Fiziki məhdudiyyətli uşaqların gücü - Uşaq Paralimpiya Komitəsinə üz tutanların sayı artır - - FOTO
Bizi izləyin

İdman

Fiziki məhdudiyyətli uşaqların gücü - Uşaq Paralimpiya Komitəsinə üz tutanların sayı artır - - FOTO

“Belə yox, yox, olmadı, düz vurmadın, sağa əyil, tez tərpən… Aha, indi oldu”. Məşq zallarında məşqçilərin yetirmələrinə bu cür tapşırıqlar verməsi, sərt göstərişləri adi haldır. Amma idmanla məşğul olan kəs uşaq olanda, məşqçilərdən böyük səbr tələb olunur. Məşqləri izlədiyimiz zalda isə psixoloji ortam daha ağırdır. Çünki burada uşaqlar yalnız vaxt keçirməyə, bədənlərini möhkəmləndirməyə gəlmir, həm də özlərinə inamı bərpa etmək, həyata bağlanmaq üçün idmana üz tuturlar.

Sumqayıt şəhərində fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsinə gələn balacalarla peşəkar məşqçilər məşğul olur. 2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində yaradılan bu kompleksdə altı məşqçi tərəfindən idmanın 6 növü – boccia, cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və əlil arabasında rəqs üzrə məşqlər keçirilir. 6 yaşından 18 yaşadək olan uşaqlar burada çox böyük həvəslə məşqlərə qatılırlar. Əsas məqsəd bu uşaqlarda həyat eşiqini alovlandırmaq, onları mübarizəyə həvəsləndirməkdir.

Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədovun sözlərinə görə, idmanla peşəkar şəkildə məşğul olmaq sağlamlıq imkanları məhdud uşaqların ən böyük arzusudur. Heç demə, onlar arasında "ən çox nə ilə məşğul olmaq istərdiniz?" mövzusunda sorğu aparılıb və 75 faiz uşağın idmana həvəs göstərdiyi ortaya çıxıb. Uşaq Paralimpiya Komitəsinin yaranma ideyası da elə bu sorğudan qaynaqlanıb.

Uşaqları gələcəyə aparan yol

İcraçı direktor deyir ki, komitənin yaranmasında məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması, eyni zamanda onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir: "Əslində, dünyada belə bir komitə mövcud deyil. Sağlamlıq imkanları məhdud olan uşaqların idmanla məşğul olduğu klublar, dərnəklər, ictimai birliklər var, amma gələcəyə aparan konkret bir yol yoxdur. Ona görə də biz bu qurumu yaratmaq qərarına gəldik. Səmimi deyim ki, işə başlamaq çox çətin idi. Çünki istəyirdik ki, yaratdığımız komitə mükəmməl olsun, hüququ bazamız, əsasnaməmiz daha güclü olsun və tibbi təsnifat problemimiz həll olunsun. Təməli qoymaq ən vacib məsələlərdən idi və bir ildən sonra biz buna nail olduq”.

K. Məmmədovun sözlərinə görə, fəaliyyətə başladıqları ilk zamanlarda valideynlərlə müəyyən problemlər yaşayıblar: "Valideynlər idmana sırf reabilitasiya kimi baxırdılar. Onların fikrini dəyişmək üçün çox çalışdıq, hətta bu işə psixoloqları da cəlb etdik. İstəyimizə nail olduq və illər keçdikcə bura gələn uşaqların sayı çoxalmağa başladı. Amma uşaqların saytı artdıqca, bizim də problemlərimiz artırdı. Çünki bizim heç bir maliyyə fondumuz yox idi. Tək maliyyə dəstəyi Paralimpiya Komitəsinə ayrılan pullar idi ki, o vəsaitin bir qismi uşaqlara xərclənirdi. Bu isə artan tələblərə uyğun deyildi, kifayət etmirdi. Azercell şirkəti bizə yardım etməyə qərar verdi. Ayrılan vəsait hesabına lazımı idman avadanlıqlarını aldıq, məşqçilərə əmək haqqı verdik. Hazırda burada idmanla məşğul olan 120 uşaq var.

Əlilliyi olan uşaqları peşəkar idmana cəlb edən və onların gələcəyinə ümid bəsləyən Uşaq Paralimpiya Komitəsi 2015-ci ildə ilk dəfə Uşaq Paralimpiya Oyunlarını keçirməyə nail olub. İlk oyunlara dörd idman növü üzrə 82 nəfər uşaq qatılıb. İcraçı direktorun sözlərinə görə, uşaqların, həmçinin valideynlərin bəlkə də ilk dəfə olaraq, sevinc göz yaşının axmasını izləmək çox təsirli idi:

“Sağlamlıq imkanı məhdud olan övladının həyatı boyunca heç bir uğur qazana bilməyəcəyini düşünən valideynin birdən-birə uşağının əlində qızıl medalı, kuboku görməsi inanılmaz fərəh hissi yaşadırdı. Bu göz yaşları bizim ən böyük mükafatımızdır".

Əlilliyi olan uşaqların daima qayğısına qalan və onların gələcəkdə beynəlxalq idman yarışlarında çıxış edəcəyinə inanan Uşaq Paralimpiya Komitəsi ötən il II Uşaq Paralimpiya Oyunlarını keçirib. Bu oyunlardan sonra Uşaq Paralimpiya Komitəsinə övladını yazdırmaq istəyən valideynlərin sayı daha da artıb. Bu tələbat nəzərə alınaraq, Naxçıvan, Şəki və Ağsuda komitənin filialları açılıb.

Hər cür şəraitlə təmin olunan Uşaq Paralimpiya Komitəsində həftədə 3 dəfə qızğın məşqlər gedir. Uşaqların burada necə böyük həvəslə, inamla və ümidlə öz üzərilərində işlədikləri diqqətimizi çəkir. Elə onlara öz övladları kimi yanaşan məşqçilər də çox ümidlidirlər. Masaüstü tennis üzrə məşqçi Ruqiyyə Qubuşova ilə söhbətimiz də bu səpgidə oldu. Burada çalışan 8 uşağa əsl analıq qayğısı göstərən Ruqiyyə xanım əməyinin bəhrəsini gördüyü üçün çox şaddır.

“Sevinirəm ki, əziyyətim hədər getmir”

“8 uşaqdan 3 nəfəri sağ tərəfin iflici xəstəliyindən əziyyət çəkir. Sinfimdə həmçinin ayaqlarında problemi olan və bir az əqli geriliyi olan uşaqlar da var. Onlarla həftədə 3 dəfə məşğul oluram. Amma yarışlar olanda məşq saatlarını artırırıq. Çox sevinirəm ki, əziyyətim hədər getmir. Tələbələrimdən Aytac Qasımova və Ürfan Əsədli Uşaq Paralimpiya idman oyunlarında yer tutublar. Özüm də gözümlə əlaqədar ikinci qrup əliləm. Uşaq yaşlarından tennislə məşğul olmuşam. Ona görə də bu uşaqlara qarşı çox həssasam, onlara özüm kimi yanaşıram. Arzulayıram ki, uşaqlarımın səsi olimpiadalardan gəlsin, beynəlxalq yarışlarda Azərbaycanın himnini səsləndirsinlər!”

Müəlliminin sözünə qüvvət verən 13 yaşlı Aytac Qasımova 4 ildir masaüstü tennis oynadığını və bu illər ərzində yalnız qalibiyyət haqda düşündüyünü deyir: “Məni bu sənətə atam yönləndirib. İstəmişəm, həmişə qalib gəlim. I və II Uşaq Paralimpiya Oyunlarında 1-ci yeri tutmuşam. Məşqlərə həvəslə gəlirəm. Özümü gələcəkdə böyük idmanda görürəm”.

Masaüstü tennisi çox sevən 16 yaşlı Ürfan Əsədli də böyük həvəslə məşq edirdi. Hər iki Uşaq Paralimpiya Oyunlarına qatılan və 3-cü və 2-ci yerləri qazanan Ürfanın ən böyük arzusu ölkə hüdudlarından kənarda Azərbaycan bayrağını yüksəkliyə qaldırmaqdır: “Həftədə 3 dəfə dərsə gəlirəm. 2 saat məşğul oluruq. Müəllimimdən çox razıyam, super öyrədir. Artıq 3-cü Uşaq Paralimpiya Oyunlarına hazırlaşırıq. İnanıram ki, zəhmətimiz hədər getməyəcək”.

Uşaq Paralimpiya Komitəsinin boccia idman növü üzrə komandasının idmançısı 15 yaşlı Rüfət Bayramov da iki ildir ki, burada məşqə gəlir. Qədim tarixə malik olan, rəngli toplarla oynanılan bu idman növündə özünü sınayan Rüfət çox iddialıdır. Görünür, elə özünəinam sayəsində də 2 dəfə uşaqlar, 1 dəfə isə böyüklər arasında çempion olub. I və II Uşaq Paralimpiya Oyunlarında 1-ci yeri qazanan gənc idmançının ən böyük arzusu beynəlxalq yarışlara qatılmaqdır: “Mən özümə inanırdım, bilirdim ki, qalib olacağam. Gələcəkdə özümü böyük idmanda görürəm. Xaricə getmək istəyirəm, beynəlxalq yarışlarda çıxış etmək, himinizi səsləndirmək istəyirəm”.

Uşaq Paralimpiya Komitəsinin yetirmələri arasında artıq dünya çempionları da var. Onlardan biri – cüdoçu Səbinə Abdullayeva “Bakı 2015” 1-ci Avropa Oyunlarında paralimpiya üzrə ölkəmizi təmsil edən yeganə qadın idmançı olub. Ümumilikdə isə azərbaycanlı paralimpiyaçıları dünya səviyyəsində böyük nailiyyətlər əldə ediblər. İkiqat dünya çempionu, saysız yarışmaların qalibi olmuş İlham Zəkini hər kəs tanıyır.

Məhz bu cür idmançıların qazandığı uğurlar komitəyə yeni gələn uşaqlarda ümid çırağını sönməyə imkan vermir. Onlara isə bu işdə Uşaq Paralimpiya Komitəsi bacardığı qədər yardım göstərir. Komitənin hər şeydən əvvəl mənəvi dəstəyə ehtiyacı var. Odur ki, komitə rəhbərliyi bütün ictimaiyyəti bu məsələyə daha həssas yanaşmağa və buradakı əzmkar uşaqlara dəstək olmağa çağırırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm