• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

“Əkinçi”nin əkinçi ilə görüşü: Jurnalistlər Quba və Qusarda - FOTO

“Əkinçi”nin əkinçi ilə görüşü: Jurnalistlər Quba və Qusarda - FOTO

Media nümayəndələri yeni intensiv meyvə bağlarında istifadə olunan müasir texnikalar, bu il biçinə çıxarılan yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış olublar.

Publika.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin kütləvi informasiya vasitələri nümayəndələri üçün Quba və Qusar rayonlarına təşkil etdiyi səfərdə “Aqroservis” və “Prior Leasing” açıq səhmdar cəmiyyətinin bu il fermerlərə təqdim etdikləri ən müasir texnikalar nümayiş edilib.

Mediatur iştirakçıları əvvəlcə Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti, buradakı biotexnologiya laboratoriyası ilə tanış olublar.

İnstitutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricidən gətirilir. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.

Media nümayəndələri, həmçinin Azərbaycanda ilk dəfə müasir texnologiyaların tətbiq olunduğu “Ağıllı bağ”la da yaxından tanış olublar. 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edir. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunur.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılaraq kompüter idarəetməsi tətbiq olunur. Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, ümumilikdə, 23 min meyvə ağacı becərilir.

Daha sonra mediatur iştirakçıları Qusar rayonunda “Xırman düşərgəsi”nə qatılıblar.

“Aqroservis” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib ki, bu il Səhmdar Cəmiyyətə məxsus 700 kombayn biçinə çıxarılıb. Növbəlilik prinsipi ilə aparılan biçin prosesi əkin sahələrinin 40 faizini əhatə edib. Biçində tətbiq edilən yeni innovativ metodlar sayəsində məhsul biçini ən qısa zamanda həyata keçirilir.

GPS izləmə sistemi ilə mərkəzləşdirilmiş dislokasiyaya əsasən biçinə nəzarət gücləndirilib, operativ və şəffaf biçin sistemi təmin edilib. Dağlıq və çətin relyefli sahələrin biçini üçün MDB məkanında ilk dəfə “New Holland TC 5.90 Hillside” dağ kombaynları sahələrə çıxarılıb. Bu kombaynlar tam innovativ işləmə mexanizmi ilə biçində operativlik yaradır. Kombaynın xeyderinin en götürümünün uzunluğu, bunkerin həcminin çox olması, 32 dərəcə hündürlük, 38 dərəcə meyllilikdə və 25 faiz nəmlikdə biçin apara bilir. Çətin relyefli sahələrdə biçin aparan bu kombaynların sayəsində əkin təyinatlı olub, lakin əkilməyən sahələrin yenidən əkinə cəlb edilməsinə şərait yaranacaq. Bu ildən bu kombaynlar Lerik, Yardımlı, Cəlilabad, Şəmkir, Tovuz, Gədəbəy, Şəki, Qusar, Xızı rayonlarında dağlıq sahələrdə biçin aparır. Bu gün bu sahə ölkəmizdə biçilən sonuncu taxıl sahəsidir.

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərmanının nəticəsi olaraq bu gün kənd təsərrüfatı texnikası bazarı liberallaşdırılıb. Fermer və sahibkarlar istədikləri təchizatçıdan özlərinə lazım olan texnikanı seçərək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə təqdim edilən 40% dövlət güzəştindən faydalanaraq istər nağd, istər güzəştli kredit, istərsə də lizinq yolu ilə əldə edə bilir.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, liberallaşmadan ötən müddət ərzində (2019-cu ildən indiyədək) fermerlər AKİA xətti ilə verilən dövlət güzəştindən faydalanaraq “Prior Leasing” ASC-dən 3 min 290 ədəd texnika əldə edib. “Prior Leasing” regionlarda fəaliyyət göstərən 11 nümayəndəliyi ilə fermerlərə bölgələrdə texnika satışı, satış sonrası servisi təqdim edir.

“Aqroservis” bu il ölkədə ilk dəfə təqdim etdiyi “AgroUber” platformasında mexanizatorların qeydiyyatına başlayıb və Səhmdar Cəmiyyətin 380 mexanizatoru artıq qeydiyyatdan keçib. Ölkənin 42 rayonunda fəaliyyət göstərən bölmələri və 9 regional nümayəndəliyi vasitəsilə “Aqroservis” fermerlərin kənd təsərrüfatı texnikasına olan tələblərini ödəyir, aqrotexniki qulluq təqdim edir, səyyar gübrə və pestisid satışları həyata keçirir.

“Aqroservis” ASC tərəfindən aqrar sahədə tətbiq edilən innovativ yeniliklərdən biri də gübrələmədə yeni texnologiyanın tətbiqidir. ASC fermerlərə aqrodronlar vasitəsilə dərmanlama və gübrələmə təklif edib. Aqrodronlar ilk öncə sahəni monitorinq edir, xəstəlik və ziyanverici sirayətləmə arealını skan edir. Skan olunan ərazi isə operativ şəkildə dərmanlanır. Aqrodronlarla dərmanlama və gübrələmə əsasən texnikaların girə bilmədiyi sahələrin, sahənin xəstəlik sirayətlənən sahələrin dərmanlanmasını həyata keçirir.

Media nümayəndələrinə Pinochio 250/5 riperinin də fəaliyyəti nümayiş etdirilib. Bildirilib ki, bu riperin ənənəvi kotandan əsas üstünlükləri ondan ibarətdir ki, onun istifadəsi zamanı dərində kipləşmiş torpaq qatları partladılır və bitkinin kök hissəsi düzgün inkişaf edir. Kipləşmiş torpaq qatlarının partladılması suvarma zamanı torpağın dərin qatlarına suyun daxil olmasını təmin etməklə, vegetasiya dövrü ərzində bitkinin kök strukturunda nəmliyi qoruyub saxlayır.

Qeyd olunan proses əlavə su sərfiyyatının da qarşısını alır. Riperlə şum zamanı torpaq çevrilmədən şumlanır, bu da öz növbəsində torpağın münbit qatında olan mikro və makro elementlərdən bitkinin faydalanmasına səbəb olur və torpağın nəmliyini daha uzun müddət saxlayır.

Əlavə olaraq, aqreqatın arxasında yerləşdirilmiş bir-birinin əksinə işləyən dişli mərdanələr vasitəsilə torpaq kəltənləri xırdalanır və torpağın relyefi düzəlir. Bu isə fermerlərə imkan verir ki, bir əməliyyatla həm şum aparılmasını, həm də diskləmə prosesini həyata keçirərək toxum səpininə başlasınlar.

Daha sonra media nümayəndələri biçindən sonrakı ilkin şumu izləyiblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR