Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama

Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında ali təhsilin müddətinin 4 ildən 3 ilə endirilməsi təklifi səsləndirilib. Təklifə əsasən, müasir əmək bazarında biliklərin sürətlə yenilənməsi 4 illik ənənəvi tədris proqramlarının effektivliyinin yenidən nəzərdən keçirilməsini zəruri edir.

Qeyd olunub ki, ali təhsil müddətinin 1 il azaldılması həm maliyyə yükünü yüngülləşdirə, həm də gənc mütəxəssislərin əmək bazarına inteqrasiyasını sürətləndirə bilər. Təklifdə vurğulanıb ki, belə bir modelin uğuru dərslərin sadəcə qısaldılmasından deyil, təhsilin keyfiyyətinin qorunmasından asılıdır.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Trend-ə açıqlama verib. O bildirib ki, müasir dünyada təhsil xərclərinin durmadan artması və rəqəmsallaşmanın əmək bazarını sürətlə transformasiya etməsi fonunda bu modelin ölkəmizdə hazırda müzakirədə olan “Ali təhsil haqqında" qanun layihəsində yer alması artıq obyektiv zərurətdir.

"Azərbaycanda bakalavr təhsilinin üç ilə endirilməsi sistemli hüquqi, struktur və metodoloji islahatların aparılmasını tələb edir. Ölkəmizin 2005-ci ildən Boloniya prosesinə qoşulması və ali təhsilin Avropa Kredit Transfer Sistemi (ECTS) çərçivəsində formalaşdırılması bu keçid üçün əlverişli baza yaradır. Beynəlxalq təcrübəyə nəzər saldıqda, Avropa İttifaqı ölkələrində bu modelin İngiltərə, İtaliya və Fransa kimi qabaqcıl dövlətlərdə uzun illərdir uğurla tətbiq olunduğunu görmək olar.

Hazırda ölkəmizdə standart bakalavr proqramları əsasən 240 kredit və dördillik təhsil müddəti üzərində qurulub. Təhsil müddətini qısaltmaq üçün ya minimum kredit həddi ABŞ və Avropadakı kimi 180 kredit səviyyəsinə endirilməli, ya da mövcud kredit yükünün semestrlər üzrə daha intensiv bölüşdürülməsi mexanizminə baxılmalıdır. Eyni zamanda, beynəlxalq təcrübədən bəhrələnərək, tam orta məktəb proqramı ilə universitet təhsili arasında kreditlərin qarşılıqlı tanınması sistemi (məsələn, ümumi fənlər üzrə) qurulmalıdır", - deyə o bildirib.

İ.Orucov əlavə edib ki, proses düzgün idarə olunacağı təqdirdə, üçillik bakalavr modeli həm tələbələrin vaxtına, həm ailələrin maliyyə yükünə, həm də dövlət büdcəsinə birbaşa qənaət etməyə imkan verəcək.

"Müasir əmək bazarında işəgötürənlər üçün diplomun müddətindən daha çox, məzunun sahib olduğu praktik bilik, bacarıq və səriştələr önəm kəsb edir. Bu sistem universitetləri kurikulumları yeniləməyə, təkrarçılığa yol verən, sovet təhsil ənənəsindən qalan və ixtisaslaşmaya birbaşa xidmət etməyən fənnlərin proqramdakı çəkisini optimallaşdıraraq fundamental ixtisas biliklərinə fokuslanmağa məcbur edəcək. Həmçinin yay semestrləri sadəcə akademik borcların bağlanması üçün deyil, sürətləndirilmiş proqramların tamhüquqlu tərkib hissəsi kimi fəaliyyət göstərə bilər.

Lakin islahatın doğura biləcəyi akademik riskləri də nəzərə almaq mütləqdir. 4 illik tədris yükünü 3 ilə sığışdırmaq semestr ərzində intensivliyi kəskin artıracaq ki, bu da tələbələrin psixoloji yüklənməsinə və materialların səthi mənimsənilməsinə yol aça bilər. Təhsil müddətinin qısaldılması yalnız dərslərin sayının mexaniki azaldılması demək deyil. Fikrimcə, burada tələbənin fundamental hazırlığının qorunması əsas şərtdir.

Hesab edirəm ki, üçillik bakalavr təhsilinin bütün ixtisas qruplarında eyni formada tətbiqi effektiv olmayacaqdır. Bu model daha çox İT, kompüter elmləri, süni intellekt, biznesin idarə edilməsi, marketinq və dizayn kimi tətbiqi və dinamik dəyişən sahələrdə tətbiq edilməlidir", - deyə o vurğulayıb.

İ. Orucova qeyd edib ki, üçillik ali təhsil modelinin tətbiqi tələbələr üçün həm vaxt, həm də maliyyə baxımından müəyyən üstünlüklər yarada bilər:

"Ancaq burada əsas məsələ təhsil müddətini azaltmaq deyil, daha qısa müddətdə keyfiyyətli və praktik təhsil verməkdir. Bunun üçün proqramlar yenilənməli, tələbələrin üzərinə düşən yük nəzərə alınmalı və ixtisasların xüsusiyyətləri nəzərə alınaraq fərqli yanaşmalar tətbiq edilməlidir.

Məqsəd sadəcə universiteti bir il tez bitirmək yox, tələbəyə daha qısa müddətdə daha keyfiyyətli və əmək bazarında istifadə edə biləcəyi bilik vermək olmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm