"Bitcoin" çökdü: Dünya bazarı nələri itirdi?
Bizi izləyin

İqtisadi gündəm

"Bitcoin" çökdü: Dünya bazarı nələri itirdi?

Bu gün ən məşhur kriptovalyuta olan "Bitcoin"in məzənnəsi çöküb. Səhər saatlarında bir sikkənin dəyəri 50 min dollardan az olub.

Publika.az dünya mətbuatına istinadən xəbər verir ki, bu, 2021-ci ildən bəri ən kəskin enişdir.

Yüz milyardlarla dollar itdi

Son 24 saat ərzində "bitkoin" 18 faiz ucuzlaşıb və iki gün ərzində demək olar ki, dəyərinin beşdə birini itirib. İkinci ən populyar kriptovalyuta olan "Ethereum" gün ərzində 20 faiz ucuzlaşıb və hazırda “efir” bu il minimum dəyər olan 2100 dollara düşüb.

Bazar günü axşamdan bəri kriptovalyuta bazarının ümumi kapitallaşması 400 milyard dollardan çox azalıb. Ekspertlər "Bitcoin" məzənnəsinə təsir edən əsas amil kimi ABŞ-da keçiriləcək seçkiləri göstərirlər.

Statistik məlumatlardan belə nəticəyə gəlmək olar ki, ABŞ iqtisadiyyatında zəiflik əlamətləri "Wall Street"də tənəzzülə və xəzinədarlıq gəlirlərinin azalmasına səbəb olub. Sonuncu 3,77 faiz itirərək 2023-cü ilin iyul ayından bəri ən aşağı səviyyəni qeyd edib.

Eniş bazarları bürüyüb

Ən parlaq nümunə Yaponiyadır. "Nikkei 225" fond indeksi (Yaponiyanın 225 ən böyük şirkətinin səhmlərinin daxil olduğu Tokio Fond Birjasının TSE-nin əsas göstəricisi) avqustun 5-də keçirilən hərracdan sonra 10 faizdən çox dəyər itirib. İnvestorlar artıq baş verənləri tarixi hadisə adlandırıblar.

Kotirovkaların azalması da çoxistiqamətli amillərin nəticəsidir. "Bloomberg"ə görə, investorların inamı təkcə ABŞ-da pisləşən iqtisadi məlumatlara görə deyil. Yen məzənnəsinin yüksəlməsi və monetar siyasətin sərtləşdirilməsi də öz təsirini göstərib. Bu yaxınlarda keçirilən iclasdan sonra Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini 0-0,1 faizdən 0,25 faizə qaldırıb ki, bu da 15 ilin maksimum göstəricisidir. Nəticədə, Yaponiya fond bazarı üçün əsas indekslərdən biri olan "Topix" indeksi iki gündə 9,2 faiz ucuzlaşıb. Bu, Fukusima qəzasının baş verdiyi 2011-ci ildən bəri ən ciddi azalma olub.

Dünya bazarında neft qiymətləri də ucuzlaşıb: Brent etalonunun qiyməti 2023-cü il yanvarın 9-dan bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 1,17 faiz ucuzlaşaraq barreli 72,66 dollar olub.

Qeyd edək ki, dünya bazarında baş verənlər Rusiyadan da yan keçməyib. Moskva Birjası indeksi (IMOEX) 1,85 faiz azalaraq 2845,47 bəndədək geriləyib. Sonuncu belə bir vəziyyət 2023-cü il iyulun 10-da baş vermişdi.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm