Elm və təhsil
Medalların və fəxri adların fövqündə dayanan professor
Ağbaba mahalının hər daşında bir dözüm, hər gədiyində bir mərdlik hekayəsi gizlənib. Bu torpağın övladları çətinliklərdən qorxmamağı, ədalətsizliyə boyun əyməməyi uca dağlardan öyrəniblər. "101 Ağbabalı" silsiləsinin növbəti qəhrəmanı, hüquq elmləri doktoru, professor Məhəmməd Nağı oğlu İmanlı məhz belə xarakterin, sarsılmaz iradənin təcəssümüdür.
Tarixin yaddaş qatlarını vərəqlədikcə, Azərbaycanın qədim və əzəli oğuz yurdu olan Ağbabanın adı hər zaman vüqar, sarsılmazlıq və mərdlik rəmzi kimi qarşımıza çıxır. Bu torpaqlar minilliklər boyu türkün nəfəsi ilə qızınmış, onun qəhrəmanlıq dastanlarına, şanlı keçmişinə şahidlik etmişdir. Ağbaba təkcə coğrafi bir məkan, uca dağlar silsiləsi deyil. O, həm də bir mənəviyyat qalası, sarsılmaz bir türk ruhunun mərkəzidir. Bu qalanın təməlində polad bir iradə, torpağa sonsuz bağlılıq və azadlıq eşqi dayanır. Zamanın amansız rüzgarları, tarixin qanlı fırtınaları bu mahalı dəfələrlə sınağa çəksə də, Ağbabanın ruhu heç vaxt sarsılmamış, öz ləyaqətini və bütövlüyünü hər bir övladının xarakterində, baxışında, sözündə yaşatmışdır.
Gülsehranın duruluğundan başlanan yol
Ağbabanın ən füsunkar, ruhu oxşayan guşələrindən biri, Arpa gölünün kənarında qərar tutan, qədim və əzəli adı ilə qəlbləri riqqətə gətirən Gülsehran kəndidir. Təsəvvür edin: göyün üzü Arpa gölünün ayna sularına köçüb, o büllur sular isə sahilin rəngbərəng güllərini, ətirli çiçəklərini öz qoynunda bəsləyir. Təəssüf ki, tarixin sonrakı dövrlərində bu cənnətməkan yurd yerinin adı dəyişdirilərək Çivinli qoyulsa da, o torpağın yaddaşında, hər bir daşında həmişə Gülsehranın ətri, onun əzəli ruhu və nəfəsi qaldı. Bu kənd sanki kainatın ən usta rəssamının əlindən çıxmış canlı tablodur.
Məhz belə bir mühitdə, 1962-ci ildə, Arpa gölünün pıçıltılarını dinləyərək, durnagözlü bulaqlarından su içərək dünyaya göz açan Məhəmməd Nağı oğlu İmanlı öz təbiətində həmin suların dərinliyini və saflığını daşıdı. O, halal zəhməti, el-oba içindəki ağır çəkisi və ağsaqqal sözünə bağlılığı ilə tanınan Nağı kişinin ocağında böyüdü. Bu ailə mühiti ona dürüstlüyü, haqqı nahaqqa qurban verməməyi və hər şeydən öncə insaniyyəti bir ömür dərsi kimi aşıladı. Elmin zirvəsinə gedən yolun ilk müqəddəs cığırları Gülsehranın səkkizillik məktəbindən başladı. Bilik susuzluğu onu hər gün bir addım da irəli apardı və o, təhsilini Güllücə kənd orta məktəbində yüksək qiymətlərlə başa vurdu.
İlk zərbə: erməni qərəzi və "qızıl medal"ın taleyi
Lakin o dövrdə tüğyan edən, türk övladının uğurunu görməyə gözü olmayan millətçi daşnaq erməni xisləti gənc Məhəmmədin parlaq zəkasını həzm edə bilmədi. Orta məktəbi bütün fənlərdən "əla" qiymətlərlə oxuduğu üçün o, Güllücə kənd orta məktəbi və Amasiya Rayon Təhsil Şöbəsi tərəfindən Ermənistan Respublikası Təhsil Nazirliyinin təsdiqlədiyi "Qızıl medal"a layiq görülsə də, halal haqqı erməni şovinizminin qurbanı oldu. Həmin dövrün bütün rəsmi sənədləri ilə medalı təsdiq olunmuşdu. Hətta Amasiya rayonu Maarif Şöbəsinin müdiri, ədalət carçısı və böyük ziyalı Mehdi Haqverdiyev onun haqqının tanınması üçün dəfələrlə İrəvan şəhərində Maarif Nazirliyində olmuş, İmanlını özü ilə apararaq ən yüksək instansiyalara, o zamankı Ermənistan Mərkəzi Komitəsinə müraciət etmişdi.
Lakin nəticədə nazirlikdə işləyən N.İbrahimov kimi şəxslər ermənilərin qərəzli və riyakar mövqeyini müdafiə etdilər. M.Haqverdiyev indi də o günləri acı xatirələrlə yada salır, İrəvanda keçirilən imtahanlarda Məhəmmədin hər iki fəndən ən yüksək göstəricini — "əla" qiymətini əldə etdiyini və hətta N.İbrahimovun şəxsən həmin imtahanlarda iştirak etdiyini vurğulayır. Bu, unudulmaz bir haqsızlıq yarası idi. "Qızıl medal" həqiqi sahibinə çatmamışdı, lakin Məhəmməd ruhdan düşməmiş, barışmaz prinsipial mövqe sərgiləmişdi.
Bakı zirvəsi: "doğruya zaval yoxdur" prinsipinin qüruru
Təhsilini davam etdirmək üçün o zamanki C.İldırım adına Politexnik İnstitutuna yüksək balla daxil oldu. Lakin arzusu hüquqşünas olmaq idi. O zaman hüquq fakültəsinə qəbul üçün iki il əmək stajı və hərbi xidmət əsas idi. Odur ki, başladığı yolu yarımçıq qoyub hərbi xidmətə yollandı. Xidməti başa vurduqdan sonra daha iki il çalışdı və yenidən sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsinə verdi. Dörd imtahanın üçündən "əla" alaraq əyani şöbəyə daxil oldu və 1993-cü ildə buranı fərqlənmə diplomu ilə bitirdi. Universitetin elmi şurasının qərarı ilə gənc kadr kimi saxlanıldı, aspiranturaya daxil oldu və pedaqoji fəaliyyətə başladı.
O dövrlər hüquq üzrə elmi dərəcə almaq polad kimi iradə tələb edirdi. Amma Məhəmməd İmanlı müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi aldı. BDU-nun Cinayət hüququ kafedrasında müəllimlikdən professorluğa qədər ucaldı. O, 2001-ci ildə ilk dəfə ana dilimizdə "Cinayət hüququ: Xüsusi hissə" dərsliyini yazaraq təhsilimizdə yeni bir səhifə açdı.
2009-cu il professorun ömründə xüsusi bir məqam kimi tarixə həkk olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülməsi, əslində onun illər boyu gənc nəslin tərbiyəsində, hüquq elminin saflaşmasında çəkdiyi zəhmətin dövlət səviyyəsindəki təsdiqi idi. O, bu medalı sinəsində gəzdirərkən, həm də ocağından aldığı "doğruya zaval yoxdur" prinsipinin qürurunu daşıyırdı.
Elmin və ləyaqətin əbədi zəfəri
Bütün sınaqlardan, od-alovdan keçən Məhəmməd İmanlının elmi fəaliyyəti sərhədləri aşdı, dənizləri keçdi. Rusiya Federasiyası Hüquq Elmləri Akademiyasının üzvü seçilməsi, xarici ölkələrin nüfuzlu elmi jurnallarının redaksiya heyətlərində təmsil olunması bir Azərbaycan ziyalısının dünyaya açılan pəncərəsi idi.
O, 2023-cü ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının "İnsan Hüquqları" İnstitutunda "Dövlət Təhlükəsizliyinin Hüquqi Təminatı" şöbəsinə rəhbərlik edərək, dövlətçiliyimizin hüquqi sütunlarını möhkəmləndirən yüzlərlə sənədə, qanuna müdrik bir rəy verdi. Onun rəhbərliyi ilə yüksək ixtisaslı alimlər birgə çalışaraq ölkənin hüquq sisteminə əvəzsiz töhfələr verdilər.
Bu gün o, Dövlət Dənizçilik Akademiyasının professoru kimi gənc dənizçilərə, gələcəyin qurucularına təkcə hüququn sirlərini deyil, həm də mənəviyyatın sahilinə sağ-salamat yetişməyin yollarını öyrədir. Onun rəhbərliyi ilə yetişən onlarla fəlsəfə və elmlər doktoru, professorun elmi ağacının bar verən budaqlarıdır. Yazdığı 14 monoqrafiya, 300-dən çox elmi məqalə və ana dilimizdəki o fundamental dərsliklər — hər biri Məhəmməd müəllimin ömür kitabının ən qiymətli sətirləridir. Dünyanın ən mötəbər elm bazalarında — "Web of Science" Clarivate Analytics kimi nəhəng platformalarda onun məqalələrinə edilən yüzlərlə istinad, bir azərbaycanlı hüquqşünasın zəkasının dünya elmindəki əks-sədasıdır. O cümlədən İmanlı "İnsan hüquqları və vətəndaş cəmiyyəti naminə" ictimai birliyinin prezidentidir, Qərbi Azərbaycan İcmasının tədbirlərinin fəal iştirakçısıdır.
Lakin bütün bu titulların, medalların və fəxri adların fövqündə dayanan bir Məhəmməd İmanlı var: Qərbi Azərbaycan İcmasının hər bir ağrısına yanan, xalqının haqq səsini dünyaya çatdırmağa çalışan o fədakar insan.
Şəmsi Qoca
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq










.jpg)












.png)














