Hakim Taleh Bağırovun tərəfdarlarına səsləndi:"Biz sizi qaydalara əməl etməyə çağırırıq"
Bizi izləyin

Hadisə

Hakim Taleh Bağırovun tərəfdarlarına səsləndi:"Biz sizi qaydalara əməl etməyə çağırırıq"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

apa-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov bildirib ki, dünən şahidə ayaqqabı atılması ilə bağlı onlara töhmət verilib.

Hakim isə deyib ki, bu, onların qərarı olmayıb: "Biz sizi qaydalara əməl etməyə çağırırıq. Bura çağırılan şahidlərin təhlükəsizliyini təmin etmək bizim borcumuzdur".

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Vüqar İsgəndərov ifadə verib. Bildirib ki, 15 dəqiqə atışmadan sonra o, içəri daxil olub və həyətdə bir nəfəri zərərsizləşdirib: "O mənə tərəf qaçdı. Əlində bıçaq var idi. Mən onu zərərsizləşdirdim. Üzərindən beşbarmaq, partlayıcı maddə çıxdı. Adı Əli idi".

Zərər çəkmiş şəxs qismində tanınmış Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili İsgəndərov Vüqar İdris oğlu iş üzrə ibtidai istintaqa zamanı verdiyi ifadəsində göstərib ki, 26 noyabr 2015-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yaşayan «Müsəlman Birliyi Hərəkatı»nın sədri, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun Azərbaycan Respublikasının dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə yaratması və bu məqsədlə odlu silahlar, döyüş sursatları, habelə partlayıcı maddələr əldə etməsi və saxlaması barədə məlumat daxil olub. Həmin məlumat əsasında onun yaşadığı evdə əməliyyat tədbiri keçirilib.

Taleh Bağırovun tərəfdaşları ilə birlikdə həyətdə girişdən sağ tərəfdə yerləşən evdə olması tam yəqin edildikdən sonra saat 13 radələrində o və əməliyyat qrupunun digər üzvləri həyətə daxil olublar. Bu zaman həyətdə və həyətdəki evdə olan şəxslər onların həyətə daxil olmaqlarından xəbər tutub qrup üzvlərinə atəş açmağa başlayıblar. Onlar polislərin tələbinə tabe olmadıqları üçün əməliyyat qrupunun üzvləri atəş açıblar. Təxminən 10-15 dəqiqə ərzində davam edən atışma zamanı əməliyyat qrupunun üzvləri tərəfindən Taleh Bağırovun tərəfdaşları zərərsizləşdirilib. Sağ əlində beşbarmaq, sol əlində isə bıçaq olan bir nəfər cavan oğlan ona hücum edib.

O da həmin şəxsi zərərsizləşdirib. Saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən Nuriyev Əli Həsrət oğlu olması məlum olub. Baxış keçirilərkən Əli Nuriyevin gödəkçəsinin sağ cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası aşkar edilərək götürülüb, həmin əl qumbarası, həmçinin tərksilah etdiyi zaman onun əlindən alaraq götürdüyü bir ədəd bıçaq və bir ədəd beşbarmaq ayrı ayrılıqda qablaşdırılaraq möhürlənib. Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı heç bir xəsarət almayıb.

Şahid sualları cavablandırarkən bildirib ki, Nardarana iki xüsusi avtomobillə gediblər, hadisədən mənəvi zərər çəkib və sarsılıb, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur.

Vəkil Yalçın İmanov ondan Əli Nuriyevin bədənində olan xəsarətlər barədə soruşub. Bildirib ki, ekspert bununla bağlı rəy verib. Şahid onu zərərsizləşdirən zaman yıxıldığını, xəsarətlərin bundan yarandığını deyib.

Vəkillər ondan nəyə görə bütün şahidlərin eyni ifadə vermələrinin səbəbini soruşub. O, bildirib ki, ola bilsin, müstəntiqin yazılış tərzi eyni olub. Çünki ifadələri onlar deyib, müstəntiq yazıb.

Daha sonra iclasda Zakir Mustafayevin vəkili vəsatətlə çıxış edərək bildirib ki, onun avtomobili istintaq orqanı tərəfindən götürülüb. Lakin həmin avtomobil hər hansı işdə istifadə edilməyib və avtomobildə nəsə aşkar edilməyib. Vəkil avtomobil qaytarılmasını istəyib. Hakim həmin məsələnin müzakirə ediləcəyini deyib.

İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Müslüm Tarverdiyev də ifadə verib. O, da oxşar ifadə verərək bildirib ki, oraya gedəndə silahlı müqavimət olmasını gözləməyiblər. Həyətdə əlində bıçaq olan Şamil Abduləliyevi saxlayıb. Onun cibindən qumbara tapılıb.

Zərər çəkmiş şəxs qismində tanınmış Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Tarverdiyev Müslüm Tofiq oğlu iş üzrə istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Taleh Bağırovla bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nardaranda əməliyyat keçirilməsinə qərar verilib. Əməliyyat zamanı həmin həyətin girişində 25-30 yaşlarında şəxs əlində olan süngü bıçağı ilə əməliyyat qrupunun üzvlərinə doğru hərəkət edərək polis əməkdaşlarını vuraraq xəsarət yetirməyə çalışıb. O da həmin şəxsi yerə yıxıb əlindəki qumbaranı alıb.

Vəkil Y. İmanov isə bildirib ki, Ş. Abduləliyevin bədənində güllə yaraları var. Vəkil bunun nədən yarandığını soruşub. Şahid atışma zamanı baş verdiyini ehtimal etdiyini deyib. Onun üzərində olan digər xəsarətlərlə bağlı sualı cavablandıran şahid isə Ş. Abduləliyevin yıxılan zaman xəsarət aldığını deyib. Vəkil şahiddən Şamil Abduləliyevə tibbi yardım göstərməsi barədə də soruşub. Şahid tibbi yardım göstərmədiyini, bunu bacarmadığını deyib. M. Tarverdiyev həmçinin qeyd edib ki, atışma zamanı silahdan atəş açmayıb. Şamil Abduləliyev isə onu saxlayan şəxsin Ş. Tarverdiyev olmadığını deyib. Bildirib ki, o, bayıra çıxanda qarşılaşdığı polis onu yaralayıb. Daha sonra kənd camaatı onu xəstəxanaya aparıb.

Proses sentyabrın 14-də davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm