Əmlak
Nə 1 mənzil 3 nəfərə satılacaq, nə də işçilər qanunsuz işləyəcək – Tikintidə “qara fəaliyyət”ə son qoyulur
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı məlumat forması hər bina üzrə ayrılıqda doldurularaq vergi orqanına təqdim ediləcək. Bu barədə məlumat İqtisadiyyat Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın formasının tərtib edilməsi Qaydası”nda öz əksini tapıb.
Qərarı daşınmaz əmlak və inşaat üzrə ekspert, Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Elnur Azadov Publika.az-a şərh edib.
O bildirib ki, bu qərardan sonra bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək vergi orqanına təqdim edilməlidir:
“2019-cu ilin dekabr ayında Vergi Məcəlləsində tikinti şirkətlərinə aid bir sıra dəyişikliklər oldu ki, bu yeni düzəlişlər əsasında şirkətlər mənfəətdən 18 faiz vergi ödəyəcəklər. Yəni, tikinti şirkətləri bu qanuna uyğun olaraq bütün xərclərini rəsmiləşdirməyə maraqlı olmalıdır. Bu düzəliş torpağın, inşaat materiallarının alınmasını, sənədləşməni, işçilərin əməkhaqlarını və digər bütün xərcləri rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, tikinti şirkətləri bütün bu xərclərini göstərəndən sonra yerdə qalan təmiz mənfəətdən 18 faiz ƏDV ödəyəcəklər”.
Ekspertin sözlərinə görə, tikinti şirkətləri bu dövrə qədər bir çox inşaat materiallarını “qara bazar”dan alırdı, usta-fəhlə qüvvəsini isə ya kənardan cəlb edirdi, ya da qeyri-rəsmi işlədirdi.
O qeyd edib ki, şirkətlər müxtəlif materialları daha ucuz almaq məqsədilə vacib məhsulları xaricdən ya özləri alırdı, ya da digər şəxslərə idxal etdirirdi: “Bu kimi vəziyyətdə onlar tam şəkildə mənfəəti açıqlamırdılar və satışların da qeyri-rəsmi aparılmasına nail olurdular. 2018-ci ilin iyul ayının 1-dən Mülki Məcəllədə aparılan dəyişikliklərə əsasən, tikinti şirkətləri bütün nağd ödənişlərini notarial qaydada aparmalıdır. Yəni, bildiyimiz kimi tikinti şirkətlərinin əksər hissəsi mənzil və ya qeyri-yaşayış sahələri satarkən həmin ödənişləri nağd şəkildə alırlar. Lakin qanunvericiliyə uyğun olaraq onlar həmin məbləği notarial qaydada əldə etməli idilər. Alan şəxs notariusa yaxınlaşaraq, notarial qaydada tikinti şirkətlərinin nümayəndələri ilə birlikdə həmin alqı-satqı müqavilələrini rəsmiləşdirməlidir. Ödənəcək vəsaiti notariusun hesabına köçürəndən sonra alqı-satqı prosesi baş tutur. Alıcının ödədiyi məbləğ köçürmə yolu ilə notariusun hesabından mənzili satan tikinti şirkətinin hesabına köçürülməlidir. Qanun bunu tələb edir”.
Elnur Azadov əlavə edib ki, bir çox hallarda tikinti şirkətləri hətta binanın bünövrə səviyyəsindən ödənişləri nağd tələb edirlər: “Qanunvericilikdə isə əks olunur ki, binanın inşa olunmuş hissəsinə münasib olaraq tikinti şirkəti alıcıdan ödəniş ala bilər və burada maksimum hədd göstərilib. Hətta bina tam şəkildə inşa olunub, lakin istismara qəbuldan keçməyibsə, alıcıdan alına biləcək maksimal məbləğ 95 faiz təşkil etməlidir. Qalan 5 faizi bina istismara qəbuldan keçirildikdən sonra ödənilməlidir. Bu qanunvericiliyin həyata keçirilməsinin məqsədi o idi ki, bir mənzil bir neçə nəfərə satılmasın. Ölkədə tikinti şirkətlərinin daxili müqavilələri ilə külli miqdarda mənzil bir neçə vətəndaşa satılır. Bu tipli neqativ hallar bir çox hallarda qeydə alınıb. Yəni, bu halların qarşısını almaq üçün dövlət qanunvericilikdə, Mülki Məcəllədə bu dəyişikliyi edib. Lakin bu günə qədər yalnız ölkədə bir neçə şirkət həmin formada fəaliyyət göstərirdi və notarial qaydada alqı-satqını həyata keçirirdi. Vergidən yayınma hallarını azaltmaq məqsədilə ödənişləri rəsmiləşdirmək, inşaat materiallarının alınmasının və digər bütün xərclərin rəsmiləşdirilməsi məqsədilə Vergilər Nazirliyi dekabr ayından Vergi Məcəlləsində belə dəyişikliklərin aparılmasını nəzərdə tutmuşdu. Lakin faktiki olaraq bunun ölkədə reallaşması ləng şəkildə həyata keçirilir”.
Ekspert bu qanunvericiliyə görə, tikinti şirkətlərindən bütün xərcləri rəsmiləşdirməyin tələb edildiyini deyib: “Şirkət nədən pul alıbsa, qeyd olunur ki, hər rübün sonundan növbəti ayın 20-nə qədər bütün yaşayış və qeyri-yaşayış sahələri haqqında məlumat verməlidir. Satılacaq bütün sahələr toplananda bəlli məbləğ əmələ gəlir. O məbləğdən tikinti şirkəti bütün xərcləri çıxandan sonra hansı vəsait qalırsa, həmin şirkətin mənfəətidir. Yəni, o qədər artıq pul qazanıb. Məsələn, onun 20 milyon dəyərində yaşayış və qeyri-yaşayış sahəsi var, bu məbləğdən 10 milyonu inşaat materiallarına, işçi qüvvəsinə xərclənib. 10 milyon manat isə şirkətin mənfəəti olur. Həmin 10 milyondan şirkət 18 faiz ƏDV ödəməlidir. Qalan məbləğ onun təmiz mənfəətidir. Dövlət çalışır ki, bütün xərclər və alqı-satqılar rəsmiləşdirilsin. Mənzil alanlar da imza atmaqla rəsmi sənəd əldə edirlər və ikili satış baş vermir”.
E.Azadov qeyd edib ki, tikinti şirkətlərinə inşaat materialları satan şəxslər bütün alqı-satqılarını rəsmiləşdirməlidirlər: “Bununla tikinti şirkətində işləyən şəxslərin də “qara fəaliyyəti” aradan qalxacaq. Usta və fəhlələr rəsmi müqavilə ilə işləyəcəklər, onların əməyi mühafizə olunaraq sığortalanacaq”.
Akqabay Mıradov
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO