanun layihəsinin qəbulu planlaşdırılır.
Bəs yeni qanun layihəsi təhsil sistemində hansı yenilikləri özündə əks etdirir?
“Nazirlik bu prosesdə fəal olmalıdır”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Ali təhsil haqqında” qanunun qəbul edilməsinə ciddi ehtiyac olduğunu bildirir: “Ali təhsil haqqında” qanunda bir çox mühüm məsələlər öz əksini tapıb. Bu qanun Azərbaycanda ali təhsili tənzimləyəcək. Düzdür, “Təhsil haqqında” qanunumuz var, amma “Ali təhsil haqqında” ayrıca bir qanun yoxdur. Bu qanunun qəbul edilməsi ali təhsil müəssisələri üçün də olduqca önəmlidir. Bu gün təhsildə bir sıra çağırışlar var ki, onların yerinə yetirilməsi üçün bu qanuna ehtiyac var”. Millət vəkilinin sözlərinə görə, sənəddə distant təhsil, xarici diplomların tanınması, universitetlərin idarə olunması, tələbə yataqxanaları, tələbələrin köçürülməsinin yeni qaydaları, doktorantura pilləsinin ikili səviyyədən bir səviyyəyə endirilməsi və s. məsələlər yer alıb. C.Məmmədov bildirir ki, adətən qanunlar qəbul edilərkən mərkəzi icra orqanlarının rəy və yanaşmaları nəzərə alınır: “Hesab edirəm ki, hazırkı mərhələdə qanunun qəbul edilməsi Elm və Təhsil Nazirliyindən asılıdır. Nazirlik bu prosesdə fəal olmalıdır. Yəni burada məsələ təkcə Milli Məclisdən asılı deyil, həm də digər strukturlardan asılı olan məsələlər var”.
Zaman, tələbat və şərait dəyişdikcə...
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının fikrincə, zaman, tələbat və şərait dəyişdikcə qanunlar da dəyişir: “Ya yeni maddələr əlavə olunur, ya da dəyişikliklər edirlər. Yəqin ki, yeni dövrə uyğun dəyişikliklərə ehtiyac var”. H.İsaxanlı bildirir ki, ali təhsil sistemi ilə orta təhsil sistemi arasında kəskin fərqlər mövcuddur. Bu baxımdan, ali təhsilin ayrıca xüsusiyyətləri olduğundan, onun ayrıca qanununun olmasının heç bir ziyanı yoxdur: “Bunlar başqa səviyyələr, ayrı-ayrı problemlərdir. Hər cəhətdən fərqlər çoxdur. Ona görə də “Ali təhsil haqqında” ayrıca qanunun olması yaxşı olardı”.
“Süni əngəllər də aradan qalxacaq”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüstəm Kamal isə hesab edir ki, qəbulu gözlənilən qanun təhsilin mərhələlərini, təhsilalma formalarını qaydaya salacaq və artıq bu çərçivədən kənara çıxmaq olmayacaq: “Təhsil hər bir ölkənin prioritet sahəsidir. Elə bir ailə yoxdur ki, bu və ya digər dərəcədə təhsillə bağlı olmasın. Ölkənin Konstitusiyasından sonra bu qanun ikinci vacib sənəddir. Təhsil sistem içində sistemdir. Bu sistemlərin ahəngdar işləməsi üçün vacib olan isə qanundur”. Professor hesab edir ki, bizim dünya təhsil sisteminə inteqrasiya olunmağımız üçün “Ali təhsil haqqında” qanunda dünya təhsil sistemində baş verən müsbət hadisələr, yerli, milli xüsusiyyətlər nəzərə alınacaq”. Professorun fikrincə, qanun layihəsi çap edilib ictimai müzakirəyə də verilməlidir ki, müəllimlər, ictimaiyyət nümayəndələri də onunla tanış olsunlar: “Bu qanunun qəbulunun vaxtı çatıb. Fikrimcə, bu sənəd təhsilimizdə ortaya çıxan süni əngəlləri də aradan götürə bilər. Çünki ortada qanun olarsa, bu, bir çox məsələlərdə redaktə işlərini sürətləndirəcək”.
“Proses hələ xeyli davam edə bilər”
Dosent İlham Əhmədov da Milli Məclisdə “Ali təhsil haqqında qanun” layihəsi üzərində 4 ildir ki, işlərin davam etdiyini bildirir: “İndi bu işə yenidən start veriləcək. Bu halda proses hələ xeyli davam edə bilər”. Ekspert bildirir ki, bizdə hazırda “Təhsil haqqında qanun” və digər normativ sənədlər var: “Onlara doğru-düzgün əməl edilsə, mövcud problemlərin çoxu həll edilə bilərdi. Amma, əksinə, problemlər ilbəil artdı. Bu gün də təhsildə olan bir çox problemlər, baş verən bəzi proseslər “Təhsil haqqında qanun”la uzlaşmır. Gec-tez “Ali təhsil haqqında qanun” da qəbul ediləcək, amma bu gedişlə ali təhsildəki problemlərimiz tezliklə öz həllini tapmayacaq”. İ.Əhmədov hesab edir ki, qanundan əvvəl və ya paralel olaraq ali təhsilə dair yol xəritəsi, inkişaf strategiyaları qəbul edilməlidir: “Hələ də ali təhsilə dair normal strategiyamız yoxdur. Son 15 ildə ali təhsilə dair cəmi bir strategiya qəbul edilib. Bu, 2009-2013-cü illər üzrə olan sənəddir. Onun da icrası yarımçıq oldu. Bizdə belə təsəvvür var ki, intizarla gözlənilən hansısa qanun qəbul edilən kimi, bu sahənin bütün problemləri avtomatik həll ediləcək. Sahənin inkişafı üçün mükəmməl qanunvericilik aktlarının olması zəruridir, lakin bu, kafi deyil. Əlavə digər məsələlər də həll edilməlidir”. ("Kaspi" qəzeti)
-
Sosial12:06
Evinizdəki “Wi-Fi” təhlükəsi: Xəbəriniz olsun, şəxsi məlumatlarınız ələ keçirilir
-
Cinayət dünyası10:40
89 nəfəri öldürmüş "Anqarsk manyakı"nın dəhşətli əməlinin yeni detalı - FOTOLAR(VİDEO)
-
Region10:28
Anna Akopyan Ərdoğanın kitabını oxuyub bitirdi: Təəssüratı belədir
-
İKT02:44
"Instagram" istifadəçilərinin nəzərinə: Harada olduğunuz görünəcək...
-
Qoroskop01:40
Günün ulduz falı: ilk addımı atmaq üçün əlverişli vaxtdır...
-
Sosial00:05
Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
-
Hadisə3 Oktyabr 23:43
Bakıda ağır qəza: 3 nəfər xəsarət aldı
-
İdman3 Oktyabr 22:36
Messini MMA-ya çağırdılar: Uğur qazana bilərsən